PDF Oxu

MİA

  • 3 871

Vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə dair

image

Vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində yerli və həm də mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində onların ərizə, təklif və şikayətlərinə baxılması xüsusi yer turur ki, bu da Azərbaycan Konstitusiyasının 57-ci maddəsinə müvafiq olaraq vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və ya kollektiv yazılı müraciətlər göndərmək hüququnun reallaşmasına yönəlir. Konstitusiyanın bu maddəsi əsas götürülərək, onun həyata keçirilməsi ilə əlaqədar qəbul olunmuş müvafiq normativ - hüquqi sənədlər bu hüquqların təmin edilməsi formalarını müəyyən etmişlər. Bu baxımdan, 1997-ci ildə qəbul edilmiş "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu, həmin qanunun tətbiqi haqqında ölkə Prezidentinin Fərmanını, bu qanuna uyğun olaraq, 1998-ci ildə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında - idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"nı, 1999-cu ildə qəbul edilmiş "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu göstərmək olar. Qeyd olunan və digər müvafiq sənədlərdə icra hakimiyyəti orqanlarının bu sahədə vəzifələri, bu işin təkmilləşdirilməsi yolları müəyyən edilmişdir. Ölkədə dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində qəbul olunan normativ sənədlərdə də müvafiq qanunlarda və Prezidentin fərmanlarında da vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması dövlət qulluqçularının mühüm vəzifələrindən biri kimi irəli sürülür.

Beləliklə, Azərbaycanda vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnun həyata keçirilməsi sahəsində aparılan siyasət sistemli və ardıcıl xarakter daşıyır. Bu da icra hakimiyyəti orqanlarının bu istiqamətdəki fəaliyyətinin getdikcə daha da yaxşılaşdırılmasına xidmət edir. Təkcə 2002-ci il ərzində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına vətəndaşlardan 54141 təklif, ərizə və şikayət daxil olmuşdur. Yerli icra hakimiyyəti başçılarının aparatına gəldikdə isə 2002-ci ildə, məsələn, Goranboy rayonunda 665, Masallıda 540, Yardımlıda 403, Xanlarda 320 müraciət vətəndaşlardan daxil olmuşdur.

Milli dövlətlərdə insan hüquqları və azadlıqlarının məhkəmə müdafiəsi onların təmin edilməsi vasitələri və mexanizmləri arasında daha geniş yer tutur. Onun həyata keçirilməsi prinsipləri və formaları müxtəlif beynəlxalq - hüquqi aktlarda nəzərdə tutulmuşdur. Məsələn, Vətəndaş və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın (1996) 2-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər bir iştirakçı - dövlət insan hüquqları və azadlıqlarının məhkəmə müdafiəsinin imkanlarının inkişaf etdirilməsini öz üzərinə götürür. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsində xüsusi göstərilir ki, hər bir insan ona konstitusiya və ya qanunla verilmiş əsas hüquqların pozulduğu hallarda səlahiyyətli milli məhkəmələr vasitəsilə öz hüquqlarını səmərəli şəkildə bərpa etmək hüququna malikdir.

İnsan - vətəndaş hüquqları və azadlıqlarının məhkəmə müdafiəsi dünyanın bir çox ölkələrinin konstitusiyalarında nəzərdə tutulur. ABŞ Konstitusiyasına 14-cü düzəliş ABŞ vətəndaşlarının həyatı, azadlığı və mülkiyyətinin müdafiəsinin təminatı kimi qanuni məhkəmə təhqiqatını nəzərdə tutur. İnsan hüquqlarının müdafiəsi və təmin edilməsi işində məhkəmələrin fundamental rolu Almaniya Federativ Respublikasının Əsas Qanununun 19-cu maddəsinin 4-cü bəndində nəzərdə tutulmuşdur.

Vətəndaş öz iradlarını əsaslandırmaq üçün həm milli, həm də beynəlxalq hüquq normalarına istinad edə bilər. Fərdin belə hüququ demokratik ölkələrin konstitusiyalarında təsbit olunan hamının tanıtdığı beynəlxalq hüquq prinsipləri və normalarının prioritetliyi haqqında müddəaya əsaslanır.

Azərbaycan Respublikasında son illər məhkəmə sistemində aparılan islahatlar hər bir insanın, vətəndaşın öz hüquqlarının bərpa olunması üçün bütün imkanlardan istifadə edilməsinə təminatın verilməsinə yönəldilmişdir. İnsan və vətəndaş hüquqlarının pozulması ilə əlaqədar mübahisələr yarandığı təqdirdə, onları məhkəmələr həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanının, siyasi partiyaların, ictimai birliklərin və ya vəzifəli şəxslərin qərar və hərəkətlərindən, yaxud hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər. Bu isə məhkəmələrin "tarazlama" sisteminə daxil olmasından irəli gəlir.

Konstitusiyada təsbit edilmiş bu müddəa Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq aktların tələblərinə əsaslanmaqla insan və vətəndaşların həm konstitusiyada, həm də digər qanunvericilik aktlarında təsbit olunmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi altında olduğunu göstərir.

Konstitusiyanın həmin müddəasının icra edilməsi ilə əlaqədar "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli Qanunu xüsusi əhəmiyyət kəsb edir. Qanun Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq münasibətlərdə təsbit edilmiş hüquq və azadlıqları pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət vermə qaydalarını, habelə hüquq və azadlıqların məhkəmə təminatı ilə əlaqədar münasibətləri tənzimləyir.

Respublikamızda insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin edən yeni qanunvericilik aktlarının qəbul edilməsi, mövcud olanlarda isə, bu istiqamətdə müvafiq dəyişikliklərin aparılması həmin hüquq və azadlıqların qorunmasını şərtləndirən vacib amillərdəndir. Bu baxımdan, aparılan hüquqi islahatların əsasının yaradılmasında son illər qəbul olunmuş "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Prokurorluq orqanları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikasının Qanunları xüsusi əhəmiyyət kəsb edir.

Ölkədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə respublikanın sabiq Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə son dövrlərdə, xüsusilə intensiv aparılan məhkəmə-hüquq islahatları çərçivəsində yaradılmış yeni üçpilləli məhkəmə sistemi xidmət edir.

Azərbaycan Respublikasında yaradılmış bu üçpilləli (birinci instansiya, apellyasiya və kassasiya instansiyaları) məhkəmə sisteminin üstünlüyü ondan ibarətdir ki, bu sistem hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır.

Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının təminatı ilə əlaqədar, həmçinin onu da qeyd etmək lazımdır ki, məhkəmə və hakimlərin əsas fəaliyyət istiqamətlərini müəyyən edən "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunla müəyyən edilmiş hallarda məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Bu müddəanın təsbit edilməsi, mütəxəssislərin fikrincə, əvvəlki qanunvericilikdən fərqli olaraq insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin yeni üsulu kimi çıxış edir.

Göründüyü kimi, qeyd olunan və bir sıra digər səlahiyyətlər ölkəmizdə məhkəmə-hüquq sahəsində islahatların aparılması nəticəsində qəbul edilmiş yeni qanunlarla məhkəməyə verilən yeni səlahiyyətlərdir. Bütün bunlar da təsdiq edir ki, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan Respublikasında insan və vətəndaş hüquqları və azadlıqları daha etibarlı üsullarla təmin edilir, bu istiqamətdə həyata keçirilən siyasət isə dövlətin ali məqsədlərindən birinə çevrilmişdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər