PDF Oxu

MİA

  • 5 984

Fridrix Nitşenin və Edmund Börkun azadlığa, bərabərliyə və təbii hüquqa münasibəti

image

19-cu yüzillik insanın şəxsi azadlığı ideyasını, eləcə də bərabərlik ideyasını bir sıra ağır sınaqlara çəkdi. Fransa inqilabının qanlı hadisələri, demokratik ölkələrdə "çoxluğun tiraniyası", Konstan və Millin təsvir etdikləri kimi, cəmiyyətin insanın şəxsi həyatına müdaxiləsi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində intellektuallar arasında etiraz dalğası doğurdu. Yaradıcı şəxsiyyətlər şəxsi azadlıqla vətəndaş bərabərliyi arasında əyyami-qədimdən mövcud olan ziddiyyətlərdən danışmağa başladılar.

Bir çox intellektuallar demokratiya və kapitalizmin özündə daşıdığı konformizmə və alverçilik ruhuna qarşı qiyama qalxdılar. Boğucu qayda-qanun mühitinin hökm sürdüyü cəmiyyət sənətkarı mənən əzirdi, lakin ən dəhşətlisi bu idi ki, indi sənətkar maddi cəhətdən də kütlənin "bəsit" zövqündən asılı idi. İncəsənət "xalqa məxsus" olmağa başlamışdı. Əgər əvvəlki zamanlarda sənətkar maddi cəhətdən elmli-bilikli aristokratdan asılı idisə, indi bazar münasibətləri şəraitində zövqləri və sənətkara verilən qiyməti yeni alıcı - kapitalist cəmiyyətinin o qədər də incə zövqü olmayan orta vətəndaşı müəyyən edirdi. Burjua zövqünün yedəyində sürünmək istəməyən intellektuallar yaradıcı şəxsiyyəti əzən bərabərlikdən "fövqəlinsanın hüququ lehinə" imtina etməyə çağırırdılar.

Bu "romantik qiyamın" liderlərindən biri də alman filosofu Nitsşe idi. Nitsşe protestant keşişi ailəsində doğulmuşdur. Uşaqlıqdan dini mühitdəki həyatı müşahidə etmiş Nitsşedə dinə, eləcə də burjua cəmiyyətinin mənəvi əsaslarına dərin nifrət oyanmışdı. Nitsşe əsərlərində müasir insan davranışının Qərb mədəniyyətinin dərin qatlarında gizlənmiş həqiqi motivlərini açıb göstərməyə çalışır, Qərb mədəniyyətini özünüaldatma mədəniyyəti adlandırırdı.

Nitsşenin fikrincə, insanı hakimiyyət əzmi və dünyanı öz istəklərinə uyğun dəyişmək ehtirası idarə edir. Bərabərlik istedadsızları törədib çoxaldır. Ləyaqəti itaət və mütiliklə eyniləşdirən xristian əxlaqı insanın öz imkanlarından tam istifadə etməsi yolunda başlıca əngəldir. "Allah ölüb, - deyə Nitsşe bəyan edildi, - insanın azad yaradıcılığı və nailiyyətləri erası başlanıb".

Nitsşe yaradıcılığının Qərbin intellektual fikrinə güclü təsiri olmuşdur. Nitsşenin milliyyətçiliyə, antisemitizmə, dövlətin zor siyasətinə olan nifrətinə baxmayaraq, faşistlər, sosialist terrorçular və ümumiyyətlə, özlərini fövqəlinsan sayanlar onun ideyasını təhrif edərək, özlərinə bayraq etmişdilər. Onlar üçün "fövqəlinsan" bəşəriyyət qarşısında, ali məqsədə yetmək naminə mənəvi öhdəliklərdən azad edilməli olan insan demək idi.

F.Nitsşe yazır: "...Cəmiyyətin tarixində xəstə bir yumşalma, zərifləşmə məqamları olur ki, bu zaman cəmiyyət öz düşməninə, cinayətkara tərəfdar çıxır və bunu olduqca ciddi və namusla edir. Bəzi hallarda o, cəza verməyə ədalətsizlik kimi baxır - inamla söyləmək olar ki, "cəza" və "cəzalandırmaq" vəzifəsi barədəki anlayışların özü ona mənəvi ağrılar verir, onda qorxu, vahimə hissi oyadır. "Məgər canini zərərsizləşdirmək bəs etməzmi? Daha cəza vermək nə üçün? Cəza ki dəhşətdir!" - bu sualla da sürü əxlaqı, qorxaqlıq əxlaqı son qərarını vermiş olur. Əgər ümumiyyətlə, təhlükənin özünü, qorxunun səbəbini məhv etmək mümkün olsaydı, o zaman bu əxlaqın özü də məhv olardı - o, daha gərək olmazdı, öz-özünü lazımsız hesab edərdi! Müasir avropalının vicdanını araşdıran şəxs onun vicdanının minlərlə əxlaq çalarında və ən xəlvət guşələrində eyni bir imperativi - sürü hürküsü imperativini tapmış olar: "Kaş haçansa elə bir dövr yetişsin ki, daha heç nçdən qorxmaq lazım gəlməsin. Həmin o "haçansaya canatma" və yol hazırda Avropada "tərəqqi" adlandırılır".

Yüz dəfə söylədiyimiz həqiqəti bir daha yada salaq, çünki bu həqiqətləri - bizim həqiqətləri hazırda həvəssiz dinləyib, qulaqardına vururlar. Biz artıq yaxşı bilirik ki, kimsə heç bir mübaliğə və bənzətməyə yol vermədən insanı birbaşa heyvanlar sırasına aid edəndə, bu, necə təhqiredici səslənir və bizim "müasir ideyalı" insanlarla bağlı olaraq daim "sürü", "sürü instinkti" və s. bu kimi ifadələri işlətməyimiz, heç şübhəsiz ki, az qala günah kimi bizim ayağımıza yazılacaqdır. Lakin nə etməli? Biz başqa cür hərəkət edə bilmərik, çünki yeni baxışımız, məhz bu təsəvvürdən ibarətdir. Biz aşkar etmişik ki, Avropa və Avropanın təsiri altında olan ölkələr bütün əsas əxlaqi mülahizələr üzrə tam razılığa gəlmişlər - onların fikrincə, Avropada, hətta Sokrata da bəlli olmayan və bir zamanlar qədim və məşhur İlanın öyrətməyə boyun olduğu bir şeyi - xeyir və şərin olduğunu "bilirlər". Bu, qulaq üçün nə qədər kobud və xoşagəlməz səslənsə də, biz yenə təkrar edirik: bu təsadüfdə özünü bilən saymaq, öz alqışı və qarğışıyla özünü öymək, rəhmdil adlandırmaq elə sürü insanı instinktidir...

Hazırda Avropadakı əxlaq sürü heyvanlarının əxlaqıdır və bizim fikrimizcə, bu, insan əxlaqının yalnız bir növüdür, bu növdən əlavə, ondan öncə və ondan sonra digər bir çox əxlaq növləri, ilk növbədə də, ali əxlaq növləri, yaxud bunların ola bilməsi mümkündür. Lakin mövcud əxlaq bu cür "mümkünlüyü", bu cür "ola bilməni" var gücüylə inkar edir; o, əzm və inadla təkrar-təkrar deyir: "Mən əxlaqın özüyəm və məndən savayı heç şey əxlaq deyildir!.." Ən ali sürü ehtiraslarının qulluğunda duran və bunlara ləbbeyk söyləyən dinin köməyi ilə iş o yerə çatmışdır ki, həm siyasi, həm də ictimai qanun-qaydalarda biz bu əxlaqın getdikcə daha aşkar və qabarıq ifadəsini görürük - demokratik hərəkat xristianlıq hərəkatı irsinə yiyə durmağa başlamışdır. Lakin onun sürəti sözügedən instinktin daha səbrsiz, xəstəhal və cəfakeş ifadəçiləri üçün hələ ki, xeyli ləng və cansıxıcıdır; bunu hazırda Avropa mədəniyyətinin kandarlarında sülənən anarxist köpəklərin getdikcə daha qəzəblə ulaşıb diş qıcırtmalarından görmək olar; guya onlar sülhsevər, işlək demokratlar və inqilab ideoloqlarıdır və daha artıq dərəcədə, özlərini sosialist adlandıran və "azad cəmiyyət" arzusunda olan qardaşlığın kütbeyin filosofcuğazları və fanatikləriylə ziddiyyət təşkil edirlər, əslində isə, onlar cəmiyyətin muxtar sürü formasından başqa hər hansı digər formasına dərin və instinktiv ədavət bəsləməkdə onlarla eyniləşirlər (və bu ədavət də o həddə gəlib çatırlar ki, hətta "ağa" və "qul" anlayışlarını belə inkar edirlər; məsələn, sosialist düsturlarından biri bəyan edir ki, "ni dieu ni maitre". Onlar hər hansı bir müstəsna iddiaya, hər hansı bir müstəsna hüquqa və üstünlüyə inadlı müqavimət göstərməkdə eyniləşirlər (bu da son nəticədə, hər bir kəsə eyni hüquqların verilməsi deməkdir; belə ki, hamı bərabər olanda, artıq heç kəsə "hüquqlar" gərək olmur). Onlar cəza verici ədalət mühakiməsinə inamsızlıqda eyniləşirlər (guya ki, cəzavermək zəif üzərində zorakılıq, bütün əvvəlki cəmiyyətlərin zəruri məhsuluna münasibətdə ədalətsizlikdir). Onlar bəşəri mərhəmət əxlaqına olan inamda eyniləşirlər, guya bu mərhəmətin özü elə əxlaq deməkdir və guya bu əxlaq zirvədir, insanlığın əldə edə bildiyi ən yüksək zirvədir, gələcəyin yeganə ümid yeri, müasir insanlar üçün təsəlli vasitəsi, hər cür əski günahların bağışlanması deməkdir...

Bəs bizlər - başqa bir dinin insanları demokratik hərəkatda yalnız siyası təşkilatın düşkünlüyü formasını deyil, həm də insanın düşkünlüyü formasını, məhz insanın cılızlaşması formasını, yəni onun ortabablıq dərəcəsinə endirildiyini dəyər-qiymətinin aşağı düşdüyünü görən bizlər nə etməli, öz ümidlərimizi nələrə, yaxud kimlərə bağlamalıyıq? Əlbəttə ki, yeni filosoflara - çarəmiz yoxdur; biz öz ümidlərimizi şeylərin zidd qiymətləndirilməsi təcrübəsinin özülünü qoymaq, "əbədi dəyərləri" yenidən saf-çürük etmək, bunlara yeni gözlə baxmaq üçün kifayət qədər güclü və orijinal ağlı olan insanlara bağlamalıyıq, biz öz ümidlərimizi yeni eranın sələflərinə, minilliklərin iradəsini yeni yollarla sürüyüb apara biləcək kəməndi indiki dövrün boynunda bərkidən gələcəyin insanlarına bağlamalıyıq. Biz bunu insanın gələcəyinə, insan iradəsindən asılı olan bir şeyə baxan kimi baxmağı öyrətmək üçün, indəyədək tarix adlandırılan ağılsızlığın və təsadüflərin bu müdhiş ağalığına son qoymaq məqsədilə tərbiyə və intizamlaşdırma işində böyük və cəsarətli kollektiv təcrübələri hazırlamaq üçün etməliyik - "əksəriyyətin ağılsızlığı onun yalnız son formasıdır..."

F.Nitsşedən əvvəl yaşamış Edmund Börk yazırdı: "Əgər mülki cəmiyyət (ictimai) müqavilənin nəticəsi kimi yaranırsa, onda bu müqavilə onun qanununa çevrilməlidir. Bu müqavilə onun əsasında formalaşdırılan dövlət quruluşunun bütün tərəflərini məhdudlaşdırmalı və onlara düzəlişlər verməlidir. Qanunverici, məhkəmə, yaxud icra hakimiyyətinin istənilən forması bu müqavilədən irəli gəlmişdir. Onlar hər hansı başqa vəziyyətdə mövcud deyildir və necə ola bilər ki, mülki cəmiyyət müqaviləsinin təsiri altında olan hər hansı şəxs bu müqavilədən irəli gəlməyən hüquqları tələb etsin, ona tamamilə zidd olan hüquqlar tələb etsin?

Mülki cəmiyyətin ilkin motivlərindən biri - sonralar onun əsaslı qaydalarından birinə çevrilmiş bu motiv ondan ibarətdir ki, heç kəs onun öz işində hakim olmamalıdır. Bununla mülki cəmiyyətdə yaşayan hər bir şəxs dərhal özünü müqavilə ilə möhkəmləndirilməyən əsas insan hüquqlarının birincisindən (yəni özü ilə bağlı məsələdə hakim olmaq və öz işində öz hüquqlarını müdafiə etmək hüququndan) ayırır. Burada o özünün hökmdarı olmaq hüquqlarının hamısından imtina edir. Onun bu hüquqdan imtina etməsinə özünümüdafiə hüququndan da - ilkin təbii hüququndan imtina etməsi də daxildir. İnsanlar eyni vaxtda qeyri-mülki və mülki hüquqlardan bəhrələnə bilməzlər. İnsan onun üçün ən vacib məsələlərlə bağlı qərar qəbulu hüququndan imtina edir, lakin ədalət məhkəməsi əldə edir. O, bir qədər azadlıq qazanır və ona görə də öz hüquqlarından onların, bütövlükdə qorunacağına inanaraq imtina edir...

Dövlət "təbii hüquqların" müdafiəsi üçün yaradılmır... Dövlət - bu insan müdrikliyinin törəməsi insanın ehtiyaclarını ödəmək üçün yaradılmışdır. İnsanların haqqı var ki, onların ehtiyacları bu müdrikliklə ödənilsin. Bu ehtiyacların içərisində mülki cəmiyyət üçün çox vacib olan bir ehtiyac - insan ehtiraslarının kifayət qədər məhdudlaşdırılması zərurəti xüsusi olaraq nəzərə alınmalıdır. Cəmiyyət yalnız tək adamın ehtiraslarının cilovlanmasını deyil, insan kütlələrinin, qruplarının meyillərinin məhdudlaşdırılmasını, onların iradəsinə nəzarət olunmasını, onların hamısının ehtiraslarının asılı vəziyyətə salınmasını tələb edir.

Bütün bunlar insanların iradə və istəklərinə tabe etdirilmiş hakimiyyətlə deyil, onlardan kənarda olan hakimiyyətlə, vəzifəsi cilovlamaq və tabe etdirməkdən ibarət olan hakimiyyətlə həyata keçirilə bilər. Bu mənada, insanların üzərinə qoyulmuş məhdudiyyətlər (onların azadlıqları kimi) onların hüquqları sayılmalıdır. Lakin nə qədər ki, azadlıq və məhdudiyyətlər zaman və şəraitdən asılı olaraq dəyişilir və burada sonsuz modifikasiyalara məruz qalır, onlar hansısa mücərrəd qaydalara əsaslana bilməz və belə prinsipə əsaslanaraq, bu azadlıq və məhdudiyyətləri müzakirə etməkdən də axmaq bir şey yoxdur".

Britaniya mühafizəkarlığının banisi irland protestantı Edmund Börk hesab olunur. Mahir polemikaçı, filosof və siyasi xadim Börk 1776-cı ildə parlamentə seçilir və görkəmli natiq və erudit kimi şöhrət qazanır. Börk parlamentdə köləliyin və kölə alverinin ləğvi uğrunda mübarizə aparır, Amerika kolonistlərinin və bir az əvvəl zəbt edilmiş Hindistanın əhalisinin müdafiəsi üçün çıxış edir. Viqlər Partiyasının əqidəli üzvü olan Börk xalq idarəçiliyi və insan hüquqları konsepsiyasına skeptik münasibətinin nəticəsi olaraq, sonralar torilik ideologiyasının əsasını təşkil etmiş öz ideya və baxışlarının kompleksini irəli sürür. Fransa inqilabının və hər bir inqilab kimi onun gətirdiyi qarışıqlıqların şahidi olan Börk özünün "Fransada inqilab haqqında düşüncələr" kitabında belə bir mövqedən çıxış edir ki, insan öz taleyini həll etmək hüququnu dövlətə verməlidir, dövlət isə insanların qayğısına qalmalıdır. Börk, həmçinin, hesab edirdi ki, dövlət insanların iradəsindən nə qədər az asılı olsa, bir o qədər yaxşıdır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər