PDF Oxu

MİA

  • 14 064

ÜÇÜNCÜ NƏSİL İNSAN HÜQUQLARI

image

Dünya ölkələrinə münasibətdə hüquqi dövlət quruculuğundan danışdıqda, ilk növbədə, hər bir dövlətin suverenliyi, inkişaf xüsusiyyətləri, hazırkı vəziyyəti, həyata keçirdiyi islahatlar və hədəflənən məqsədlər ön plana çəkilir.

İnkişaf edən ölkələrdə, o cümlədən Azərbaycanda hüquqi dövlət quruculuğnda insan hüquqları mühüm yer tutmaqla, həyatın bütün sahələrini əhatə edir. Bu prosesdə insanlar azadlıq, bərabərlik və insan ləyaqətinə hörmət mühitində təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq, inkişaf etmək və s. imkanlar əldə edir.

Azərbaycan Respublikasının Konstitusiyasında da, həm birinci nəsil (klassik) insan hüquqları, yəni vətəndaş və siyasi hüquqlar, o cümlədən bu hüquqların tərkib hissəsini təşkil edən məhkəmə təminatı ilə bağlı olan hüquqlar, həm də ikinci nəsil insan hüquqları, yəni iqtisadi, sosial və mədəni hüquqlar təsbit olunmuşdur. Eyni zamanda, müəyyən mənada, konstitusiyada yeni nəsil hüquqlarının, yəni həmrəylik hüquqlarının əks olunduğunu da deyə bilərik. Mütərəqqi haldır ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruculuğu tarixində ilk dəfə olaraq, insan hüquqlarının təbii xarakter daşımasını özündə əks etdirmişdir.

Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi ölkə konstitusiyasının 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Bu müddəa ölkədə insan hüquqlarına böyük önəm verilməsini nəzərdə tutmaqla yanaşı, konstitusiyada sadalanan insan və vətəndaş hüquq və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğunu bəyan edir.

İnsan hüquqlarının yuxarıda qeyd olunmuş tərkib elementlərinin cəmləşdiyi və bu gün formalaşmaqda olan üçüncü nəsil hüquqlar sistemi də bu baxımdan fərqləndirilir.

Üçüncü nəsil hüquqları (həmrəylik hüquqları) - bu hüquqlar yeni olmaqla yanaşı, təşəkkül mərhələsini keçir. Bir çox hallarda əxlaq və hüququn qarşılıqlı əlaqəsi müəyyən mübahisələrə yol açır. Universal dəyərlər və əxlaq normaları arasında olan əlaqə də insan hüquqlarının araşdırılması baxımından olduqca önəmlidir.

Yaşadığımız kataklizmlərlə, mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan dövrdə qarşımızda duran mühüm məsələlərdən biri istər ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər və millətlər arasında ayrı-seçkiliyin bütün təzahür formalarını aradan qaldırmaqdır. Başqa sözlə, insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək, davamlı inkişafa nail olmaq, təhlükəsiz və sağlam ətraf mühit, bərabərhüquqlu cəmiyyət formalaşdırmaq və s. məqsədlər bu qəbildəndir.

Sülh hüququ. Bu hüququ dünyada ədalətin əsası olan və riayət edilməsi başlıca olaraq, bir tərəfdən həqiqi demokratik siyasi rejimlə, digər tərəfdən onların sadiq qaldığı insan hüquqlarını hamının anlaması və riayət etməsi ilə təmin olunan münasibətlərə aid etmək olar.

Sülh mədəniyyəti, həmçinin, sərbəst mübadilə və sərbəst informasiya axını ilə fərqlənir. Sülh mədəniyyəti güclə qəbul etdirilə bilməz. Bu, müəyyən bir xalqın nümayəndələrinin inandırması və təsiri əsasında inkişaf edən bir prosesdir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq, özünəməxsus şəkildə inkişaf edir.

Sülh mədəniyyəti - daima səy və yardım tələb edən uzun bir prosesdir və yalnız münaqişənin olmaması kimi qəbul edilməməlidir. Bu münasibətlər, həm də güc işlətməyə, insanların fundamental hüquq və azadlıqlarına hörmətə əsaslanan dəyərlər, əxlaq normaları və bunlara yanaşmaq qaydalarının vəhdətini təşkil edir.

YUNESKO-nun təşəbbüsü ilə 2000-ci il rəsmən "Sülh mədəniyyəti ili" elan edildi, Nobel mükafatları laureatlarının təşəbbüsü əsasında 2000-ci ildə sülh manifesti hazırlandı və YUNESKO bu təşəbbüsü bəyəndi. Azərbaycan Respublikası "Sülh manifesti"ni" imzalayan ilk dövlətlərdən biri oldu.

Dözümlülük qarşılıqlı anlaşma və ehtiram üçün əsas təməl rolunu oynayır. Bu, dünya mədəniyyətlərinin zəngin fərqliliyin çiçəklənməsinə şərait yaradan yaşayış tərzidir. O, təkcə dinlərin bir-birinə yaxınlaşması deyil, onların bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.

1995-ci il tarixli YUNESKO-nun "Dözümlülük haqqında Prinsipiər Bəyannaməsi"ndə deyildiyi kimi, dözümlülük "sülhü mümkün edən müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz olunmasını təbliğ edir".

Surətlə genişlənən qloballaşma, səfərbərlik və qarşılıqlı asılılığın hökm sürdüyü hazırkı əsrdə dözümlülüyün təbliğ edilməsi, xüsusilə əhəmiyyətlidir. Müxtəlifliyin misilsiz müsbət keyfiyyət olmasına baxmayaraq, o da gərginliyin yaranmasında mənbə ola bilər. Dözümlülük potensial konfliktləri zəiflədə bilər. Bu, irqi nəzəriyyələrin və mədəni üstünlüyün meydana gəlməsinin qarşısının almasında yardım edir və cəmiyyətlərə uzunmüddətli xurafatlar və neqativ stereotiplərin öhdəsindən gəlməyə kömək edir.

Üçüncü nəsil hüquqlar sisteminə daxil olan inkişaf hüququ insani inkişaf prosesinin mərkəzində yerləşməklə, insan inkişafının əsas iştirakçısı kimi çıxış edir.

İnkişaf hüququ bütün insan hüquqlarının və əsas azadlıqlarının bölünməzliyi, həmçinin qarşılıqlı asılılığı prinsipinə əsaslanmaqla, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi ilə sıx bağlıdır.

İnkişaf hüququ sahəsində əsas mənbə olan, həmçinin inkişaf hüququnun həyata keçirilməsinin vacibliyini vurğulayan sənədlər qismində BMT Baş Assambleyasının qəbul etdiyi "İnkişaf hüququna dair Bəyannamə", "İnkişaf hüququna dair Qətnamə", habelə, Vyana Bəyannaməsi və Fəaliyyət Proqramını göstərmək olar.

1986-cı ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş "İnkişaf hüququ haqqında" Bəyannamənin Preambulasında inkişafın bütün əhalinin və bütün şəxslərin inkişafda və onun gedişində yaradılan nemətlərin ədalətli bölgüsündə fəal, azad və konstruktiv iştirakı əsasında onların rifahının durmadan yüksəldilməsinə yönəldilmiş hərtərəfli iqtisadi, sosial, mədəni və siyasi proses olduğu göstərilir. İnkişaf hüququ insanın ayrılmaz hüququdur və buna müvafiq olaraq hər bir insan və bütün xalqlar insanın bütün hüququ və əsas azalıqlarını tam həyata keçirə biləcək iqtisadi, sosial, mədəni və siyasi inkişafda iştirak etmək və onun nemətlərindən istifadə etmək hüququna malikdir.

Bəyannamənin tələbinə görə, insan inkişaf prosesinin əsas subyektidir və inkişaf hüququnun fəal iştirakçısı və benefisiarı olmalıdır. Dövlətlər inkişaf hüququnun həyata keçirilməsi üçün milli səviyyədə lazım olan bütün tədbirləri görməli və məsələn, ehtiyatlara yol tapmağa, təhsilə, səhiyyəyə, qidalanmaya, mənzilə, məşğulluğa və gəlirlərin ədalətli bölgüsünə aid məsələlərdə hamı üçün inkişafın bərabərliyini təmin etməlidirlər. Qadınların inkişaf prosesində fəal rolunu təmin etmək üçün təsirli tədbirlər görülməlidir. Bütün sosial ədalətsizlikləri ləğv etmək məqsədilə müvafiq iqtisadi və sosial islahatlar keçirilməlidir. Bəyannamənin 10-cu maddəsində birbaşa göstərilir ki, milli və beynəlxalq səviyyələrdə siyasi tədbirlərin, qanunvericilik tədbirlərinin və digər tədbirlərin işlənib hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi daxil olmaqla, inkişaf hüququnun tam həyata keçirilməsini və durmadan möhkəmləndirilməsini təmin etmək üçün bütün tədbirlər görülməlidir.

Əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla, yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" ilə təsdiq edilmişdir.

Gəlirlər əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında mühüm vasitə olsa da, o, yoxsulluğun azaldılmasına təsir edən yeganə amil deyildir. Ölkədə yoxsulluq probleminin həll edilməsi əhalinin gəlir səviyyəsinin artırılması ilə yanaşı, sosial sahədə göstərilən xidmətlərin də inkişaf etdirilməsini zəruri edir. Bu baxımdan, körpə və uşaq ölümü, ana ölümü, ərzaq təhlükəsizliyi və uşaqların qidalanması, yoluxucu xəstəliklərin yayılması, məktəbdə davamiyyət və qeydiyyat səviyyələri, habelə təlim nailiyyətləri kimi göstəricilərin monitorinqinin aparılması mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanmaqla həyata keçirilən fəaliyyət də bu qəbildəndir və əsas məqsədlərdən biri də demokratik cəmiyyətin, şəffaf ictimai münasibətlər sisteminin formalaşdırılmasına dəstək vermək, insan hüquqları sahəsində də islahatların daha geniş şəkildə həyata keçirilməsinə nail olmaqdır.

Beynəlxalq təcrübə göstərir ki, iqtisadi artım vasitəsilə ölkənin bütün regionlarında və iqtisadiyyatın müxtəlif sektorlarında məşğulluq və gəlir əldə etmə imkanlarını genişləndirməklə, uzunmüddətli dövrdə yoxsulluğun azaldılmasına nail olmaq mümkün olsa da, cəmiyyətdə hər zaman maddi durumu dövlətin sosial müdafiə sistemindən asılı olan insanlar mövcud olacaqdır. Həssas qrupların sosial müdafiəsinin səmərəli təşkil edilməsi dövlətin əsas vəzifəsidir. Sosial müdafiə sistemi ölkənin sərvətinin müəyyən bir hissəsinin cəmiyyətin varlı təbəqəsindən yoxsul təbəqəsinə istiqamətləndirilməsində əhəmiyyətli hesab edilən mexanizmlərdən biridir.

Qeyd olunmalıdır ki, sosial müdafiə sistemi əhalinin yoxsulluqdan davamlı müdafiəsi üçün uzunmüddətli həlli yolu hesab edilə bilməz. Bu sahədə müxtəlif ölkələrdə toplanmış təcrübə göstərir ki, sosial müdafiə sahəsinin qeyri-mütənasib şişirdilməsi, əslində insanlarda ələbaxımlılıq meyillərinin güclənməsinə gətirib çıxarır. Bu isə, nəticə etibarilə, iqtisadi aktivliyə mənfi təsir etməklə, iqtisadi inkişafı əngəlləyən amildir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər