"Dövlət demokratik qaydada idarə olunur" ifadəsi nəyi bildirir?
Biz irimiqyaslı demokratiya üçün, yəni demokratik dövlət üçün hansı siyasi institutların vacib olması məsələsi üzərində cəmləyəcəyik (burada, demokratiyanın, məsələn, hansısa bir komitə kimi kiçik birlik barəsində irəli sürdüyü tələblərindən danışılmayacaq).
R.Dahl yazır: "Nəhayət, yadda saxlamaq lazımdır ki, "demokratiya" sözü müəyyən ali məqsədlə, eləcə də bu idealdan az və ya çox məsafədə uzaq olan müəyyən real sistemlə əlaqədar işlədilir. Ümidvaram ki, oxucu demokratiya, demokratik, demokratik idarəetmə, demokratik ölkə və s. bu kimi anlayışların tətbiqindəki lazımi fərqləri görə biləcək.
Siyasi sazişlər müvəqqəti xarakter daşıyır: onlar, adətən, qeyri-demokratik idarəetmə sisteminin daha fəaliyyət göstərmədiyi ölkələrdə yaranır. Biz prosedurlardan və ya praktikadan danışarkən, bir qayda olaraq, müəyyən adət halını almış, kök salmış və deməli, daha uzunmüddətli və möhkəm olan hansısa qaydanı nəzərdə tuturuq və nəhayət, institutlar anlayışı uzun müddətə hesablanmış və nəsildən-nəslə, sanki irsən ötürülən təşkilatları ehtiva edir. Ölkə qeyri-demokratik idarəetmədən demokratik idarəçiliyə keçdikdə, ilk öncə yaranmış sazişlər tədricən kök salmış qaydaya (praktikaya), o da, öz növbəsində, institutlara çevrilir. Bu üç anlayışı bir-birindən fərqləndirmək faydalı olsa da, niyyətimizin icrası naminə bu fərqləri unutmaq və onlardan yalnız birini - institutlar ifadəsini işlətmək münasib olar.
Beləliklə, əgər ölkə demokratik qaydalar əsasında idarə olunursa, ona qarşı hansı tələblər irəli sürülür? Orada ən azı müəyyən siyasi razılaşmalar, prosedurlar, institutlar işləməlidir, bunlar ölkənin demokratik meyarlara tam cavab verməsinə kömək edə bilməsələr də, ideala doğru yolda onu xeyli irəliyə apara bilərlər".
Dövlət miqyasında demokratiya üçün hansı institutların zəruri olduğunu necə müəyyən etmək olar? Bu suala cavab tapmaq üçün idarəetmə prosesində və siyasi həyatda xalqın daha dolğun və məzmunlu şəkildə iştirakına nail olmaq üçün öz siyasi institutlarını yenidən qurmuş ölkələrin tarixinə müraciət etmək lazımdır. Demək olmaz ki, buna nail olmuş əvvəlki dövrlərin insanları həmişə demokratik ideyalardan ruhlanaraq iş görüblər, lakin XIII əsrdən başlayaraq, bizim günlərə qədər bu tələblərə demokratiya və respublika ideallarına istinadən haqq qazandırmaq meyilini görmək olar. Yaxşı, bəs onlar hansı siyasi institutları yaratmağa can atırdılar və bunlardan hansıları həmin ölkələrdə real şəkildə "kök sala" bilmişdi?
Bu suala cavab tapmaq üçün başqa yolla da getmək olar - siyasi sistemi öz vətəndaşlarının əksəriyyəti tərəfindən, başqa ölkələrin bir çox sakinləri, habelə alimlər, jurnalistlər və b. tərəfindən demokratik hesab edilən ölkələrin nümunəsinə müraciət etmək olar. Politoloji diskussiyalarda və gündəlik adi söhbətlərdə, adətən, bu ölkələri demokratik adlandırırlar.
R.Dahlın fikrincə, nəhayət, üçüncü variant - hansısa xəyali ölkənin, yaxud bir qrup ölkənin nümunəsində, təsəvvür etmək olar ki, demokratik məqsədlərə az-çox çatmaq üçün hansı siyasi institutlar tələb olunur. Yəni xəyalən elə bir eksperiment aparmaq olar ki, onun köməyilə insanın imkanlarını, tələblərini və qaçılmaz məhdudiyyətləri təhlil etmək, habelə demokratiyanın bütöv ölkə miqyasında real mövcud olması üçün zəruri olan siyasi institutların layihəsini tərtib etmək mümkün olsun.
Xoşbəxtlikdən, təklif etdiyim hər üç üsul üçün ümumi olan cəhət - eyni bir demokratik siyasi institutun tələb olunmasıdır. Bu, demokratik ölkələr üzrə irəli sürülən minimum tələblərdir.
Bir ölkə miqyasında demokratiya üçün hansı siyasi institutlar tələb olunur?
Ölkə miqyasında demokratiya üçün tələb olunur:
1. Vəzifəli şəxslərin seçilməsi.
2. Azad, ədalətli və mütəmadi keçirilən seçkilər.
3. İfadəetmə azadlığı.
4. Alternativ informasiya mənbələri.
5. Assosiasiyaların müstəqilliyi.
6. Ümumi vətəndaşlıq hüququ.
R.Dahl yazır: "Müasir nümayəndəli demokratiyanın siyasi institutlarının qısa siyahısı belədir:
1. Vəzifəli şəxslərin seçilməsi. Hökumətin qəbul etdiyi qərarlar üzərində nəzarət dövlət quruluşu sayəsində, vətəndaşların seçdikləri vəzifəli şəxslər tərəfindən həyata keçirilir. Buna görə müasir demokratik ölkənin hökuməti nümayəndəli xarakter daşıyır.
2. Azad, ədalətli və mütəmadi keçirilən seçkilər. Vəzifəli şəxslər mütəmadi və ədalətli seçkilərin gedişində seçilir; bu cür seçkilərdə zorakılıq və məcburiyyət, nisbətən az hallarda müşaiyət edilir.
3. İfadəetmə azadlığı. Vətəndaşlar sərt cəzadan çəkinməyərək, məsələlərin ən geniş dairəsi üzrə öz fikirlərini söyləmək, habelə vəzifəli şəxslər, hökuməti, siyasi quruluşu, sosial-iqtisadi sistemi və mövcud cəmiyyətdəki hakim ideologiyanı tənqid etmək hüququna və imkanına malikdir.
4. Alternativ informasiya mənbələrindən istifadə etmə. Vətəndaşların alternativ və müstəqil informasiya mənbələrindən istifadə etmək hüququ vardır. Bu cür informasiya mənbələri qismində digər vətəndaşlar, ekspertlər, qəzetlər, jurnallar, kitablar, telekommunikasiyalar və s. çıxış edə bilər. Bundan əlavə, artıq mövcud olan və hökumətin yaxud ictimai-siyasi görüşlərə və münasibətlərə təsir göstərməyə çalışan hansısa siyasi qrupun nəzarəti altında olmayan informasiya vasitələri də qanunun etibarlı müdafiəsi altında olur.
5. Assosiasiyaların muxtariyyəti. Vətəndaşlar özlərinin ən müxtəlif hüquqlarının müdafiəsi üçün (buraya siyasi institutların effektiv fəaliyyət göstərməsi üçün lazım olan hüquqlar da daxildir). nisbətən müstəqil birliklər və ya təşkilatlar, o cümlədən, müstəqil siyasi partiyalar və "mənafe qrupları" yaratmaq hüququna malikdir.
6. Ümumi vətəndaşlıq hüququ. Mövcud ölkədə daimi yaşayan və onun yurisdiksiyasında olan yetkinlik yaşına çatmış hər hansı şəxs başqa şəxslərə verilmiş və yuxarıda sadalanmış siyasi institutlar üçün zəruri olan hüquqlardan məhrum edilə bilməz. Bu hüquqlara daxildir: vəzifəli şəxslərin azad və ədalətli seçkilərdə iştirak etmək hüququ; seçkili dövlət orqanına seçilmək hüququ; azad ifadəetmə hüququ; müstəqil siyasi təşkilatları yaratmaq və işlətmək hüququ; alternativ informasiya mənbələrindən istifadə etmək hüququ; ölkə miqyasında olan demokratik siyasi institutların təsirli fəaliyyət göstərməsi üçün zəruri olan digər azadlıqlar və imkanlardan istifadə etmək hüququ".
R.Dahlın fikrincə, bu institutlar, bir qayda olaraq, ölkədə eyni bir zamanda yaranmır. Demokratiyanın inkişafı haqqında qısa tarixi xülasədən yadımızdadır ki, axırıncı iki siyasi institut (assosiasiyaların müstəqilliyi və ümumi mülki hüquqlar üzrə institutlar) daha gec təşəkkül tapır. XX əsrin əvvəllərinə qədər ümumi seçki hüququ demokratik və respublika idarəçiliyinin nə nəzəriyyəsində, nə də praktikasında rast gəlinirdi. Halbuki məhz ümumi seçki hüququ başqa hüquqlarla müqayisədə müasir nümayəndəli demokratiyanı onun bütün erkən formalarından daha çox dərəcədə fərqləndirir.
Siyasi institutların meydana gəlməsinin vaxtı və növbəliliyi bir-birindən kəskin surətdə seçilə bilər. Bu institutların tam dəstinin daha tez yarandığı və indi də mövcud olduğu ölkələrdə - "qocaman demokratiyalar"da - ümumi olan qanunauyğunluqların əlamətlərini müşahidə etmək mümkündür. Bu ölkələrdə ilk öncə qanunverici hakimiyyət orqanlarına seçkilər keçirilməyə başlayıb: İngiltərədə XIII əsrdə, ABŞ-da XVII-XVIII əsrlərdə (yəni ölkə müstəqillik əldə edəndən öncə).
Ali qanunverici hakimiyyət orqanlarına seçkilərdən sonra, tədricən, siyasi mövzuların müzakirəsi, habelə axtarışı və mübadiləsində daha geniş azadlıqlar verilməsi tələbi yayılmağa başladı. Daha sonra siyasi məqsədləri qabarıq ifadə olunmuş birliklər yaratmaq hüququ əldə edildi. O vaxtlar üstünlük təşkil edən rəyə görə, siyasi partiyalar və qruplaşmalar cəmiyyətdə parçalanma və fikir ayrılığı törədən, mövcud quruluşu və sabitliyi sarsıdan, ümumi rifah üçün ziyanlı və təhlükəli olan qurumlar kimi qiymətləndirilirdi. Lakin zorakı üsulları (bu üsulları yolverilməz hesab edən vətəndaşların sayı isə günü-gündən çoxalır və nüfuzu artırdı) tətbiq etmədən bu siyasi birliklərin fəaliyyətini dayandırmaq mümkün olmadığına görə, bu qurumlar yarıgizli fəaliyyət göstərə, sonralar isə leqallaşa bilirdilər. Qanunverici orqanlarda qruplaşmalar tədricən, ya hakimiyyətdə olan, ya da İngiltərədə rəsmən "Əlahəzrətin loyal müxalifəti" adlandırılan və "kölgə kabineti"ni formalaşdıran siyasi partiyalara çevrilirdilər. Hökumətdə vəzifəsi olmayanlar vəzifəsi olanlara qarşı müxalifət təşkil edirdi. XIII əsr İngiltərəsində monarxı dəstəkləyən qrup, zaman keçdikcə "tori" partiyasına, əsasən, əyalətlərdə xırda mülkədarların ("centri") dəstəklədiyi qrup isə "viqlər" partiyasına çevrildi. Həmin əsrdə İsveçdə bir-biri ilə mübarizə aparan iki parlament partiyası zarafatla özlərini "şlyapalar" və "kolpaklar" adlandırırdı.
R.Dahl qeyd edir ki, XVIII əsrin sonuna yaxın özünü respublika elan etmiş ABŞ-ın vitse-prezidenti Tomas Cefferson və nümayəndələr palatasının spikeri Ceyms Medison federalist prezident Con Adams və onun maliyyə naziri Aleksandr Hamiltonun yeritdiyi siyasətə müqavimət göstərmək üçün konqresdə öz tərəfdarlarından ibarət qrup yaratdılar. Lakin tezliklə onlar anladılar ki, siyasi mübarizəni uğurla apara bilmək üçün Konqresdə və Nazirlər Kabinetində federalistlərə əks-təsir göstərmək kifayət deyil - onları tutduqları vəzifələrdən sıxışdırıb çıxarmaq gərəkdir. Bunun üçün ümummilli seçkilərdə qalib gəlmək lazımdır, orada qalib gəlmək üçünsə bütün ölkədəki tərəfdarlarını bir yumruq halında birləşdirmək vacibdir. On ildən də az müddət ərzində Cefferson və Medison məsləkdaşlarının köməyilə öz siyasi partiyalarını yaratdılar və bu partiya elə təşkil edilmişdi ki, ən azsaylı seçki dairələrində, məntəqələrdə və bələdiyyələrdə belə onun özəkləri var idi, bu da seçkilər arasındakı fasilələrdə və seçki kampaniyalarının gedişində öz tərəfdarlarının dəstəyini və onların seçkiyə gəlməsini təmin etməyə imkan verirdi. Bu, Respublikaçılar Partiyası (sonradan Demokratik Respublikaçılar Partiyası, daha bir nəsil sonra Demokratlar Partiyası adlanıb) ölkədə xalqın dəstəyinə arxalanan ilk seçkili partiya oldu. Beləliklə, görürük ki, müasir demokratiyanın başlıca və ən "gözəgəlimli" institutlarından biri olan siyasi partiya qanunverici orqan fraksiyası qismində ilkin hüdudlarını genişləndirmişdi ki, ümummilli seçkilərdə qalib gəlmək üçün vətəndaş kütləsini və öz tərəfdarlarını səfərbər edə bilsin.
Gənc fransız aristokratı Aleksis de Tokvil ABŞ-a səfər etdiyi dövrdə (XIX əsrin 30-cu illəri) orada sadaladığımız demokratik institutlardan artıq birinci beşi fəaliyyət göstərirdi. Tokvilin fikrincə, bunlar o qədər dərin kök salmışdı ki, o, tərəddid etmədən ABŞ-ı ən demokratik ölkə adlandırmışdı. O yazırdı ki, orada institutlar müstəqildir, "cəmiyyət özü-özünü idarə edir", "çoxluğun hakimiyyəti isə qeyri-məhduddur". Amerikalıların ən müxtəlif məqsədlər və bəhanələrlə yaratdıqları birliklər öz çoxluğu ilə Tokvili heyrətə salmışdı və bütün bu birliklər toplumu üzərində iki ən iri siyasi partiya yüksəlirdi. Tokvilə elə gəlmişdi ki, ABŞ-da demokratiya öz inkişafının təsəvvür edilə biləcək ən yetkin həddinə çatmağa yaxındır.
O vaxtdan ötən yüz ildə, vaxtilə Tokvilin Amerikada müşahidə etdiyi beş təməl demokratik institut dünyanın 10-dan çox ölkəsində təşəkkül tapmış və möhkəmlənmişdir. Avropada və ABŞ-da bir çox alim bu nəticəyə gəlmişdir ki, sivil və mütərəqqi olmaq istəyən hər hansı bir ölkə mütləq özündə demokratik idarəetmə formasını təsis etməlidir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru