Müstəqil dövlətimizin insan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyinin inkişafı tarixində ən əhəmiyyətli və yadda qalan hadisələrdən biri də 28 dekabr 2001-ci ildə Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi və həmin qanuna əsasən, Azərbaycan cəmiyyətində ilk dəfə olaraq 2 iyul 2002-ci ildə Azərbaycan Respublikasının ilk Ombudsmanın seçilməsi olmuşdur.
Belə bir demokratik institutun yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsinə nail olmaqdan ibarətdir.
Öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik kimi bəşəri prinsiplər əsasında quran Müvəkkil və onun Aparatı "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"də, eləcə də ölkəmizin tərəfdar çıxdığı digər beynəlxalq hüquqi sənədlərdə, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş insan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş imkanlardan istifadə edir.
Bu gün minlərlə soydaşımızın, əhalinin müxtəlif qruplarının-qaçqın və məcburi köçkünlərin ahılların, əlillərin, qadınların, uşaqların, məhkumların, miqrantların, hərbi qulluqçuların, milli azlıqların, ruhi xəstələrin və əsgərlərinin müxtəlif sahələrdə, işə bərpa ilə bağlı ünvanlı sosial yardımların müəyyən edilməsi və verilməsi, məhkəmə qərarlarının icrası səxsiyyət vəsiqələrinin verilməsi, pensiyaların, alimentlərin təyin və təmin olunması, mülkiyyət-mənzil və başqa problemləri Müvəkkilin müdaxiləsi nəticəsində öz həllini tapır.
Azərbaycan Respublikası tərəfindən 2 dekabr 2008-ci il tarixdə "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolu ratifikasiya edilmiş və ölkə Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə adıçəkilən sənəddə nəzərdə tutulmuş milli preventiv mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Bu sahədə mövcud olan beynəlxalq təcrübə öyrənilərək təhlil edilmiş, yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, həmçinin ölkədə tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 240-dan artıq müəssisəiər üzrə müntəzəm baxışlar həyata keçirilməkdədir. Hazırda Müvəkkilin hüquq pozunturarı ilə bağlı 24 saat ərzində müraciətiəri qəbul edən iki qaynar xətti də fəaliyyət göstərir.
Müvəkkil müxtəlif vaxtlarda Əfvlə də bağlı Azərbaycan Respublikası Prezidentinə, o cümlədən Amnistiya Aktının qəbulu ilə bağlı ölkə Parlamentinə çoxsaylı müraciətlər etmişdir. Bu günədək ölkə Prezidenti tərəfindən 57 Əfv Fərmanı imzalanmış, Milli Məclis tərəfindən isə 10 Amnistiya Aktı qəbul edilmişdir ki, bu da minlərlə islah olunmuş şəxsin vaxtından əvvəl cəzasının çəkilməmiş hissəsindən azad edilməsi, cəza müddətinin azadılması, məhkumluğunun götürülməsi ilə müşayiət olunaraq insan hüquqları sahəsində islahatlara mühüm töhfə vermişdir. Bu proseslər gedişində Ombudsmanın müraciətləri əsasında 444 məhkum əfv olunmuş, çoxsaylı şəxslərə isə Amnistiya Aktı şamil edilmişdir.
Müvəkkil, həmçinin informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Yeni əlavə və dəyişikliklərlə bağlı Müvəkkil tərəfindən dövlət qurumlarının mətbuat xidmətlərinin nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qurumları və media ilə məsləhətləşmələr keçirilmiş və hazırda da bu proses davam etməkdədir.
Bununla yanaşı, Müvəkkilin BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyası və onun Fakültativ Protokolunun ratifikasiya edilməsi ilə bağlı irəli sürdüyü təklif müsbət qarşılanmış, Konvensiya və onun Fakültativ Protokolu Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanununa əsasən, ratifikasiya edilmiş, müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən təsisat qismində Ombudsman müəyyənləşdirilmiş, BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsinə paralel məruzə də hazırlanaraq təqdim edilmişdir.
Ombudsmanın da fəaliyyətinin müsbət təcrübə olaraq qiymətləndirildiyi, insan hüquqlarının təmini baxımından əhəmiyyətli alət sayılan BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində həyata keçirilən Universal Dövri İcmal (UDİ) mexanizmini qeyd etmək yerinə düşərdi. 2009-cu ilin fevralında və 2013-cü ilin mayında isə insan hüquqları sahəsində vəziyyətin dəyərləndirilməsi baxımından tam yeni mexanizm olan UDİ üzrə Azərbaycan dövlətinin BMT-nin İnsan Hüquqları Şurasında iki hesabatı dinlənilmiş və bu sənədə böyük maraq göstərmiş dövlət nümayəndələrinin fəal iştirakı ilə müzakirələr nəticəsində ölkəmizdə insan hüquqları sahəsində əldə edilmiş uğurlar, mövcud təcrübə dəyərləndirilmiş, nöqsanların, çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Müvəkkil bu proseslərə fəal qoşulmuş, həyata keçirilən tədbirlərlə yanaşı, UDİ mexanizmi üzrə əlavə məruzə hazırlamış və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığa göndərmişdir.
Ombudsmanın formalaşdırdığı ənənəvi təcrübələrdən də biri "18 İyun - Milli İnsan Hüquqları Günü", "10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günü", "21 Sentyabr - Beynəlxalq Sülh Günü", 20 Noyabr - Uşaq Hüquqları Konvensiyasının qəbul edilmə tarixi ərəfəsində elan olunan aylıqlardır ki, bu da dövlət qurumları, QHT, KİV, icmalar və əhalinin iştirakı ilə kütləvi hal almış, müsbət təcrübəyə çevrilmişdir.
Ombudsman insan hüquqları ilə bağlı digər strateji sənədlərin də implementasiyasında fəal iştirak edir və onlarla beynəlxalq Konvensiya təşəbbüsümüzlə Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuşdur.
A.Sədixanlı yazır: "Hüquqi maarifləndirilmə işinin səmərəliliyinin artırılması məqsədilə Ombudsman təsisatı tərəfindən hüquqi nəşrlər, hüquq lüğətləri, tematik lifletlər, müxtəlif məcmuələr, broşürlər, kitabçalar və yaddaş vərəqələri hazırlanır, çap olunur və əhali arasında yayılır. Bu gün 147 adda nəşrlər hazırlanmış 23-dən artıq insan hüquqlarına və layiqli idarəetməyə dair xarici ədəbiyyat dilimizə tərcümə olunmuş, o cümlədən 46 Azərbaycan dilində olan vəsait ingilis dilinə, 36-sı isə rus dilinə tərcümə olunaraq çap edilmiş, geniş oxucu auditoriyası arasında yayılmış və kitabxanalara paylanmışdır.
Milli İnsan Hüquqları Təsisatı kimi Azərbaycan Ombudsmanının fəaliyyəti Paris prinsiplərinə cavab verdiyindən 27 oktyabr 2006-cı il tarixdə Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən "A" statusu ilə akkreditasiya olunmuş, 2012-ci ildə Müvəkkilin fəaliyyəti BƏK tərəfindən yenidən monitorinq edilmiş, onun "A" statusu yenidən reakreditasiya olunmuş və Paris prinsiplərinə uyğun müstəqil fəaliyyət göstərdiyi BMT səviyyəsində bir daha təsdiqlənmişdir.
Müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibətilə müəyyən olunur.
İnsan hüquqlarını bəşər sivilizasiyasının ən müdrik kəşflərindən biri hesab edən Ümummilli Lider Heydər Əliyev demişdir: "İnsan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur".
Fərəhli haldır ki, Ümummilli Liderimizin insan hüquq və azadlıqlarının qorunması sahəsində müəyyən etdiyi müdrik və uzaqgörən siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ötən dövr ərzində Azərbaycan daha da inkişaf etmiş, yeni-yeni regional proqramlar, Azərbaycanın hərtərəfli, daha dinamik inkişafı, xoşbəxt gələcəyimiz naminə islahatlar həyata keçirilmiş və bu proses sürətlə davam etməkdədir.
İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi, 18 iyun 2007-ci il tarixli Sərəncamla 18 iyun tarixinin "İnsan Hüquqları Günü" kimi təsis olunması, 27 dekabr 2011-ci il tarixli Sərəncamla Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi və bu kimi digər tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində islahatların uğurla davam etməsinin bariz göstəricisidir. Qeyd etmək istərdim ki, Cənab Prezidentin təsdiq etdiyi insan hüquq və azadlıqlarının müdafiə olunmasında mühüm əhəmiyyət daşıyan və dövlət qurumları qarşısında bununla bağlı vəzifələr müəyyən edən bu sənədlər uğurla icra olunmaqdadır.
Hüquqi-demokratik və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, ölkəmizin Avropa xalqları ailəsində nüfuzu ilbəil artır.
Müəllif göstərir ki, Azərbaycanın yeni-yeni uğurları, həyata keçirilən islahatlar, beynəlxalq nüfuzu, BMT Təhlükəsizlik Şurasına Qeyri-Daimi Üzv seçilməsi davamlı inkişafa və insan hüquqlarının etibarlı təmininə xidmət edən məqsədyönlü fəaliyyətin nəticəsidir.
Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən islahatlar, məhz insan hüquqlarının daha səmərəli təmininə xidmət edir və Cənab Prezident dəfələrlə öz çıxışlarında bu tədbirlərin uğurla davam etdiriləcəyini bəyan edir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev demişdir: "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk... Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahə ilə, bilavasitə məşğul olan qurumlar tərəfındən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik".
Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi insan hüquqlarının daha səmərəli təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
"Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını və vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını və bununla da, bütövlükdə insan hüquqlarının səmərəli müdafiəsini təmin edəcəkdir.
Məlum olduğu kimi, Azərbaycan bu ilin may ayından Avropa Şurasının Nazirlər Komitəsində Sədrliyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edərək Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının təmin edildiyini, müdafiəsinə geniş imkanların yaradıldığını və bu istiqamətdə islahatların davam etdiriləcəyini vurğulamışdır.
Göründüyü kimi, Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar dövlətin ali məqsədinin təmininə xidmət edir və uğurla davam etdirilir.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru