PDF Oxu

MİA

  • 11 429

Dövlətin idarə olunmasında iştirak, siyasi fəallıq və insan hüquq və azadlıqlarının müdafiəsi

image

"Siyasi qəyyumluq" sisteminin tərəfdarları sadalanan problemlərin inandırıcı həllini təklif etməyə qabil olsalar da, sayıqlıq və sağlam məntiq tələb edir ki, onların təklif etdiyi sistem rədd edilsin. Robert Dahl yazır: "Siyasi quruluşun bu variantından imtina etməklə biz belə nəticəyə gəlirik: "Yetkinlik yaşına çatmış vətəndaşlardan heç biri dövlətin idarə olunmasında başqalarından səriştə və bacarıq sarıdan o qədər də üstün ola bilməz ki, ona hökumət üzərində tam və qəti hakimiyyəti vermək mümkün olsun."

Yenə sual olunur: yaxşı, əgər bizi "qəyyumlar" idarə etməyəcəklərsə, onda kim idarə edəcək? Əlbəttə, biz özümüz!

Bir çox hallarda biz qəti əminik ki, (hərdən xeyli inandırıcı görünən və bunun əksini sübut edən dəlillərin olmasına baxmayaraq) yetkinlik yaşına çatmış hər bir vətəndaşın onun maraqlarına nəyin və nə dərəcədə cavab verəcəyi məsələsini özünün həll etməsi imkanları olmalıdır. Şəxsiyyətin müstəqilliyini təmin edən bu şərtlər uşaqları deyil, təkcə yaşlıları əhatə etməlidir, çünki təcrübədən bilirik ki, uşaqların mənafeləri qəyyumlar tərəfindən müdafiə olunur və bunu, əsasən, valideynlər edir.

Əgər uşaq valideynlərdən məhrumdursa, onları bir başqası əvəz edir, müəyyən hallarda isə dövlətin müdaxiləsi tələb olunur.

R.Dahlin fikrincə, bu prinsip yetkinlik yaşına çatmış, lakin fəaliyyət qabiliyyəti olmayan, yəni öz hərəkətlərinə görə cavab verə bilməyən şəxslərə də şamil edilmir. Uşaqlar kimi onların da qəyyumlara ehtiyacı var, lakin barələrində bu prezumpsiyanın qanunla və cəmiyyətdəki ənənəvi qaydaların köməyi ilə asanca dəf edildiyi uşaqlardan fərqli olaraq, burada prosedur daha mürəkkəb xarakter daşıyır, belə ki, bu halda sui-istifadə ehtimalı xeyli artmış olur və deməli, hər bir ayrıca halda bu və ya digər hüquqi prosedur tələb olunur.

Yaxşı, tutaq ki, həqiqətən də vətəndaşların, onların şəxsi mənafeyinə nələrin uyğun olub-olmamasını özlərinin həll etməsi hüququ olmalıdır (bəzi istisnalarla), onda nə üçün dövlət idarəetməsində bu cür prinsipdən imtina edilməlidir? Burada əsas məsələ onda deyil ki, yetkinlik yaşına çatmış vətəndaşlar gündəlik həyatda rastlaşdıqları problemləri həll etmək üçün yetərincə səriştəlidirlər, ya yox. Məsələ ondadır ki, yetkinlik yaşına çatmış vətəndaşların əksəriyyəti kifayət qədər səriştəlidirlərmi ki, dövlətin idarə olunmasında iştirak edə bilsinlər.

Bu sualın cavabını tapmaq üçün əvvəlki fəsillərdə gəldiyimiz bəzi nəticələri yada salmalıyıq.

Müəllif yazır: "Demokratiya öz vətəndaşları qarşısında çoxsaylı və rəngarəng imkanlar açır:

• vətəndaşlar despot hökmdarlardan etibarlı şəkildə müdafiə olunur;

• onlar əsas siyasi hüquqlara malikdirlər və bundan əlavə onlara ən geniş dairədə azadlıqlar verilir;

• onlar öz şəxsi maraqlarını qorumaq üsullarına yiyələnir, bunları prioritetlər sırasına daxil etməklə, əsasında yaşayacaqları qanunların işlənib-hazırlanmasında iştirak etmək imkanı qazanırlar;

• onların şəxsi muxtariyyət dairəsi kifayət qədər genişlənir;

• onlar şəxsiyyətin inkişafı üçün qeyri-adi imkanlara sahib olur.

Lakin biz demokratiyanın öz vətəndaşlarına qeyri-demokratik idarəetmə sistemli ölkələr üçün ağlasığmaz görünən imkanlar verməsi məsələsinə gələr-gəlməz dərhal bir sıra mühüm suallarla üzləşirik: nə üçün demokratiyada olan imkanlar qeyri-demokratik sistemlərdə bəzilərinə verilir, bəzilərinə isə verilmir və nə üçün bu imkanlar yetkinlik yaşına çatmış bütün şəxslərə şamil edilə bilməz?

R.Dahlin qeyd etdiyi kimi, hökumət bütün vətəndaşların mənafelərini eyni dərəcədə nəzərə almağa borcludur, onda ədalət tələb etmirmi ki, bütün yetkinlik yaşına çatmış şəxslərin onların məqsədlərinə ən yaxşı şəkildə cavab verən qanunların və siyasi kursun işlənib-hazırlanmasında iştirak etmək hüququ olsun (özü də burada dəxli yoxdur ki, bu məqsədlər yalnız şəxsi maraqları nəzərdə tutur, yoxsa hamının maraqlarını)?

Tutaq ki, həqiqətən də vətəndaşlardan heç kəs dövlətin idarə olunması işində o qədər də səriştəli deyil ki, ona hökumət üzərində tam və qəti nəzarəti etibar etmək mümkün olsun, onda, dövləti səsvermə hüququ olan bütün vətəndaşlardan yaxşı kim idarə edə bilər?

Bu suallardan doğan nəticələri yekunlaşdıraraq, daha bir nəticəyə gəlirəm: təkzibolunmaz əks sübutların mövcudluğu hallarını istisna etməklə (bu halların hamısı barədə qanunda xüsusi qeyd-şərtlər edilməlidir), mövcud dövlətin qanunlarının şamil edildiyi bütün yetkinlik yaşına çatanlar həmin dövlətin demokratik idarə olunması prosesində iştirak etmək üçün yetərincə səriştəli hesab edilməlidir.

Beləliklə, əgər siz dövləfin idarə olunmasında hamı ilə bərabər səs vermək hüququndan məhrumsunuzsa, onda sizin maraqlaınıza, səsvermə hüququ olan insanların marağı ilə müqayisədə az diqqət yetiriləcəyi ehtimalı artmış olur. Sizin səsiniz yoxdursa, kim sizin əvəzinizə danışacaqdır? Madam ki, siz öz mənafelərinizi müdafiə edə bilmirsiniz, kim bu işi öhdəsinə götürmək istəyəcək? Özü də burada söhbət təkcə sizin şəxsi maraqlarınızdan getmir - siz idarəetmədə iştirakdan kənarlaşdırılmış bütöv bir qrupun üzvüsünüzsə, onda bu qrupun təməl mənafeləri necə təmsil olunacaq və müdafiə ediləcəkdir? Cavab bəllidir.

Bu mənafelər ölkəni idarə edənlər tərəfindən lazımi qaydada təmsil olunmayacaq və müdafiə edilməyəcəkdir. Buna aid çoxlu misal göstərmək olar. Demokratiyanın təkamülünə həsr etdiyimiz qısa xülasədən gördük ki, vaxtilə İngiltərədə zadəganlar və şəhər sakinləri monarxiyanın onların üzərinə düşən yiükün özbaşına şəkildə və onların razılığı olmadan artırılmasından hiddətə gələrək, ölkənin idarə olunmasında iştirak etmək hüququ uğrunda necə mübarizəyə girmiş və buna nail olmuşdular. Bir neçə yüz il sonra özünün təməl mənafelərinin saya alınmadığını görən orta təbəqə də, öz növbəsində bu hüququ tələb etdi və ona nail oldu. Dünyanın başqa ölkələrində də qadınların, kölələrin, yoxsulların, fiziki əməklə məşğul olanların və digər əhali qruplarının idarəetmə prosesindən de-fakto və ya de-yure kənarlaşdırılmasının davam etdirilməsi ona gətirib çıxarırdı ki, bu qrupların üzvlərinin istismardan və sui-istifadələrdən müdafiə olunmaq imkanı minimuma enirdi, bu cür vəziyyət, hətta siyasi quruluşları bir çox cəhətdən demokratik adlanmağa layiq olan İngiltərə və ABŞ-da da adi hal idi.

R.Dahlin göstərdiyi kimi, 1861-ci ildə Con Stüart Mill etiraf edirdi ki, fəhlələr seçki hüquqlarından məhrum olduqlarına görə, hökumət üzvlərindən heç kəs onların mənafelərini müdafiə etmir. Mill inanmırdı ki, hökumət üzvləri fəhlə sinfinin mənafelərini qəsdən öz xeyirləri üçün qurban verirlər, bununla belə o, sual edirdi: "Görəsən, parlament və ya onun üzvlərindən hansısa biri, heç olmasa bircə dəfə, heç olmasa bir anlığa bu problemə əməkçi insan gözü ilə baxıbmı?! Bilavasitə, əməkçiyə aid məsələ qaldırılanda, məgər bu məsələyə, fəhlələrin öz nöqteyi-nəzəri istisna olmaqla, bütün qalan nöqteyi-nəzərlərdən baxılmırmı?"

Qədim respublikaların kölələri də, son dövrlərə qədər bütün bəşər tarixi ərzində qadınlar da, formal olaraq azad hesab edilən, əslində isə, demokratik hüquqlardan məhrum edilmiş insanlar da (məsələn, XX əsrin 60-cı illərinə qədər Amerikanın cənub ştatlarının qaradərili əhalisi və 90-cı illərin əvvəllərinə qədər Cənubi Afrikanın qaradərili əhalisi, habelə dünyanın bır sıra ölkələrindəki bir çox insan qrupları bu hüquqlardan məhrum edilmişdi) eyni əsaslarla bu sualı verə bilərdilər.

Bəli, soz yox ki, fərdlər və qruplar öz şəxsi xeyirlərini lazımınca dərk etməyə bilər. Söz yox ki, onlar öz mənafelərini tərsinə başa düşə bilər. Lakin tarix və təcrübə göstərir ki, heç bir halda yetkinlik yaşına çatmış vətəndaşlar qrupu özünə ziyan vurmadan, öz üzərində hökmranlıq etmək ixtiyarını başqa qrupa verə bilməz. Bundan isə çox mühüm nəticə hasil olur.

Yəqin yadınızdadır ki, 4-cü fəsildə demokratiya meyarlarını sadalayarkən, demişdim ki, beşinci meyarın müzakirəsinə bir qədər sonra qayıdacağıq (bax: 4-cü cədvəl, 4-cü fəsil). Axırıncı fəsil kimi, bu fəsil də bizə belə bir nəticəyə gəlməyə əsas verəcək ki, demokratik idarəetmə forması mütləq bu meyara da cavab verməlidir. Onu bu cür formullaşdırmaq olar: Hamılıqla idarəetmə. Demokratik ölkənin vətəndaşlar korpusuna mövcud ölkənin yurisdiksiyasında olan - orada müvəqqəti yaşayanlar və fəaliyyət qabiliyyəti olmayanlar istisna edilməklə - bütün şəxslər daxil edilməlidir.

Bununla belə, "siyasi qəyyumluq" sistemi tərəfdarlarının dəlillərini birdəfəlik rədd etmək və siyasi bərabərliyi ideal qismində qəbul etmək üçün daha bir neçə çətin problemin həlli yollarını tapmaq məcburiyyətindəyik.

R.Dahl qeyd edir ki, vətəndaşların və hökumət məmurlarının mütəxəssis köməyinə ehtiyacları varmı? Əlbəttə, var! Demokratik dövlətin normal fəaliyyət göstərə bilməsi üçün xüsusi biliyi olan ekspertlərin fəaliyyəti nəinki vacibdir, həm də hava kimi, su kimi zəruridir.

Cəmiyyətin siyasi həyatı hərdən çox mürəkkəb olduğundan (yəqin, vaxt ötdükcə, o, daha da mürəkkəbləşəcəkdir), heç bir hökumət yüksək ixtisaslı mütəxəssislərin köməyi olmadan münasib qərar qəbul etmək gücündə deyildir. Adi həyatda biz ekspertlərin rəyinə əsaslanmağa məcbur olduğumuz kimi, hökumətlər, xüsusilə demokratik hökumətlər də məsləhətsiz ötüşə bilməzlər. Siyasi qərar qəbul edərək, həm demokratik meyarlara sadiq qalmaq, siyasi bərabərliyi dəstəkləmək, həm də, eyni zamanda ekspertlərin fikir və biliyinə arxalanmaq - bu, demokratların daim həll etməli olduqları çox ciddi məsələdir. Lakin bura onu araşdırmaq yeri deyil.

Vətəndaşlar bu işdə səriştəli olmaq istəyirlərsə, onda onların səriştə qazanmalarına yardımçı ola biləcək siyasi və ictimai institutlara ehtiyac varmı? Əlbəttə, var! İctimai problemlərin mahiyyətini dərindən dərk etmək imkanı - bu, yalnız demokratiyanın tariflərindən biri deyil, həm də onun irəli sürdüyü tələbdir.

Müəllif yazır: "Mən demirəm ki, vətəndaşların əksəriyyəti səhv addım atmaqdan sığortalanıb. Onlar səhv edə bilərlər və edəcəklər. Məhz buna görə demokratiyanın tərəfdarları həmişə təhsilə böyük əhəmiyyət verirlər. Vətəndaşlıq maarifi isə yalnız formal təhsil deyil, həm də ümumi diskussiyaları, müzakirələri, bir-birinə zidd rəylərin toqquşmasını, etibarlı informasiyadan sərbəst istifadə etmək imkanlarını və açıq cəmiyyətin digər atributlarını tələb edir.

Lakin fərz edək ki, vətəndaşlıq səriştəsinin inkişafına kömək edən institutlar kifayət qədər inkişaf etməyib və vətəndaşlar bilmirlər ki, öz hüquq və maraqlarını necə qorusunlar. Bu halda necə hərəkət etməli, hansı yolu tutmalı? Bu suala cavab almaq üçün əvvəlki səhifələrdə gəldiyimiz nəticələri xatırlamaq faydalı olardı.

• Biz anadangəlmə bərabərlik prinsipinə etiqad edirik, yəni belə hesab edirik ki, bir insanın xeyri başqa bir insanın xeyrinə əzəldən bərabərdir.

• Dövlət idarəetməsində tətbiq etdiyimiz prinsipə əsasən, hökumət bu və ya digər qərarları qəbul edərkən, bu qərarın aid olduğu bütün insanların xeyir və maraqlarını eyni dərəcədə nəzərə almalıdır.

Biz "siyasi qəyyumluq" sistemini başqa bir prinsipi həyata keçirmək naminə rədd edirik: yetkinlik yaşına çatmış vətəndaşların heç biri dövlət idarəetməsi məsələlərində öz səriştəliliyi ilə digərlərini o dərəcədə üstələmir ki, ölkə üzərində tam və qəti hakimiyyəti ona etibar etmək mümkün olsun.

"Siyasi qəyyumluq" prinsipi əvəzinə, biz hamılıqla iştiraketmə prinsipinə razı olduq, yəni demokratik ölkənin vətəndaşlar korpusuna bu ölkənin yurisdiksiyasında olan, orada müvəqqəti yaşayanlar və fəaliyyət qabiliyyəti olmayanlar istisna edilməklə, bütün şəxslər daxil edilməlidir.

Bütün bunlardan aşağıdakı nəticəyə gəlmək olar: vətəndaşlıq maarifi institutları yetərincə inkişaf etməmişsə, onda bizi yalnız bir qərar qane edə bilər - onları möhkəmləndirmək. Biz, yəni demokratik ideyalara inananlar cəmi insanlara zəruri bilikləri vermək üsullarını axtarıb tapmağa borcluyuq."

Demokratik ölkələrdə XIX-XX əsrlərdə meydana gəlmiş vətəndaşlıq maarifi institutları, güman ki, sonralar müvafiq tələblərə cavab vermək zorunda deyildi. Buna görə, demokratik ölkələr əvvəlki institutlara əlavə olaraq yenilərini yaratmalıdır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər