Hazırkı dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçidin sonu ərəfəsində gənc Azərbaycan Respublikası üçün beynəlxalq hüquq məsələlərinin öyrənilməsi ümumi nəzəri xarakter daşıyıb, həm də çox böyük ictimai-siyasi əhəmiyyəti, Azərbaycanın, onun xalqının sülh, dostluq, bərabərhüquqlu dövlətlərin daha dinc yaşaması, əməkdaşlığı siyasəti yürütdüyünün beynəlxalq hüquqa söykəndiyini real addımlarla sübüt etməlidir.
Çünki bu istiqamətli inkişafın mühüm cəhətləri, biləvasitə dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquqla çox sıx surətdə bağlıdır.
Hüquqşünas Mərkəz Qacar yazır: "Ümumilikdə hər hansı bir hüququn məzmunu öz sinfinin maddi həyat tərzi ilə, onun əsasında hərəkət edən müvafiq dövlətin ictimai quruluşu ilə şərtlənir və müəyyən edilir.
Dövlət daxili hüquqdan fərqli olaraq, beynəlxalq hüquq bir neçə dövlətlərin arasındakı münasibətləri nizamlamağa xidmət edir. Yəni beynəlxalq hüquq dövlətlər arasındakı siyasi, iqtisadi, mədəni və digər münasibətləri qaydaya salan, tənzim edən hüquqi qanunların xüsusi bir sistemidir.
Müasir beynəlxalq hüququn digər əhəmiyyəti onun, quruluşundan asılı olmayaraq bütün dövlətlərin etiraf etməsi, demokratik norma və prinsiplərinin Azərbaycan kimi sülhsevər xalqların əlində təcavüzkarlığa qarşı mübarizədə, öz haqqını müdafiədə güclü bir hüquqi baza olması ilə izah olunur.
Məlumdur ki, hüquq, həm də siyasəti həyata keçirmək vasitələrinin biri, müasir dövrdə bəlkə də birincisidir. Ona görə də müasir beynəlxalq hüququ müxtəlif ictimai quruluşlu dövlətlərin mübarizə və əməkdaşlıq şəraitində qarşılıqlı münasibətlərdə rəhbər tutduqları və onların arasındakı iqtisadi, siyasi və mədəni münasibətləri, ümumi sülh və dinc yanaşı yaşamağı təmin etmək məqsədi ilə tənzim edən ümumtanınmış prinsiplərin və normaların məcmuyu adlandırılır. Bu hüququn qüvvədə olan əsas prinsipləri 1945-ci il iyunun 26-da San-Fransisko Konfransında ABŞ, İngiltərə, Fransa, Çin və SSRİ-nin iştirakı ilə 50 dövlətin nümayəndələri tərəfindən imzalanmış BMT Nizamnaməsində təsbit edilmişdir. İndii bu dövlətlərin sayı 3 dəfədən çox artmış, hər bir dövlətin beynəlxalq münasibətlərdə zor işlətmək, beynəlxalq mübahisələrin dinc yolla həlli, bir-birinin daxili işlərinə qarışmamaq, bütün xalqların suveren bərabərliyi və öz müqəddəratını təyin etmək hüququnu tanımaq, başqa ölkələrin dövlət suverenliyinə, ərazi bütövlüyünə və siyasi istiqlaliyyətinə hörmət etmək, öz beynəlxalq öhdəliklərini tam yerinə yetirmək BMT Nizamnaməsinin əsas məqsədlərindəndir".
Beynəlxalq hüququn bu prinsipləri 1970-ci ildə BMT Baş Məclisinin XXV Yubiley Sessiyasında qəbul olunmuş "Dövlətlərin dinc münasibətlərinə və əməkdaşlığına dair BMT Nizamnaməsinə uyğun olan beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə"də və 1975-ci ilin 1 avqustunda Finlandiyanın paytaxtı Helsinkidə Avropa təhlükəsizliyinə dair müşavirə iştirakçıları olan dövlətlərin ali rəhbərləri tərəfindən imzalanmış Yekun Aktında təsdiq olunaraq, daha da inkişaf etdirilmişdir. Bu problemlərlə yanaşı, xarici iqtisadi əlaqələri, elm və texnikanı inkişaf etdirmək və s. problemlərin hamısı haqlı olaraq müasir beynəlxalq hüququn rolunu daha da artırır, gücləndirir.
Müəllifin fikrincə, Azərbaycan Respublikasının xarici siyasət vəzifələrinin həllində də aktual olan müasir beynəlxalq hüququn öyrədilməsi, mənimsənilməsi özü-özlüyündə həm nəzəri və həm də əməli əhəmiyyəti şəksizdir.
Azərbaycan beynəlxalq hüquq elmi hazırkı dövrün ən mühüm beynəlxalq məsələləri olan dövlətimizin ərazi bütövlüyü, müharibədən çıxış, ədalətli sülh, Qafqaz Evi, Azərbaycan Respublikasının beynəlxalq imici və digər əməkdaşlığı inkişaf etdirmək sahəsində Azərbaycan dövlətinin beynəlxalq qanunçuluq uğrunda mübarizəsini nəzəri cəhətdən əsaslandırmalı, Ermənistanın təcavüzkarlığını, xalqımıza qarşı zaman-zaman apardığı soyqırımı, istismar və əsarət hallarını beynəlxalq aləmə beynəlxalq hüquq müstəvisi əsasında çatdırmalıdır.
Azərbaycan cəmiyyətinin məhsuldar qüvvələrinin, məhz hazırkı beynəlxalq əmək bölgüsünün dərinləşməsi və genişlənməsi şəraitində baş verən inkişafı, xalqlar və dövlətlər arasında iqtisadi, siyasi, elmi-texniki və sair əlaqələrin daha da genişlənməsi doğru olaraq beynəlxalq münasibətlərin digər ictimai münasibətlərə nisbətən daha çox genişlənməsinə səbəb olur, təkan verir.
Günümüzdə Azərbaycanın başqa dövlətlərlə əlaqələrinin genişlənməsi və əməkdaşlığın inkişaf etməsi ilə əlaqədar olaraq beynəlxalq hüquq sahəsində bilikli mütəxəssisələrə ehtiyac daha da artır. Ölkəmizin dövlət aparatında, xarici işlər nazirliyində, xarici ticarət, habelə nəqliyyat, rabitə, maliyyə, turizm, mədəniyyət, incəsənət, xarici idarə və birliklərdə, prokurorluq və məhkəmə idarələrində çalışan bütün işçilər müasir beynəlxalq hüququn əsaslarını bilmədən işlərini istənilən səviyyədə qura bilməzlər.
Beynəlxalq münasibətlərin inkişafının obyektiv qanunauyğunluqlarını bilmək, beynəlxalq həyat hadisələrini anlamaq və mövcud vəziyyəti düzgün qiymətləndirmək, dost və düşməni tanımağı bacarmaq və bütün Azərbaycan insanlarının mənafeyini daim müdafiə etmək dövlət və hökumət adamlarının siyasi-məfkurəvi fəaliyyətləri üçün də çox vacibdir.
Müəlliflər - Ziyadxan Həbibbəyli və İsrafil Cəmilbəyli beynəlxalq hüququn fəaliyyətdə olan və Azərbaycan üçün vacib sayılan beynəlxalq hüququn yaranması, inkişafı, anlayışı, mahiyyəti, əsas prinsipləri, beynəlxalq huquqda təcavüzkarlıq, BMT, NATO, ATƏT və Minsk Qrupu, erməni təcavüzünün beynəlxalq hüquqla qiymətləndirilməsi diplomatiya və konsulluq hüququ, dövlətlərin ərazi məsələləri beynəlxalq dəniz hüququ, vətəndaş vəziyyəti huququ, dil huququ, çirklənmiş mühitin mühafizəsinin beynəlxalq huququ dövlət qanunvericilik hüququ, ümumdünya insan haqqı və huquqları, iqtisadçının, mühasibin, əmtəəşünasın, müfəttişin, səhmdar cəmiyyətlərin, gömrükçülərin, hərbçilərin, dini və sair əməkdaşların, təşkilatların fəaliyyətlərinin beynəlxalq hüquqi əsaslarını təhlil etmişlər.
M.Qacar yazır: "Beynəlxalq hüquq inistitutu 1873-cü ildə Belçikanın Hente şəhərində Argentina, Belçika, İtaliya, Niderland, Rusiya, ABŞ, İsveçrə və Şotlandiyanın bir qrup tanınmış hüquqşünas alimləri tərəfindən yaradılmışdır. Beynəlxalq hüquq institunun əsas məqsədi beynəlxalq hüququn tərəqqisi və onun kodefikasiyasına yardım etməkdir.
İnstitut həqiqi üzvlər və müxbir üzvlərdən ibarətdir. Həqiqi üzvlər müxbir üzvlərdən seçilir. Həqiqi üzvlərin ümumi sayı 60-dan, müxbir üzvlərin sayı isə 72-dən çox olmamalıdır. Müxbir üzvlər institut tərfindən müxtəlif dövlətlərin alimlərindən və beynəlxalq hüquq sahəsində mütəxəsisilərdən seçilir.
İnstitutun əsas orqanı hər iki ildən bir çağırılan sessiyadır. Sessiyalararası müddətdə institutun işinə büro rəhbərlik edir. Sessiya həqiqi üzvləri və müxbir üzvləri prezident və 3 vitse-prezidenti, həmçinin, baş katibi seçir.
İnstitutun əsas fəaliyyət forması sessiyada institutun komitələri tərifindən hazırlanmış elmi mühazirə və tövsiyələri müzarikə etməkdir. Müzakirə nəticəsində sessiyada qətnamələr və konvensiya layihələri qəbul edilir. Onların bir qismi dövlətlərarası sazişlərin bağlanılmasında müəyyən təsirə malik olur.
İnstitut sülhün təmini və müharibə adət və qanunlarına riayət olunması işində öz töhfəsini verir, beynəlxalq münasibətlərdə ədalətli və humanizm prinsiplərinin təsdiqinə yardım edir.
İnstitut illik məcmuə olan "Annuare de İnsninun de Droit international" nəşr edir. Məcmuədə komitələrin məruzələr sessiyanın qəbul etdiyi tövsiyələr, elmi işlər haqqında məlumatlar və s. dərc olunur.
İnstitutun qərargah mənzili Brüsseldə yerləşir. Rəsmi dilləri ingilis və fransız dilləridir.
Hər bir dövlətin milli və daxili milli hüququndan fərqli olaraq, beynəlxalq hüquq, hüquqi münasibətlərin xüsusi bir sahəsini, dövlətlər arasındakı suveren münasibətləri, nizama salan bir sahədir. Yəni beynəlxalq hüququn predmetini xüsusi subyektlər arasındakı siyasi, iqtisadi, mədəni və s. qarşılılıqlı münasibətlərin məcmuyu təşkil etməlidir. Beynəlxalq hüquq daim inkişaf etdiyindən, onun elmi əsasları da, onun mahiyyətini, elmi anlayışını, onun subyektləri və obyektlərini, mühüm prinsiplərini, norma və institutlarının meydana gəlməsini, inkişafını və digər məzmununu öyrənməklə məşğuldur.
Müstəqil siyasi təşkilat olmaq etibarilə hər hansı mövcud dövlət öz inkişaf səviyyəsindən, gücündən, qüdrətindən, və siyasi arenada qabiliyyətindən asılı olmayaraq, beynəlxalq hüququn subyektləridirlər. Beynəlxalq münasibətlərdə subyekt kimi çıxış edən dövlətlər müəyyən hüquqlardan, xüsusilə də suveren hüquqlardan geniş istifadə etməklə yanaşı, müvafiq vəzifələr və beynəlxalq məsuliyyət də daşımalıdırlar. Çox təəssüf ki, bu, həmişə belə olmur. Bunun bariz nümunəsi fələstinlilərin 60 il, azərbaycanlıların isə 20 illik acı həyatlarındakı, hətta erməni-Azərbaycan münaqişəsini tənzimləməyi boynuna götürmüş ABŞ, Rusiya və Fransa bu beynəlxalq məsuliyyətlərini heç xatırlatmaq belə istəmirlər.
Hüquqi münasibətlərin digər növlərindən fərqli olaraq, beynəlxalq hüququn subyektləri başlıca olaraq dövlətlər və öz müqəddaratını təyin etmək hüququnu həyata keçirərək, milli dövlət yaratmaqda olan millətlər də sayıla bilər (Kosovo kimi). Lakin əgər millətin haradasa milli dövləti mövcuddursa (Yuxarı Qarabağ erməniləri kimi) o, subyekt ola bilməz.
Müəllifin fikrincə, beynəlxalq hüquqi münasibətlərin obyektinə gəldikdə isə, onun subyektliyi ilə sıx əlaqəli olub, beynəlxalq hüququn başlıca xüsusiyyətərindən birini təşkil edir. Bunlardan biri suveren dövlətlərin könüllü sazişə gəlməsi əsasında yaradılan və qarşılıqlı olaraq onların əxlaq qaydalarına zidd olmayan hüquq və vəzifələr də beynəlxalq hüququn obyekti ola bilər. Əslində, elə dövlətlərarası və ya hökumətlərəarası rəsmi münasibətləri mühüm orqanlar və dövlət xadimləri, diplomatlar, konsullar və s. kimi vəzifəli şəxslər icra edirlər. Qeyri-rəsmi ictimai təşkilat və cəmiyyətləri isə onların nümayəndələri təmsil edirlər ki, bunların hüquqi vəziyyəti milli qanunlarla, qismən də beynəlxalq sazişlərlə və s. müəyyənləşdirilir.
Beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına əsasən, subyektləri suveren olan dövlətlər və öz məzmunu etibarilə həmin subyektlər üçün qarşılıqlı hüquq və vəzifələr əmələ gətirən hər şey beynəlxalq hüquq və münasibətlərinin obyektidir. Dövlətlərin suveren hakimiyyəti ilə əlaqədar olaraq, müəyyən qrupa daxil olan fərdlərin hüquqi vəziyyəti və beynəlxalq müdafiəsi də (məsələn, Ermənistandan faciələr törədildikdən sonra qovulan Azərbaycan türkləri, müsəlman kürdləri, yunanlar, ruslar və s. kimi) milli azlıqların qovulması, yaxud genosid (məsələn, Xocalı, Bakı, Quba, Zəngəzur, Şamaxı, Xoy və s.) və s. kimi beynəlxalq cinayətlərə qarşı ümumi mübarizə beynəlxalq hüququn obyekti sayıla bilər.
Beləliklə, beynəlxalq hüququn obyektinin xarakteri və hüquqi təbiəti dövlətlərin suverenliyi, hüquq bərabərliyi və könüllülüyünə əsaslanan beynəlxalq hüququn spesifik xüsusiyyətləri ilə izah və müəyyən edilir. Lakin həmişə bu prinsiplər söylənilən hüquqi bazaya söykənmir ki, bu da ayrı-ayrı dövlətlər və xalqların narazılıqlarına səbəb olur və bəzən də digər beynəlxalq hüquq pozuntusununu determinantına çevrilir.
Yaşadığımız dövrdə də elmi-texniki tərəqqinin, habelə müxtəlif sahələrdə xalqlar və dövlətlər arasında beynəlxalq əməkdaşlığın getdikcə inkişaf etməsi (Azərbaycan kimi) nəticəsində, müasir beynəlxalq hüququn obyektləri genişlənir. Onlardan beynəlxalq hüququn atom enerjisində dinc məqsədlərlə istifadə, atom və nüvə silahının qadağası, kosmik fəzanın, dünya okeanının tədqiqi və istifadəsi, ətraf mühitin, ozon qatının qorunması və s. kimi yeni və hamı üçün vacib olan obyektlərdə yaranmışdır ki, burada da beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq hər bir dövlət və xalq üçün vacibdir.
Beynəlxalq hüquqda hüquqi normaların yaradılması, onun təmin edilməsi və məcburiyyət məsələsi də xüsusi qaydalarla tənzimlənir. Belə ki, beynəlxalq hüquq normaları burada iştirak edən subyektlərin-dövlətlərin özləri tərəfindən yaradılmalıdır. Yəni dövlətin daxili hüququndan fərqli olaraq, burada nə vahid qanunvericilik hakimiyyəti, nə də ki, qanunlar məcəlləsi mövcud deyildir. Elə bu baxımdan da, beynəlxalaq hüquq normalarının hüquqi qüvvəsi dövlətlər arasında qarşılıqlı razılaşma və sazişə gəlmə prinspilərinə, habelə müvafiq öhdəliklərə riayət edilməsində qarşılıqlı könüllülük prinsipinə əsaslanır, söykənir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru