PDF Oxu

MİA

  • 40 749

Məhəmməd Füzuli yaradıcılığında insan huquqlarının müdafiəsi məsələləri

image

Məhəmməd Füzuli XVI əsr Azərbaycan ictimai-siyasi fikrinin ən görkəmli nümayəndəsi və böyük humanist şəxsiyyətidir. Onun ictimai-siyasi ideyaları, bütövlüklə feodal quruluşunun haqsızlıqlarının kəskin tənqidinə həsr edilmişdir. Mütəfəkkir dövrün qəddar və zülmkar üsul-idarəsindən, onun faciə dolu sosial bəlalarından, maddi və mənəvi zorakılıqdan, mövcud quruluşun ədalətsizliklərindən, həyasızlıqdan və riyadan, habelə cəmiyyətin ümumi rəzalətlərindən dərin narazılıq ifadə etmişdir. Buna görə də Füzulinin ictimai-siyasi məzmunlu əsərləri alovlu bir ittiham kimi səslənir. Bu, XVI yüzilliyin böyük vətənpərvər və humanist şəxsiyyətinin zülmkarlığı və müstəbidliyi, yalanı, saxtakarlığı və qeyri-insani rəftarı, davranışı qamçılayan hiddət dolu harayıdır.

Görkəmli tədqiqatçı A.Quliyev yazır: "Füzuli hər şeydən əvvəl qəzəl və məhəbbət şairidir. Lakin zəmanənin haqsızlıqları. Mütəfəkkirin, bilavasitə özünün müşahidə etdiyi zülm və sitəm onun ətrafında baş verənlərə laqeyd olmağa imkan verməmişdir. Füzuli gözəllik aşiqidir. Onun təsəvvür etdiyi dünyanın nüvəsində insana və insanlığa dərin və sonsuz məhəbbət kök salmışdır". H.Araslı yazır: "Füzuli dünyaya məhəbbət gözü ilə baxdığı üçündür ki, bütün kainatın məhəbbət əsasında yarandığını zənn edir. Füzuli insan gözəlliklərini hər şeydən üstün tutur, onun mənəvi qüdrətini, zahiri gözəlliklərini tərənnüm edirdi".

Humanist mütəfəkkirin insana olan xüsusi rəğbəti və hüdudsuz sevgisi, həm də ictimai və ümumbəşəri məna kəsb edir. Onun sonsuz məhəbbət bəslədiyi insan yaranmışların ən şərəflisi və qüdrətlisi olduğu üçün azadlığa və firavan yaşamağa layiqdir. İnsan ona görə sevilməlidir ki, o, ədalət mülkünün sultanıdır, ədalətin ilkin daşıyıcısı və qoruyucusudur. İnsanı sevməmək ədalətdən, hətta insanlığın özündən üz çevirmək deməkdir. Füzuli isə belə sevgidən uzaq olmağı ədalətsizlik sanır. Ədalətsizlikləri törədən də, məhz insana sevginin olmamasıdır".

Füzuli insanı dərin bir məhəbbətlə sevən... sənətkardır. Bu məhəbbət insanı nəcibləşdirən, onda sədaqət, səmimiyyət, vəfa, fədakarlıq kimi yüksək insani hisslər tərbiyə edən bir məhəbbətdir. Elə buna görə də mütəfəkkirin yaradıcılığında insana sevgi ilə azadlıq arasında dərin bağlılıq vardır. Füzulinin tələb etdiyi azadlıq həm maddi, həm də mənəvi aləmdə təzahür etməli olan azadlıqdır. Məhz azadlıq neməti insanı qurub-yaratmağa və ucalmağa sövq edir. Başqa sözlə, azadlıq Füzulinin nəzərində məhəbbət qədər şirin nemətdir. Bu isə mütəfəkkirin yaradıcılığının ən səciyyəvi xüsusiyyətlərindən biridir. Çünki... Füzuli şeiri ictimai-fəlsəfi ideyalarla zənginləşdirən, ...həyata dərindən müdaxilə edən, bədii sözü xalqın azadlığı və inkişafı uğrundakı mübarizənin mənəvi silahına çevirən bir sənətkardır. Lakin humanist mütəfəkkirin özü azadlıq həsrətindədir. Zəmanə, yaşadığı zalım mühit onun əl-qolunu bağlayaraq, azadlıq nemətindən məhrum etmişdir: "İnsan" və "azadlıq" problemi Füzulinı bütün yaradıcılığı boyu izləmişdir. O, insanın şərəf və ləyaqətini, onun cəmiyyətdəki nüfuzunu və hüquqi statusunu, fəaliyyətini və qarşılıqlı münasibətlərdəki rolunu azadlıqla əlaqələndirir. İnsan əxlaqının formalaşmasında və şəxsiyyətin formalaşmasında azadlığı insan üçün mühüm amil sayan Füzuli azadlığın önünə sədd çəkən hər bir halı ədalətsizlik hesab edirdi.

Füzuli etikası insan ləyaqətinə hörmət etməyi əxlaqın əsası sayırdı. İnsan gərək məğrurluq edib, başqalarına yuxandan baxmasın; təvazökar xasiyyətlə özünü ucaltsın. Ona görə də Füzuli etikası insana yaraşmayan sifətləri və keyfiyyətləri təqdir etmir. Buna görə də o, müftəxorluğu, mənimsəməni, mala və mülkə əliəyriliklə sahib olmağı, tamahı və mənfəətpərəstliyi rədd edir. Var-dövləti, bər-bəzəkli malikanələri xalqın təri və qanı bahasına əldə edib xalqa rəhmi gəlməyənləri ifşa edən mütəfəkkir, özgə malına göz dikməyi simasızlıq hesab edir.

İnsan təbiətini pozan fənalıqları tənqid edən Füzuli, eyni zamanda, ...paxıllığı da pisləyirdi. İstedadı, qabiliyyəti olmayanların, yaradan hünər sahiblərini gözdən salmağa çalışmalarını naqislik hesab edirdi. İnsan boşboğazlıqla deyil, yaratmaqla, xeyirxah işlə öyünə bilər. O, paxıllığı, başqasının zəhmətini alçaltmağa çalışanları tənqid edirdi. Füzuli qeyd edirdi ki, paxıl adamdan insaf və mürüvvət gözləmək olmaz. Çünki paxıl insanın daxili aləmi və siması da gecənin qaranlığı kimidir. Paxılın əxlaqında ziya yoxdur; onun nə əqidəsi, nə də əməli heç kəsin haqq işinin üzərinə işıq salmaz.

Zəmanədən şikayət motivləri Füzulinin sosial-siyasi ideyalarının diqqəti çox cəlb edən cəhətidir. Əslində, mütəfəkkirin öz zəmanəsindən mərhəmət ummaq niyyəti olmamışdır. Zəmanə heç bir səbəb olmadan da istedadlı şəxsi, ziyalını qəbul etmir.

Böyük mütəfəkkir hakim təbəqələrin xalqa münasibətindən tutmuş feodalların apardıqları qanlı müharibələr də daxil olmaqla, cəmiyyətdə baş verən hadisələri diqqət mərkəzində saxlamışdır. Ətrafında baş verənlərdə zəmanənin ağırlığını, dünyanın vəfasızlığını aşkar müşahidə edən Füzuli, bundan narahatlığını gizlədə bilməmişdir. İdeyaları güclü humanizm və azadlıq tələblərindən ibarət olan mütəfəkkir hakim dairələrin müstəbidliyini zəmanənin, bilavasitə özünün, feodal quruluşunun haqsızlığı ilə əlaqələndirmişdir.

Fuzulinin bu gileyi şəxsi narahatlığından irəli gəlmir. Mütəfəkkirin dövrandan və zəmanənin hökmran əhlindən şikayəti, əslində sosial məzmun daşıyır. O, hər şeydən əvvəl, arasında yaşadığı sadə xalqı pərişan etdiyi üçün kədərlənir. Onu bir tərəfdən də dövrün və onun qoluzorlularının xalqa verdiyi zülm və sitəm, digər tərəfdən isə mövcud eybəcərlikləri xalqa çatdırıb, onu pərişan etdiyi üçün narahatlıq keçirirdi.

Füzuli feodal üsul-idarəsinin ...hökm sürdüyü bir şəraitdə feodal-əyan təbəqəsinin və din xadimlərinin özünəməxsus əxlaqa malik olduqlarını bilirdi. Zahidlərin və bir sıra digər din xadimlərinin əxlaqını tənqid edən Füzuli onların dünya nemətlərindən, maddi və real zövqlərindən, yüksək bəşəri hisslərdən mərhum olmalarının səbəbini ... dinin birtərəfli təsirində görürdü. Humanist mütəfəkkir hakimlərin vədini idarə rəhbərlərinin hərəkətlərindəki qeyri-insaniliyi onların əxlaqına xas olan yalan və riya ilə əlaqələndirirdi. Buna görə də Füzuli "hakimlərin verdiyi vədlərin yalan və uydurma olduğunu dərk edərək, ictimai-siyasi görüşlərində daha radikal mövqe tutmuşdur... O öz mövqeyində mübarizlik nümayiş etdirmişdir. Onun ictimai-siyasi baxışlarında ciddi bir dəyişiklik, təbəddülat əmələ gəlmiş, o daha fəal olmuşdur". Çünki müasiri olduğu quruluş şəraitində cəmiyyətdə sosial bərabərlik, əmlak bərabərliyi, arzu olunan adi firavan həyat yox idi. Azadlıq məhdud dairə çərçivəsində idi. Əhali sanki hökmran təbəqələrin əmrlərinin icraçılarına çevrilmişdi. Zəmanənin qaniçən qayda-qanunları, köhnə adət-ənənələri insanları əsarətdə saxlamağa xidmət edirdi. Mütəfəkkir özünün də bu dövrün, bu quruluşun əsiri olduğunu dərk edirdi.

Füzuli zəmanəsinin oğlu olsa da, onun zalımlığı ilə barışa bilmir. Onun və müasirlərinin düçar olduğu vəziyyət son dərəcə dərdli və ələmlidir. Zəmanə ilə müttəfiqlik edə bilməyən mütəfəkkir nə edəcəyini düşünür. Lakin ömür o qədər azdır ki, o, mübarizə aparmaq üçün də yetərli deyil. Bəxtə, taleyə ümid etməyin özü də çətindir. Dövrün heyrətamiz zalımlığı mütəfəkkiri qeyzləndirir.

Füzulinin nöqteyi-nəzərincə ədalətsiz zəmanədə həmfikir tapmaq, yaxud dərdə şərik olmaq əsl müşkülə çevrilmişdir. Bundan başqa, taleyin hökmünə buraxılmış insan hər tərəfdən düşmənlə əhatə olunmuşdur. Cəmiyyətdə mövcud olan fikir ayrılığı şəraitində insan nə edəcəyini yəqin dərk edə bilmir. Ədalətsizliyin ayaq tutub yeridiyi zəmanədə həmfikir dost tapmaq çətindir. Belə mürəkkəb zəmanə rəhm və mərhəmətdən məhrumdur.

"Dövran Füzuli işlərinə nizam vermədiyinə" görə, humanist mütəfəkkirin "ruzigarı dövrani-fələkdən inqilab" diləyir və ritorik bir sualla deyir: "Nə istər, bilmirəm axır, bu dövri-ruzigar məndən".

Füzulinin ideyasına görə, bütün fitnə-fəsadların baiskarı zəmanənin özüdür. Belə zəmanənin gərdişindən şad olmaq qeyri-mümkündür. Bu, heç kəsə onun muradını verməyən zəmanədir. Mütəfəkkir dövrün zalımlığını və dünya əhlinin vəziyyətini aşağıdakı rübaisində daha inandırıcı şəkildə təsvir edir.

Böyük mütəfəkkirin fikrincə, insanlara yalnız qəm gətirən zəmanə, içərisində sanki fəryadların eşidilmədiyi zindandır. Zəmanə fələyin tikdiyi həbsxanadır. Ən faciəlisi və təəccüblüsü də odur ki, bu zəmanədən nə kamil, nə də cahil insan razı deyil. Deməli, fələyin zülmü nə yaxşıya, nə də pisə fərq qoymur. Ədalətsizlik zəmanənin bütün insanların maddi və mənəvi cəhətdən qidalandığı batinindədir. Buna görə də, zəmanədən həm kamil insan, həm də cahil insan narazıdır.

Ədalətsiz dövranın Füzuliyə gətirdiyi dərdin kədəri çox ağırdır. "Əzilsəm, torpağımdan çıxmasın toz - istəmiş dövran" deyən mütəfəkkir, "əndamının gözdən axan qandan islandığını" yazır. Hələ heç kəsin belə bir dözülməz zülmə məruz qalmadığını dilinə gətirən mütəfəkkir öz halını belə bəyan edirdi.

Mütəfəkkirin ictimai lirikasında hər addımda ədalət və mərhəmət tələbləri, insanlığa namus və sədaqətlə xidmət etmək ideyası mühüm yer tutur. Əlbəttə, zorakı qanunlara söykənən feodal-patriarxal cəmiyyətində insanın öz bacarıq və istedadını xalqın rifahı naminə realizə etməsi, xalqa bütün varlığı ilə xidmət etməsi o qədər də asan deyildi. Bu, hər bir mütərəqqi fikirli fərddən böyük cəsarət və dönməz iradə tələb edirdi. Dövran qoluzorluların idi. Digər tərəfdən "zəmanə insanı ikitərəfli istismara məruz qoymuşdu. İnsan bir tərəfdən cismani - fiziki, digər tərəfdən ruhanı - mənəvi əzab və işgəncələrlə əlbəyaxa idi. Əlbəttə, cəmiyyətdəki ağalar dünyasında da pakizəxilqət olanları var idi. Lakin onlar o qədər də çoxluq təşkil etmirdi. Füzuli "ürəyiyanmışların", "qəlbi yüz parə olanların" şairi idi, onların mövqeyindən çıxış edirdi... Lakin şair cəmiyyətdə xalqa zərər gətirən bir başqa zümrənin də getdikcə artıb-çoxaldığını görürdü". Belə vəziyyət humanist mütəfəkkirin qəzəb və hiddətinə səbəb olmaya bilməzdi. O, bir gün "ədalət ilə məhəbbətin qəzavət edəcəyinə" inanırdı.

Bütün bunlara və mövqeyinin ardıcıl olmasına baxmayaraq, öz ictimai kədəri ilə xalqı mənəvi narahatlığa sövq etməsi Füzulini bir an belə sakitləşdirməmişdi. Öz xalqına lazımınca ürəyincə mənəvi rahatlıq və zövq verə bilməməsi, daha dəqiq desək, xalqın hüquqlarını istənilən səviyyədə müdafiə etmək imkanına malik olmaması insanpərvər mütəfəkkirin kədərinin üstünə daha bir kədər gətirirdi.

Füzulinin göz açdığı dünya qəm dəryası idi. Cəmiyyətin ədalətsizliklər, haqsızlıqlar burulğanında əziyyət çəkən üzvləri, üstəlik də bu qəm dəryası gəmisinin başsız, mühafizəsiz qalmış sərnişinləri idi. Belə ağır zülmə və qəmə mübtəla olmuş insanın zəmanədən şad gün umması əbəs idi. İnsan qəmdən və ələmdən qaçmağa çalışsa da, zəmanənin ədalətsiz qanunları, sərt adət-ənənələri buna imkan vermirdi. Zəmanə qəmi insana hər yerdə yoldaş etmişdi.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər