PDF Oxu

MİA

  • 4 609

İnsan hüquqlarının müdafiəsi sahəsində keçirilən islahatlar

image

XX əsrin sonunda dünyamızda gedən davamlı siyasi proseslərin tərkib hissəsi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının inkişafı sahəsində ciddi dönüş olmaqla yanaşı, Azərbaycanın öz müstəqilliyini elan edərək ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının reallığı, təminatı və müdafiəsi prinsiplərinə sadiq qalaraq, vətəndaş cəmiyyəti, demokratik, hüquqi-dünyəvi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılmasını özünün inkişaf yolu kimi bəyan etdi.

Hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı yazır: "İnsan hüquqlarına hörmət ölkəmizi demokratik-hüquqi dövlət kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən biri hesab olunur. Çünki hüquqi dövlət quruculuğunun ən vacib şərti ölkədə insan hüquqlarının və azadlıqlarının təmin edilməsindən ibarətdir.

Dünya birliyinin bərabərhüquqlu üzvü olan Azərbaycanda insan hüquqlarının təmini dövlətin əsas prioritet məqsədləri sırasına daxil etməklə, bu istiqamətdə geniş hüquqi islahatlar həyata keçirilmişdir.

Həyata keçirilmiş hüquqi islahatların təməli öz əksini Ümummilli Liderin memarı olduğu Azərbaycan Respublikasının Yeni Konstitusiyasında tapmışdır.

Belə ki, 1995-ci il 12 noyabr tarixində xalqımız tərəfindən ümumxalq səsverməsi yolu ilə qəbul edilən konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.

Mütərəqqi haldır ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruculuğu tarixində ilk dəfə olaraq insan hüquqlarının təbii xarakter daşımasını təsbit etmişdir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Konstitusiyada insan hüquqlarının təbiiliyi bəyan olunmaqla yanaşı, əsas insan hüquq və azadlıqları da sadalanır".

Əsas Qanunumuzun III fəsli bütünlüklə əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Demək olar ki, İnsan Hüquqları Ümumi Bəyannaməsi və insan hüquqlarına dair digər beynəlxalq-hüquqi aktlarda (Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası və s.) müəyyən edilən əksər hüquq və azadlıqlar konstitusiyada təsbit olunmuşdur.

Müəllifin fikrincə, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək istəyindən xəbər verir.

İnsan cəmiyyətin ali dəyərlisi, yaşamaq isə onun ayrılmaz təbii hüququdur. "İnsan Hüquqlarının Ümumi Bəyannaməsi"ndə, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında" və insan hüquq və azadlıqları ilə bağlı digər beynəlxalq sənədlərdə, o cümlədən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquqlar sırasında kəsb etdiyi əhəmiyyətə görə ən vacibi yaşamaq hüququdur. Məhz bu hüququn qorunması, toxunulmazlığı digər hüquq və azadlıqların təmin olunmasına şərait yaratmış olur.

1993-cü ildən başlayaraq ölkəmizdə ölüm cəzası ilə bağlı hökmlər çıxarılsa da, həmin hökmlər üzrə cəzanın icrası dayandırılmışdır və cəzalar icra edilməmişdir. 1998-ci il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin ölkədə ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar Milli Məclisə ünvanlamış müraciətinə əsasən, parlament tərəfindən 10 fevral 1998-ci il tarixdə "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin qanuna əsasən, ölüm cəzası ləğv olunaraq cinayət cəzası sistemindən çıxarılmış və ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bununla Azərbaycan Şərqdə müsəlman dövlətləri sırasında ölüm cəzasını ləğv edən ilk ölkə olmuşdur.

Konstitusiyanın müddəalarından irəli gələn, insan hüquq və azadlıqlarını əsas meyar kimi özündə əks etdirən qanunlar qəbul edilmiş, onların tətbiqi üçün təşkilati işlər görülmüş və insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Həmin tədbirlərin uğurla və planlı şəkildə reallaşması üçün Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat Komissiyası yaradılmışdır.

A.Səfixanlı yazır: "BMT-nin 1948-ci il 10 dekabr tarixli "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"sinin 50 illiyi astanasında ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi və insan hüquqlarını qorumaq sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərmanı, eləcə də 18 iyun 1998-ci il tarixli "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı bu sahədə aparılan irimiqyaslı islahatları uğurla davam etdirməyə zəmin yaratmışdır.

Adları qeyd olunan Prezident Aktlarına əsasən, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının, habelə İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi üçün tədbirlərin görülməsi, insan hüquqlarının qorunması sahəsində hüquqi mexanizmlərin təkmilləşdirilməsi və s. məsələlər əhəmiyyətli dərəcədə öz həllini tapmışdır.

Azərbaycan Respublikasında aparılan demokratik-hüquqi islahatlar insan hüquqlarının, beynəlxalq hüququn ümum qəbul olunmuş prinsipləri əsasında müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratmış və bu müddət ərzində ölkəmiz 250-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur ki, bunların da yarısından çoxu, bilavasitə və ya dolayısı ilə insan hüquq və azadlıqları ilə bağlıdır.

2001-ci il yanvarın 25-dən Avropa Şurasının bərabərhüquqlu üzvü olan ölkəmiz həmin ilin 25 dekabrından "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmuş və milli qanunvericiliyin bu sənədin tələblərinə və Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüşdür.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların məntiqi davamı kimi 24 dekabr 2002-ci il tarixində qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Qəbul edilmiş bu Konstitusiya Qanunu əsasan, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədini daşıyır.

Adıçəkilən Konstitusiya Qanununda "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın bir sıra maddələri, bütövlükdə inkorporasiya üsulu ilə milli qanunvericiliyə implementasiya olunmuşdur".

Müəllif göstərir ki, hüququn mühüm prinsiplərindən biri də "Hüquq olan yerdə onun müdafiə mexanizmi də olmalıdır" prinsipidir. Təcrübədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir sıra hüquq müdafiə mexanizmləri mövcuddur.

Bunların sırasında aşağıdakı hüquq müdafiə mexanizmlərini sadalamaq olar:

* Konstitusiya məhkəmə mexanizmi (Konstitusiya Məhkəməsi);

* Məhkəmə müdafiəsi (ümumi yurisdiksiyalı məhkəmələr);

* İcra hakimiyyəti orqanlarının inzibati fəaliyyəti;

* Qanunvericilik orqanlarının həyata keçirdiyi fəaliyyət;

* Məhkəmədənkənar hüquq-müdafiə mexanizmləri (Ombudsman təsisatı);

* Beynəlxalq hüquqi mexanizmlər.

"Hüquq olan yerdə onun müdafiə mexanizmi də olmalıdır" prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquqları və azadlıqları sadalanmaqla yanaşı, onların təminat və müdafiə mexanizmi də göstərilir. Konstitusiyaya əsasən, insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Konstitusiyada hər kəsə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilmək hüququ verilir.

Konstitusiyada insan hüquq və azadlıqlarına, onların müdafiəsinə və təmin edilməsinə xüsusi əhəmiyyət verilir və bu da 12-ci maddənin II hissəsində öz əksini tapır. Belə ki, həmin maddəyə əsasən, "bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir". Yəni konstitusiyanın insan hüquq və azadlıqlarına dair hissəsinin tətbiqi zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsas götürülür.

Azərbaycan Respublikasının Konstitusiyasında, həmçinin beynəlxalq hüquqla milli hüququn münasibətini müəyyən edən normalar təsbit olunmuşdur. Belə ki, konstitusiyanın 7-ci, 10-cu və 12-ci maddələri, 95-ci maddəsinin 4-cü bəndi, 109-cu maddəsinin 17-ci bəndi, 109-cu maddəsinin 30-cu bəndi, 148-ci maddəsinin II hissəsi, 151-ci maddəsi və digər normaları beynəlxalq hüquqla bağlı müxtəlif məsələləri tənzim edir. Bunların içərisində mərkəzi yeri 10-cu, 148-ci (II hissəsi), 151-ci maddələri tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 10-cu maddəsi beynəlxalq münasibətlərin prinsiplərini müəyyən edir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.

Konstitusiyanın 148-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.

Konstitusiyanın 151-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər