PDF Oxu

MİA

  • 3 802

Protestantizm dəyərləri və insan hüquqları

image

İnsan hüquqları və azadlıqlarının müdafiəsi dünya dinlərində əsas ideyalardan biridir. Avropada yayılmış protestanizm dini də bu cəhətdən istisna deyildir. Qərb tədqiqatçısı Maks Veber yazır: "Əgər bu gün adamlardan onların dayanmadan qazanc, özü də bəhrələrindən heç vaxt istifadə etmədikləri və bu "nahaq" dünyanın tələbləri baxımından tamamilə mənasız görünən qazanc dalınca qaçmalarının "mənası" haqqında soruşsaq, onlar bəzi hallarda yəqin cavab verərdilər ki, "uşaqların və nəvələrin qayğısına qalmaq hissi" onları belə hərəkət etməyə məcbur edir, daha dəqiqi isə, onlar, sadəcə olaraq, deyərdilər ki, usanmaq bilməyən tələbləri ilə işin özü onlar üçün "zəruri yaşayış şərtinə" çevrilmişdir. Demək lazımdır ki, bu, həqiqətən yeganə düzgün izahdır. Özü də, bu izahı belə həyat tərzinin şəxsi səadət baxımından ağlazidd olduğu, bu cür həyat tərzində insanın insan üçün deyil, iş üçün yaşadığı açılıb göstərilmişdir. Əlbəttə, sərvətlə əldə olunan iqtidar, şan-şöhrət istəyi də müəyyən rol oynayır, bütün xalqın səylərinin kəmiyyət iddialarının əldə edilməsinə yönəldildiyi yerlərdə isə, məsələn ABŞ-da, aydındır ki, bu rəqəmlər romantikası ticarət dairələrinin "şairləri" üçün bənzərsiz cazibə mənbəyinə çevrilir. Ancaq kapitalizm dünyasının davamlı uğur qazanmış ciddi sahibkarları öz fəaliyyətində, adətən, bu cür mülahizələri əsas götürmürlər...

Kapitalist sahibkarların "ideal tipi"nə... zahiri dəbdəbə və israfçılıq, həmçinin hakimiyyətdən sui-istifadə və cəmiyyətdəki vəziyyətini nümayiş etdirmək hissi yaddır. Onun həyat tərzinə - bizim üçün bu mühüm təzahürün tarixi əhəmiyyəti üzərində hələ dayanacağıq - Franklinin yuxarıda müraciət etdiyimiz "tövsiyələrində" aydın görünən məlum asketik yönüm uyğundur. Bu tip sahibkarın özünə sərvət "heç nə" vermir, olsa-olsa, öz "meyili" çərçivəsində yerinə yetirilmiş irrasional borc hissi ilə kifayətlənir.

Məhz bu, kapitalizmə qədərki dövr adamına anlaşılmazlıq və müəmma çirkin və nifrətəlayiq bir şey kimi görünür. Kiminsə maddi nemətlər toplamağı həyatın yeganə məqsədinə çevirməsini, bütün həyatını qəbrə var-dövlət içərisində getməyə həsr etməsini başqa dövr adamları yalnız xəstə meyillərin nəticəsi kimi qəbul edir...

Müəlliflərin fikrincə, belə bir müddəanın sübuta ehtiyacı yoxdur ki, qazanc konsepsiyası məqsəd, "meyil kimi ayrı-ayrı bütöv dövrlərin əxlaqi baxışları ilə ziddiyyət təşkil edir...

Ən yaxşı halda, etik cəhətdən mümkün hesab olunan bu fəaliyyət Bencamin Franklinin anlamında nə cür "meyilə" çevrilə bildi?..

Hər şeydən əvvəl, bizi "meyilin" bu və ya digər anlamının əsasını təşki edən irrasional ünsürlərin mənşəyi maraqlandırır.

Tamamilə aydındır ki, almanca "beruf" və ola bilər ki, daha çox ingiliscə "calling" sözündə digər motivlərlə yanaşı dini motiv - Allah tərəfindən qoyulmuş vəzifə haqqında təsəvvür səslənir və bu, hər konkret halda vurğulanarkən dini motiv daha da güclənir. Əgər biz bu sözün dünyanın bütün mədəni dillərində tarixi təkamülünü izləsək, aydın olar ki, alman dilində müəyyən həyat vəziyyəti, aydın müəyyənləşdirilmiş fəaliyyət dairəsi mənasını verən "beruf" sözünə uyğun anlayış həm əksəriyyətlə katolisizmə meyil edən xalqlarda, həm də klassik qədim dünya xalqlarında yoxdur, protestant (əksərən) xalqlarının dilində isə mövcuddur. Sonra aydın olur ki, bu, öz indiki mənasında, ilk dəfə Bibliyanın tərcümələrində ortaya çıxmış və orijinalın ruhuna deyil, tərcümənin ruhuna uyğun gəlir. Bibliyanın Lüter tərəfindən edilmiş tərcüməsində (Siraxın oğlu İsanın kitabından bir mətnin tərcüməsində, görünür, bu sözdə ilk dəfə indiki mənasında rast gəlinir, II, 20-21). Çox tezliklə, o, bütün protestant xalqların rəsmi dilində müasir mənasını aldı, halbuki əvvəllər heç bir dildə onun dünyəvi ədəbiyyatda işlədilməsinə dair işarə də yox idi".

"Bu sözün təkcə mənası yeni deyildi, reformasiyanın yaratdığı ideyanın özü yeni idi... Bu, o demək deyildir ki, əlbəttə, "beruf" anlayışı ilə ifadə olunmuş gündəlik fəaliyyət ünsürləri hələ orta əsrlərdə, yaxud hətta qədimdə (son ellinizm dövründə) olmamışdır - bu haqda aşağıda deyiləcəkdir. Şübhəsiz, yeni olan şey bundan ibarət idi: bu anlayış belə bir dəyəri özündə əks etdirir ki, dünyəvi peşələr sahəsində öz borcunu yerinə yetirmək insanın mənəvi həyatının ən yüksək vəzifəsidir. Bunun qaçılmaz nəticəsi kimi adi gündəlik əməyin dini mənası haqqında təsəvvür və yuxarıda deyilən mənada "beruf" anlayışı yaradılmışdır. Buradan da "beruf" anlayışında protestant dininin mərkəzi ehkamı öz əksini tapır. Bu ehkam xristianlığın nəsihətlərinin katoliklər tərəfindən "əmr" və "məsləhətlərə" bölünməsini rədd edir, bu ehkam Allahın istəkli bəndəsi olmağın yolunu rahiblərin asketik mövqeyindən dünyəvi əxlaqın rədd edilməsində deyil, hər bir insanın həyatda yerinə uyğun müəyyənləşdirilmiş dünyəvi vəzifələrinin yerinə yetirilməsində görür, bununla da bu vəzifələr insan üçün onun "meyilinə" çevrilir...

Lüterə görə, rahiblərin həyat, həmçinin eqoizm əlaməti və insanın dünyəvi vəzifələrinə soyuq biganəliyi deməkdir. Dünya işləri ilə məşğul olmaq, əksinə, onun tərəfindən yaxınına xristian məhəbbətinin izharı kimi qiymətləndirilir...

Şübhəsiz, dünyəvi peşə fəaliyyətinin bu cür mənəvi cəhətdən dəyərləndirilməsi - reformasiya, o cümlədən Lüter tərəfındən yaradılmış ən vacib ideyalardan biri gözlənilməz nəticələr doğura bilər...

Deməyə heç bir ehtiyac yoxdur ki, Lüterin baxışlarının bizim nəzərdə tutduğumuz "kapitalizm ruhu" anlayışı ilə hər hansı daxili əlaqəsindən söhbət gedə bilməz... Hətta bizim günlərdə reformasiya "işini" səylə tərifləyən kilsə dairələri də heç bir halda kapitalizmi müdafiə etmirlər. Əlbəttə, Lüterin üzü də Franklinin əsərlərində əks olunmuş konsepsiyaya yaxın hər hansı mövqeni dərhal qətiyyətlə rədd edərdi...

Lüterin sələmçilik və ümumiyyətlə, faizlə görülən işlərə qarşı söylədiyi fikirlərdə, əksinə, kapitalist gəlirinin mahiyyəti haqqında onun təsəvvürlərinin hətta son sxolastik baxışlarla müqayisədə "geriliyi" aydın şəkildə görünür... Refermasiyanın nəticəsi, hər şeydən əvvəl ondan ibarət oldu ki, katolik baxışının əksinə olaraq, dünyəvi peşə əməyinin mənəvi əhəmiyyəti və onun dini mükafatlandırılması son dərəcə yüksəldi... İnsanın şəxsi tələbatından artıq maddi nemətlər yığmağa çalışması isə bərəkətin olmaması ilə izah edilir və yalnız başqalarının hesabına əldə oluna bildiyinə görə isə birbaşa lənətə layiqdir".

Müəllif göstərir ki, beləliklə, peşə meyili anlayışı Lüterdə öz ənənəçi xarakterini saxlamışdır...

B.Veber qeyd edir ki, asketik protestantizmin (bu anlayışın qəbul etdiyimiz mənasında) tarixən daşıyıcıları, ilk növbədə dörd istiqamətdə təmsil olunmuşdur. Kalvinizmin bir sıra Qərbi Avropa ölkələrində aldığı forma (bu forma burada 17-ci əsrdə hakim olmuşdur) 2) pietizm; 3) metodizm; 4) anabaptist hərəkatından çıxmış sektalar. Bu cərəyanlardan heç biri başqalarından və reformasiyanın qeyri-asketik kilsələrindən təcrid olunmuş deyildir.

Asket əxlaqının ehkamlarla bağlı köklərindəki fərqlər gərgin mübarizənin gedişində aradan çıxmışdır. Lakin bu ehkamlara qədimdən gələn inam sonrakı "qeyri-ehkamçı" etikada yalnız dərin iz buraxmaqla kifayətlənmədi, həmçinin belə bir şərti möhkəmləndirdi ki, yalnız bu əxlaqın ilkin ideya məzmununu bilməklə onun "o biri dünyada" xoşbəxtlik ideyası ilə əlaqəsini başa düşmək olar.

Bizi tamamilə başqa şey - dini inam və praktikanın yaratdığı və bütün həyata müəyyən istiqamət verən, fərdi həmin istiqamətə ciddi şəkildə riayətə məcbur edən psixoloji stimulların aşkar edilməsi maraqlandırır.

16-17-ci əsrlərdə daha çox inkişaf etmiş kapitalist ölkələrində - Niderland, İngiltərə və Fransada, uğrunda qızğın siyasi və ideoloji mübarizə gedən və buna görə də, ilk növbədə diqqət yetirdiyimiz etiqad kalvinizm olmuşdur.

Bu təlimin on mühüm ehkamı xilas imtiyazı haqqında ehkam hesab olunurdu (ümumiyyətlə, bu gün də belə hesab olunur).

1647-ci il "Vestminster" etiqadının mötəbər mətni vasitəsilə bu təlimlə tanış olaq...

Doqquzuncu fəsil (İradə azadlığı haqqında). N3: "Günaha batmaq insanı öz iradəsini hər hansı mənəvi xoşbəxtliyə, yaxud adi xoşbəxtliyə aparan bir şeyə istiqamətləndirmək imkanından tam məhrum etmişdir. Beləliklə, təbii insan xeyir işlərdən uzaqlaşdırılmış və günahlar içərisində ölü vəziyyətindədir, buna görə də düz yola qayıda, yaxud özünü buna hazırlaya da bilmir.

Üçüncü fəsil (Allahın qədim hökmü haqqında). "Allah öz hökmü ilə və öz böyüklüyünü göstərmək üçün bəzi adamlara əbədi həyat verdi, digərlərini əbədi ölümə məhkum etdi". "...və O, bunu ona görə etmədi ki, bunun səbəbini səy etməsində, yaxud yaratdıqlarının hansısa digər xüsusiyyətində görürdü. O, bunu yalnız təmiz və azad mərhəmətindən və məhəbbətindən etdi..."

Onuncu fəsil (Kəsərli meyl haqqında). "Allahın öz ixtiyarındadır, əbədi həyat verdiklərini və yalnız onları təyin olunmuş münasib vaxtda Onun sözü və ruhu vasitəsilə çağırsın... O, onların sinəsindən daş ürəyi çıxarıb... onlara canlı ürək verəcək. O, onların iradəsini döndərər və öz böyüklüyü ilə onları xeyirxahlıq üçün təyin edər....

Beşinci fəsil (Öncəgörmə haqqında). "Bədniyyətli və allahsızların... yoluna O, elə əngəllər qoyur ki, belə adamların pozğunluğuna görə, bu əngəllər günahın səbəbinə çevrilir. O, onları öz eyiblərinin, nəfsin və şeytanın ixtiyarına buraxır".

"Qoy mən cəhənnəmə düşüm, ancaq belə Allah heç vaxt məni özünə hörmət etməyə məcbur edə bilməz - Con Miltonun bu təlim haqqında, məlum olduğu kimi, fikri belədir. Lakin bu halda bizi ehkamın dəyərləndirilməsi deyil, onun tarixi rolu maraqlandırır. Biz yalnız qısaca olaraq, bu təlimin mənlyi və onun kalvinist teologiyasının müəyyən ideyaların quruluşu ilə əlaqəsi üzərində dayanacağıq..."

Allah insanlar üçün deyil, insanlar Allah üçün yaşayırlar, insanın bütün əməlləri yalnız İlahi böyüklüyün özünütəsdiqi vasitəsi kimi məna kəsb edir. Bizə yalnız bir şey məlumdur: insanların bir hissəsinə xoşbəxtlik qisməti verilmişdir, yerdə qalanlar isə əbədilik lənətlənmişlər. Adamların xidmətinin, yaxud hərəkətlərinin onların taleyinə təsir etdiyini düşünmək Allahın tam müstəqil, qədimdən mövcud olan hökmlərini insan təsirinə tabeliyin mümkün olduğunu hesab etməyimizə bərabər olardı. Allahın hökmü ilkindir və dəyişilmir, ona görə də Allahın mərhəmətinə layiq görülmüş adamlar onu itirə, ondan məhrum edilmişlər isə ona nail ola bilməzlər.

Bu təlim özünün ehtiraslı insafsızlığı ilə ona tabe etdirilmiş nəsil üçün, hər şeydən əvvəl, bir nəticə - ayrıca bir fərdin görünməmiş daxili tənhalıq hissini verməli idi.

Reformasiya dövrünün insanı üçün həlledici həyat problemi olan əbədi səadət problemində o, təkbaşına, əsrlərdən müəyyən olunmuş taleyini yaşamağa məhkum edilmişdi. Heç kəs ona kömək edə bilməz. Nə vaiz, nə dini ayinlərin yerinə yetirilməsi, nə kilsə, nəhayət, nə də Allah - çünki İsa yalnız seçilmişləri xilas etmək üçün ölmüşdür və yalnız onların günahlarını İsanın ölümü ilə bağışlamaq haqqında Allah əzəldən hökm vermişdir.

B.Beber kilsə və dini ayinlər vasitəsilə ruhun xilas edilməsinə inamın lüterançılığa məlum olmayan ardıcıllıqla qəti şəkildə kənarlaşdırılması kalvinizmi katoliklikdən fərqləndirən həlledici ideya idi. Dünyanın tilsiminin sındırılmasından ibarət böyük tarixi-dini proses burada yekunlaşır. Bu proses qədim yəhudi peyğəmbərlərin dövründə başlanmışdı və ellin düşüncəsi ilə birləşərək xilasın bütün sehrli vasitələrini məhv, onları dinsizlik və dinə hörmətsizlik əlaməti elan etdi. Əsl puritan, hətta yaxınlarının məzarı başında bütün dini mərasimlərdən imtina edir və onları sakit və nəzərə çarpmadan dəfn edirdi ki, heç bir "superstition"a (xurafata - red.), sehrli vasitələrlə xilas olmaya, hətta ümidin yaranmasına yol verməsin. Nəinki sehrli, ümumiyyətlə, elə bir vasitə yox idi ki, Allahın mərhəmətini ondan məhrum olanlara yönəldə bilsin.

Allahın mütləq transsendentliyi (dərkedilməzliyi - red.) və bütün yaranmışların miskinliyi haqqında təlimlə birlikdə insanın bu daxili tənhalığı mədəniyyət və subyektiv dindarlığın bütün hissi-emosional ünsürlərinə qarşı puritanizmin mənfi münasibətinin yaranmasına (belə ki, onlar ruhun xilas edilməsinə yardım edə bilmir və yalnız zəif xülyaların və xurafatın yaranmasına səbəb olurlar), bununla da, ümumiyyətlə, onun bütün cismani mədəniyyətdən imtina etməsinə səbəb olur. Bununla yanaşı, bu əlahiddəlik hər hansı xülyadan uzaq bədbin çalara boyanmış fərdiyyətçiliyin köklərindən birini təşkil edir ki, bunu biz bu gün də puritan keçmişli xalqların maarifçilik dövrü üçün xarakterik olan dünyaya və insana münasibətdən tamamilə fərqlənən "milli xarakterində" və institutlarında müşahidə edirik...

Bu duruma uyğun olaraq, kalvinizmin hökmran olduğu vilayətlərdə tövbə nəzərə çarpmadan ləğv edildi, bu isə lüterançılığa kəskin qarşıgetmə idi. Bu hadisə, hər şeydən əvvəl, belə dindarlığın təsiri üçün xarakterik əlamət, həmçinin onun etik mövqeyinin müəyyən edilməsi üçün psixoloji impuls idi. Emosional günah hissini götürən vaxtaşırı boşalma vasitəsi aradan götürüldü.

"Yaxınına məhəbbət (kalvinizmdə) məxluqlara deyil, yalnız Allaha xidmət kimi düşünülür və ilk növbədə, peşə borcunun yerinə yetirilməsində ifadə olunur. Bu vaxt "yaxınına məhəbbət" obyektiv olaraq xüsusi şəxssiz xarakter, bizi əhatə edən sosial kosmosun səmərəli dəyişdirilməsinə yönəmiş fəaliyyət xarakeri alır.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər