Tarixi hadisələr Azərbaycan Səfəvilər dövlətinin süqutunu labüd edirdi. "Azərbaycan tarixi" kitabında bu barədə geniş məlumat verilmişdir. Səfəvi dövlətinin hərbi uğursuzluqları qismən ölkədəki ağır vəziyyətlə əlaqədar idi. 80-ci illərin əvvəllərində Azərbaycan qızılbaş əyanları ilə İran feodal nümayəndələri arasında mübarizə getdikcə gərkinləşdi. Bu dövrdə Mirzə Salman yeganə şəxs idi ki, İran feodal nümayəndəsi kimi vəzirliyi saxlaya bildi.
Mirzə Salman birinci dəfə şah Təhmasibin hakimiyyətinin son dövründə saraya gəldi və saray təsərrüfatının işlər müdiri vəzifəsinə təyin edildi. Şah II İsmayıl onu vəzir təyin etdi. II İsmayılın ölümündən sonra, Mirzə Salman şah Xudabəndənin və onun arvadının qılığına girdi, divanın ali vəziri təyin edildi. Hətta o öz qızını taxtın varisi olan Həmzə Mirzənin vəliəhdinə ərə verməyə, böyük oğlu Mirzə Abdullanı isə şahzadənin vəziri təyin etdirməyə müvəffəq oldu. Beləliklə, Mirzə Salman tam qeyri-məhdud hakimiyyətə can atırdı. O, sarayda qızılbaş əyanları içərisində baş verən bütün ziddiyyətlərin iştirakçısı idi. Qızılbaşlara divan tuturdu. 1582-1583-cü illərdə şah Xorasan qiyamçılarına qarşı yürüş edəndə Mirzə Salman şah qoşunları tərəfindən əsir alınmış bir sıra ustaçlı və şamlu əmirlərini edam etdirdi. Odur ki, qızılbaş əmirləri vəzirin onlara qarşı olan fitnəsini başa düşüb, 1583-cü ildə Neratda onu öldürüb, var-dövlətini müsadirə etdilər.
1582-ci ilin əvvəllərində Sinan paşa Səfəvilərlə sülh bağlamaq məqsədilə qızılbaş səfiri İbrahim xan Tərxanla birlikdə Ərzrumdan İstanbula gəldi. Lakin Dərbənddə oturan Osman paşa sülhün əleyhinə idi. Elə bu əsnada Osman paşa Şirvanın bir hissəsini zəbt edərək, sultandan əlavə qoşun istəyirdi. Ona görə də Sultan Murad İbrahim xan Tərxana şahın Şirvanda Osmanlı hakimiyyətini tanıyacağı təqdirdə, sülh imzalanmasına tərəfdar olduğunu bildirdi. Əks halda Osmanlı qoşunu yürüşü davam etdirəcəkdi. Uzaqgörən İbrahim xan Tərxan nümayəndə heyətinin üzvlərindən birisini məktubla Xorasana, şahın yanına göndərib vəziyyət haqda məlumat verdi, ölkəni qorumaq, daha çox qızılbaş torpağı itirməmək üçün sülhün ağır şərtlərini qəbul etməyi məsləhət gördü. İskəndər Münşi yazır ki, qızılbaşlar içərisində parçalanma və zidiyyət olmasına baxmayaraq, onlar cavab məktubunda bildirdilər ki, əgər sultan 1555-ci il sülhünün şərtlərinə razı deyilsə, onda qızılbaşlar heç vəchlə Şirvanı türklərə güzəştə getməyəcəklər.
Ona görə də, 1583-cü ilin yazında yeni ordu komandanı Fərhad paşa 70-80 minlik qoşunla Ərzrumdan Qars istiqamətindəki Çuxur-Səd vilayətinə daxil oldu. Osmanlı türklərinin üstün qüvvələrini görən Çuxur-Səd bəylər bəyi Məhəmməd xan Toxmaq Ustaclı kömək üçün Qarabağ və Cənubi Azərbaycan hakimləri "İmamqulu xan Qacara və Əmirxan Türkmənə müraciət etdi. Lakin bu əmirlər hələ Xorasanda olan şahın yardımı olmadan türk qoşununun qarşısına çıxacaqlarına inanmadıqlarından Məhəmməd xanın çağırışını cavabsız qoydular.
Daxili ziddiyyətlər və qızılbaş tayfaları arasındakı müharibələr Səfəvi dövlətinin güçünü zəiflətdi və türk qoşununun gələcək irəliləyişi üçün şərait yaratdı. Bütün Azərbaycana yiyələnmək niyyətilə yaşayan Türkiyə sultanı Özdəmir paşanı Şirvandan geri çağırıb ona böyük ordu verdi. Osman paşa Ərzrumda Azərbaycana yürüşə hazırlaşdı. 1585-cn il avqustun 12-də Osman paşa Pasinabad-Çaldıran-Xoj-Mərənd-Sufiyan-Təbriz istiqamətində yürüşə çıxdı.
Şahın səyyar sarayı Qarabağdan cənuba, Bazarçaydan Naxçıvana çəkildi və yolda ikən Osman paşanın Mərənddən tələsik Təbrizə yürüşü barədə xəbər tutdu. Buna görə də Həmzə Mirzənin başçılığı altında ona qarşı 20 min nəfərlik qoşun göndərildi. 1585-ci il sentyabrın 18-də qızılbaşların əsas dəstələri Məhəmməd xan Toxmağın başçılığı ilə Sufiyan rayonu ərazisində türk hissələri ilə toqquşdular.
Əvvəlcə qızılbaşlar türklərə ağır zərbə vurdular, lakin türklərin sayca üstünlüyünə görə qızılbaşlar geri çəkilməyə məcbur oldular. Hərbi şurada təcrübəli hərbi sərkərdələr şah Təhmasib kimi hərəkət etməyi Təbriz əhalisinin Qaradağ qalasına köçürməyi, türk qoşunu Təbrizə daxil olandan sonra bütün yolları mühasirəyə alıb şəhərə ərzaq buraxmamağı təklif etdilər. Lakin bu təklif müdafiə olunmadı. Bunun əvəzində çağırışda gənclər "son nəfəsimizə qədər" vuruşacağıq fikrini irəli sürdülər. Onlar belə hesab edirdilər ki, Təbrizdə özünü, ailəsini qorya biləcək 50 min cəsur kənc yaşayır, onların gəməyilə Təbriz küçələrində dar yer düzəldib türkləri şəhərə buraxmamaq olar. Təbrizlilər təklif etdilər ki, hamı xüsusi fərmanla yerində otursun və şəhəri müdafiəyə hazırlaşsınlar. Qızılbaş qoşunu şəhərliləri qorumağa və arxadan Osmanlı türkləinə zərbə vuracaqlarına söz verirdi. Bundan sonra, Təbriz hakii Hüseynqulu sultan Ustaclıya kömək etmək üçün Pirqeyb xan Ustaçlı və Mehdiqulu sultan Şamlu min nəfərlik qızılbaş dəstəsi ilə Təbrizə göndərildi.
Sufiyan döyüşündən bir gün sonra Osman paşa Maqsud bəy Zülqədərin müşayiətilə Təbrizin şimalından Ağsu çayını keçdi. Maqsud bəy məktubla təbrizlilərə müraciət edərək öz həyatlarının xilası naminə Osman paşaya tabe olmalarını bildirdi. Lakin müraciətə cavab almadı, sentyabrın 20-də Təbrizə qarşı hərbi əməliyyat başlandı. Nizami Osmanlı ordusunun qarşısında müdafiəsiz qalan Təbriz təslim oldu. Pirqeyb xan və Hüseynqulu sultan şəhəri öz dəstələrilə birlikdə tərk edib şah qərargahı ilə birləşdilər. Əhalinin xeyli hissəsi öz ailəsilə piyada Təbriz kənarında, Surxab dağında yerləşən qızılbaş düşərkəsinə çəkildi. Şəhər əyanları özlərini və əşyalarını qorumaq xatirinə Kamran bəy Övhədini, Şeyxül-islam Məhəmmədəlini Osman paşanın yanına göndərdilər. Lakin bu əhalini kütləvi qırğın və talandan xilas etmədi. Qazi Əhməd yazır ki, yanıçarlar evbəev gəzir, əllərinə keçəni götürürdülər. Təbrizin çox gözəl binaları dağıdıldı, dəbdəbəli məscidlərin külü göyə sovruldu. Salnaməçi yazır ki, Təbrizdə xəttatlar tərəfindən yazılmış şiə din xadimlərinin çoxlu kitabları məhv edildi. Şəhərin "Qeysəriyyə" bazarından külli miqdarda mal talan edildi, bazar isə yandırıldı. Osman paşa Təbrizi tutandan sonra məşhur "həştbehişt" sarayının yerində qala tikdirdi. İskəndər Münşi yazır ki, gecələr sadə adamlar türk çadırlarına hücuma keçərək onları talan edir və öldürürdülər, türklərin gün ərzində tikdikləri qalaları uçururdular.
Salnaməçinin yazdığına görə, Təbriz hamamlarının birində türk zabiti qətlə yetirildi. Bundan xəbər tutan Osman paşa şəhər əhalisini bir nəfər kimi məhv etməyi əmr etdi. Gün ərzində 15-20 min nəfər öldürüldü, Təbriz ölü şəhərə çevrildi. Osman paşa bir aydan artıq Təbrizdə qaldı. Türklərə qarşı ilk atəşi qorçubaşı Qulubəy Əfşar açdı. Lakin Osman paşa Ciqaloğlunu ona qarşı göndərdi. Ciqaloğlu qızılbaş süvarilərinin ciddi atəşinə məruz qaldı. Türklər qızılbaş həmlələrinin qarşısında dayana bilməyib geri çəkildilər. Qızılbaşlar tərəfindən 2 minə qədər türk öldürüldü. Ciqaloğlu isə qaçmaqla ölümdən xilas oldu.
Az sonra türklərə qarşı Həmzə Mirzə hücum etdi. Qaraman hakimi Murad paşa və Diyarbəkr hakimi Məhəmməd paşanın başçılığı ilə qoşun göndərildi. Döyüş Fehüsfənc çayının sahilində baş verdi. Lakin döyüş qızılbaşların qələbəsilə qurtardı. Hər iki Osmanlı sərkərdəsi əsir alındı. Məhəmməd paşa ağır yaradan öldü. Bu döyüşdə iştirak edən Ordu bəyin məlumatına görə, döyüş vaxtı Trabzon paşası və bir sıra Osmanlı sərkərdələri həlak oldular. Qızılbaş qoşunu türkləri əsas qüvvələrinin dayandığı yerə qədər təqib etdilər.
Qızılbaşların sayca az olmalarına baxmayaraq, rəqibi ciddi narahat edirdilər. Bütün bunlar türkləri geri qayıtmağa tələsdirdi. Osman paşanın xəstəliyi və ölümü ilə əlaqədar Ciqaloğlu Sinan paşa Osman ordusunun baş komandanı təyin edildi. Türk ordusu geri çəkilərkən Təbrizdə tikdikləri qalada Cəfər paşanın komandanlığı altında birillik ərzaq ehtiyatı və döyüş sursatı ilə 7 min nəfərlik türk qoşunu saxlandı.
Oktyabrın 29-da türk qoşunu öz baş qərargahı Çerendabdan çıxarıldı və geriyə doğru hərəkət etdi. Həmzə Mirzə onları təqib etdi və Şənbi-Qazanda onlara çatdı, döyüşdə onlara ağır zərbə endirdi. Həmzə Mirzə onların izi ilə Təsuca qədər getdi və türklərə gözlənilməz zərbə endirdi.
Təbrizə qayıdan Həmzə Mirzə xarabazarla üz-üzə dayandı. Şah sarayı 1585-1586-cı ilin qışını burada keçirdi. Səfəvilər Təbrizdəki türk qarnizonunun onlar üçün böyük təhlükə olduğunu dərk edirdilər. Buna görə də Həmzə Mirzə qalanı ələ keçirmək üçün özünə sadiq əmirlərlə birlikdə bir neçə dəfə cəhd etdi. Məlumdur ki, qızılbaşların topu olmadığından qalaya həmlə etmək mənasız idi. Onların Göyərçinlik qalasından gətirdikləri bircə topları vardı. Məhz bu topun köməyilə qalanın bir hissəsi uçuruldu. Lakin türklər qəfil hücumla qızılbaşları topdan uzaqlaşdıraraq onu qalaya apardılar. Qala uğrunda mübarizədə qızılbaşlar özlərinin ən yaxşı sərkərdələrini-Zülqədər tayfasının başçısı Şahrux xan Möhrdarı itirdidər.
Həmzə Mirzənin ölümü ilə ara müharibələri və feodal hərc-mərcliyi başlandı. Bu da Səfəvi dövlətinin fəlakətinə səbəb oldu. Şah Məhəmməd Xudabəndə dövlət işlərini öz əlinə alaraq onu yaxınlaşan daxili tənəzzül təhlükəsindən və Türkiyənin istilasından xilas etməyə cəhd göstərdi. Lakin kiçik yaşlı oğlanları ilə qızılbaş əyanlarının əlində oyuncağa çevrilən zəif iradəli şahın buna gücü çatmadı.
Əyanların düşmənçilik edən qrupları arasında parçalanma gedirdi. Həmzə Mirzənin ölümündən dərhal sonra əmirlər Şah Məhəmməd Xudabəndənin iradəsinin əksinə olaraq, oğlu Əbutalıb Mirzəni varis kimi tanımağı məcbur etdilər. Beləliklə, hakimiyyət Lələ şahzadələrin - Əliqulu xan Fəthioğlu Ustaclı və İsmayılqulu xan Şamlunun əlinə keçdi. Onlar yüksək vəzifələri öz qohumları arasında bölüşdürdülər.
Həmzə Mirzənin oğlunun varis təyin edilməsi və saraydakı vəzifələrin bölüşdürülməsi əyalətlərdə həyəcana və qiyamların qalxmasına səbəb oldu. Qızılbaş əmirlərindən bəzisi Məhəmməd Xudabəndə ilə hesablaşsa da, çoxu Qəzvin sarayından üz çevirib Xorasan əmirlərinin tərəfinə keçdi və şahlığa Abbas Mirzənin namizədliyini irəli sürdü. Farsda Zülqədər tayfasının başçıları şah Məhəmməd Xudabəndə tərəfindən Şiraza təyin edilən hakimi öldürüb, özlərini Abbas Mirzənin tərəfdarı elan etdilər. İsgəndər Münşinin dediyinə görə, Azərbaycanın cənubunda özbaşınalıq və hərc-mərclik o dərəcəyə çatdı ki, feodallar şahın fərmanı və hökmü ilə hesablaşmadan vilayətlərdə hakimiyyəti güclə ələ almağa başladılar. Burada və Səfəvi dövlətinin digər vilayətlərində - İraq, Fars, Girman, və Xuzistanda hərbi adamların özbaşınalığı ucbatından rəiyyətin vəziyyəti son dərəcə ağırlaşmışdı.
Türk komandanlığı Səfəvi dövlətinin ağır daxili vəziyyətindən istifadə etməyi yaddan çıxarmırdı. Türk ordusunun komandanı Cəfər paşa Təbrizdən çıxaraq təkcə şəhər ətrafını deyil, Cənubi Azərbaycanın bir çox rayonlarını zəbt etdi.
Cəfər paşa kürd əmirlərinin köməyilə Ərdəbildən Təbrizə üz tutan qızılbaş dəstəsini əzdi və geri çəkilməyə məcbur etdi. Türklərin bu uğuru Qaradağın hakimi Xəlifə Ənsarın oğlu Şahverdi xanın dönüklüyünə səbəb oldu. O, sultana tabe olduğunu elan etdi. Buna görə də Cəfər paşa Ordubad, Mərənd, Dizmar, Zunuz, Qarqar və qonşu rayonları tutdu. Elə həmin 1588-ci ildə Sinan paşa Ciqaloğlu 13 minlik ordu ilə Bağdaddan Həmədana irəlilədi və qızılbaşların tərk etdikləri Nəhavəndə yiyələndi. Sinan paşa qalada iki min nəfərlik qarnizon qoyub geri döndü. Qızılbaşların qalanı geri qaytarmaq cəhdləri baş tutmadı. Qızılbaşların başçısı Həmədan bəyləri və Qorxmaz xan Şamlu əsir düşdü.
Sultan qoşunu, eyni zamanda, Məhəmməd xan Ziyadoğlu Qacar tərəfindən idarə olunan Qarabağı zəbt etdi. Gürcüstandan hərəkət edən Fərhad paşa Gəncə və Bərdəyə daxil oldu və burada osmanlı qarnizonunu yerləşdirdi. Osmanlı qoşunu Qarabağı talan etdi. Türklər tərəfindən əzilən Qacar və iyirmi dörd tayfası Arazın cənub sahilinə çəkildilər. Bunun ardınca Naxçıvan tutuldu.
Beləliklə, 1586-1589-cu illərdə tədricən bütün Azərbaycan Sultan II Muradın ordusu tərəfindən zəbt olundu. Səfəvilər ərazinin qalan hissəsini itirməmək üçün sultanın təklif etdiyi ağır sülh şərtləri ilə razılaşmalı oldular. 1590-cı il İstanbul sülhünə görə, Azərbaycandan əlavə, nəinki Ermənistan, Gürcüstan, habelə, İranın qərb vilayətləri (Nəhavənd, Luristan və Şəhrizur) Türkiyəyə verildi.
Azərbaycan aramsız müharibələr nəticəsində dağıdılmış, ölkənin iqtisadiyyatı pozulmuşdu. Osmanlı feodallarının ölkəni idarə etdikləri iyirmi il ərzində Azərbaycanın var-dövləti talan edildi, iqtisadi həyatı tam tənəzzülə uğradı.
Daxili və xarici müharibələrin gedişində Azərbaycan feodal əyanları və qızılbaş tayfalarının tərkibi xeyli seyrəldi və güclü surətdə zəiflədi, Azərbaycan feodalları əvvəlki kimi Səfəvi dövlətinin hər yerində öz hakim mövqelərini saxlaya bilmədilər. Azərbaycan Səfəvilər dövləti süquta uğradı.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru