PDF Oxu

MİA

  • 3 266

Dünya Ombudsman sistemi və Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkillik

image

Bu baxımdan Böyük Britaniyanı göstərmək olar. Böyük Britaniyada Parlament Ombudsmanı-inzibati məsələlər üzrə Parlament Komissarı haqqında qanun 22 mart 1967-ci ildə qəbul olunmuşdur. Qanuna görə, Parlament Komissarı vəzifəsinə Kraliça imtiyaz vərəqəsi ilə istənilən şəxsi təyin edə bilər. Həmin şəxs bu vəzifəni davranışı qanundan kənara çıxmayanadək yerinə yetirəcək, vəzifəsindən də Kraliça tərəfindən öz xahişi və ya parlamentin tələbi ilə, 65 yaşı tamam olan ilin sonunda geri çağırıla bilər. Qanunda (1-ci maddənin 3a bəndi) belə bir məsələ də qeyd olunur ki, əgər Komissar vəzifəsini tutan şəxs səhhəti ilə ələqədar; a) vəzifəsi ilə bağlı öhdəlikləri yerinə yetirə bilmirsə; b) vəzifədən azad edilməsi haqqında müraciət edərsə, onda Kraliça həzrətləri elan edə bilər ki, o, Komissar vəzifəsindən azad edilmişdir. Qanunla Komissara sayı və səlahiyyətləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən məmurları təyin etmək hüququ verilir. Komissarın hər bir funksiyasını onun tərəfindən səlahiyyələndirilmiş istənilən məmur və ya həm də məmur tərəfindən səlahiyyətləndirilmiş istənilən şəxs yerinə yetirə bilər.

H.Babaoğlu yazır ki, İngiltərədə Parlament Ombudsmanı institutunu, məsələn, Skandinaviya və eləcə də Azərbaycan modelindən fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, burada Müvəkkil birbaşa vətəndaşlarla ünsiyyətdə olmur, çünki vətəndaşlar ona yalnız öz deputatları vasitəsilə müraciət edə bilərlər. Beləliklə də, Müvəkkil dolayı olaraq vətəndaşların nümayəndəsi və onlarla icra hakimiyyəti arasında yaranmış münaqişələrin həll edilməsində parlamentarilərə köməklik göstərən orqan kimi çıxış edir. Bununla əlaqadar Parlament Müvəkkili haqqında qanunda konkret göstərilir ki, söhbət heç də parlamentin mahiyyəti və onun üzvlərinin rolunu aşağı salan orqanın yaradılmısından deyil, parlamentariyaların vətəndaşların icra hakimiyyəti orqanların və onların vəzifəli şəxslərinin sui- istifadələrindən və özbaşınalıqlarından müdafiəsi üçün ən yaxşı vasitələrlə təmin olunmasından gedir.

Rusiya Fedarasiyasında İnsan Hüquqları üzrə Müvəkkil haqqında Federal Konstitusiya Qanunu 25 dekabr 1996-cı il tarixdə qəbul edilmişdir. Qanuna görə, Müvəkkil vəzifəsinə Rusiya Federasiyasının vətəndaşı olan, yaşı 35-dən az olmayan, insan və vətəndaş hüquq və azadlıqları sahəsi üzrə biliyə, onların müdafiəsi üzrə təcrübəyə malik olan şəxs təyin edilir. Həmin vəzifəyə namizədlər haqqında təklif Dövlət Dumasına Rusiya Federasiyasının Prezidenti, Federal Yığıncağı, Federasiya Şurası, Dövlət Dumasının deputatları və Dumadakı deputat birlikləri tərəfindən irəli sürülə bilər. Müvəkkil vəzifəyə Dövlət Duması tərəfindən gizli səsvermə ilə Dövlət Duması deputatlarının ümumi sayının əksər səsini toplamaqla təyin və azad edilir. Müvəkkil Dövlət Dumasının deputatı, Federasiya Şurasının üzvü və ya Rusiya Federasiyası subyektinin qanunverici (səlahiyyətli) orqanının deputatı ola bilməz, dövlət xidmətində ola bilməz, müəllimlik, elmi yaxud digər yaradıcı fəaliyyət istisna olmaqla, digər haqqı ödənilən və ya ödənilməyən fəaliyyətlə məşğul ola bilməz, siyasi partiyanın və siyasi məqsədlər güdən digər ictimai birliyin üzvü ola bilməz.

H.Babaoğlunun fikrincə, qanunda İnsan Hüquqları üzrə Müvəkkilin vəzifəyə təyin olunması və həmin vəzifədən azad edilməsi qaydaları ilə yanaşı onun səlahiyyətləri, fəaliyyətinin təşkilati formaları və şərtləri müəyyən edilmişdir. Belə ki, Müvəkkil Rusiya Federasiyası vətəndaşlarının və bu ölkə ərazisində olan əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin şikayətlərinə baxır. Lakin verilən şikayətlərə o halda baxılır ki, əvvəllər ərizəçi özünün hüquqlarının pozulması ilə əlaqədar məhkəmə, yaxud inzibati qaydada şikayət etmiş və şikayəti üzrə qəbul edilmiş qərarlarla razı deyildir. Müvəkkilin Qanunda təsbit olunmuş səlahiyyətləri çərçivəsində onun üç qrup hüquqları müəyyən edilmişdir. Belə ki, 20-ci maddədə Müvəkkilin şikayətlərin qəbul edilməsi, 23-cü maddədə şikayət üzrə yoxlamanın keçirilməsi ilə bağlı, 29-31-ci maddələrdə isə şikayətlərə baxılmasının nəticələrinə görə malik olduğu hüquqları konkret olaraq müəyyən edilmişdir.

Tədqiqatçı Reha Yılmaz yazır ki, Ombudsmanlar bir qayda olaraq parlament tərəfindən seçilir. Bu, müstəqilliyi təmin etmək üçün zəruridir. Amma bəzi ölkələrdə o, icra hakimiyyəti tərəfindən də təyin olunur. Ombudsmanların parlament tərəfindən seçilməsi onların demokratik legitimliyini də gücləndirir. Parlament tərəfindən seçilmə, xüsusən, nazirliklərə nəzarətdə əhəmiyyət kəsb edir. Ombudsmanı seçilməsi, yaxud təyin olunması baxımından üç qrupa ayırmaq olar: birinci qrupa daxil olan ölkələrdə Ombudsman parlament tərəfindən seçilir. Ombudsman qurumu Skandinav ölkələrindəki ilkin xüsusiyyətlərini bir qədər itirsə də, təsisat yenə də geniş səlahiyyətlərə malikdir. Həm də onların daha səmərəli fəaliyyət göstərməsi Ombudsman təsisatının digər ölkələrdə tətbiqi üçün meyardır. Bu təsisatı yaradan ölkələr öz siyasi və ictimai tələblərini nəzərə alaraq Ombudsmanın statusunu nizamlayır.

Seçki qaydasına görə: Ombudsmanın seçilməsi bu qurumun sərbəstliyinin təmin edilməsi üçün ən əhəmiyyətli şərtlərdən biridir. Ombudsmanın vətəni sayılan İsveçdə, Ombudsman seçkilərinin hazırlığı parlamentin xüsusi nümayəndələri tərəfindən aparılır və namizədlər (4 namizəd) parlamentdə açıq səsvermə yolu ilə seçilir. Norveç, Finlandiya, Danimarka və Avstriyada Ombudsman parlament tərəfindən seçilir. İkinci qrupa aid ölkələrdə Ombudsman qanunvericilik orqanı ilə icra hakimiyyətinin birgə qərarı arasında təyin edilir. Ombudsman sistemini tətbiq edən İngiltərədə də Ombudsman (Parlament Komissarı), kraliçanın parlamentə yazdığı məktubla təyin olunur. İrlandiyada Ombudsman parlamentin qərarından sonra prezident tərəfindən seçilir. Nəhayət, üçüncü qrupa aid etdiyimiz ölkələrdə Ombudsman yalnız icra hakimiyyətinin sərəncamı ilə təyin edilir. Fransanı belə ölkələrə aid etmək olar. Burada mediator hökumətin qərarı ilə vəzifəyə gəlir.

Nəticə olaraq Ombudsman sistemini seçilməsinə görə 3 qrupda cəmləşdirmək mümkündür: parlament, parlament və icra hakimiyyəti və təkcə icra hakimiyyətinin təyinatı.

Buna görə müvəkkil, parlament və icra hakimiyyətinin birgə fəaliyyəti ilə seçilmədiyinə görə ikinci qrup Ombudsmanlar sırasına daxil oluna bilməz.

Vəzifə müddətinə görə: ayrı-ayrı ölkələrdə Ombudsman sistemində müxtəlif vəzifə (səlahiyyət) müddəti nəzərdə tutulur. Ancaq ümumi təsnifatla vəzifə müddətinə görə Ombudsman sistemləri iki qrupa bölünə bilər: qeyri-müəyyən müddətə və müəyyən müddətə vəzifəyə təyin edilən Ombudsmanlar.

Birinci qrup Ombudsmanlar sırasına İngiltərə və Danimarkadaki Ombudsmanlar daxildir. İkinci qrupa isə 2 ildən 7 ilə qədər müxtəlif vəzifə müddətinə təyin olunan Ombudsmanları şamil etmək mümkündür.

Müvəkkil bu təsnifatda müəyyən müddətə vəzifəyə təyin olunan Ombudsmanlar qrupunda qərar tutur.

Ombudsman aparatının strukturuna görə təyin ediləcək təsnifatda Ombudsman sistemlərini iki qrupa bölmək olar. Bir nəfərdən ibarət Ombudsmanlar və bir nəfərdən çox Ombudsmanlar.

Böyük iş görmələrinə baxmayaraq, Ombudsman bürolarının heyəti kiçik olur. İsveçdə yaradıldığı ilk illərdə bir nəfərdən ibarət Ombudsman təsisatı hazırda 4 nəfərdən ibarətdir və hər birinin vəzifə sahəsi fərqlidir.

İngiltərədə Parlament Komissarı, vəzifə şərtləri və işçilərin sayını Maliyyə Nazirliyi təsdiqlədikdən sonra öz aparatı üçün işçi təyin edə bilər. Əməkdaşların hüquqşünas olub-olmaması vacib deyil. İngiltərədə də Ombudsman bir şəxsdən ibarətdir.

R.Yılmazın fikrincə, Azərbaycanda hakimiyyət qolları əslində, (və həm də hüquqi baxımdan) Ali İcra Hakimiyyətinə nisbətən zəifdir və bu baxımdan təbii ki, Müvəkkildən bu struktur içərsində çox şey ummağa dəyməz. Eyni zamanda, məhkəmə hakimiyyətinin edə bilmədiklərini Ombudsman da edə bilməyəcəkdir. Minlərlə ərizə və şikayətin daxil olması nəticəsində bu təsisatın işi iflic ola və görülən işin səmərəliliyi azala bilər. Bu isə, öz növbəsində, Ombudsman təsisatı haqqında ictimai rəydə "dişsiz bir orqan" imici formalaşa bilər.

Elmi və ictimai fikirdə Ombudsmanın qəbul edildiyinə baxmayaraq, onun ərizələri qeydiyyata alan və orqanlar arasında poçt qutusu rolu oynayan quruma çevrilməsi təhlükəsi mövcuddur. Bunun qarşısını almaq üçün dövlət orqanların Ombudsmana işlərində köməklik göstərməlidir. Əgər cəmiyyətdə təsisata olan inam azalarsa, bu qurumun fəaliyyət göstərməsi çətin olacaq və gözlənilən nəticə əldə olunmayacaqdır.

Müvəkkili gözləyən bir başqa təhlükə: Rusiya və Gürcüstandakı kimi, dövlət məmurları və başqa vəzifəli şəxslər bu qurumun təsisindən sonra parlamentin bir hissəsinin və bütövlükdə dövlətin idarəetmə prosesində böyük problemlər olacağını fikirləşərək, onlar Ombudsmanın səlahiyyətlərini məhdudlaşdırmağa çalışıblar.

Daha bir problem Ombudsmanın təyin olunması ilə bağlıdır. Müvəkkil haqqında qanunda da bu baxımdan problemlər yarada biləcək hökmlər mövcuddur. Prezidentin namizədləri müəyyənləşdirməsi, həmçinin parlamentin namizədləri qəbul etməməsi problem yarada bilər. Yenə Parlamentdə 2/3 səs çoxluğu ilə Müvəkkilin seçilməsi şərti bugünkü şəraitdə olmasa da, gələcək illərdə Ombudsmanın uzun müddət seçilməməsi riskini daşıyır.

Müvəkkil təkbaşına fəaliyyətində müvəffəq ola bilməz. Ona görə də digər insan hüquqları qurumlarıyla birgə fəaliyyət göstərməlidir. O cümlədən, Müvəkkil və Konstitusiya Məhkəməsinin qarşılıqlı əlaqə zəruriliyi, iki qurum arasında əməkdaşlıq, hər iki təsisatın insan hüquqlarının müdafiəsi sahəsində böyük və faydalı işlər görə biləcəyi ilə bağlıdır. Konstitusiya Məhkəməsinin üç ildən artıq fəaliyyəti ərzində bu sahədə gördüyü işlərin real nəticələrini hiss etməmək mümkün deyil.

Ombudsman təsisatının yaradılması Azərbaycanda gedən demokratikləşmə proseslərinin bariz nümunəsidir. Bu qurumun ölkəmizdə yaradılması insan hüquq və azadlıqlarının qorunmasında olan boşluğun doldurulmasına imkan vermiş, respublikada bu sahədə fəaliyyət göstərən mövcud müdafiə mexanizmləri ilə uzlaşdırılaraq bir növ onları tamamlamışdır.

Beləliklə, tərəfımizdən aparılan tədqiqat işi bir daha göstərdi ki, demokratik dəyərlərin bərqərar olunması, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Ardıcıl surətdə həyata keirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır. Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində otuzadək beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər