PDF Oxu

MİA

  • 16 694

Dövlət ittihamının müdafiə edilməsi və insan haqları

image

Ölkəmiz müstəqilliyini qazandıqdan sonra, bilavasitə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrini, o cümlədən yeni məhkəmə-hüquq sistemi və mühakimə-icraatını əhatə edən qanunvericiliyin işlənib hazırlanması və qəbulu ilə əlaqədar müasir dövrün standartlarına uyğun islahatlar aparılmışdır. Məhz bu islahatlar nəticəsində sosial ədalət və humanizm prinsiplərinə əsaslanan, ümumbəşəri ənənələri özündə əks etdirən cinayət-prosessual qanun qəbul edilmişdir. Hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev yazır: "Azərbaycan Respublikasının qüvvədə olan Cinayət-Prosessual Məcəlləsində qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, təqsirsizlik prezumpsiyası və s. kimi prinsiplər birbaşa təsbit edilmişdir. Həmin prinsiplər cinayət-prosessual hüquq yaradıcılığında, habelə qanunvericiliyin tətbiqi ilə bağlı fəaliyyət sahəsində rəhbər tutulmalı və onlara dəqiq riayət edilməlidir. Ölkədə demokratik və hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar bir sıra mütərəqqi prinsiplərə əsaslanan mövcud cinayət mühakimə icraatının təkmilləşdirilməsi ilə qırılmaz surətdə bağlıdır. Prokuror tərəfindən dövlət ittihamının müdafiə edilməsi göstərilən prinsiplərə uyğun olaraq cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsinin və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökmün çıxarılmasının zəruri şərtlərindən biri kimi çıxış edir.

Dövlət ittihamı dövlət orqanı - prokurorluq və ya ibtidai araşdırma orqanı tərəfindən irəli sürülməklə, rəsmi dövlət aktı qismində ifadə olunur. İttihamın köməyilə konkret şəxs cinayət əməlinin törədilməsində təqsirləndirilir və məsuliyyətə cəlb olunur. İttiham vasitəsi ilə dövlət cinayət törətmiş şəxsin əməlinə qiymət verməklə, ona qarşı öz münasibətini ifadə edir. Qüvvədə olan cinayət qanunvericiliyi cəmiyyətin maraqları ilə ziddiyyət təşkil edən və ictimai təhlükəli olan əməlin törədilməsinə görə şəxsin ittiham vasitəsilə qınanmasına və məzəmmət edilməsinə dair ümumqəbul edilmiş əxlaqi normaları özündə əks etdirir. Buna görə də ittihamın zəruriliyi, ilk növbədə, cəmiyyətin mövcudluğu, ikincisi isə, onun ayrı-ayrı üzvlərinin hüquqazidd davranışı ilə şərtlənir. İttiham vasitəsi ilə cinayət prosesinin mühüm vəzifələrindən biri - cinayətin törədilməsində təqsirləndirilən şəxslərin ifşa edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunmasını təmin edən ilkin şərtlərin əsaslandırılması vəzifəsi yerinə yetirilir. Bu yolla, ittiham neqativ-sosial fakt kimi cinayətkarlığa, habelə təqsirli şəxslərin cəzalandırılmasına (onların hüquq və azadlıqlarının məhdudlaşdırılması və ya bu hüquq və azadlıqlardan məhrum edilməsi), sosial ədalətin bərpasına, mühakimə olunan şəxsin islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına təsir göstərir, beləliklə də, cinayət hüquq və vəzifələrinin reallaşdırılmasını təmin edir. İttihamın əsl sosial təyinatı da, məhz bunda ifadə olunur.

Yeni cinayət-prosessual qanunvericilikdə dövlət ittihamının müdafiəsinə dair fəaliyyətin kifayət qədər müfəssəl şəkildə tənzim edilməsinə baxmayaraq, hal-hazırda bu fəaliyyətin normativ nizamlanması ilə bağlı bir sıra problemlər qalmaqdadır".

Müəllif göstərir ki, diqqət yetirmək istədiyimiz birinci məsələ dövlət ittihamçısının ittihamdan imtina etməsi (zamanı məhkəmə tərəfindən qəbul edilməli olan qərarın mahiyyətinin qanunvericilikdə doğru müəyyən edilməməsidir. İlk öncə, onu qeyd etmək lazımdır ki, dövlət ittihamçısının məhkəmədə ittihamdan imtina etməsi müstəqil prosessual hüquq institutu olub, konkret hüquqi nəticələrə səbəb olan, eyni zamanda dövlət ittihamının qanuniliyi və əsaslılığını təmin edən əhəmiyyətli vasitələrdən biridir. Cinayət təqibindən imtina hüququ məhkəmədə müdafiə edilən ittihamın məzmununa münasibətdə tam həcmdə həyata keçirildikdə, bütövlükdə cinayət işinin taleyini, hissəvi həyata keçirildikdə isə, məhkəmə baxışının hədlərinin taleyini həll edir. Belə ki, cinayət təqibindən imtina hüququ bu hüququn müvafiq subyekti (baxılan kontekstdə dövlət ittihamçısı - X.Vəliyev) tərəfindən məhkəmədə müdafiə edilən ittihamın məzmununa münasibətdə tam həcmdə həyata keçirildikdə, məhkəmə üçün cinayət işi üzrə icraata tam olaraq xitam verilməsi öhdəliyi yaranır, bu hüququn əhəmiyyəti o qədər böyükdür ki, hətta cinayət prosesinin baş subyekti olan məhkəmə üçün belə imtinanın qəbul edilməsi məcburi xarakter daşıyır. İttihamdan müdafiə hüququ və onun məhkəmə tərəfindən qəbul edilməsinin məcburiliyi cinayət prosesinin çəkişmə prinsipi ilə təmin edilir. İttihamdan imtina hüququ məhkəmədə müdafiə edilən ittihamın məzmununa münasibətdə hissəvi həyata keçirildikdə isə, məhkəmə baxışının hədləri dəyişmiş olur, çünki faktiki olaraq, elan edilmiş ittihamdan ya ayrı-ayrı bəndlər, ya da ayrı-ayrı epizodlar çıxarılmış olur. Məhkəmə baxışının hədləri dedikdə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qəbul ediləcək qərarın qanunla müəyyən edilmiş hüdudları başa düşülür. Göründüyü kimi, dövlət ittihamçısının ittihamdan, hətta qismən imtinası məhkəmədə qəbul ediləcək qərara, bilavasitə öz təsirini göstərir. Yeri gəlmişkən, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən, AR CPM-in 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş "dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə" müddəasının şərh edilməsinə dair" 15 fevral 2008-ci il tarixli qərarında da göstərildiyi kimi, dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən imtina kimi qiymətləndirilə bilməz.

X.Vəliyev yazır: "Yuxarıda qeyd edilən fikirlər baxımından, AR CPM-in 43-cü maddəsinin bəzi müddəalarının uğursuz formulə edildiyi qənaətindəyik. Belə ki, AR CPM-in 43.1.1-ci maddəsinə görə, dövlət ittihamçısının məhkəmə baxışı zamanı ittihamdan tam və ya qismən imtina etməsi cinayət işinin və ya cinayət təqibinin tam və ya müvafiq hissədə xitam olunmasına səbəb olur. Fikrimizcə, məsələnin bu cür qoyuluşu ilə razılaşmaq düzgün olmazdı. Çünki göstərilən halda belə nəticəyə gəlinir ki, prokuror ittihamdan imtina etdikdə məhkəmə cinayət təqibinə xitam verir. Lakin cinayət təqibi (onun başlanılması, həyata keçirilməsi və xitam edilməsi) ittiham hakimiyyətinin müstəsna səlahiyyətidir. Məhkəmə cinayət təqibi orqanı kimi çıxış etmədiyindən, o, nə cinayət təqibi başlaya, nə də ondan imtina edə bilər. Prokurorun ittihamdan imtina etməsi isə məhkəmə tərəfindən yalnız cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsinə səbəb olur. Məhkəmə tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi ittihamı həyata keçirən orqan və təqsirləndirilən şəxslər üçün hüquqi nəticələr doğurur, yəni belə məhkəmə qərarı nəticəsində cinayət təqibi avtomatik olaraq xitam olunur. Problemin həlli yolu kimi, AR CPM-in 43-cü maddəsinin adında və məzmununda dəyişiklik etməklə, həm maddənin adında və 43.1-ci maddədə "cinayət təqibinə xitam verilməsi" ifadəsi əvəzinə "cinayət işi üzrə icraata xitam verilməsi", həm də 43.4-cü maddədə "cinayət təqibinə xitam verilərkən" ifadəsi əvəzinə "cinayət işi üzrə icraata xitam verilərkən" ifadəsinin əlavə edilməsi təklif edilir.

AR Konstitusiya Məhkəməsinin 15 fevral 2008-ci il tarixli qərarının adını çəkmişkən, onu da xatırlatmaq istərdik ki, bu qərarında Konstitusiya Məhkəməsi dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair hüquqi mövqeyində bildirmişdir ki, dövlət ittihamçısı belə bir təklifini əsaslandırmalıdır və məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi, təqsirləndirilən şəxsə (şəxslərə) həmin təklifdə nəzərdə tutulduğundan daha ağır cəza müəyyən edən cinayət qanunu norması üzrə ittiham irəli sürülməsini və məhkəmə tərəfindən də daha ağır ittiham üzrə məhkəmə aktı qəbul edilməsini istisna edir. Həmin qərarda AR Konstitusiya Məhkəməsi tərəfindən cinayət təqibindən tam və ya qismən imtinanın mahiyyəti və nəticələri şərh edilmiş, həmçinin Milli Məclisə tövsiyə edilmişdir ki, bu məsələlərin hüquqi tənzimlənməsi üçün cinayət-prosessual qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilsin. Məsələ burasındadır ki, qeyd edilən tövsiyəyə indiyə qədər əməl edilməmişdir". Bununla əlaqədar olaraq, tərəfimizdən AR CPM-in 84-cü maddəsinə aşağıdakı məzmunda yeni 84.6.12-ci maddənin əlavə edilməsi, ARCPM-in hazırkı 84.6.12-ci maddəsinin isə 84.6.13-cü maddə hesab edilməsi təklif edilir: "84.6.12. məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlini cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək".

Toxunmaq istədiyimiz daha bir məsələ bir iş üzrə bir neçə dövlət ittihamçısnıin iştirak etdiyi hallarda onların prosessual hüquqi vəziyyətinin tənzim edilməsi məsələsidir. Məhkəmələrdə cinayət mühakimə icraatının predmeti bir çox hallarda mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilmiş çoxsaylı, ağır və xüsusilə, ağır cinayət törədilməsi ilə əlaqədar cinayət işləri olur. Bu kateqoriyadan olan cinayət işlərinə, bir qayda olaraq, məhkəmələrdə üç nəfər hakimin iştirakilə baxılır. Belə olduğu təqdirdə, işdə iştirak edən dövlət ittihamçısının cinayət işinin çoxsaylı epizodlarının hər biri üzrə, həm də işdə iştirak edən çoxsaylı təqsirləndirilən şəxslərin hər birinə qarşı ittiham tezislərini irəli sürməsi, bunları sübuta yetirmək üçün işdə olan çoxsaylı ittiham dəlillərinin tədqiq olunması, həmçinin təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin irəli sürdükləri müdafiə xarakterli anti-ittiham dəlillərinin təkzib edilməsi yolu ilə məhkəmədə təqsirləndirilən şəxslərin onlara istinad edilən bütün cinayətləri törətməklə, təqsirli olması barədə inam yaratması üçün olduqca çoxcəhətli, geniş həcmli fəaliyyət göstərməsi tələbatı yaranır. Bu isə bir sıra hallarda bir nəfər şəxsin fiziki imkanları xaricində olur. Ona görə də, məhkəmə təcrübəsində belə cinayət işlərinə bir neçə dövlət ittihamçısının iştirakilə baxılır. Lakin qanunvericilikdə bu prosessual qayda özünün tam və düzgün həllini tapmamışdır. Odur ki, zənnimcə, çoxepizodlu və bir neçə təqsirləndirilən şəxsin iştirak etdiyi cinayət işlərinə birinci instansiya məhkəməsində baxılarkən, bir neçə dövlət ittihamçısının iştirak etməsi zamanı onların hüquqi statusu cinayət-prosessual qanunvericilikdə tənzim edilməlidir. Belə normanın zəruriliyini şərtləndirən ən əsas amil ondan ibarətdir ki, dövlət ittihamını müdafiə edən dövlət ittihamçılarından biri ittihamdan qismən və ya tam imtina etdiyi, yaxud da təqsirləndirilən şəxsə daha ağır ittiham irəli sürülməsi üçün cinayət işinin materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq barədə vəsatət verdiyi, digərinin işə tamamilə başqa mövqedə olduğu təqdirdə, məsələnin necə həll ediləcəyi sual altında qalacaqdır.

Müasir hüquq ədəbiyyatında, haqlı olaraq, göstərilir ki, məhkəməyədək icraat zamanı, hətta müxtəlif idarə mənsubiyyətli subyektlərin bir istintaq qrupunda və ya əməliyyat-istintaq qrupunda birgə fəaliyyəti, o cümlədən, belə qrupların yaradılması və bu qruplar daxilində ayrı-ayrı subyektlərin səlahiyyət bölgüsü qanunlar və idarədaxili normativ aktlarla ətraflı tənzim edildiyi bir şəraitdə məhkəmədə fəaliyyət göstərən dövlət ittihamçılarının, ittihamçılar qrupunun təşkil edilməsi və bu qrup daxilində onların səlahiyyət bölgüsünün tənzim edilməsinin normativ səviyyədə nəzərdə tutulmaması doğru hesab edilə bilməz.

Yeni ittihamın elan edilməsi işə məhkəmədə baxılmasına mane olan halların aradan qaldırılmasına yönələn prosessual hərəkətlər kimi çıxış edə bilər. Lakin sonra yeni ittiham aktı tərtib edilməlidir və həmin ittiham aktında təsvir edilən ittiham şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında yeni qərara uyğun olmalıdır. İttiham aktında və şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda təsvir edilmiş ittihamların bir-birinə uyğun gəlməməsini cinayət işinə məhkəmədə baxılmasına mane olan cinayət-prosessual qanun pozuntusu kimi qiymətləndirmək lazımdır və bununla bağlı xüsusi müddəa AR CPM-in 303.3.6-cı maddəsində öz təsbitini tapmalıdır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər