PDF Oxu

MİA

  • 3 812

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin hüquqi bazası

image

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinin konstitusion əsasları Azərbaycanın insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Konstitusiyada əks etdirilməsi zərurətindən ölkədə 24 avqust 2002-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi-referendum nəticəsində daha da təkmilləşdirilmişdir. Belə ki, referendum nəticəsində Konstitusiyada ilk dəfə olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) namizədliyinin irəli sürülməsi, seçilməsi ilə bağlı müddəalar, həmçinin, hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət vermək hüququ təsbit edilmişdir. İkinci vacib müddəa ondan ibarətdir ki, qanunla müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikasının və qanunlarının şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

İnsan - vətəndaş hüquqları və azadlıqlarının məhkəmə müdafiəsi dünyanın bir çox ölkələrinin konstitusiyalarında nəzərdə tutulur. "ABŞ Konstitusiyasına dəyişikliklər"də göstərilir ki, ABŞ Konstitusiyasına 14-cü düzəliş ABŞ vətəndaşlarının həyatı, azadlığı və mülkiyyətinin müdafiəsinin təminatı kimi qanuni məhkəmə təhqiqatını nəzərdə tutur. İnsan hüquqlarının müdafiəsi və təmin edilməsi işində məhkəmələrin fundamental rolu Almaniya Federativ Respublikasının Əsas Qanununun 19-cu maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur.

Vətəndaş öz iradlarını əsaslandırmaq üçün həm milli, həm də beynəlxalq hüquq normalarına istinad edə bilər. Fərdin belə hüququ- demokratik ölkələrin konstitusiyalarında təsbit olunan hamının tanıtdığı beynəlxalq hüquq prinsipləri və normalarının prioritetliyi haqqında müddəaya əsaslanır.

Azərbaycan Respublikasında son illər məhkəmə sistemində aparılan islahatlar hər bir insanın, vətəndaşın öz hüquqlarının bərpa olunması üçün bütün imkanlardan istifadə edilməsinə təminatın verilməsinə yönəldilmişdir. İnsan və vətəndaş hüquqlarının pozulması ilə əlaqədar mübahisələr yarandığı təqdirdə, onları məhkəmələr həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanının, siyasi partiyaların, ictimai birliklərin və ya vəzifəli şəxslərin qərar və hərəkətlərindən, yaxud hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. Bu isə məhkəmələrin "tarazlama" sisteminə daxil olmasından irəli gəlir.

E.İbrahimov "İnsan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsinin məhkəmə nəzarəti" məqaləsində yazır: "Konstitusiyada təsbit edilmiş bu müddəa Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq aktların tələblərinə əsaslanmaqla insan və vətəndaşların həm konstitusiyada, həm də digər qanunvericilik aktlarında təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi altında olduğunu göstərir.

Konstitusiyanın həmin müddəasının icra edilməsi ilə əlaqədar "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəktlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikasnın 11 iyun 1999-cu il tarixli Qanunu xüsusi əhəmiyyət kəsb edir. Qanun Azərabycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq münasibətlərdə təsbit edilmiş hüquq və azadlıqları pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayətvermə qaydalarını, habelə hüquq və azadlıqların məhkəmə təminatı ilə əlaqədar münasibətləri tənzimləyir.

Respublikamızda insan və vətəndaş hüquqlarını və azadlıqlarının qorunmasını təmin edən yeni qanunvericilik aktlarının qəbul edilməsi, mövcud olanlarda isə, bu istiqamətdə müvafiq dəyişikliklərin aparılması həmin hüquq və azadlıqların qorunmasını şərtləndirən vacib amillərdəndir. Bu baxımdan aparılan hüquqi islahatların əsasının yaradılmasında son illər qəbul olunmuş "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Prokurorluq orqanları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanunları xüsusi əhəmiyyət kəsb edir.

Ölkədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə respublikanın sabiq Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə son dövrlərdə xüsusilə intensiv aparılan məhkəmə-hüquq islahatları çərçivəsində yaradılmış yeni üçpilləli məhkəmə sistemi xidmət edir.

Azərbaycan Respublikasında yaradılmış bu üç pilləli (birinci instansiya, apeelyasiya və kassasiya instansiyaları) məhkəmə sisteminin üstünlüyü ondan ibarətdir ki, bu sistem hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin, məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apeelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır.

"Məhkəmələr və hakimlər haqqında" AR Qanununda (2 iyul 2001-ci il) göstərilir ki, Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının təminatı ilə əlaqədar, həmçinin, onu da qeyd etmək lazımdır ki, məhkəmə və hakimlərin əsas fəaliyyət istiqamətlərini müəyyən edən "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunla müəyyən edilmiş hallarda məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Bu müddəanın təsbit edilməsi, mütəxəssislərin fikrincə, əvvəlki qanunvericilikdən fərqli olaraq insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin yeni üsulu kimi çıxış edir.

Göründüyü kimi, qeyd olunan və bir sıra digər səlahiyyətlər ölkəmizdə məhkəmə-hüquq sahəsində islahatların aparılması nəticəsində qəbul edilmiş yeni qanunlarla məhkəməyə verilən yeni səlahiyyətlərdir. Bütün bunların özü də təsdiq edir ki, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan Respublikasında insan və vətəndaş hüquqları və azadlıqları daha etibarlı üsullarla təmin edilir, bu istiqamətdə həyata keçirilən siyasət isə dövlətin ali məqsədlərindən birinə çevrilmişdir.

AR Konstitusiyada qeyd olunur ki, demokratik-hüquqi dövlət quruculuğu şəraitində Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsində Konstitusiya Məhkəməsi vacib rol oynayır. Belə ki, 24 avqust 2002-ci il tarixdə ölkədə keçirilən referendumda edilən dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin bu sahədəki səlahiyyətləri çərçivəsində aşağıdakılar nəzərdə tutulur.

- hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Konstitusiya məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər;

- Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.

Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvlüyə qəbul edilməsi zamanı ölkənin sabiq Prezidenti Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı nitqində demişdir: "Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə-vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır".

Məhz ölkə başçısının bu yanaşmasına müvafiq olaraq Azərbaycanda həyata keçirilən islahatlar hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə yönələn daxili vasitələrin (xüsusilə də məhkəmə-hüquq vasitələrinin) beynəlxalq standartlara uyğunlaşdırılmasına, onların səmərəliliyinin artırılmasına, hər bir fərdin isə dövlət daxilindəki bütün belə vasitələrdən öz hüquqlarının müdafiəsi üçün sonunadək və maneəsiz istifadəsinə xidmət edir. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini təmin edən daxili milli mexanizmlərin və hüquq vasitələrinin daha səmərəli fəaliyyətini tələb edir. Çünki Avropa Konvensiyası insan hüquqlarının müdafiəsi məsuliyyətini başlıca olaraq milli hakimiyyət orqanlarının, xüsusilə də məhkəmə orqanlarının üzərinə qoyur.

Hər bir dövlətdə insan hüquq və azadlıqlarının təminatı üçün zəruri hesab olunan şərtlərdən biri də azadlıqdan mərhum edilmiş insanlar üçün onların cəza çəkdikləri yerlərdə insanın normal yaşaması üçün zəruri olan şəraitin olduğu penitensiar müəssisələrin olması və müasir dünya standartlarına cavab verən penitensiar qaydaların mövcudluğudur.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər