Atropatenanın mənəvi mədəniyyəti haqqında mənbələrdə az da olsa tədqiqatçılar bu məsələni araşdırmağa cəhd etmişlər. Abdulla Fazili göstərir ki, Atropatena mədəniyyətinin işıqlandırılması iki yolla araşdırıla bilər: Atropatena ərazisində aparılmış arxeoloji qazıntıların nəticələrini, antik dövr və orta əsr mənbələrində mövcud olan məlumatların müqayisəli şəkildə tədqiqi.
Ə.Sərfəraz qeyd edir ki, Atropatena ərazisində yerləşən Təxt-e Süleymanda alman və İran arxeoloqları tərəfindən 8 il müddətinə qazıntı işləri aparılmışdır. Həmin qazıntılarda əldə edilmiş bir sıra möhtəşəm memarlıq abidələrinin qalıqları, eləcə də, digər maddi mədəniyyət nümunələri Atropatena mədəniyyəti tarixinin öyrənilməsinə imkan yaradır.
Bu qazıntıların nəticəsi Atropatena ərazisində şəhərsalma, habelə, müdafiə əhəmiyyəti kəsb edən qala divarlarının tikinti texnikasını aşkar etmişdir. Fraaspa (müasir Təxt-e Süleyman) Q.A.Koşalenkonun fikrinə görə e. ə. II əsrdə bina edilmişdir. Əvvəllər bu şəhərin Parfiya şəhəri olub-olmaması güman edilirdisə, hazırda görkəmli arxeoloqlar A.Qodar və R.Girşman bu şəhərin parfiyalılara aid olduğunu iddia edirlər.
Fraaspa bina edildiyi dövrdən mühüm hərbi əhəmiyyət kəsb edərək, işğalçılar tərəfindən asanlıqla alına bilməyən bir qalaya çevrilmişdir. Belə ki, həmin bu qalada Roma sərkərdəsi Antoni eramızdan əvvəl 35-Z6-cı illərdə atropatenalılar tərəfindən məğlub edilib ağır tələfat verdikdən sonra geri çəkilməyə məcbur olmuşdu. Təxt-e Süleyman (Fraaspa) İran Azərbaycanında, Urmiya gölünün cənub-şərqində, Əfşar mahalında yerləşir. Bu ərazi cənub-şərqdən Zəncan, şimal-qərbdən Marağa, qərbdən Kürdüstanın Sənədəc və Bicar şəhərləri ilə həmsərhəddir. Ə.Sərfərazın fikrincə, ərazidə arxeoloji qazıntıların aparılması iki məqsəd güdürdü:
1. Parfiya və Sasanilərin dövründə Atropatenanın paytaxt şəhərinin və Şərqin ən məşhur atəşgədəsi olan Azərgəşəspin bu ərazidə yerləşməsini aşkar edib;
2. Azərgəşəsp atəşgədəsinin yerləşdiyi yer haqqında tədqiqatçıların mübahisələrinə son qoyulması.
M.İmani göstərir ki, Təxt-e Süleymandakı qala ellips şəklində 12 min kvadrat-metrə bərabər olmaqla şimaldan cənuba uzunluğu 400 metrə, şərqdən qərbə isə 300 metrə bərabərdir.
Dairəvi formada olan şəhər divarı 1120 metr uzunluqdadır. Divar 3,9 metr enə, 13 metr hündürlüyə malikdir. Qala dəniz səviyyəsindən 2450 metr yüksəkdə olub, ətrafındakı ərazidən 18-20 metrə qədər hündürlükdə yerləşmişdir. Şəhər divarı kiçik daşlardan və əhəngdən tikilmişdir. Lakin divara yonulu daşlarla üzlük çəkilmişdir. Q.A.Koşalenkonun rəyinə görə, şəhər divarı Parfiya dövründə tikilmiş, üzlük isə Sasani dövrünə aiddir. Şəhər divarının üzərində biri-birindən 22-26 metr aralı yerləşən 37 yarımdairəvi bürc nəzəri cəlb edir. Bu fakt şəhər istehkamının təkmilləşməsinə ilkin sübutdur. Şəhər divarının hazırda iki əsas böyük qapısı qalmaqdadır. Bunlardan biri şimal qapısıdır ki, onun hündürlüyü 5 metr, eni 4,5 metrdir. İkinci isə cənub-şərq qapısıdır ki, onun hündürlüyü 3 metr, eni 3,4, divarının qalınlığı isə 3,9 metrdir. Ona Təxt-e Süleymanın giriş qapısı deyilir. Divarın cənub-şərqindəki qapının üstündə olan nişanələrdən məlum olur ki, bu divar parfiyalıların dövrünə aiddir.
Q.A.Koşalenko öz kitabında Təxte-e Süleymanı "Tak-i Süleyman" formasında vermişdir. Abdulla Fazili bu fikirlə razılaşmır: "Halbuki bu forma düz deyildir".
Azərbaycanın dini mərkəzi olan Fraaspada Anahita məbədi mövcud olmuşdur. Bu məbəddə maqların bir dəstəsi sakin idi. Güman ki, onlar zərdüşt dininin bir sıra xüsusiyyətlərini də qəbul etmişdilər. Ə.Sərfəraz yazır ki, İranın şimal əylətlərində insan meyidinin azad havada qoyulması adəti hələ Əhəməni dövründən yayılsa da, lakin Parfiya dövründə bu adət aradan çıxmışdır.
Din başçıları olan maqların vəzifəsi yalnız dini ayinləri təbliğ etməklə bitmirdi. Onlar məbədlərdə yuxarı təbəqənin uşaqlarının təlim-tərbiyəsilə məşğul olur, eyni zamanda, xəstələri də orada müalicə edirdilər. Bundan başqa, maqlar astrologiya elmi ilə məşğul olurdular, salnamələrin tərtib edilməsi də onların öhdəsinə düşürdü. Beləliklə, maqlar təlim-tərbiyə, təbabət və astrologiya, habelə, salnamə tərtib edən silkə bölünürdü.
İstər Atropatena və istərsə də Sasanilərin hakimiyyəti dövründə Azərbaycanın, habelə, İranın dini mərkəzi sayılan Qazaka (Şiz) şəhərində də maqlar təlim-tərbiyə, təbabət, eyni zamanda, salnamə tərtib etməklə də məşğul olmuşlar.
Təxt-e Süleymanda aparılan arxeoloji qazıntılar zamanı həmin ərazinin şimal-şərqində, arxeoloqların nəzər-diqqətini özünə cəlb edən əzəmətli böyük bir məbəd aşkar edilmişdir. Mütəxəssislərin rəyinə görə, bu əzəmətli məbəd Anahita məbədidir. Azərbaycan Sasanilər tərəfindən işğal edildikdə, Şiz məbədində olan maqlar ancaq dini ayinlərin icrası və təbliği ilə məşğul olurdular. Əhməd Şəhristani özünün "Əl-Miləl və əl-Nihəl" əsərində zərdüştiləri 3 qrupa bölür. Zərdüştün tərəfdarları, zərvanilər və kəyumərsilər. Sasanilər öz hakimiyyətlərini möhkəmlətmək, geniş xalq kütləsini amansız surətdə istismar etmək və onları daima itaətdə saxlamaq üçün Zərdüşt dinindən bir vasitə kimi istifadə edirdilər. Onlar atəşgədələrə xüsusi fikir verir, məbəd torpaqlarından gələn gəlirin düzgün xərclənməsinə nəzarətçilər təyin edirdilər. Müqəddəs od daima yanmalı, heç bir vaxt sönməməli idi. Sasani şahlarının oda olan hörmətini, onlar tərəfindən vaxtilə zərb edilmiş sikkələrdə daha aydın müşahidə etmək olur. Sikkənin bir tərəfində Sasani şahının, digər tərəfdə isə atəşdanla birlikdə onu qoruyan iki nəfərin təsviri zərb edilmişdir. Müharibələr zamanı qızıl atəşdanların ətrafında möbədlər hərəkət edir və onlar müqəddəs oddan qələbə diləyirdilər.
Sasanilərin hakimiyyəti dövründə zərdüşti təriqətləri qüvvətlənərək ölkənin rəsmi dininə çevrilmiş oldu. Ruhani silkinin başçısı olan möbədan-e möbədə ən böyük və ali rütbə və məqam verilmişdi.
Geniş xalq kütləsinin, bilavasitə, "Avesta" və Zərdüştün təlimlərindən istifadə etməsi məqsədilə kitabıi mətninin Sasani pəhləvəsinə çevirməklə ona şərhlər əlavə edib "zənd" adlandırdılar.
"Avesta"da təlim-tərbiyəyə böyük yer verilir. Vəndidadın IV Fərkordının XXXXIV bəndində göstərilir ki, təhsil almasından asılı olmayaraq, onu qəbul et və istədiyini ona öyrət. Vilyam Ceksonun göstərdiyinə görə, "Avestada hüspərəm" başçılığı ilə ataların vasitəsilə övladlarının təlim-tərbiyəsinə dair xüsusi fəsil mövcud olmuşdur. Burada təlim-tərbiyənin növü, tərbiyəçi və müəllimin xüsusiyyətləri izah edilmişdir. Lakin tarixi hadisələr nəticəsində bu fəsil aradan çıxmış və bizə gəlib çatmamışdır. Həmin fəslin xülasəsi Dinkordda da dərc edilmişdir. Orada deyilir: təlim-tərbiyə varlığın bünövrəsi kimi mühüm əhəmiyyətə malikdir. Hər bir şəxs müəllim və tərbiyəçilər vasitəsilə yazıb oxumağı öyrənməklə özünün də sağlamlığına ciddi fikir verməlidir. Yalnız bu yolla hər bir şəxs yüksək rütbəyə çata bilər. Orada təbiət, coğrafi şərait, din və dövlətin idarə edilməsi üsulları təlim-tərbiyənin əsas amili kimi göstərilmişdir. Əlbəttə, yuxarıdakı şərhlə razılaşmaq olmaz. Azərbaycana gəldikdə isə Zərdüştliyin ən geniş yayılmış olduğu bu ölkədə dini ayinlər əsasında yaranmış təlim-tərbiyə üsulu mövcud olmuşdur.
Çox güman ki, Azərbaycan ərazisində bina edilmiş mühüm atəşgədələrin nəzdində istər dini, istərsə də dövrün tələbatından doğan digər təhsil növləri kifayət qədər olmuşdur.
Bu dövrdə saray, atəşgədə, atəşgah və ailə məktəbləri mövcud olmuşdur. Sasanilərin hakimiyyəti dövründə isə təhsil ocaqlarına ölkənin iqtisadi-ictimai inkişafı ilə əlaqədar olaraq ibtidai məktəblər və müəyyən peşə məktəbləri əlavə edilmiş oldu.
Saray məktəblərində, habelə, əyan və rütbə sahiblərinin uşaqları, şahzadələr təhsil alırdı.
Bu məktəblərdə dövlət aparatını idarə edə biləcək kadrlar hazırlanırdı. Məktəblər sarayların, dövlət idarələrinin yaxınlığında bazar və izdihamlı yerlərdən uzaqda yerləşirdi.
Cəmiyyətdə ümumi təhsil və təlim-tərbiyədən danışmaq yersizdir. Bu dövrdə təlim-tərbiyə, habelə, təhsil sinfi xarakterə malik olmuşdur. Təlim-tərbiyə ocaqlarında ancaq yuxarı sinfin, o cümlədən, saray adamlarının, qoşun başçılarının, böyük torpaq sahiblərinin, azatların uşaqları təhsil ala bilərdi. Geniş xalq kütləsinə mənsub olan kəndlilərin, sənətkarların, habelə, şəhər yoxsullarının uşaqları istər dini və istərsə də dünyəvi təhsildən məhrum idilər.
Məktəblər dörd silkə (təbəqəyə) xidmət məqsədilə dörd bölməyə: uşaqlara, cavanlara, kişilərə və yaşlılara bölünürdü. Yaşlılar uşaqlara, kişilər isə cavanlara təlim-tərbiyə verməyi öhdələrinə götürmüşdü.
Təhsil səhər tezdən başlanırdı. Atəşgədələrdə təhsil alanlara gəldikdə, onlar bütün günü təhsil alır və həm də orada kecələyirdilər. Dini təhsil alanların məxarici atəşgədələrin hesabına ödənilirdi. Belə ki, orta əsrlərdə, elə indi də dini təhsil alanlar məbədin, kilsə və məscidlərin hesabına saxlanılır. Herodot və Strabonun məlumatına körə, uşaqların 5 yaşından etibarən təhsilə başlaması göstərilmişdir. Dinkord və Şahnaməyə gəldikdə bu mənbələrdə uşağın 7 yaşı tamam olduqda, təhsilə başlaması fikri irəli sürülür.
Zərdüşt dinini qəbul edən hər bir kənc 15 yaşından etibarən həddi-büluğa çatır, bu müddətdən etibarən dini ayinləri yerinə yetirməyə borcludur.
Vəndidadda göstərilir: hər bir şəxs 15 yaşından "sədrə" geyinməsə, belinə "keşti" bağlamasa böyük günahkar sayılır.
Əyan uşaqlarının təhsil müddətinin qurtarması Herodotda 20, Strabonda isə 24 yaş göstərilmişdir. Saray məktəblərində gənclərin təlim-tərbiyəsinə ancaq şahzadələr və ustandarlar məşğul olurdu. Digər məktəblərə gəldikdə, orada maqlar, onları isə hirbod və yaxud atrvanlar əvəz etməklə, təlim-tərbiyə işilə məşğul idilər.
Həmin məktəblərin təlim-tərbiyə proqramı 3 mühüm hissəyə dini-əxlaqi, fiziki (idman) və yazıb-oxumağa bölünürdü. Təlim-tərbiyənin əsas hissəsini təşkil edən dini və əxlaqi təlim cəmiyyətə üzv olmaq üçün ən zəruri məsələlərdən biri sayılırdı. Belə ki, Büzürgmehrin "nəsihətnamə"sində göstərilir ki, hər bir şəxs gecə-gündüzün üçdə birini dini-əxlaqi tərbiyəyə sərf etməlidir; lallar, karlar və şikəstlər bu təlim üsulundan azaddırlar.
7 ilə 15 yaş arasında bir gün bayram edilir. Dost-tanışlar həmin məclisə dəvət olunur. Məbəddə xüsusi dini ayinləri yerinə yetirir, uşaq yuyundurulduqdan sonra məbədii göstərişilə kəlmeyi-şəhadət deyir. "Sədrə" (müqəddəs köynək) geydikdən sonra "keşti" (müqəddəs kəmər) bağlayır. Beləliklə, kəncə Zərdüşt dinini qəbul etdirirlər.
A.Kristensen göstərir ki, "qaranlıq otaqlarda oddanda olan od şölə çəkir, arxasında isə metal alət bərq vurur, ruhanilərin uca və bəzən bəmdən ürəyə yatan zümzümələri eşidənləri ehtizaza gətirir, istər-istəməz özünə cəlb edirdi".
Zərdüşt dininin təriqətlərində fiziki tərbiyəyə, xüsusən, idmana ciddi yer verilmişdir. Xəstələnmə, zəifləmə Əhrimənin əməllərinə məxsusdur. Ona görə də, Əhrimənlə mübarizə aparmaq üçün sağlamlığa, təmizliyə, qüvvətlənməyə ciddi fikir verilməlidir. Sağlam bədən sağlam düşüncəyə malikdir şüarı hələ qədim zamanlardai bizim əcdadımızı düşündürmüşdür. Bir sıra mənbələr də bizim dediyimizi təsdiq edir. O cümlədən, Herodot, Ksenefon və Strabonda cıdır, ox atmaq, ov, çovkan, güləş və zubin atmaq kimi idman növləri göstərilmişdir.
Qədim Azərbaycan atçılığın inkişafında mühüm rol oynamış ölkələrdən biridir. Manna, Midiya, Atropatena və habelə, Sasanilər hakimiyyəti dövründə bu ərazidə atçılıq çox inkişaf edib, Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmışdı. Çox güman ki, at ilk növbədə, burada əhliləşdirilmişdir. Digər tərəfdən nal, yügən, ağızlıq, yəhər və ikitəkərli araba burada ixtira edilmişdir. Qədim Azərbacanda at ailə üzvü sayılırdı. Belə ki, dua və nəzir-niyazda ailə ilə birlikdə həmin ailəyə məxsus olan atın da adı çəkilirdi. İstər qədim, istərsə də orta əsr dastanlarında qəhrəmanların adı ilə atlarının adının bir sırada çəkilməsi bizim fikrimizi qismən də olsa təsdiq edir. Firdovsinin "Şahnamə", Nizaminin "Xəmsə", Mənuçehrinin divanında və s. ədəbi əsərlərdə atın adı, onun cəmiyyətdə tutduğu mövqe haqqında dəfələrlə qeyd edilmişdir. Müasir dövrə qədər Atropatenanın gözəl, qıvraq və yaraşıqlı at cinslərinin gəlib çıxması, at tövlələrinin hörməti (müqəssir şah və yaxud rütbə sahibi at tövləsinə girdikdə ona toxunulmur və o, bağışlanılırdı) bizim fikrimizi təsdiq edir. Azərbaycanda toy və bayram şənliklərində cıdırdan geniş istifadə edirdilər. At minmək təlimi uşaqlıqdan vərdiş etdirilirdi.
Ox atmaq və ov Azərbaycanda qədimdən yayılmış idman növlərindəndir. Çovkan oyunu ən geniş yayılmış oyun növlərindən idi.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru