PDF Oxu

MİA

  • 49 158

Beynəlxalq hüquq va milli hüququn qarşılıqlı əlaqəsi ilə bağlı nəzəriyyələr

image

Qloballaşma və müasir dünyaya inteqrasiya prosesləri vüsət aldıqca, dövlətdaxili hüquq tədricən öz missiyasını beynəlxalq hüquqa həvalə edir. Beynəlxalq və milli hüququn müstəqil, lakin bir-birilə əlaqədə olan və bir-birinə təsir göstərən hüquq sistemləri olduğu üçün bu iki sistem arasında münasibətlərə dair xüsusi nəzəriyyələr də formalaşmağa başlamışdır.

Problemə dair əsas konsepsiyalardan biri monizim nəzəriyyəsi hesab olunur. Bu nəzəriyyənin əsas müddəaları görkəmli alman hüquqşünas alimi H.Kelzenin əsərlərində şərh olunmuşdur.

Bu nəzəriyyənin tərəfdarları belə hesab edirlər ki, beynəlxalq hüquq və dövlətdaxili hüquq "hüquq" adlanan vahid sistemin iki komponentidir. Monist nəzəriyyə bu iki hüququ vahid bir hüquq sistemində birləşdirməklə hər bir dövlətdə daxili və beynəlxalq hüququn primatı (üstünlüyü) məsələsini də fərqləndirir.

Beynəlxalq hüququn primatı nəzəriyyəsinin tərəfdarları "təmiz hüquq nəzəriyyəsinin" davamçıları - "normativistlər"", "solidaristlər" və başqaları hesab olunurlar. Q.Kelzen təsdiq edirdi ki, "öz başlanğıcını milli hüquqdan götürən" beynəlxalq hüquq dövlətdaxili hüquq qaydası ilə birlikdə vahid hüquq qaydası sistemini - "bütün hüquqlarını universal sistemini" təşkil edir. O, hesab edirdi ki, beynəlxalq və dövlətdaxili hüquq müstəqil hüquq sistemləri olmaqla, daimi qarşılıqlı əlaqədədir, eyni zamanda, iki sistem arasında ziddiyyət də qaçılmazdır və bu zaman beynəlxalq hüquq üstünlüyə malik olur. Bu, o deməkdir ki, dövlətin qanunverici orqanı və məhkəmələri daxili hüququn beynəlxalq hüquqauyğun olmasını təmin etməlidir. Əgər belə bir uyğunluq yoxdursa, milli məhkəmə beynəlxalq hüquq normasını tətbiq etməlidir.

Monizmin görkəmli alman filosofu G.Hegelə məxsus olan "tərsinə monizm" adlanan doktrinasına görə, milli hüquq beynəlxalq hüquq üzərində üstünlüyə malikdir. Qeyd edək ki, beynəlxalq hüquqşünaslar tərəfindən bu konsepsiya qeyri-səmərəli hesab olunur. Çünki qloballaşma və Avropaya inteqrasiya dövrünün ilkin tələbi kimi dövlətdaxili hüquqdan beynəlxalq hüquqa doğru "istiqamətlənmə" daha aktualdır. L.Hüseynov göstərir ki, beynəlxalq hüququn dövlətdaxili hüquqla əlaqə problemlərinə dair digər mühüm konseptual müddəalar dualizm nəzəriyyəsində öz əksini tapmışdır. Bu nəzəriyyə xüsusilə dövlətdaxili hüquq və beynəlxalq hüququn qarşılıqlı əlaqəsinə dair formalaşmış müasir doktrina üçün uzun illər zəruri əsas rolunda çıxış etmişdir. Bu nəzəriyyənin tərəfdarlarına görə, beynəlxalq hüquq və dövlətdaxili hüquq bir-birindən ayrılıqda mövcud olan və fəaliyyət göstərən iki tamamilə müstəqil hüquq sistemləridir. Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salır, dövlətdaxili hüquq isə dövlətin ərazisində fərdlərin hüquq və vəzifələrini müəyyən edir. Yəni beynəlxalq hüquq beynəlxalq səviyyədə milli hüquq isə dövlət daxilində tənzimləməni həyata keçirir.

L.Hüseynov yazır: "Digər mühüm bir doktrinaya - koordinasiya nəzəriyyəsinə görə beynəlxalq və dövlətdaxili hüququn eyni sahədə fəaliyyət göstərməsi və vahid predmeti olması inkar edilir. Bu doktrinaya əsasən iki hüquq sistemi heç vaxt ziddiyyətdə olmur, onların "öhdəlikləri" ziddiyyətdə ola bilər, lakin hansı öhdəliyin üstün olmasını hüquq sistemi özü müəyyən edir. Belə ki, milli hüquq məsələnin həllini beynəlxalq hüquqa həvalə etmirsə, müvafiq milli hüquq norması tətbiq edilir və əksinə. Fərq, əsas etibarilə, nəzəri cəhətdəndir: indi haqqında danışdığımız nəzəriyyənin məğzində duran ideya ondan ibarətdir ki, beynəlxalq hüquq və dövlətdaxili hüquq sistem kimi bir-biri ilə ziddiyyətdə olmur; monizm və dualizm isə "konfrantasiya" nəzəriyyələridir.

Beləliklə, qeyd etmək lazımdır ki, beynəlxalq hüququn, o cümlədən hazırda inkişaf etməkdə olan beynəlxalq media hüququnun dövlətdaxili hüququn formalaşmasına və fəaliyyətinə təsiri yekcins olmayıb, qarşılıqlı əlaqə və asılılıqda inkişaf edərək yuxanda qeyd edilmiş nəzəriyyələrin irəli sürdüyü müddəalarla sıx bağlıdır.

Bu iki hüquq sisteminin qarşılıqlı əlaqə probleminin araşdırılması zamanı xüsusi olaraq beynəlxalq hüququn dövlətdaxili hüquq sisteminə təsiri öyrənilməlidir. Beynəlxalq hüquq normalarının implementasiyası (tətbiqi və ya həyata keçirilməsi) müasir beynəlxalq hüquqda əhəmiyyətli institutlardan biri hesab olunur.

Beynəlxalq hüquq normaları daxili hüquq sistemlərinin "vasitəçiliyi" olmadan lazımi qaydada həyata keçirilə bilməz. Xüsusilə, insan hüquqları, cinayətkarların verilməsi, iqtisadi münasibətlər, beynəlxalq media münasibətləri, regional inteqrasiya və bu kimi digər məsələləri nizama salan beynəlxalq hüquq müddəalarının implementasiyası, yəni həyata keçirilməsi, prinsip etibarilə yalnız milli qanunvericinin və milli məhkəmənin "iştirakı" ilə mümkündür. Bu "iştirak"ın forma və metodları müxtəlifdir və dövlətdən-dövlətə fərqlənir: beynəlxalq hüquqda bununla bağlı vahid normativ sxem yoxdur.

Hüquq üzrə fəlsəfə doktoru R.K.Məmmədov qeyd edir ki, beynəlxalq hüquq baxımından dövlətin öz üzərinə götürdüyü öhdəlikləri milli səviyyədə necə həyata keçirməsi və bütövlükdə beynəlxalq hüquqla milli hüququn qarşılıqlı münasibəti problemini necə həll etməsi prinsip etibarilə vacib deyildir. Vacib cəhət ondan ibarətdir ki, dövlətlər beynəlxalq hüquq normalarına əməl etsinlər və lazımi hallarda onların dövlətdaxili qüvvəsini təmin etsinlər. Təkrar edirik ki, bu tələbin yerinə yetirilməsinin forma və vasitələrinin seçilməsi hər bir dövlətin öz konstitusiya qanunvericiliyində və praktikasında müəyyən olunur.

Dövlətlərin konstitusiya praktikasından çıxış edərək beynəlxalq hüquq normalarının dövlətdaxili implementasiyasının iki üsulu fərqləndirilir: inkorporasiya və transformasiya. Birinci üsula - inkorporasiyaya ("daxiletmə") görə beynəlxalq hüquq normaları, onların məcburiliyi dövlət tərəfindən müvafiq qaydada tanındıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və milli hüquq normaları kimi tətbiq edilir. İnkorporasiya aşağıdakı qaydada formulə edilir: "beynəlxalq hüquq milli hüququn tərkib hissəsidir". Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan Respublikasında bu üsuldan istifadə edilir. İkinci mühüm əhəmiyyətli üsul isə transformasiya ("çevrilmə") hesab olunur. Bu halda beynəlxalq hüquq ipso facto milli hüququn hissəsi sayılmır. Beynəlxalq hüquq milli hüquqa ayrı- ayrı qanunvericilik aktları vasitəsilə daxil edilir (yəni, beynəlxalq hüquq milli hüquqa "çevrilir", "transformasiya edilir"). Deməli, beynəlxalq normanı milli hüquq sisteminə gətirən qanun verilməyibsə, milli məhkəmə həmin normanı heç cür tətbiq edə bilməz. Böyük Britaniyada, Skandinaviya ölkələrində, Tailandda və bir sıra digər dövlətlərdə transformasiya üsulu əsas götürülür.

Beləliklə, aparılmış təhlil beynəlxalq hüquq normalarının milli qanunvericiliyə imlementasiyası barədə aşağıdakı nəticəni çıxarmağa imkan verir. Birincisi, ayrı-ayrı milli qanunlarda hüquq tətbiqi məsələlərinin həlli zamanı beynəlxalq hüquq normasına birbaşa göndərmənin mümkünlüyü qeyd olunmalıdır. İkincisi, daha universal üsul beynəlxalq hüququn göstərişlərinin milli qanun normaları tərəfindən əxz olunmasıdır. Bu, mahiyyət etibarilə üç yolla: 1) beynəlxalq müqavilənin icrası naminə beynəlxalq hüquq normasının daxili qanunvericiliyə eynilə daxil edilməsi yolu ilə; 2) beynəlxalq hüquq normasının milli qanunvericiliyə daxil edilməsi yolu; 3) beynəlxalq hüquq müddəalarının icrası naminə qüvvədə olan milli qanunvericilik normalarının dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər.

Beynəlxalq media hüququ sahəsində mövcud olan norma və prinsiplərin milli hüquqi implementasiyasının mühüm şərti anlaşıqlı terminologiyadır. KİV haqqında beynəlxalq normaların mahiyyəti və universallığı məsələsi, ilk növbədə bu fənnin əsas missiyasından və məqsədindən irəli gəlir. İmplementasiya baxımından ümumi konsensus tələb edən mətbuat azadlığı ilə bağlı əsas müddəalar aşağıdakılardır:

1) Milli hüquqda nəzərdə tutulan böhtan, təhqir, şərəf və ləyaqət anlayışlarının müasir beynəlxalq media hüququnda istifadə olunan "diffamasiya" (gözdənsalma) termininin məna yükünə uyğunlaşdırılması tələb edilir.

2) Diffamasiyaya görə həbs, azadlıqdan məhrum etmə və s. kimi cinayət cəzaları istisna olunaraq, xüsusilə KIV-ə münasibətdə mülki məsuliyyət prinsipinin tətbiqi zəruri hesab edilir.

3) İfadə azadlığı ilə digər hüquqlar və maraqlar arasında balansın gözlənilməsi milli məhkəmələrə tövsiyə edilir.

4) İnformasiya və ifadə azadlığı ilə şəxsi həyata hörmət hüququ adi şəxslərə və rəsmi məmurlara münasibətdə fərqləndirilir.

KİV haqqında beynəlxalq və milli normalardakı ümumilik və ya hüquqi məhfumların unifikasiyası birincisi ona görə zəruridir ki, bu zaman dünyanın müasir hüquq sistemləri arasında fərqlər aradan qalxır. İkincisi, ümumi anlayışlarda ortaq məxrəcə nail olunması qanunların sonrakı kolliziyasını (toqquşmasını) minimuma endirmiş olur. Biz mətbuat azadlığı ilə bağlı məsələlərə toxunarkən müasir dünyanın hüquq sistemlərində nəzərdə tutulan ümumi prinsiplərin hər birinə ayrı-ayrılıqda münasibət sərgiləməyə çalışacağıq.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər