Haqqı deyənlər, yazanlar, dilə gətirənlər doğrudan-doğruya hər zaman öndə olublar. Bununla yanaşı, vaxtilə təqib olunublar, incidiliblər, zindanlara salınıblar, əziyyətlər çəkiblər, şərləniblər. Amma onlar dəmir barmaqlıqlar arasından da xalqa öz sözlərini çatdırmağı bacarıblar, başa düşüblər ki, haqq, haqqı müdafiə, haqqı dilə gətirmə Allahın töhfəsidir, Allahın istəyidir.
Odur ki, insanın bir çox vacibatları yerinə yetirməsinin əsas hədəflərindən biri İlahi dərgahında olmasının fərqinə varmaqdır.
Ziyadxan Həbibbəyli və İsrafil Cəlilbəylinin "Beynəlxalq hüquq, idarəçilik və iqtisadiyyat" əsərində göstərir: "Haqqı deyən, ona iman gətirən, namaz qılan, oruc tutan, dinin digər vacib amillərini yerinə yetirən insan, bir çoxlarından fərqli olaraq, ünsiyyətdə, rəftarda daha mülayim və daha mehriban olmalıdır, Allahı unutmamalıdır.
Rəsuli-Əkrəm (S) buyurur ki, "Hər bir şeyin ən üstününü, xislətlərin ən dəyərlisini axtarın".
Peyğəmbərimiz (S) isə buyurur: "Onlar nifrət bəslədikləri kəsə zülm etmirlər (iman əhli, haqqı deyən) və sevdiyi şəxsə görə günaha batmırlar". Doğrudan da, imanlı insan, haqqı tanıyan hər kəs Allaha xatir zülm və haqqbasmadan çəkinir. O, nifrət bəsləyə bilər, kiminləsə düşmən ola bilər. Amma bu nifrət obyektinə belə, o, zülm etməz. Hər insan əhlinin sevgisi var, nifrəti var. Lakin imanlı insan haqqı, ədaləti heç zaman buraxmır. Sevdiyi insanın istədiyini yerinə yetirmək üçün də, hər hansı şəxs haram işlərin ardınca getməz, çünki bunun aqibəti və nəticəsi çox pis olur.
Rəsuli-Əkrəm (S) buyurur: "İmanlı şəxsin gözləri aşağı baxır, bağışlayan əli var, bir şey istəyəni geri qaytarmır, sözünü ölçüb-biçir və dilini lal edir". Fəsadlarla dolu günümüzdə çox diqqət edilməli kəlamdır."
İslam əxlaqına görə imanlı şəxs batili, hətta dostundan qəbul etməz, haqqı düşmənin də olsa inkar etməz, haqqdan keçməz, düşməndir deyə, təəsübkeşlik edib, haqqı basmaz, haqqı-nahaqqa verməz, hər şeyi uca Allaha görə edir. Digər tərəfdən haqqı qəbul etmək qabiliyyəti, insanın iman göstəricisidir.
Müəlliflərin fikrincə, imanla şəxs, həm də elm öyrənir, elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir. İmanlı şəxs elm oxumur ki, özünü reklam etsin, öyrənmir ki, kiməsə nəsə sübut etsin, əsas hədəf elmi öyrənməklə elmlənməkdir, elmlənməsi isə bildiyinə, əməl etmək üçündür. Əksər elmli adamlar həyatda bu əqidə ilə yaşayır və yaradırlar ki, onlar da Allahın tələbinə daha uyğundur, daha yaxındır.
İmanla bağlı imam Cəfər Sadiq (ə) buyurur: "İman 10 pilləsi olan və pillələri biri digərindən sonra qət edilən nərdivan kimidir. Buna görə də ikinci pillədən tutmuş, onuncu pillədə olanlara qədər, heç kəs birinci pillədə olana "Sən bir şey deyilsən" deməməlidir." Buradan bəlli olur ki, imanın pillələri var, insanların fərqli iman dərəcələri, səviyələri var. Lakin bu, o demək deyildir ki, yuxarı iman mərtəbəsində olan daha aşağıda olanlara həqarətlə baxsın.
Haqq, iman mövzusunda Əmirəl-mömin (ə) buyurur: "İnsanda üç xislət olmayınca imanın tamını dadmaz: dini bilik, bəlalar qarşısında səbr, məişət işlərini düzgün düzüb- qoşmaq".
Səbrlə bağlı mövzu da çox önəmlidir. İnsan bilmir nələrlə rastlaşacaq. Amma insanın daxilində olan qabiliyyət və istedadların üzə çıxması imtahanlardan keçir. Müxtəlif bəlalar, imtahanlar həmin kefiyyətlərin üzə çıxması üçündür. Səbr hissi insana bir dayanıqlıq verər, daxilində bir müqavimət yaradar. İnsan Allaha təvəkkül əhvalında yaşamalı və bəlalarla qarşılaşanda səbrli olmalıdır.
Z.Həbibbəyli və İ.Cəlilbəylinin adıçəkilən əsərində göstərilir ki, məişət mövzusu da insanın həyatında çox mühüm yer tutur. İnsan öz məiəşt məsələlərini doğru-düzgün sahmanlamalıdır, güzəranı ilə bağlı mövzuları dəqiq yerbəyer etməsə, imanlılıq zirvəsinə yetişə bilməz. Bu üç məqamın yerinə yetirilməsində söz, sözün deyiliş qaydaları çox vacib və önəmlidir. Yaxşı söz nə qədər müsbət hala səbəb olursa, yaman söz, yalan söz də bir o qədər əks-təsir qabiliyyətindədir. Yalan özlüyündə çox iyrənc bir hal olmaqla yanaşı, təsiri baxımından xeyli dərəcədə dağıdıcı mahiyyətlidir.
İmam Əli (ə) buyurub: "Sözlərin ən pisi yalandır". Sözün niyyətlər üçün tətbiqatı islam dini tərəfindən dönə-dönə pislənib. Bunların arasında insanı rüsvay etmək, abırını aparmaq üçün söz toplamaq vərdişi çox pislənmişdir.
Rəsuli-Əkrəm (s) buyurur: "Küfrün ən az dərəcəsi budur ki, insan öz qardaşı haqda bir söz eşitsin və onu bir gün rüsvay etmək üçün saxlasın. Belələrinin xeyir və yaxşılıqdan nəsibləri olmaz". Yaxud sözün təsiri barədə Həzrəti Əlidən (ə) nəql: imanlı olmaq istəyən hər kəs çalışmalıdır ki, imkanı daxilində islami dünyagörüşünü öyrənsin, zəruri məsələ bilsin.
Bunlardan ən barizi əziz islam Peyğəmbərinin (ə) buyuruğudur, "bütün varlıq aləmində Allah yolunda şəhadətdən daha üstün olan yaxşı bır əməl yoxdur" kəlamıdır.
Əməllər çoxdur, müxtəlifdir, onlar keyfiyyətə görə, kəmiyyətə görə, ixlaslıq dərəcəsinə görə və bir sıra başqa meyarlara görə təsnif olunurlar. Lakin sırf yaxşı əməlləri götürsək və onlar arasında ən yaxşısının hansının olması sualı ilə qayğılansaq, islam bizə öyrədir ki, Allah yolunda şəhid olmaq yolu bunların ən üstünüdür.
Təbii ki, burada dərin fəlsəfi fikir mövcuddur. İnsan öz yaradılışının hikmətini dərk edəndən sonra, elə bir mərtəbəyə yetişə bilir ki, yüksək amalların yaşadılması vəzifəsi onun üçün həyati əhəmiyyət kəsb edir. O, sanki öz həyatını bu amallara qatır, ömrünü bu kamilliklər içində həll edir.
İslam bu sırada bir istisna da edir. Şəhid qanından üstün olan bir məqam da var. Bu alimlərin mürəkkəbidir. İslamın nəzərində alimin mürəkkəbi şəhidin qanından daha üstündür. Yəni o qələmlər ki, şəhid yetişdirir, o mürəkkəbdir ki, şəhidlik zirvəsini ərsəyə gətirir, onlar şəhid qanından ağır gələr. O mürəkkəbdir ki, İlahi hikmətləri insanlara çatdırmaq üçün istifadə edilir, dəyəri şəhid qanından daha üstündür.
Z.Həbibbəyli və İ.Cəlilbəylinin əsərində göstərilir: "Burada söhbət hər hansı bir mürəkkəbdən getmir. İnsanları haqqa dəvət edən, haqq yola yönəldən alimin əməyini əks etdirən mürəkkəbdən gedir.
Digər tərəfdən islam tarixindən bəllidir ki, bütün mələklərin ən yaxşı üstünlükləri Məhəmməd Peyğəmbərdədir desək, yəqin ki, səhv etmərik. Desək ki, Rəsulullah (s) bütün insanların içindəki bütün nəcibliklərin və aliliklərin hamısının toplumunu özündə cəm edib, yanılmarıq. Dəyər adına aləmdə nə varsa, hamısı Peyğəmbərimizdədir (s).
Peyğəmbərlər (s) son həqiqəti dünyaya çatdırıb, Allah tərəfindən bəşəriyyətə qarşı yönəldilmiş qiyamətədək qalacaq təlimin çatdırıcısı olub. İmam Əli ki, onun vəliliyi elan olunmaqla, onun Peyğəmbərin (s) İlahi canişini kimi təqdim olunması ilə islam din olaraq Allah tərəfindən bəyənilib.
Müqayisədə, bir tərəfdə rəzilliyin, alçaqlığın, eybəcərliyin intəhasızlığı, digər tərəfdə şücaətin, fədakarlığın, rəhmətin, şəfqətin və ixlasin şahidliyi üzüzədir.
Müqəddəs şəxslərin islam yolunda şəhidliyi bizlərə çox böyük ibrət dərsidir və çox böyük incə mətləblərdən xəbər verir, insanların qəlbini riqqətə gətirir, hisslərimizin tərbiyəsini nizamlayır və bütün mənalarda öyrənməli, ibrət götürməli bir məktəbir, bir yoldur.
Bu yolu bizim hər bir gəncimiz, hər bir müəllimimiz, hər bir rəhbərimiz, hər bir ziyalımız, hər bir zabitimiz, hər bir əsgərimiz əxz etməlidir, dərs götürməlidir, bir örnək kimi qəbul etməlidir.
Əgər belə olsaydı, bu gün heç bir qüvvə bizlərə meydan oxuya bilməzdi. Əgər belə olsaydı, Osmanlı türkü bu gün 43 dövlətə bölünmüş torpaqlarını əlindən verməzdi. Əgər belə olsaydı, Qızılbaşlar Azərbaycan dövləti 13 dövlətə bölünməzdi, İrəvan xanlığı, Göyçə mahalı, Dilican dərəsi, Basarkeçər bölgəsi, 17 bölgədən ibarət böyük Zəngəzur sultanlığı, Yuxarı Qarabağ və ən nəhayət, Aran Qarabağ qaraçı köklü ermənilərin əlinə keçməzdi.
Keşməkeşli tarixi hadisələr, Turan türk dövlətlərinin, xaqanlıqlarının keçdiyi yollar məgər bizə dərs deyilmi? İstəsək həyatdan götürməli, öyrənməli məqamlar və hadisələr çoxdur.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə, fəlsəfə doktoru