Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında, mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bu, artıq heç kimin inkar edə bilməyəcəyi tarixi fakt, əlahəzrət tarixi həqiqətdir. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bu sadaladığımız faktların arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzlmkar və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə də çevrilib. Sözsüz ki, bu sadaladığımız uğurlar, dünya birliyi ilə inteqrasıya istiqamətində görülən düzgün işlərin nəticəsində mümkün olmuşdur. Çünki bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz, bunun üçün konkret addımlar atır, bərabərhüquqlu əlaqələrin qarşılıqlı maraqların təmin edilməsi istiqamətində, biri-birinin işinə qarışmamaq prinsipləri çərçivəsində davam etdirilməsi işinə öz töhfəsini verir. Tam əminliklə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir.
Müstəqil Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğur
Gəlin faktlara müraciət edək. Müstəqil Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas təsirli amillərindən birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır. Bu gün ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanır. Azərbaycanın qazandığı uğurların təməlində isə Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən bu mövqedən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaratdı, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atdı.
Beynəlxalq münasibətlər sisteminə aktiv inteqrasiya
Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması, nüfuzlu qurumlarla əlaqələrini genişləndirməsi ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində əsaslı dönüş yarandı. Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasətinin prioritetlərindən hesab edilən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da möhkəmləndirmək, respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli məsələni başlıca məqsəd güdərək konkret siyasət yeridildi. Bu gün də bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Qloballaşan dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə, ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də ölkəmizin xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası, həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir. Ümumiyyətlə, ölkəmiz müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünyaya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədilə qısa müddət ərzində BMT, ATƏT, İKT, MDB, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu. Sonrakı illərdə Parlamentlərarası İttifaq, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər nüfuzlu beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yarandı. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan Respublikası dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir.
Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını həyata keçirən ATƏT ilə əməkdaşlıq
Beynəlxalq təşkilatlardan olan və Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını həyata keçirən ATƏT ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edir və kollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. Onu da xatırldaq ki, məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə edildikdən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi. Bu gün də Azərbaycanın mövqeyini dəstəkləyən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri - ABŞ, Fransa və Rusiyanın dövlət başçılarının Akvildə, Muskokda, Los-Kabosda və Loks-Erndə verilən sonuncu bəyanatında status-kvonun qəbuledilməz olduğu dəfələrlə vurğulanmışdır. Bu, diplomatiyamızın əhəmiyyətli uğurlarından biridir. Çünki status-kvonun qəbuledilməzliyi barədə bəyanat işğal altındakı torpaqların azad olunması tələbi kimi başa düşülür.
Avropa İttifaqı əsas tərəfdaş kimi
Azərbaycanla Avropa İttifaqını birləşdirən, sıx təmaslar üzərində uzunmüddətli əməkdaşlığını dərinləşdirən oxşar cəhətlər var. Hər iki tərəf etibar və etimada görə, səmimi əməkdaşlığa və qarşılıqlı münasibətlərin dinamikasına görə, dünyada örnək sayılır. Tərəflərin hər ikisi dünyada şəffaflıq və yüksək reputasiya statusunu qazanıb. Bu mənada Aİ ilə Azərbaycanın əməkdaşlığı 10 ildən artıq bir dövrdə yüksələn xətlə inkişaf edib, yeni sahələri əhatə edir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi inkişaf platforması və aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi, qətiyyətidir. Azərbaycan bölgədə potensial sərmayədar ölkə kimi çıxış edir. Bütün bunlarla yanaşı, Azərbaycanın əlverişli sərmayə mühitini təmin etməsi xarici dövlətlərin investorlarının ölkəmizə axınını da sürətləndirib. Bu, xarici sərmayə qoyuluşlarının artım dinamikası üçün əlverişli imkanlar yaradır. İnvestisiya sahəsində həyata keçirilən tədbirlər və bu bölmədə sərmayə cəlbediciliyinin yüksəldilməsi Azərbaycanın maliyyə sabitliyinin möhkəmlənməsinə təkan verib, xarici investorların ölkəyə marağının artmasına zəmin yaradıb. Dünyanın ən inkişaf etmiş dövlətləri Azərbaycanda dəyəri milyard dollarla ölçülən iri layihələr həyata keçirir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 90 faizini təşkil edir. Bütün bu faktorlar Aİ ilə Azərbaycan arasında yeni dövrün reallıqları əsasında əməkdaşlığın konseptual məzmununa baxışların müasirləşməsini ehtiva edir. Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlıq başlanıb. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişinə, 2006-cı ildə Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə "Şərq tərəfdaşlığı" təşəbbüsünə əsaslanır. Hazırda Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2009-cu ildən həyata keçirilən və Azərbaycanın da iştirak etdiyi "Şərq tərəfdaşlığı" təşəbbüsü Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Avropa İttifaqı mühüm geostrateji mövqedə yerləşən, təbii sərvətlərlə zəngin olan, eyni zamanda, Cənubi Qafqaz regionunun Qərbə inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyən Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Göründüyü kimi, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gün də davam və inkişaf etdirilən uğurlu xarici siyasət strategiyası respublikamızın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələnməkdədir.
Mətləb Salahov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün