PDF Oxu

MİA

  • 3 311

Ulu Öndər Heydər Əliyev insan azadlığı və hüquqlarının beynəlxalq və milli səviyyədə müdafiəsini təmin edirdi

image

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinin konstitusion əsasları Azərbaycanın insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların konstitusiyada əks etdirilməsi zərurətindən ölkədə 24 avqust 2002-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi referendum nəticəsində daha da təkmilləşdirilmişdir. Belə ki, referendum nəticəsində konstitusiyada, ilk dəfə olaraq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) namizədliyinin irəli sürülməsi, seçilməsi ilə bağlı müddəalar, həmçinin hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət vermək hüququ təsbit edilmişdir. İkinci vacib müddəa ondan ibarətdir ki, qanunla müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikasının və qanunlarının şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların praktiki həyata keçirilməsi və müdafiə edilməsi mürəkkəb və kompleks vəzifədir. Yalnız demokratik cəmiyyətdə şəxsiyyətin huquq və azadlıqları təmin edilir və bunun üçün əlverişli şərait yaradılır. Demokratiya insan hüquq və azadlıqlarına tam təminat verərək, insana - vətəndaşa siyasətlə maraqlanmaq və məşğul olmaq, öz ölkəsinin həyatına aid informasiya ilə tanış olmaq, hökumətin fəaliyyəti, onun həyata keçirdiyi proqramlara və tədbirlərə qiymət vermək imkanları yaradır.

Demokratik cəmiyyətdə vətəndaşların sosial-iqtisadi hüquqlarının təmin olunması, onların sosial tələblərinin və maraqlarının ödənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək, onların sosial müdafiəsini təşkil etmək dövlətin sosial siyasətinin əsas məqsədini təşkil edir. Bütövlükdə, vətəndaşların sosial hüquqlarının reallaşdırılmasına yönələn sosial siyasət, sosial təminat və sosial xidmət sistemi yaratmağa istiqamətlənmiş dövlət proqramları vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasında ardıcıl və məqsədyönlü sosial siyasət görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ilin yayında ölkə rəhbərliyinə qayıtdıqdan sonra həyata keçirilməyə başlamışdır. Artıq 1996-cı ildən başlayaraq davam edən dayanıqlı iqtisadi inkişaf və ölkədə maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmış, dövlət büdcəsi gəlirlərinin getdikcə artması nəticəsində sosial problemlərin həlli üçün daha çox vəsait ayırmaq imkanları genişlənmişdir. Məsələn, əgər 1995-ci ildə dövlət büdcəsindən sosial yönümlü xərclərə 930 milyard manat və ya büdcə xərclərinin 43 faizi məbləğində vəsait istifadə edilmişdisə, 2000-ci ildə bu məqsədlər üçün artıq 2,2 dəfə çox, yəni 2 trilyon manat (büdcə xərclərinin 53 faizi) xərclənmişdir. 2001-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 61 faizə çatdırılmaqla, 2000-ci illə müqayisədə 40 faiz artırılması nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin sosial yönümlü xərcləri içərisində təhsil xərcləri əsas yer tutur. Belə ki, əgər 1995-ci ildə bu məqsədlər üçün 376 milyard manat (büdcə xərclərinin 17,5 faizi qədər) xərclənmişdisə, 2000-ci ildə bu rəqəm 2,4 dəfə artaraq 906 milyard manata (büdcə xərclərinin 24 faizi) çatmışdır. Həmin illər ərzində dövlət büdcəsindən digər sosial məqsədlər üçün ayırmalar (pensiyalar, müavinətlər, uşaqlara və digər aztəminatlılara sosial ödənişlər, elm, səhiyyə, idman, mədəniyyət və sair sahələrin inkişafına yönəldilmiş xərclər) daim artmışdır. Həyata keçirilən əmək haqqı islahatları və sosial müdafiə tədbirləri aztəminatlı əhalinin rifahının yaxşılaşdırılmasına, bu kateqoriyadan olan adamların gəlirlərinin xeyli artmasına yönəlmişdir. Məsələn, gəlirlərin vergi tutulmayan məbləği 6 dəfədən də çox artırılaraq, 100 min manata çatdırılmışdır.

Vətəndaşların layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədilə ölkədə genişmiqyaslı pensiya islahatı aparılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 17 iyul 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyasına" görə yaxın illər ərzində ölkədə pensiya ödənişlərinin etibarlı maliyyə təminatının yaradılması və onun idarə olunmasının yenidən qurulması başa çatmalı, əhalinin rifah halının yaxşılaşdırılmasında pensiyaların rolu əhəmiyyətli dərəcədə artmalıdır.

Azərbaycan dövlətinin sosial siyasətini bir istiqamətini əhalinin ayrı-ayrı kateqoriyalarına müxtəlif sosial güzəştlərin və imtiyazların verilməsi təşkil edir ki, onlara da müharibə əlilləri, şəhid ailələri, çoxuşaqlı ailələr, təbii fəlakətə məruz qalanlar, qaçqın və məcburi köçkünlər və s. aid edilir. Bu gün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əhalinin aztəminatlı hissəsi üçün müxtəlif xarakterli sosial güzəştlər və imtiyazlar müəyyənləşdirilmişdir. Məsələn, əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin böyük bir qrupu dövlət vəsaiti hesabına mənzillərlə və minik maşınları ilə təmin olunmuş, minlərlə əlilə hər il pulsuz dərman preparatlarının verilməsi, sanatoriya - kurort müalicəsi və birdəfəlik maliyyə yardımının göstərilməsi həyata keçirilir.

Məşğulluq, əhalinin işlə təminatı olduqca vacib sosial sferadır. Azərbaycanda bazar iqtisadiyyatına keçid şəraitində məşğulluqla bağlı dövlət siyasətinin həyata keçirilməsi bu sahədə meydana çıxan problemlərin tədricən həll edilməsi üçün imkanlar yaratmışdır. Bu məqsədlə ölkədə bütün rayon və şəhərləri əhatə edən 82 məşğulluq mərkəzi yaradılmış və fəaliyyət göstərir. Mövcud göstəricilərə görə, indiyədək 200 minə yaxın vətəndaş münasib işlə təmin edilmiş, 17 min nəfər əmək bazarının tələbləri əsasında müasir peşə və ixtisaslar üzrə hazırlıq kurslarına, 24 minə yaxın işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 84536 nəfərə işsizlik müavinəti ödənilmişdir. Bu sahədə yaranan problemlərin həlli üçün Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli "Məşğulluq haqqında" Qanunu və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının sosal-iqtisadi inkişafına dair" Sərəncam verdi.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, son illər respublikamızda vicdan və dini etiqad azadlığı pərdəsi altında bəzi xristian və müsəlman missionerləri Azərbaycanın dövlət müstəqilliyinə zidd fəaliyyətin həyata keçirilməsi ilə cəmiyyətimizdə zərərli təriqətçilik və təfriqəçilik ideyaları yayır, dini qarşıdurma və məzhəb ayrıseçkiliyinə təkan verməyə çalışırlar. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, bəzi müsəlman ölkələrinin Azərbaycanda geniş məzhəbçilik və təriqətçilik fəaliyyəti təkcə ayrı-ayrı fərdləri deyil, bütövlükdə bölgələri qarşı-qarşıya qoymaqla dini-etnik separatçılıq hisslərinin qızışdırılması məqsədi güdür. Belə yolverilməz siyasi təxribatlar ölkəmizdə dini durumu ciddi şəkildə kəskinləşdirir ki, bu da mövcud ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə mənfi təsir göstərir.

Belə halları ölkə vətəndaşlarının etiqad azadlığına müdaxilə kimi qiymətləndirmək dövlət suverenliyi və milli təhlükəsizlik üçün təhlükəli tendensiyalara yol açır və insan hüquqlarının təminatı sahəsində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi işində ciddi çətinliklər yaradır.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər