Demokratik-hüquqi dövlət quran müasir Azərbaycan cəmiyyətində də insan hüquqlarının təmin edilməsi demokratikləşmə proseslərinin vacib hissəsi kimi dövlətin daim diqqət mərkəzində olmaqla, ölkənin sabiq başçısı Cənab Heydər Əliyevin rəhbərliyi altında bu sahədə düşünülmüş dövlət siyasəti həyata keçirilmiş, hazırda isə Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Apardığımız politoloji təhlilin nəticələri bu siyasətin əsas istiqamətlərini müəyyən etmək imkanı yaratmışdır.
Millət vəkili, professor H.Babaoğlu yazır ki, demokratik cəmiyyətdə insan hüquqları və azadlıqlarının müdafiəsi mexanizmində Ombudsman təsisatı xüsusi yer tutur. Bu təsisatın vəzifələrinə idarəetmə orqanlarının işindən qənaətlənməyən vətəndaşların şikayətlərinə baxmaq və beləliklə də, onların hüquq və azadlıqlarını müdafiə etmək daxildir. Məhkəməyə müraciət prosedurlarından fərqli olaraq Ombudsmana müraciət proseduru ciddi qaydaları və yüksək xərcləri nəzərdə tutmur.
Elmi ədəbiyyatda Ombudsmana verilən müxtəlif tərifləri ümumiləşdirərək belə bir tərif verınək olar ki, Ombudsman vətəndaşların şikayətlərini həll etmək daxil olan və şəxsi təşəbbüsü ilə insan hüquqları və azadlıqlarının pozulması ilə nəticələnən və onların müdafiəsinə dair bütün hüquqi vasitələrin tükəndiyi halda idarəetmə orqanları (bəzi ölkələrdə), həmçinin məhkəmələr tərəfindən qanunların riayət edilməsinə həmişə müvafiq şəkildə reaksiya verən parlament nümayəndəsidir.
Bizim fikrimizcə, təklif olunan bu tərif Ombudsman təsisatının, eyni zamanda həm vətəndaşların hüquq və azadlıqlarının reallaşmasına xidmət edən dövlət orqanlarının fəaliyyətinə nəzarət üsulu kimi və həm də onun fəaliyyət göstərdiyi dövlətlərdə vətəndaşların hüquqlarının, qanunçuluğun müdafiəsi vasitəsi kimi çıxış etdiyini əks etdirir.
Təcrübə göstərir ki, Ombudsman təsisatının daha səmərəli işləməsi üçün, ilk növbədə dövlət idarəetmə orqanlarının özlərinin fəaliyyətinə normal şəraitin yaradılması problemlərinin həlli zəruridir. Yalnız bundan sonra Ombudsmanın işindən müsbət nəticələr gözləmək olar. Onun müvəffəqiyyəti bir sıra amillərdən asılıdır ki, onlara da tədqiqatçılar demokratik ənənələri, dövlət orqanları qulluqçularının inkişaf səviyyəsini, peşə etikasını və yüksək mənəvi keyfiyyətlərini aid edirlər.
Azərbaycanda insan hüquqlarının Konstitusiya təsbitinin əsasında duran mühüm prinsiplərdən biri də Konstitusiyanın 25-ci maddəsində əks olunmuş hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipidir. Bu müddəanın prinsipial əhəmiyyəti ondan ibarətdir ki, fəaliyyətdə bərabərlik hüququnu təmin etmədən insanın bütün digər hüquq və azadlıqlarının real qorunınasına nail olmaq mümkün deyil. Həmin maddədə xüsusi əhəmiyyəti olan belə bir müddəa da öz əksini tapmışdır ki, "İnsan və vətəndaş hüquqları və azalıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqli, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırılması qadağan edilir".
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqları sistemində əsas qruplardan birini şəxsi (vətəndaş) hüquq və azadlıqlar təşkil edir və onlar ön plana çəkilmiş, şəxsi hüquq və azadlıqların prioritetliyi təsdiq edilmişdir. Belə yanaşma isə şəxsiyyətin muxtariyyətini təmin etmək məqsədi və onun inkişaf istiqamətləri ilə şərtlənir. Şəxsi hüquq və azadlıqlar insanı onun şəxsi azadlığı sferasına hər hansı müdaxilədən, o cümlədən dövlətin müdaxiləsindən müdafiə etmək iqtidarındadırlar.
Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı şəxsi hüquq və azadlıqlar təsbit edilmişdir:
- yaşamaq hüququ (maddə 27);
- azadlıq hüququ (maddə 28);
- şəxsi toxunulmazlıq hüququ (maddə 32);
- şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ (maddə 32);
- mənzil toxunulmazlığı hüququ (maddə 33);
- təhlükəsiz yaşamaq hüququ (maddə 31);
- milli mənsubiyyət hüququ (maddə 44);
- ana dilindən istifadə hüququ (maddə 45);
- şərəf və ləyaqətin müdafiəsi hüququ (maddə 46);
- nikah hüququ (maddə 34);
H.Babaoğlu qeyd edir ki, Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlilinin əsasında demokratik cəmiyyətdə insan hüquq və azadlıqları sisteminin və onların reallaşdırılması mexanizimlərinin tədqiqi, bu istiqamətdə onların təhlillərinin ümumiləşdirilməsi, bizim fikrimizcə, aşağıdakı təklifləri irəli sürməyə imkan verir:
1. İnsan hüquq və azadlıqları konsepsiyası sosial-siyasi və hüquqi təsisatların, bütövlükdə ictimai həyatın demokratikləşdirilməsi proseslərinin dərinləşməsi, cəmiyyətdə özünüidarə və özünütəkmilləşmənin genişlənməsi, təsərrüfat münasibətlərində yeni prinsiplərin təsdiqlənməsi, siyasi və hüquqi mədəniyyət səviyyəsinin getdikcə artması perspektivləri nəzərə alınmaqla inkişaf etdirilməli, şəxsiyyətin hüquq və azadlıqlarının inkişafı və perspektivlərinə də onun vəzifələri ilə vəhdətdə, onların formalaşması və təkamülünə təsir edən amillər sistemi kontekstində baxılmalıdır.
2. Demokratik cəmiyyətdə şəxsiyyətin hüquq və azadlıqları vəhdət təşkil etməklə onun siyasi azadlıq səviyyəsini səciyyələndirir və onların məzmunu, reallaşması imkanları cəmiyyətin iqtisadi inkişaf səviyyəsindən və mənəvi həyatından, digər amillər və şəraitlərdən asılıdır.
3. İnsan və vətəndaş hüquq və azadlıqlarının dolğun şəkildə reallaşmasına əlverişli mühitin mövcud olduğu demokratik cəmiyyətdə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi hakimiyyət qollarının müvafiq fəaliyyətlərinin əlaqələndirilməsi mexanizminin daim təkmilləşdirilməsini tələb edir.
4. Demokratikləşmə şəraitində bir sıra ölkələrin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlətdaxili milli mexanizmlərin tətbiqi təcrübəsi nəzərə alınaraq və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında insan hüquqları üzrə Komissiyanın, yerli icra hakimiyyətinin nəzdində isə müvafiq strukturların - insan hüquqları üzrə ictimai komissiyaların yaradılması məqsədəmüvafiq olardı.
5. Respublikamızda fəaliyyət göstərən hüquq müdafiə qeyri-hökumət təşkilatları dövlət orqanlarına təkcə narazılıq və tələblər etməklə kifayətlənməməli, onlarla, xüsusilə də yerli icra hakimiyyəti orqanları ilə vətəndaşların ərizə və şikayətlərinin baxılması və hüquqi təhsilinin təşkili sahəsində, həmçinin digər sahələrdə əməkdaşlıq etməli, dövlətə konstruktiv şəkildə insan hüquqlarının inkişaf etdirilməsi və müdafiəsinin təmin edilməsində yardım etməlidirlər.
İndi Azərbaycan qarşısında duran ən əsas vəzifə - dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, qanunçuluğa, insan hüquq və azadlıqlarının riayət olunmasıdır ki, bu da dövlətin möhkəmləndirilməsinə xidmət edir.
Yaxşı olar ki, hüquq-müdafiə təşkilatları özlərinin fəaliyyət üslubunda dəyişiklik edərək ölkədə həyata keçirilən dövlət quruculuğu prosesinə dəstək verməklə, öz fəaliyyətlərində qaçqın və məcburi köçkünlərin (nəzərə almaq lazımdır ki, ölkəmizdə hər 8 nəfərdən biri qaçqın yaxud məcburi köçkündür) pozulmuş hüquqlarının bərpasına, xüsusən üstünlük versinlər.
6. İnsan hüquqlarının müdafiəsi mexanizmlərinin reallaşması tam şəkildə fərdlərin özündən asılıdır. İnsan hüquq və azadlıqlarının həqiqi reallaşması cəmiyyətdə yüksək siyasi və hüquqi şüurun, siyasi mədəniyyət səviyyəsinin mövcud olduğu halda mümkündur. Bu baxımdan, bu sahədə təhsilin və ümumi maariflənmənin həyata keçirilməsi olduqca vacibdir. Belə təhsil formalarına həm hüquq və azadlıqlar barədə ümumi biliklər, həm də bu sahədə yüksək ixtisaslı mütəxəssislər yetişdirə biləcək xüsusi proqramlar daxil edilməlidir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru