PDF Oxu

MİA

  • 3 738

Əvhədinin xeyirxahlıq və insanpərvərlik idealları

image

Böyük mütəfəkkirin nəzərində sözün düzü də həmişə haqdan gələr. Ona görə də düz söz deyən dilləri susdurmaq günahdır, ədalətdən uzaqdır. Yerində, məqamında deyilən düz sözün faydalı olduğu kimi, yalanın və riyanın da zərərlı olduğundan danışan Əvhədi, xüsusilə də, xalqa söz yarası vurmağı pisləyirdi. O, sözə azadlıq, sərbəstlik verilməsinin tərəfdarı idi Özü firavan həyat sürüb, xalqa mövcud vəziyyətlə barışmağı "məsləhət" bilən adamlara düz olmağı tövsiyə edən mütəfəkkir xalqa yalan sözlərlə vədlər və təskinlik, əslində bununla ona mənəvi əzab verməyin əleyhinə idi.

Görkəmli hüquqşünas-alim Aqşin Quliyev yazır: "Əvhədinin fikrincə, xalqın taleyi və ümumi rifahı ilə bağlı olan rəhbər işçi laqeydlikdən uzaq olmalı, hamıya isti münasibət göstərməlidir. İnsanların qayğıları ilə maraqlanmaq, onlara mənəvi dayaq olmaq ədalətin tələb etdiyi şərtlərdən biridir.

Rəhbər şəxsin başqalarına münasbətdə göstərdiyi alicənablıq, eyni zamanda, buna ehtiyacı olan insanın ruhən sağlamlaşdırılması deməkdir. Ruh düşkünlüyünə düçar olmuş insana ən adi şirin bir söz, hətta nəvazişli diqqət onu düşdüyü vəziyyətdən çıxmağa kömək mütətəkkir insanlara göstərilən qayğıkeş münasibəti əxlaqi dəyərlərlə, adət və ənənələrlə əlaqələndirilir. Onun məntiqinə görə, öz mərdanə gözü ilə ədalətin tələblərini yerinə yetirən kəs insan səadətinə və xoşbəxtliyinə yol açır. Bunu əməlisalehlik kimi dəyərləndirən mütəfəkkir, başqasına yardım əli uzatmağı həmin adamı səadətə qovuşdurmaq qədər qiymətli hesab edir.Əvhədinin ideyasına görə, insana kömək etmək, kimi isə səadətə qovuşdurmaq da qədim adət-ənənələrlə bağlıdır. O, insan mənəviyyatının bu keyfiyyətinin hamının gündəlik vərdişinə çevrilməsini məqbul hesab edir.

Böyük mütəfəkkirin məntiqinə uyğun olaraq ulu əcdadların öyüd və nəsihətlərinə sadiqlik göstərən insan həmişə haqqın və ədalətin tərəfdarı olur. İnsan həyatının, ömrünün yaxşı-yamansız ötüşə bilmədiyini bütün aydınlığı və tamlığı ilə dərk edən Əvhədi təkcə yaxşılıqları və xeyirxahlıqları deyil, pislik və bədxahlıqları da haqqın hökmünə buraxmağı tövsiyə edir. Onun bu mövqeyindən belə nəticəyə gəlmək olur ki, mütəfəkkir ancaq yaxşılıq qarşısında deyil, edilən pislik müqabilində də insaf və ədalət cilovunu əldən verməməyi məsləhət bilir. Onun fikrincə, ədalətdən savayı nə varsa, hamısı insana yad olmalıdır."

Müəllifin fikrincə, Əvhədi zəiflərə və yoxsullara qarşı edilən ədalətsizliyi xüsusi pislik kimi qiymətləndirir. Kimliyindən asılı olmayaraq, zəif adama münasibətdə bədxahlığı heç kəsə rəva bilməyən humanist mütəfəkkir hamının şərəf və ləyaqətinəşəfqətlə yanaşmağı tövsiyə edir. İnsan əməyinin və zəhmətinin lazımınca qıymətləndirilmədiyi cəmiyyətdə, üstəlik şəxsiyyətin, xüsusən də, zəif və köməksizlərin hissiyatına toxunmaqdan hiddətlənən Əvhədi, insan qurumunun qorumasını cəmiyyət və dövlət üçün nöqsan hesab edir.

A.Quliyev yazır: "İnsana münasibətdə xeyirxah və insanpərvər idealların tərəfdarı kimi çıxış edən Əvhədi insanın arzu və istəklərinə diqqətli olmağı alicənablıq sayır. Onun nöqteyi-nəzərincə zəifin, yaxud yoxsulun arzusu və diləyi, əslində yalnız öz varlığını qorumaqdır. Yoxsulun bu diləyinin arxasında bir qarın çörək, bir içim su durur. Humanist mütəfəkkir insan qəlbini odlayan bu vəziyyətdən kədərlənir və zəmanəsinin rəzalətlərinə qarşı nifrətini gizlədə bilmir.

Əvhədi harayı və ehtirazı təkcə zəhmətsiz var-dövlət sahibi olmuş əsilzadələrə deyil, həm də öz haram varından sanki başı gicəllənən qudurğanlara və namərdlərə ünvanlanmışdı. İnsanlıq qarşısında öz təqsir və cinayətlərini, bədxahlıqlarını və bütün çirkin əməllərini pərdələməyə çalışan müftəxor mənsəb sahiblərini sağdan və soldan bütün kəskinliyi ilə ifşa edən Əvhədi, eyni zamanda da min cildə girmək istəyən bu ünsürlərin riyakarlığından sanki dəhşətə gəlirdi. Mütəfəkkiri qəzəbləndirən hallardan biri də cəmiyyətin boynunda yükə çevrilmiş həmin əsilzadələrin həyasızcasına öz vəziyyətləri ilə bağlı yalandan fəryad qoparmaları idi. Əvhədi bunu əsl nakişilik hesab edir və kişi donuna girmiş belə yaramazların mənəviyyatsızlığını və simasızlığını tənqid edir.

Onun fikrincə, Əvhədinin sosial ədalətə dair fikirlərinin böyük hissəsi dövləti və cəmiyyəti idarəetmə qaydaları, hökmdar fəaliyyəti ilə bağlıdır. O, cəmiyyətdəki nöqsanları və xalqın həyat şəraitindəki dözülməz vəziyyəti hökmdarların xalqa münasibətlərindəki laqeydliyin nəticəsi kimi qiymətləndirir və göstərirdi ki, dünya işlərinin mürəkkəb vəziyyətə düşməsi hökmdarların dövlət işlərinə biganəliyinin göstəricisidir. Şübhəsiz ki, belə mürəkkəbliyin ağırlığı və onun nəticələrinin aradan qaldırılması, ilk növbədə zəhmətkeş kütlənin üzərinə düşür. Mütəfəkkir yaşadığı zəmanəni və hökmdarların idarəetmə fəaliyyətini səciyyələndirərək yazır: "Dünya özünün ağır dövrünü yaşayır və bu, onun nəticəsidir ki, dövlət başçıları yerlərdəki vəziyyəti blmirlər".

Əvhədinin məntiqinə uyğun olaraq xalqın ağır sosial-maddi vəziyyəti feodal-idarəetmə üsulunun naqisliyinin bariz nümunəsidir. Məzlumlara qarşı edilən zorakılıqları və haqsızlıqları aradan qaldırmağı hökmdarlara xatırladan humanist mütəfəkkir onları insaf və mürüvvətdən yayınmamağa çağırırdı. O, cəmiyyətin sərt və ədalətsiz qanunlarla idarə olunmasına etiraz səsini ucaldır.

Böyük mütəfəkkir müasiri olduğu cəmiyyətin sosial-siyasi problemlərinə münasibət bildirərkən bir çox məsələlərin həll olunmasını zəruri sayırdı. Şəxsiyyətin cəmiyyətdə yeri, rolu və vəzifəsi, insanın əxlaqi tərbiyəsi və əməli fəaliyyəti, mövcud dövlət quruluşunun dəyişdirilməsi və buna nail olunması yolları, ədalətli qanunlarla idarə edilən cəmiyyətin yaradılması üsulları Əvhədini ciddi düşündürən məsələlər olmuşdur. Artıq qeyd olunduğu kimi, düzlüyün və mənəvi təmizliyin carçısı olan Əvhədi, əyintilikləri və sosial çirkinlikləri zülm qədər mənfur hal hesab edir.

A.Quliyev bir daha yazır: "İnsana, cəmiyyətə qarşı hər cür zorakılığı kəskin tənqid edən Əvhədi dövləti idarəetmə işlərinə alicənab, vicdanla xalqa qayğı və nəvazişlə yanaşa bilən şəxslərin cəlb olunmasını tövsiyə edir. Onun fikrincə, dövlətin idarə olunmasına xislətində təmizlik və dərin ədalət, mərhəmət hissı olan, haqqı nahaqqa verməyən insanlar dəvət edılməlidir. Əks-təqdirdə, idarəetmənin həyata keçirilməsində özbaşınalıqlar yaranar, səbatsız, sosial-iqtisadi və siyasi işlərdə səriştəsı, zəruri biliyi olmayan şəxslərin nadanlığı üzündən hərc-mərcliklər ərşə qalxar. Cəmiyyət və dövlət üçün bundan qeyri-normal, böhranlı vəziyyət ola bilməz. Məhz bu nöqteyi-nəzərdən də mütəfəkkir, cəmiyyəti idarəetmə işlərində bilikli və təcrübəli insanların çalışmasının, faydalı tədbirlərin həyata keçirilməsinə tədbirli və bacarıqlı şəxslənn cəlb olunmasının tərəfdarı kimi çıxış edir.

Görkəmli mütəfəkkirin sosial-siyasi ideyalarında xalqın mənafeyinin müdafiəsilə bağlı olan fikirləri onun cəmiyyətin qüsurlarının tənqidinə dair mövqeyi ilə həmahəng səslənir. O, cəmiyyyətdə möhkəm qayda-qanun yaradılmasını və ədalət qanunlarının işləməsini cəmiyyəti nöqsanlardan təmizləməyin başlıca amillərindən biri hesab edir. Əvhədinin ideyasına görə, nöqsanların aradan qaldırılması və zorakılıqlara yol verilməməsi xalqın mənafelərinin qorunması ilə yanaşı, həm də cəmiyyətdə haqqın və ədalətin bərpa olunması, qanunlara əməl edilməsi deməkdr. Bu isə, öz növbəsində hökmdarlardan və yüksək vəzifəli dövlət məmurlarından ciddi məsuliyyət hissinə malik olmağı zəruri edir.

Əvhədi müasiri olduğu cəmiyyətdə dövlətin mahiyyətini və təbiətini sosial ədalətin tələbləri daxilində zəmanəsinin hökmdarlarının şəxsi keyfiyyətləri əsasında aydınlaşdırmağa səy göstərir. Şübhəsiz ki, bu zaman o, hökmdarın yeritdiyi dövlət siyasətinin məzmununu da diqqətdən yayındırmır. Mütəfəkkirin sosial-siyasi ideyalarının ədalətlə bağlı hissəsi dövlət başçısının şəxsi keyfiyyətləri ilə onun siyasətinin vəhdətinin sintezindən doğur. Belə ki, yüksək əxlaqi keyfiyyətlərlə müdrik və ağıllı siyasətin qarşılıqlı vəhdəti cəmiyyəti və dövləti idarəetmə işlərində sosial ədalətin təntənəsidir."

O, qeyd edir ki, Əvhədinin məntinqinə uyğun olaraq hökmdarlıq və səltənəti ilahinin qismətidir. Mütəfəkkir Qədim Şərqin sosial-siyasi və hüquqi ideyalarına, eləcə də, Qədim Şərq dini-siyasi və fəlsəfi fikrinə söykənərək, şahları yer üzərində Allah iradəsinin ifadəçisi kimi qiymətləndirir. Onun mülahizəsinə görə, "padşah Tanrının kölgəsidir", lakin hamısı "zülmkar olan deyil, ancaq adil padşah" belə hakimiyyətin daşıyıcısı ola bilər.

Ölkədə möhkəm nizam-intizam yaradılmasını, cəmiyyət üzvlərinin ədalətli qanunlarla tərbiyəndirilməsini, xalqın haqqının tapdalanmasına yol verilməməsini, sosial-iqtisadi, siyasi və mədəni tərəqqinin, təsərrüfat yüksəlişinin gedişinə nəzarət olunmasını, bütün bunların nəticəsində əmin-amanlıq və bolluq yaradılmasını, habelə rəiyyətin ümumi rifahının yüksəldilməsini hökmdar üçün mühüm vəzifə hesab edən Əvhədi, şahlara ağılla yaşamağı və ayıq olmağı tövsiyə edir. Mütəfəkkirin fikrincə, hökmdar hər şeydən xəbərdar olmalı, dünyada belə, baş verənlərin gedişini izləməlidir.

A.Quliyev sonda yaır: "Görkəmli mütəfəkkir müasiri olan hökmdarlardan ədalət, insanpərvərlik və səxavət tələb etməklə yanaşı, onlara dövləti soyuq beyinlə, tədbirlə idarə etməyi də tövsiyə edir. Əvhədinin mülahizəsinə görə, yalnız o hökmdar ədalətli və müdrik sayıla bilər ki, o, xalqın vəziyyətilə maraqlanmağı heç zaman unutmasın, yaxşını-yamandan seçə bilsin. Hökmdar ölkədə baş verən çaxnaşmaların qarşısını vaxtında almalı, asayişin qorunmasına nəzarət etməlidir. Mütəfəkkirin mövqeyinə uyğun olaraq, əgər ədalətli hökmdarsansa, "çubuq kifayətdir, zülmə yol vermə". Ədalətli hökmdar "qılıncla tutub öldürməməlidir". Bunu bilən hökmdar "ədldən uzaq olmamalıdır." Bundan savayı, hökmdar dövlət işlərinə laqeyd olmamalıdır. Hökmdarın laqeydliyi, cəmiyyət və dövlət işlərindən xəbərsiz olması onun bədbəxtliyidir.

Orta əsrin Azərbaycan mütəfəkkiri sosial ədaləti sanki dövlət atributlarından biri hesab edir. Onun nəzərində, hətta başı üzərində qaldırdığı bayraq "ədalət donludur". Əvhədinin fikrincə, etiraz və narazılıqların qarşısının alınması, hiddətli və qəzəbli məqamların aradan qaldırılması, habelə fitnəkarlıqlara yol verilməməsi üçün "ədalətdən sipər yaradılmalıdır". Bundan ötrü dövlət başçısının təşəbbüskar olması da kifayətdir. Məhz tədbirli hökmdar qüsurları aradan qaldırmaq iqtidarındadır. Tanrının kölgəsi olmaq keyfiyyəti də ona elə bundan ötrü verilmişdir.

Əvhədinin təbirincə, hökmdar üçün ədalət mərdlik nişanəsidir. Ona görə də "şahlar ancaq ədalət üçün yaşamalıdır". Hökmdarın bütün varlığı sanki ədalətə bağlıdır. Deməli, ədaləti olmayan dövlət başçısı, əslində yaşamır. Ədalət üçün yaşayan hökmdar dövlətin sarsılmaz dayağıdır. Hökmdar ədaləti, cəmiyyəti və dövləti səadətə çatdırdığı qədər, zülmün və zorakılığın da qarşısının alınmasına xidmət edir. Yalnız ədalətli hökmdar zülmü məhv edə bilər. Hökmdarın ədalət əli zülm üçün sanki kəsərli qılıncdır. Bir əli ilə dünyaya səadət, xoşbəxtlik donu geyindirən ədalətli hökmdar, o biri əli ilə zülm üçün zindan tikir.

Humanist mütəfəkkirin nəzərində hökmdar ədaləti, eyni zamanda da bu əlahəzrət şəxsin müdrikliyinin bariz nümunəsidr. Müdrik, deməli, həm də hikmət sahibi olan hökmdar elmin və mədəniyyətin himayəçisidir. Əvhədi sonrakı mülahizələrində hökmdar ədaləti ilə onun mərdliyi və ağıllı tədbirlər həyata keçirmək qabiliyyəti, habelə elmə söykənən keçirdiyi islahatlar arasında möhkəm əlaqənin və müştərəkliyin olmasına toxunur.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər