PDF Oxu

MİA

  • 72 904

XIX əsrin sonu, XX əsrin əvvəllərində Cənubi Azərbaycanda mədəniyyətin inkişaf xüsusiyyətləri

image

Cənubi Azərbaycanda da XIX əsrin sonu, XX əsrin əvvəllərində mədəniyyətin ayrı-ayrı növləri maarif, mətbuat, ədəbiyyat, incəsənət, teatr inkişaf etdi. Cənubi Azərbaycanda Şimali Azərbaycandakı mədəniyyətdən fərqi onun islamla daha sıx bağlı olmasıdır. Şimali Azərbaycanda mədəniyyət Rusiyanın təsirilə Avropa dəyərlərinə qovuşduğu halda, Cənubi Azərbaycanda mədəniyyət İran hakimiyyətinin təsiri altında farsçılığa, islama daha çox bağlı idi.

"Azərbaycan tarixi" kitabında göstərilir ki, "XIX əsrdə, bütün İranda olduğu kimi, Cənubi Azərbaycanda da cəmiyyətin, əsasən, feodal zadəgan təbəqələrinə xidmət edən və dövlət tərəfindən deyil, ayrı-ayrı şəxslər, dini mərkəzlər vasitəsilə təşkil olunan maarif sistemi xalqın həyatına və onun gələcək inkişafına əsla xidmət edə bilmir, əksinə, mane olurdu. Bütün Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Cənubi Azərbaycanda da başlıca təhsil ocaqları mədrəsələr idi. Bunlar da, adətən, dini idarələr, iri tacirlərin bəzi nümayəndələri tərəfindən və xeyriyyə işləri üçün ianə toplanması hesabına təsis edilirdi. XIX əsrdə Cənubi Azərbaycanda mədrəsələr yalnız Təbrizdə və bir neçə başqa şəhərdə var idi ki, bunların da çoxunu kiçik (15-30 nəfərlik) mədrəsələr təşkil edirdi. XIX əsrin sonlarında isə Cənubi Azərbaycanın bütün şəhər və rayonlarında 150 ümumi və xüsusi məktəb, 10 mədrəsə var idi. Bununla belə, Cənubi Azərbaycanda mövcud olan bu məktəb və mədrəsələrin, demək olar ki, əksəriyyəti cəmiyyətin müasir ictimai, siyasi, mədəni inkişafı tələbatına xidmət etməyə əsla qadir deyildi. Həmin məktəbləri başa vurmuş gənclər, inzibati və hərbi məmurlar, yüksək mənsəbli dövlət xadimlərinin böyük əksəriyyəti bu baxımdan, əslində, savadsız idilər.

Cənubi Azərbaycanda müasir tipli təhsilin əsası 1875-ci ildə Təbriz dövlət məktəbinin (Təbriz Darülfünunun) açılması ilə qoyulmuşdu. Burada, əsasən, hərbi və mülki məmurlar, həkimlər hazırlanırdı. Məktəb 20 il fəaliyyət göstərmiş və ildə 40-45 məzunu olmuşdu. Təbrizdə "Dəbestan" (ibtidai məktəb) adlı ilk xüsusi yeni tipli ("üsuli-cədid") məktəbi 1888-ci ildə İran maarifinin atası Mirzə Həsən Rüşdiyyə açdırdı. O, Cənubi Azərbaycanda, ilk dəfə olaraq, əlifbanı yeni sövti-üsul (səs üsulu) ilə Azərbaycan dili əsasında tədris etməyə başlamış, çoxlu dərsliklər, o cümlədən, "Vətən dili", "Ana dili" dərsliklərini yazmışdı.

1905-1911-ci illər İran inqilabı dövründə Cənubi Azərbaycanda 37 milli (Təbrizdə 22), 1911-1925-ci illərdə isə 50-dən çox (Təbrizdə 29) məktəb açılmışdı. Həmin məktəblərdə Azərbaycan və fars dillərindən əlavə, ərəb, fransız və rus dilləri də tədris olunurdu. 1917-ci ildə isə Cənubi Azərbaycanda ilk orta məktəb təsis edilmişdir.

Cənubi Azərbaycanın mətbuat tarixi XIX əsrin ikinci yarısından başlayır. Cənubi Azərbaycanda fars dilində nəşr edilən ilk qəzet "Azərbaycan"dır. Qəzet 1858-ci ildə Təbrizdə hökumətin rəsmi orqanı kimi çap olunmuş və İranda nəşr edilmiş ən qədim qəzetlər içərisində üçüncüsüdür.

1905-1911-ci illər inqilabına qədər Cənubi Azərbaycanda 18 adda qəzet və jurnal buraxılırdı. Onların bəziləri isə dövlət tərəfindən rəsmi buraxılan mətbuat orqanları idi.

1905-1911-ci illər Məşrutə inqilabı dövründə Cənubi Azərbaycanda ilk dəfə ana dilində bir sıra qəzet və jurnallar ("Azərbaycan", "Ana dili", "Məzəli", "Zənbur", "Həşərat-ol-ərz"), Azərbaycan əyalət əncüməninin iki dildə - fars və Azərbaycan dillərində nəşr etdiyi "Naleyi-millət", "Molla Nəsrəddin" dərc olundu və yayılmağa başladı. Bu dövrdə Azərbaycanda çıxan qəzet və jurnalların əsas hissəsini inqilabi hərəkatın qələbəsinin tərəfdarı olan demokratik mətbuat təşkil edirdi. İran müəlliflərinin verdiyn məlumata görə, Məşrutə inqilabı dövründə Cənubi Azərbaycanda 50-yə yaxın adda qəzet və jurnal nəşr edilmişdir.

Məşrutə inqilabının məğlubiyyətindən sonrakı dövr (1913-1917-ci illər) ərzində Cənubi Azərbaycanda mədəniyyətin Tehran hakim dairələri tərəfindən sıxışdırılması nəticəsində nəşr olunan qəzet və jurnalların sayı xeyli azaldı. Bu dövrdə nəinki Azərbaycanda, hətta bütün İran miqyasında demokratik, o cümlədən, fəhlə mətbuatına, hətta onların mənafeyini müdafiə etməyə təmayül göstərən mətbuata belə, təsadüf olunmur.

1917-ci ildən sonra isə yenidən vilayətdə mətbuat tərəqqi etməyə başlayır. Bu da, sözsüz ki, İranın qonşusu olan Rusiyada baş vermiş fevral və xüsusilə, oktyabr hadisələri ilə bağlı olmuşdur. Bu dövrdə Cənubi Azərbaycanda ən mühüm qəzetlərdən biri 1917-ci ildə Əbülqasim Fiyuzat və Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə nəşrə başlayan, qısa fasilələrlə 1921-ci ilə qədər çap olunan "Təcəddüd" idi.

XIX əsrin ikinci yarısında Cənubi Azərbaycanda maarifçi ədəbiyyat yarandı. Şeirdə, ilk dəfə olaraq, xalq həyatının real mənzərələrini, ölkənin həyatındakı real hadisələri (1871-1872-ci illərdəki qıtlıq və aclıq, 1891-1892-ci illər "Tənbəki üsyanı", əcnəbilərin ölkədə ağalığı və s.) əks etdirməklə, bəzi maarifçilik ideyalarını təbliğ etmək sahəsində əsaslı addımlar atılır. Cənubi Azərbaycanın XIX əsr poeziyasının mübariz cərəyanını yaradan, öz yaradıcılıqlarında milli azadlıq ideyalarını geniş təbliğ edən şairlər sırasında Hacı Mehdi Şükuhinin, Rza Sərrafın, Mirzə Əli xan Ləlinin, Səid Səlmasinin, Mirzə Əli Möcüz Şəbüstərinin və b. adlarını çəkmək olar. Cənubi Azərbaycan poeziyasının XIX-XX əsrin əvvəllərində inkişafının ümumi meyli real həyata yaxınlaşmaq, onun ən vacib, təxirəsalınmaz problemlərini əks etdirmək olmuşdur.

Bu dövrdə Cənubi Azərbaycanda M.F.Axundovun bilavasitə təsiri altında ilk dəfə dram əsərləri yazıldı (Mirzağa Təbrizinin pyesləri). M.F.Axundovun davamçıları Zeynalabdin Marağeyi ("İbrahim bəyin səyahətnaməsi"), Ə.Talıbovun ("Pak adamların məsləkləri") əsərləri 1905-1911-ci illər İran inqilabının ideoloji və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynamışdır. XX əsrin əvvəllərində ictimai-siyasi publisistika ("Molla Nəsrəddin"çi nəsr) ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş vüsət aldı. Bu səpkidə yazılan əsərlər içərisində öncə Əbülziya Şəbüstəri və Seyid Hüseyn Ədalətin "İrane-nou", "Ana dili", "Ədalət" qəzetlərindəki felyetonlarını, Cəmşid Ərdəşir Əfşarın pamflet və ədəbi-fəlsəfi esse xarakterli yazılarını qeyd etmək olar.

XIX əsrdə Cənubi Azərbaycanda teatr Qərb mədəniyyətinin müstəqim təsiri nəticəsində yaranmışdı. Belə ki, 70-80-ci illərdə "maarifpərvər" Nəsrəddin şahın Avropaya səfərindən sonra Darülfünun müdavimlərinin qüvvəsi ilə saray əyanları üçün vaxtaşırı teatr tamaşaları təşkil edilirdi. Buna baxmayaraq, əyanlar üçün təşkil olunan bu ilk teatr tamaşaları İranda, o cümlədən də, Cənubi Azərbaycanda teatrın inkişafına o qədər də təsir göstərə bilməmişdi. Dramaturgiyaya və teatra olan baxış Azərbaycanda (İranda da) M.F.Axundovun yaradıcılığının bilavasitə təsiri altında formalaşmışdı. 1870-1874-cü illərdə Mirzə Cəfər Qaracadaği tərəfindən M.F.Axundov pyesləri fars dilinə tərcümə olunduqdan sonra İranda ilk orijinal dram əsərləri yaratmaq təşəbbüsü meydana çıxdı. Bu təşəbbüsün ilk müdafiəçisi bir neçə pyes müəllifi Mirzağa Təbrizi idi. Lakin onun əsərləri məzmun, ideya və bədii dəyəri etibarilə zəif olduğundan, səhnə üzü görə bilmədi.

Mədəni həyatın bu sahəsində ilk əhəmiyyətli addımlar yalnız 1905-1911-ci illər inqilabı dövründə atıldı. Bu işdə də Şimali Azərbaycanın mədəniyyət xadimlərinin köməyi və şəxsi iştirakı mühüm rol oynayırdı. 1909-1916-cı illər ərzində görkəmli aktyorlar Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə Bakı teatr truppaları dəfələrlə İrana gəlmiş, Tehranda, Təbrizdə, Rəştdə, Qəzvində, İsfahanda və b. şəhərlərdə tamaşalar vermişlər. Onların repertuarı, əsasən, Ə.Haqverdiyev, N.Vəzirov və N.Nərimanovun, həmçinin, Qərb dramaturqlarının əsərlərindən ibarət idi.

Təbiidir ki, belə əməkdaşlıq, xüsusilə, Cənubi Azərbaycanda, ilk növbədə, Təbrizdə daha geniş vüsət alır, çünki bu şəhərin bir çox ziyalıları və qabaqcıl, fəal gəncləri Şimali Azərbaycanda baş verən ictimai və mədəni hadisələrlə yaxından tanış idilər.

1916-cı ildə Təbrizdə ilk teatr binası tikildi. Cənubi Azərbaycanda qısa müddətdə (10-12 il) milli teatr yaradılması prosesinin təməl daşı qoyuldu. Teatr tamaşaları ana dilində olduğundan, xalq tərəfindən tez qavranılır və eyni zamanda, Azərbaycan dilinin formalaşmasında, mədəniyyət sahəsində yayılmasında, ədəbi dilin formalaşmasında mühüm rol oynayırdı.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər