Beynəlxalq hüququn normaları dövlətlərin və ya subyektlərin özləri tərəfindən, əsasən, müqavilə bağlanması, birtərəfli bəyanat, nota vermək yolu ilə, sazişə gəlmə yolu ilə və s. yaradılır. Onu da bilməliyik ki, beynəlxalq hüquqda beynəlxalq hüquq normalarını təmin etmək üçün xüsusi mərkəzləşmiş məcburiyyət aparatlarından ordu, polis, məhkəmə və s. yoxdur. Z.Həbibbəyli və İ.Cəmilbəyli yazırlar: "Bütün bunlara baxmayaraq, hər hansı bir hüquqda olduğu kimi, burada da xüsusi formada özünü göstərən müəyyən məcburiyyət vardır. Bax, bu məqamdan Azərbaycan istifadə etməklə, öz torpaqlarını azad etmək səlahiyyətindədir. Bir sözlə, hüquq normalarını yerinə yetirməyə məcbur edə biləcək bir aparat olmadan, hüquq heç bir şeydir. Odur ki, beynəlxalq hüquq normalarının qorunması dövlətlərin fərdi və ya kollektiv formada həyata keçirdikləri məcburiyyət ilə təmin edilə bilər. PKK-ya qarşı mübarizənin özü buna misal ola bilər, lakin indiki zamanda bu məcburiyyət BMT Nizamnaməsi əsasında və ya müvafiq qarşılıqlı yardım müqaviləsi ilə tənzimlənə bilər. Bu da Azərbaycana Yuxarı Qarabağda kiminləsə (dövlətlərlə), öz hüququnu bərpa etməyə hüquqi əsas yaradır. Hazırda kollektiv məcburiyət formalarının biri təcavüzkarlığa qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilməli olan tədbirlərdən ibarətdir. Bu nizamnaməyə əsasən, BMT özü ümumi məqsədlərə nail olmaq işində millətlərin razılaşdırılmış birgə fəaliyyəti üçün mərkəz rolunu oynamalıdır. Lakin çox təəssüflər olsun ki, BMT Nizamnaməsi əsasında sülhün və təhlükəsizliyin qorunması üçün nəzərdə tutulmuş məcburiyyət tədbirləri, bəzi hegemon dövlətlərin beynəlxalq meydanda amirlik siyasətinin aləti kimi də istifadə olunmuşdur. Burada da ikili standart fikri özünü neqativcəsinə göstərmişdir.
Hazırda, dövlətlərarası hüquq olan beynəlxalq hüquq, suveren dövlətlərin könüllülüyü, hüquq bərabərliyi əsasında yaradılan əməkdaşlığa əsaslanır, onun normalarının gözlənilməsi isə ya dövlətlərin özlərinin fərdi, yaxud kollektiv "özünəyardımı" formasında tətbiq edilən məcburiyyətlə, yaxud dünya ictimaiyyətinin gücü ilə təmin olunma siyasəti yürüdülür.
Beynəlxalq hüquq, bəhrələndiyi mənbələrinə görə də dövlətlərin daxili hüquqlarından xeyli fərqlidir. Belə ki, əsas mənbəyi milli qanunlardan ibarət olan dövlətin daxili hüququndan fərqli olaraq, beynəlxalq hüququn maddi və hüquqi mənbələri özünəməxsus xüsusiyyətləri ilə səciyyələnir. Hər bir dövrdə beynəlxalq hüququn hüquqi mənada mənbələri, əsasən, beynəlxalq müqavilələrdən, beynəlxalq adətlərdən və s. asılı olub, dəyişkəndir".
Beynəlxalq hüququn mənbələri ən çox - geniş maddi mənada və dar çərçivəli hüquqi mənada variatsiya edir. Geniş maddi mənada, beynəlxalq hüququn mənbəyi digər hüquq sahələrində olduğu kimi, onu meydana gətirən əsas qüvvə ilə, bünövrə ilə səciyyələnir.
Maddi mənada, beynəlxalq hüququn mənbəyi müasir beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin, xüsusən, hakim siniflərinin maddi həyat şəraiti ilə dövlətin maddi marağı, beynəlxalq hüquq normalarında öz ifadəsini tapır.
Bir sözlə, dövlətlərin, dövlət orqanlarının, onun nümayəndələrinin "böyük söz sahibi" qruplaşmalarının beynəlxalq meydanda əxlaq qaydalarını nizama salan üsullara, metodlara və formalara beynəlxalq hüququn mənbəyi deyilir. Hazırda beynəlxalq hüquqda məlum olan belə forma və üsullardan beynəlxalq müqaviləni, beynəlxalq adəti və xalqlar, millətlər tərəfindən etiraf edilən hüququn ümumi prinsiplərini misal göstərmək olar. Bu qanunların bütün dövlətlər üçün məcburiyyəti qeyri-ciddidir. Elə bu cür boşluqlardan xristian təəssübkeşliyindən, dövlətlərin məxsusi dövlət maraqlarının toqquşmasından istifadə edən ermənilər zəbt etdiyi, xarabazarlığa çevirdiyi Azərbaycan torpaqlarından çıxmaq fikri yoxdur, BMT qərarlarını qulaqardına vururlar.
Müəlliflərin fikrincə, beynəlxalq hüququn qeyd etdiyimiz kimi, təməl prinsiplərindən çox vacib olanlardan bəlkə də birincisi Beynəlxalq Müqavilədir. Beynəlxalq Müqavilə beynəlxalq hüquqi münasibətlər sahəsində dövlətlərin suveren hakimiyyətinə və hüquqlarına əsasən, öz hüquq və vəzifələrinə dair bağladıqları sazişdir ki, müasir beynəlxalq hüququn başlıca və əsas mənbəyi sayılır. Siyasi, iqtisadi və digər münasibətlər sahəsində iki və ya bir neçə dövlət (subyekt) arasında qarşılıqlı hüquq və vəzifələrin yaradılmasına, dəyişdirilməsinə və ləğv edilməsinə dair müəyyən formada tərtib edilmiş saziş beynəlxalq müqavilə hesab edilir. Beynəlxalq müqavilə dövlətlər arasındakı əməkdaşlığın ən geniş yayılmış forması olmaqla, mühüm hüquqi formasıdır. Beynəlxalq müqavilə, iştirakçı tərəflər (dövlətlər) üçün hüquq və vəzifələr yaradan ümumi hüquqi aktdır. Beynəlxalq müqavilə dövlətlərin könüllü sazişidir. Digər tərəfdən beynəlxalq müqavilə müəyyən dövrdə beynəlxalq aləmdə gedən mübarizə və əməkdaşlıq şəraitində mövcud siyasi qüvvələrin qeyd edilməsinin və möhkəmlənməsinin hüquqi formasıdır.
Beynəlxalq adət də, dövlətlər və xalqlar tərəfindən uzun müddət təcrübədə tətbiq edilərək hüquqi zəruriyyət əhəmiyyəti kəsb etmiş əxlaq qaydalırını özündə əks etdirir. Beynəlxalq adət də, beynəlxalq hüququn əsas mənbələrindən biridir. BMT Nizamnaməsi və Beynəlxalq Məhkəmənin Statusu üzrə də beynəlxalq adət beynəlxalq hüququn bir norması, bir mənbəyi hesab olunur. Beynəlxalq adətlərin bir qismi uzun müddət təcrübədə etiraf və tətbiq edildiyindən ümumqəbul edilmiş prinsiplərə çevrilir, hətta məcəllələşdirilir. Adət, davamlı bir forma olaraq qalarsa və tətbiq edilərsə, o, müsbət norma - qanun kimi qəbul edilir. Buna misal olaraq müharibə qanun və adətlərini göstərmək olar. Bu qaydalar 1899-cu və 1907-ci illərin sazişlərilə məcəllə formasına salınmışdır. Ancaq beynəlxalq adət baxımından da ermənilər türklərə və azərbaycanlılara qarşı aparılmış müharibələrdə heç bir adət və ya normaya sığışan qaydalara riayət etməmişlər.
Beynəlxalq hüququn yardımçı mənbələri də yetərincədir. Atom silahının, bakterioloji silahın, genosidin qadağan edilməsi, Ümumdünya Sülh Şurasının qətnamələri və müraciətnamələri də bu sırada olanlardır.
Beynəlxalq hüquq ilə dövlətlərin daxili hüququ arasındakı nisbət məsələsinə isə hər iki hüquq sisteminin vəhdətində və qarşılıqlı əlaqəsində baxılmalıdır. Azərbaycan üçün də bu, aktualdır.
Z.Həbibəyli və İ.Cəmilbəyli yazırlar: "Beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərın suveren iradəsini ifadə edən milli hüquq sistemi, xususən, daha mütərəqqi qanunlar başqa dövlətlərin və xalqların huquqi görüşlərinə müsbət təsir göstərir. Bu mənada, Azərbaycanda da bu məsələyə diqqətlə yanaşılmalıdır, gözləməli deyilik ki, hansısa bir beynəlxalq təşkilat, yaxud qüvvə belə qanunları qəbul etməyimizi bizə məcbur və ya tövsiyə etsinlər.
Hazırkı beynəlxalq hüquq elminin sistemini qısa xarakterizə etsək, görərik ki, beynəlxalq hüququn norma və institutlarının çoxluğuna, müxtəlifliyinə və mürəkkəbliyinə baxmayaraq, onlar yenə də müəyyən bir sistem təşkil edir. Beynəlxalq hüququn sistemi dedikdə, beynəlxalq hüquqa dair qanunların və digər normativ aktların, sadəcə olaraq, xronoloji qaydada cəmləşdirilməsi deyil, qüvvədə olan beynəlxalq huquq normalarının təyinatına görə yaxınlığını nəzərə alıb, onları ayrı-ayrı sahələr üzrə vahid bir qaydada sistemləşdirmək daha məqsədyönlüdür. Hər bir hüquq sistemi kimi, beynəlxalq huququn sistemi də müəyyən iqtisadi sistemə və mülkiyyət formasına uyğun olmalıdır.
İqtisadiyyat və ticarətlə əlaqədar olan beynəlxalq xüsusi hüquq, dövlətlərlə yanaşı, fiziki və hüquqi şəxslərin də iştirak etdiyi mülki-hüquqi münasibətləri nizama salır.
Beynəlxalq hüquqda məcəllələşdirmə prinsipi də xeyli inkişaf etmişdir. Belə ki, BMT və onun orqanlarının fəaliyyəti nəticəsində müasir beynəlxalq hüququn bir sıra qurumları artıq məcəllələşdirilmişdir. Dəniz hüququ (1958-ci ildə), nümayəndəlik və konsulluq hüququ (1961-1963-cü illər), beynəlxalq müqavilə hüququ (1968-1969-cu illər), kosmik fəza hüququ (1963-1969-cu illər), insan hüquqları (1966-cı il), xüsusi missiyalar haqqında saziş (1969-cu il), müharibə vaxtında mədəni sərvətlərin mühafizə edilməsi (1954-cü il) və s. kimi sahələrdə mühüm əhəmiyyətli sənədlər beynəlxalq aləmə çıxarılmışdır.
Azərbaycan Respublikası bu sahədə, əlbəttə, çox işlər görməlidir. Azərbaycanda nəinki beynəlxalq hüququ, hətta ölkə daxilində insanlarımız ona konstitutsiya ilə verilmiş hüquqlarını bilmirlər. Bəlkə də, bu hal bəzi başabəla məmurlar üçün sərfəlidir. Bəla orasındadır ki, elə həmin məmurun özü də respublika qanunlarını ya yaxşı bilmir və ya bilmək istəmir, beynəlxalq hüquqdan isə danışmağa dəyməz".
İstər ölkədaxili hüquq qaydalarından, istərsə də beynəlxalq hüquq normalarından insanlarımızın bilməsində və bəhrələnməsində dövlət özü maraqlı olmalıdır. Belə olarsa, bir milyondan artıq qaçqın və köçkünlərimiz dünya dövlətlərindən, beynəlxalq hüquqi təşkilatlardan ermənilər tərəfindən onların pozulmuş hüquqlarının ən azı bərpasını tələb edə bilərlər. Biz isə, həmişə olduğu kimi, hazırda da həm torpağımıza və həm də vətəndaşlarımıza biganəyik.
Əhali arasında çox tez-tez yayılan "...mənim hüququm var", "...hüququmu tələb edirəm", yaxud "...hüququm pozulmuşdur" və sair kimi işlədilən ifadələrin şahidi oluruq. Bəs nədir hüquq? Biz onu necə başa düşürük?
Müəlliflər belə hesab edirlər ki, hüquq elmində hər bir filosof, hər bu alim, hər bir hüquqşünas öz siyasi baxışına görə müxtəlif təriflər vermişlər. Lakin istənilən bir yazıda hüquq haqqında tam söhbət açmaq, onun geniş anlayışını vermək, mahiyyətini göstərmək, tarixi tipləri və formaları barədə oxucuda tam təəssürat yaratmaq xeyli çətindir. Burada məqsədimiz hörmətli oxucularımıza hüquq haqqında ümumi məlumatlar verməkdir.
Hüquq dövlət yarandığı zamanlarda onunla eyni vaxtda meydana gəlmişdir. İctimai şüurun formalarından biri sayılan hüquq, insanların bir-birinə dövlət və ictimai təşkilatlarla, ümumiyyətlə, cəmiyyətdə olan ictimai münasibətləri tənzim edir. Bu münasibətləri təkcə hüquq deyil, həm də əxlaq nizama salır.
Əxlaqla hüquq arasında bənzərlik ondadır ki, bunların hər ikisi ictimai həyatda cəmiyyət üzvlərinin rəftarını müəyyən edir. Əxlaq da, hüquq da müəyyən ictimai münasibətlərin məhsuludur. Lakin hüquqla əxlaq arasında da fərq vardır. Hüquqa nisbətən əxlaq qaydaları xeyli əvvəl mövcud olmuşdur. Əxlaq qaydalarında cəmiyyətin iradəsi ifadə olunur. Hüquq dövlət hakimiyyəti tərəfindən yaradılmış, tətbiq edilməsi dövlətin məcburi qüvvəsi ilə təmin edilən ictimai münasibətləri və qaydaları mühafizə edən, möhkəmləndirən və inkişaf etdirən rəftar qaydalarının cəmidir.
Əxlaq xeyir və şər, yaxşı və pis, vicdan və namus haqqında, şəxsi və ümumi mənafelərin qarşılıqlı əlaqəsi barədə baxışların, bu baxışlara müvafiq surətdə ictimaiyyət tərəfindən müəyyən edilən rəftar qaydalarının məcmuyudur. Hüquq qaydalarının pozulması zamanı hər hansı şəxsi hakimiyyət dairələri tərəfindən verilmiş qanunlara əsasən, müəyyən edilmiş məsuliyyətə cəlb edilirsə, əxlaq qaydalarının pozulması zamanı ictimaiyyət tərəfindən pislənməsinə, ictimai töhmətə, qınağa və ya nifrətə səbəb olur.
Əgər vətəndaş M. qonşusu ilə, yaxud iş yoldaşı ilə salamlaşmırsa, onun hərəkətində heç bir hüquq pozğunluğu yoxdur. O, sadəcə olaraq, əxlaq qaydalarını pozmuşdur. Odur ki, həmin hərəkətlərə görə hüquqi məsuliyyət daşımır. Lakin onun hərəkətlərini cəmiyyət pisləyir, nəzakətsiz bir insan kimi qiymətləndirir. Başqa halda, əgər M. sıravi əsgərdisə və hər hansı bir tanıdığı və ya tanımadığı zabitlə görüşdükdə, ona əsgəri qaydada rəsmi-təzim etməklə salamlaşmalıdır. Bu, onun borcudur. Çünki belə qayda hərbçilərin nizamnamələrində öz əksini tapmışdır. M. bu qaydaya əməl etməzsə, müəyyən olunmuş qaydada cəzalanacaqdır.
Hüquq normalarının qanunlarının pozulması, eyni zamanda, əxlaq qaydalarının pozulması deməkdir. Lakin əxlaq qaydalarının pozulmasını heç də həmişə hüquq qanunlarının pozulması kimi qiymətləndirmək olmaz. Sadə bir misal: əgər vətəndaş hər hansı bir əmlakı oğurlayarsa və yaxud ictimai yerdə xuliqanlıq edərsə, bunlar onun hərəkətlərində təkcə hüquq pozğunluğu deyil, həmçinin, mənəviyyatsızlıqdır.
18 yaşlı qəşəng bir qız 70-75 yaşlı tənha dövlətli bir kişiyə ərə gedərsə, burada heç bir qanun pozğunluğu yoxdur. Çünki qanunda (Azərbaycan Respublikasının nikah və ailə məcəlləsində) nikaha daxil olan şəxslərin qarşılıqlı razılığı, onların nikah yaşına çatması tələb olunur. Lakin belə hala cəmiyyət pis qiymət verir.
Hüquqla əxlaq bir də onunla fərqlənir ki, dövlət lazım gəldikdə, istədiyi vaxt hüquq qanunlarını müəyyən edir, onu dəyişdirir və ya ləğv edir. Əxlaq qaydaları isə düzgün rəftar qanunları olduğundan, onları istək əsasında təsis etmək, nə dəyişdirmək, nə də ləğv etmək mümkündür.
Müasir həyatımızda bu və ya digər ictimai münasibətləri tənzimləmək üçün hüquq bir sıra sahələrə (mülki, əmək, cinayət və s.) bölünür.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru