PDF Oxu

MİA

  • 69 526

Azərbaycan Səfəvi dövlətində dövlət quruluşu

image

Tarixi mənbələrdə Azərbaycan Səfəvi dövlətinin quruluşu haqqında məlumatlara təsadüf olunur. Akademik Z.Bünyadov və professor Y.Yusifov yazırlar ki, Səfəvi hökmdarları dövlət işlərini müstəqil həll edirdilər. Onların himayəsində məsləhətçi hüququna malik olan məclis (məclisi-əla) var idi. Şah Təhmasib dövründə on iki üzvdən ibarət məclisə dövlət işlərində böyük təcrübəsi olan adamlar daxil idilər. Səfəvilər dövlətinin başında qeyri-məhdud hakimiyyətə malik şah dururdu. O, eyni zamanda, şiələrin ruhani başçısı hesab olunurdu. Şiəliyi dövlət dini elan edən Səfəvilər bu təriqətin əleyhdarlarını amansız təqibə məruz qoyurdular. Dini itaətsizlik üstündə çox adam edam edilmişdi. Başqa feodal dövlətləri kimi, Səfəvi dövlətinin də əsas vəzifəsi hakim sinfin mənafeyini müdafiə etmək və istismar olunan kütlələrin müqavimətini qırmaq, xarici basqınlara qarşı durmaq və başqa torpaqları zəbt etmək məqsədini həyata keçirməkdən ibarət idi.Səfəvi dövlətinin ərazisi iki hissəyə bölünürdü: divan və xass vilayətlərinə. Bu bölgüyə uyğun olaraq iki ayrı-ayrı idarəedici orqan vardı - divan-i məmalik və divan-i xassə, başqa sözlə "dövlət vilayətlərinin idarəsi" və "şah vilayətlərinin idarəsi". Bu müəssisələr Səfəvilər dövlətinin əsas maliyyə idarələri idi. Xassa aid olan vilayətlər şəxsən şaha və Səfəvilər sülaləsinin digər üzvlərinə mənsub idi. Onlar şahın səlahiyyətli adamı olan vəzir tərəfindən idarə olunurdular.

İlk Səfəvilər dövründə aşağıdakı vəzifələr var idi: vəkil, əmir əl-üməra ("əmirlər əmiri"), qorçubaşı, vəzir və sədr. Vəkil şahdan sonra ikinci şəxs idi. Əslində, o, həm dini, həm də dünyəvi məsələlərin həllində şahın tam səlahiyyətli müavini hesab edilirdi. Hüseyn bəy Lələ, Div Sultan Rumlu, Çuxa Sultan Təkəli, Hüseyn xan Şamlu və s. belə vəkillər olmuşlar. Əmir əl-üməra Səfəvi qoşununun baş komandanı idi. Şah Təhmasib bu vəzifəni Hüseyn xan Şamlu və Abdulla xan Ustaclıya daha çox etibar edirdi. Göründüyü kimi, vəkil, həm də əmir əl-üməra ola bilərdi. Qorçubaşı qızılbaş tayfalarından təşkil edilmiş şah qvardiyasının rəisi vəzifəsini yerinə yetirirdi. Sarayda böyük nufuza malik olan Yeqan bəy Təkəli, Duru bəy Təkəli və s. qorçubaşı idilər. Vəzir mülki bürokratiyanın ənənəvi başçısı idi. Şəmsəddin Zəkəriyyə Keçəçi Səfəvilərin ilk vəziri olmuşdur. Şah İsmayıl onu "Azərbaycanın açarı" adlandırmışdı. Sədr dini müəssisələrə rəhbərlik edirdi. O, dönüklərin antifeodal hərəkatının qarşısını almaq və yatırmaqla bərabər, hər yerdə şiəliyin yayılması və möhkəmləndirilməsi üçün məsuliyyət daşıyırdı. Səfəvi dövlətində Mövlana Şəmsəddin Lahiçi (Gilani) ilk sədr idi. O, İsmayıl Lahicanda Gərgiyə Mirzəlinin yanında olanda onun tərbiyəçisi olmuşdu.

Bundan əlavə, aşağıdakı vəzifələr də var idi: mustoufi al-məmalik, eşikağasıbaşı, möhrdar, mirşikarbaşı, xalifət, əl-xülafə, münşi əl-məmalik, mühtasib əl-məmalik, yasovul, ləşkərnəvis, mustoufi-i mal, avaraca nəvis, sahib-i taycih, mustoufi-i arbab-i təxavil, müşrifan-i büytat, vezir-i gürşyan-i əzam, mustoufi-i kurçiyan-i əzan. Mustoufi əl-məmalik vilayətin xəzinədarı, maliyyə idarəsinin baş icraçısı idi. Mülki bürokratiya vəzirin rəhbərliyi altında işləyirdi. Vergi işlərinin qaydaya salınmasına, dövlət büdcəsinin tərtib edilməsinə, mükəlləfiyyətlər siyahısının tərtibinə, bəylərbəylərə tiyul və digər bəxşişlərin verilməsinə, vəzirlərin mustoufi və kələntərlərin rüsumuna (aylıq əmək haqqı) nəzarət edirdi. Onun təsdiqi və möhürü olmadan mülki və hərbi vəzifəli şəxslərə məvacib verilmirdi.

Eşikağasıbaşı saray məclislərində təşrifat və mərasim qaydalarına baxan, möhrdar-möhürü saxlayan sarayda böyük nüfuza malik məmur idi. Mirşikarbaşı şah ovunun sahibi idi, bütün ovçular ona tabe idilər. Xəlifət əl-xülafə Səfəvilərin Ərdəbil təriqətinin geniş yayılmış şəbəkəsinin başçısı idi, Munşi əl-Məmalik dövlət katibi, şah şurasının üzvü idi, sərəncamında çoxlu mirzə vardı. Təhmasibin dövründə məşhur İsgəndər Münşi bu vəzifəni daşıyırdı. Müayyer əl-məmalikə dövlət miqyasında zərbxanaya rəhbərlik tapşırılırdı. Bu vəzifənin əhəmiyyəti onunla müəyyən edilir ki, zərbxana pul kəsmək hüququ almaq üçün şaha "vacibi" vergisi verirdi. Mühtasib əl-Məmalik-dövlət mühtəsibi, mərkəzi aparatın məmuru idi, şəhər bazarında satılan mallara qiymət qoyurdu. Yasovul monqol mənşəli sözdür. Yasovullar şahın hüzurunda qayda-qanun yaradırdılar. Yalnız hörmətli əmirlərin uşaqları yasovul ola bilərdilər. Onlar eşikağasıbaşına tabe idilər. Ləşkərnəvis-hərbi məktubları daşıyırdı. Mustoufi əl-Mal isə şahın gəlirini toplayırdı. Onun sərəncamında divana daxil olan pulları qeydə almaq üçün mirzələr vardı. Avaraca nəvis vergi verənləri siyahıya alır, divanda qulluq edənlərin sənədlərində qeydlər aparır, iyula, xame- saleyə və s. aid sənədləri qəbul edir və yola salırdı. Nəhayət, vergi işlərini idarə edən vilayət hakimlərinə göndərilən sənədləri yoxlayır və qeyddən keçirirdi. Mustoufi-i arbab-i təhavil pul zərbinə, xammalın emalına nəzarət edirdi. O, şah sarayında olan emalatxanalar arasında bölüşdürülən malların məsul nəzarətçisi idi. Vəzir-i kurçiyan-i əzam, mustoufi-i kurçiyan-i əzam böyük qorçubaşıların və mustoufilərin vəziri idi. Şah qvardiyasının hərbi korpusuna, qorçulara rəhbərlik edirdi. Onlar qorçubaşılar qvardiyası korpusunun rəisi yanında fəaliyyət göstərirdilər.

Mərkəzi aparatda yuxarıda göstərilən vəzifələrdən əlavə, sarayda bir sıra digər yüksək mənsəb sahibləri də var idi. Onlardan miraxurbaşı-baş mehtər, mehmandarbaşı-yadelli səfirlərin və fəxri qonaqların qəbuluna başçılıq edən süfrəçibaşı-süfrə başçısı, halvaçıbaşı-saray nəzdindəki şirniyyat rəisi, şərabçıbaşı-saqilərin rəisi, münəccimbaşı-saray astroloqlarının başçısı və s. idilər.

Səfəvilər dövləti inzibati baxımdan əyalətlərə bölünmüşdü. XVII əsrdə bəylərbəyilər 13 əyaləti idarə edirdilər: Şirvan, Qarabağ, Gəncə, indiki Cənubi Azərbaycan, Çuxur-Səd, Qəzvin, Həmədan, Fars, Girman, Astrabad, Məşhəd, Herat, Qəndəhar.

Əyalətlər də mahallara bölünürdü. Mahalları idarə edən naiblər bəylərbəyi tərəfindən təyin edilirdi. Kənddə dövlət nümayəndəsi kəndxudalar idi. Şəhərdə ali vəzifəli şəxs kələntər adlanırdı.

Səfəvilər dövlətində inzibati vəzifələr gəlir mənbəyi sayılırdı. O zaman Azərbaycana gələn Avropa səyyahlarından biri yazırdı ki, adətən, "filan vilayəti kim idarə edir?" - deyə soruşmurlar, "bu vilayəti kim yeyir?" - deyə soruşurlar. Səfəvilər dövlətində məhkəmə işləri şəriət (islam dininin hüquq normaları) əsasında aparılırdı. Məhkəmə ruhani hakimlər olan qazıların əlində idi. Heç bir günahı olmayan adamları çox zaman ağır cəzaya məhkum edirdilər. İşgəncə vermək, çubuqla ayağa döymək, əl və ayaqları üzmək, qulaq və burun kəsmək, göz çıxarmaq geniş tətbiq olunurdu.

Səfəvi dövlətinin mərkəzləşmiş daimi nizami ordusu yox idi. Ordu müharibə zamanı ayrı-ayrı qızılbaş tayfalarından təşkil olunurdu. Bu da Səfəvilərin hərbi qüvvələrinin əsasını təşkil edirdi. Bəylərbəyilər inzibati və hərbi idarəni öz əllərinə alaraq feodal qoşununa (çərik) komandanlıq edirdilər. Hərbi yürüşlər zamanı Səfəvi qoşununun sayı 120-150 min nəfərə çatırdı. Çərikdən əlavə, qorçulardan ibarət 4500 nəfər süvari qvardiya korpusu şaha xidmət edirdi.

Azərbaycan Səfəvi dövlətinin tənəzzülünə səbəb olan tarixi amilləri müəyyənləşdirmək üçün sosial-iqtisadi və siyasi problemlərin mürəkkəb kompleksini, hər şeydən əvvəl sinfi qüvvələrin yerləşdirilməsi, ölkə daxilində sosial ziddiyyətlərin kəskinləşməsi və beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişilməsi problemini həll etmək lazım idi.

Azərbaycan Səfəvi dövləti yaranandan sonra xalqın güzəranında elə bir əsaslı dəyişiklik olmamış, əksinə, bir sıra yerlərdə narazılıq artmışdı. Bundan əlavə, Səfəvi dövlətinin tərkibindəki "etnik birləşmələr idarəetmə işlərinə başqa xalqların (fars, ərəb və s.) sosial təbəqələrinin də cəlb edilməsini tələb edirdilər. Odur ki, xəzinə və dəftərxana işlərinə fars əyanlarını cəlb etməyə başladılar. Təhmasibin vaxtında onlar müvafiq maddi baza ilə kübarların böyük bir hissəsini təşkil edirdilər və ruhanilərlə birlikdə hakim siniflər arasında görkəmli yer tuturdular.

I Təhmasibin vaxtında qızılbaş əyanlar mütləq hakim olsalar da, onların içərisində qüvvələr nisbətinin dəyişilməsi qızılbaşların feodal sinfi içərisnndə xüsusi çəkisinin müəyyən dərəcədə azalmasına səbəb olurdu. Bütün bunlar daşıyıcısı qızılbaş əyanları olan hərbi potensiala təsir edirdi. Beləliklə, hərbi qüvvə hesabına dövlətin dünyəvi və dini xarakteri güclənirdi.

Bununla belə, qızılbaşlar qeyrətlə feodal hakim sinfinin başlıca hissəsi kimi öz hüquqlarını və imtiyazlarını qoruyub saxlayırdılar. XVI əsrdə feodal sinfinin daxilində iki qrup - Azərbaycan (türk) və fars (İran) etnik ünsürlərini təmsil edən qruplar dövlətin idarə işlərində üstünlük əldə etmək üçün bir-birilə barışmaz mübarizə aparırdılar.

Ümumən, fars etnik ünsürləri feodal sinfində, demək olar ki, əsrin sonuna qədər hakim təbəqə içərisində ikinci dərəcəli komponent vəziyyətində idilər.

Qızılbaş hərbi sərkərdələri əhali ilə rəftarlarında qayda-qanuna riayət etmirdilər. Kəndlilərdən və şəhər sənətkarlarından toplanan vergi və mükəlləfiyyətlərin icrası aristokratiya və onun nümayəndələrinin ehtiyacını ödəmirdi. Ona görə də onlar xalqa əziyyət verirdilər. Bu da ölkədə ümumi narazılığı artırır və dövlətin bünövrəsini laxladırdı.

XVI əsrin son rübündə beynəlxalq vəziyyət də Səfəvilər dövləti üçün əlverişsiz dəyişirdi. Ölkənin qərb sərhədləri bütün qüvvələri ilə Xorasanı geri almağa çalışan özbək xanlarının aramsız basqınlarına məruz qalırdı. İran körfəzində portəkizlər sahilboyu adalarda və limanlarda ağalığı davam etdirirdilər. Yalnız şimal qonşusu Rusiya ilə əlaqələr sahmana salınmışdı. Lakin Bakı və Dərbəndin ruslara verilməsi hesabına osmanlılara qarşı ruslarla ittifaqa girmək təklifi nəticəsiz qaldı. Belə şəraitdə, ölkənin daxili vəziyyətinin get-gedə pisləşdiyi, sosial və siyasi dayağın laxladığı, xarici siyasi amillərin son dərəcə əlverişsiz olduğu bir şəraitdə qərbdən osmanlılar yürüşə başladılar. Öz müstəqilliyi uğrunda ayağa qalxan Azərbaycan xalqının qəhrəmancasına müqaviməti isə nəticəsiz qaldı.

Azərbaycan qızılbaş dövləti XV əsrin iki feodal dövlətinin ərazisini öz himayəsi altında birləşdirmişdi. Birinciyə Ağqoyunlu - Azərbaycan, indiki Ermənistan və iki İraq (Əcəm İraqı və Ərəb İraqı), ikinciyə isə Teymurilərin Şərqi İrandakı torpaqları - Xorasan daxil idi. Əgər bu iki dövlətin birincisində hakim feodal siniflər içərisində azərbaycanlılar üstünlük təşkil edirdilərsə, ikincisində isə, həm iqtisadiyyatda, həm də siyasətdə hakim qismən iranlılar - fars etnik ünsürləri idi.

Qızılbaşların təkbaşına silah gəzdirmək hüquqları ləğv edildi: qoşuna daxil olmaq hüququ iranlılara verildi. I Abbas qızılbaş tayfa başçılarının irsi vəzifə tutmalarını ləğv etdi. Bu vəzifəni şahın rəğbətini qazanmış istənilən şəxs tuta bilərdi. Bundan əlavə, şah tərəfindən tayfa müxtəlifliyi prinsipi əsasında, qoşunun komplektləşdirilməsi qaydası həyata keçirildi. Bu da Azərbaycan Səfəvi dövlətinin dayağı olan azərbaycanlı qızılbaş tayfa birliyinin əsasını sarsıtdı.

Abbasın hərbi islahatı nəticəsində müxtəlif dərəcəli qoşun növü yarandı. Onların qarşılıqlı fəaliyyəti və əlaqəsi Səfəvi dövlətinə daxili sakitlik və xarici işğal sahəsində uğurlar gətirdi. Qoşunun aşağıdakı dərəcələri yarandı:

I Qızılbaşlar. Əsasən süvarilər bütün XVII əsr boyu Səfəvi qoşununda üstünlük təşkil edirdilər. Onların sayı 200 min nəfərə çatırdı, yalnız 60 min nəfəri yürüşə gedirdi.

1. Abbas qızılbaşlardan əlavə, kürd, lur, çığatay və s. tayfaları da hərbi qulluğa cəlb etdi.

2. Qulamlar - xüsusi qvardiya təşkil edirdilər. Onlar əsas etibarilə erməni, gürcü, çərkəz mənşəli gənclərdən toplanır, zorla islamlaşdırılır, sarayda xüsusi şəraitdə tərbiyə olunurdular. I Abbas tərəfindən yaradılmış bu qvardiyadan Səfəvi taxtına sadiq olan bir sıra görkəmli sərkərdələr çıxmışdı. Qulamların sayı 15 min nəfər çatırdı.

3. Tüfəngçilər korpusu. Bunlar xüsusi siyahı ilə ölkənin müxtəlif vilayətlərindən toplanırdı. Onların içərisində azərbaycanlılar üstünlük təşkil edirdilər. Tüfəngçilər əhalinin aşağı təbəqəsindən seçilirdi, sayı 12 min nəfərə çatırdı. Onlara tüfəngçi ağası başçılıq edirdi.

4. Artilleriya - topçular dəstəsi. Səfəvi ordusunda topdan əsas etibarilə düşmənin möhkəmləndirilmiş mövqeyini ələ keçirmək üçün, qala mühasirəsi vaxtı istifadə edilirdi. İran şəraitində artilleriya (top) hissələrinin sürəti aşağı idi. Z.Bellanın sözünə görə, I Abbasın yenidən qurduğu ordunun 500 səhra topu vardı.

Paytaxtın Qəzvindən İsfahana köçürülməsi (1598) Səfəvi dövlətində İran etnik ünsürlərinin gücləndirilməsi yolunda növbəti addım oldu. Qəzvin əhalisinin xeyli hissəsini təşkil edən azərbaycanlılar Abbasın siyasətindən narazı idilər. Buna baxmayaraq, yeni paytaxta Qaradağdan, Qəzvindən çoxlu azərbaycanlı köçüb gəlirdi. Burada onlar üçün xüsusi məhəllə tikildi və Şah Abbasın şərəfinə "Abbasabad" adlandı.

Vahid ÖMƏROV,fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər