PDF Oxu

MİA

  • 7 615

Azərbaycanda liberalizm və neoliberalizmin təşəkkülü

image

Azərbaycançılıq ideyasına güclü təsir edən liberalizm və neoliberalizm, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da təşəkkül tapmaqdadır. Liberalizmin əsas ideyaları fəaliyyətçilik, insan hüquqları, spontan qayda-qanun, hüququn aliliyi, məhdudlaşdırılmış hakimiyyət, azad bazar, xeyirxah istehsal, maraqların təbii harmoniyası və sülh Azərbaycanda bərqərar olmaqdadır.

İndi isə leberalizmin əsas ideyalarının izahına keçək.

Fərdiyyətçilik. Liberalizm tərəfdarları belə hesab edirlər ki, sosial analizin elementar vahidi ayrıca götürülmüş insan və ya fərddir. Yalnız fərdlər seçim edir və öz fəaliyyətlərinə cavabdehdirlər. Liberalizm fikri hüquq və vəzifələrə malik olan hər bir şəxsin ləyaqətini yüksək qiymətləndirir. Qadın ləyaqətinin, müxtəlif dinlərə və irqlərə məxsus insanların ləyaqətlərinin daim yüksək tutulması Qərb dünyasında liberalizmin ən böyük zəfərlərindən biridir.

İnsan hüquqları. Nə qədər ki, insanlar əxlaq daşıyıcılarıdır, onlar öz hüquqlarını, azadlıq və mülkiyyətlərini müdafiə etmək hüququna malikdirlər.

Spontan qayda-qanun. Sadəcə olaraq, mövcud olmaq və özünü reallaşdırmaq üçün insanlar cəmiyyətdə yüksək dərəcədə qayda-qanunu gözləməlidirlər. Bu qayda-qanun heç də mərkəzləşdirilmiş və avtoritar qayda-qanun kimi başa düşülməməlidir. Liberalizmə görə cəmiyyətdə qayda-qanun spontan surətdə yaranır. Yəni minlər və milyonlarla insan öz xüsusi məqsədlərinə çatmaq üçün fəaliyyətlərini digər insanların fəaliyyətləri ilə əlaqələndirir və bu hal qayda-qanunun yaranması ilə nəticələnir. İnsan cəmiyyətinin ən mühüm institutları olan dil, hüquq, pul və bazar spontan olaraq, mərkəzləşdirilmiş rəhbərlik olmadan yaranıb, inkişaf etmişdir. Spontan qayda-qanunun digər nümunəsi insanlar arasında birlik və əlaqələrin vahid mürəkkəb şəbəkəsi olan vətəndaş cəmiyyətidir. Vətəndaş cəmiyyəti daxilində birliklər müəyyən məqsədlər üçün yaradılır, lakin vətəndaş cəmiyyətinin özü təşkilat deyildir və ayrıca götürülmüş məqsəd daşımır.

Hüququn aliliyi. Liberalizm nə hər şeyin icazə verildiyi dəyər, nə də gedonizm deyildir. Liberalislər qanunlar çərçivəsində azad cəmiyyət təklif edirlər. Belə bir cəmiyyətdə insanlar öz həyatlarını yaşamaqda o vaxtadək azad sayılırlar ki, eyni dərəcədə başqalarının da hüquqlarına hörmət edirlər. Hüququn aliliyi o deməkdir ki, insanlar ümumi qəbul edilmiş hüquq normalarına və həmçinin, spontan yaranmış hüquq normalarına tabe olurlar.

Məhdudlaşdırılmış hakimiyyət. Hüququ təmin etmək üçün insanlar hökumət yaradır. Lakin hökumət təhlükəli institutdur. Liberalizm hakimiyyətin mərkəzləşməsinə güclü antipatiyaları ilə seçilirlər. Onlar hakimiyyəti bölmək və məhdudlaşdırmaq istəyirlər. Bu isə, o deməkdir ki, liberalizm hakimiyyətin yazılmış konstitusiyalar ilə məhdudlaşdırılmasını üstün tuturlar. Liberalizm ideologiyasının əsas siyasi nəticəsi hakimiyyətin məhdudlaşdırılmasıdır.

Azad bazar. Azad bazar azad insanlardan təşkil olunmuş iqtisadi sistemdir. Liberalistlər belə hesab edirlər ki, dövlətin azad seçim prosesinə müdaxiləsi nə qədər minimuma endirilsə, insanlar, eyni zamanda, daha azad ola və daha çox varlana bilərlər.

Xeyirxah istehsal. Müasir liberalistlər insanların qazanmaq hüquqlarını müdafiə edirlər və heç bir istehsalla məşğul olmayan, lakin onların əlindən bu qazancı alan siyasətçilərin və bürokratların əleyhinə çıxırlar.

Maraqların təbii harmoniyası. Liberalistlər belə hesab edirlər ki, ədalətli cəmiyyətdə dinc surətdə istehsalla məşğul olan insanların maraqları harmonikdir. Azad bazarın olduğu şəraitdə fermerlər və tacirlər, istehsal edənlər və idxal edənlər arasında heç bir konflikt yarana bilməz.

Sülh. Liberalistlər həmişə müharibə əleyhinə çıxırlar. Onlar başa düşürlər ki, müharibə özü ilə ölüm və dağıntı gətirir, ailələri və iqtisadiyyatı dağıdır, hakimiyyətin hakim sinfin əlində cəmləşməsinə imkan yaradır.

Müasir liberal partiyalar, adətən, çoxpartiyalığa, insan azadlıqları və hüquqlarının maddi əsas kimi xüsusi mülkiyyətə əsaslanan hüquqi dövlət qurulmasını, koalision hökumət yaradılmasını, birbaşa prezident seçkiləri keçirilməsini, dövlət və ictimai institutların ideologiyasızlaşmasını öz qarşısına məqsəd qoyurlar. Liberallar sağ və sol radikalizmi qəbul etmir, sağlam fikrə əsaslanan düşünülmüş islahatlar tərəfdarıdırlar. Onlar həmişə qanun çərçivəsində fəaliyyət göstərən bütün partiyalarla əməkdaşlıq etməyə hazır olduqlarını nümayiş etdirirlər.

Ümumi bərabərliyi siyasi və iqtisadi azadlıqla vəhdətdə götürən liberalizm və neoliberalizm Qərbi Avropada inkişaf etmişdi və SSRİ dağıldıqdan sonra postsovet məkanında da yayıldı. Qərbin demokratik dövlətləri XX əsrin 80-ci illərində liberalizmi yaxşı dövlət ideyası ilə vəhdətdə götürərək, hərtərəfli inkişafa nail oldular. Bu inkişafın gedişində insanın söz və yığıncaq azadlığına sosial müdafiə hüququ da əlavə olundu. Qərb demokratiyasında insan hüquqlarının müdafiəsi bazar iqtisadiyyatı, inkişaf etmiş sosial təminat əsas yer tutdu. Bu dövrdə müstəqillik yoluna qədəm qoymaqda olan bütün possovet ölkələri kimi Azərbaycanda liberal və neoliberal dəyərlər əsaslı yaranan demokratiya istiqamətində inkişafa qədəm qoyurdu.

Keçmiş sovet imperiyasının dağılması prosesində xalq hərəkatı müstəqillik və demokratik dəyərlər uğrunda mübarizə gedişində məqsədlərinə nail oldu. Ulu Öndərin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası və Azərbaycan xalqı liberal və neoliberal dəyərlərin, vəhdətindən ibarət olan hüquqi dövlət, vətəndaş cəmiyyəti, insan hüquqları onun müdafiəsi, plüralizm və demokratiya gerçəkləşməyə başladı.

Azərbaycanda liberalizmin siyasi qüvvə kimi təşkil olunmasının tarixi XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərən "Əhrar" partiyası liberal partiya idi. 1921-ci ildə sovet dövründə bütün partiyalar ləğv edildi, çoxpartiyalılığa son qoyuldu, Kommunist Partiyasının təkbaşına hökmranlığı dövrü başlaqdı. Müstəqilliyin yenidən bərpası dövründə liberalizm və neolizmin ideologiyaları kimi fəaliyyəti göstərən "Əhrar", "Azərbaycan liberal və Azərbaycan liberal-demokrat partiyaları zəif siyasi təşkilatlardır. Bütün liberal - demokratik dəyərləri özündə ehtiva edən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və Yeni Azərbaycan Partiyası Azərbaycanda bazar münasibətlərinin əsası kimi azad rəqabət, hüquqi dövlət, özünüidarəetmə, şəxsiyyət azadlığı, söz, mətbuat azadlığı, siyasi seçki hüququ, azlıqda qalan xalqların dilinə, etiqadına və adət-ənənələrinə hörmət etmək kimi liberal-demokratik dəyərlərin təşəkkülü uğrunda mübarizə aparır.

Beləliklə, Azərbaycanda liberalizm artıq təşkilati siyasi qüvvə kimi fəaliyyət göstərir və liberalizmin qarşıya qoyduğu məqsədlərin çoxusunun reallaşmasına misal olaraq, göstərə bilərik ki, respublikamızda vətəndaş cəmiyyətinin və hakimiyyətin əsasları yaradılmış, parlamentarizm tətbiq edilmiş, hakimiyyətin dövlət səviyyəsində bölgüsünün liberal prinsipi həyata keçirilmişdir. Liberalizmin bir çox müddəaları - dövlət və bazarın sintezi, fərdlərin bazar imkanları, hüquqi dövlət ideyası Azərbaycanda tətbiq edilərək istifadə olunur.

Daxildə sabitliyə nail olmağa cəhd göstərən iqtidar, habelə, Azərbaycanın xarici siyasətdə liberal-demokratiya dəyərləri üzərində qurulan və sülhə təminat verən dünya nizamının yaradılmasına tərəfdar çıxır. İki liberal cəmiyyətin bir-birilə heç vaxt vuruşmaq məqsədini güdmədiyini əsas tutaraq, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının əleyhinə olmadığını bildirirlər. Qeyd etmək lazımdır ki, dövlət də bu məsələdə liberal xətt yeridir. Lakin eyni zamanda, bu problemin sülh yolu ilə əldə olunmadığı təqdirdə, beynəlxalq sənədlərə istinad edən demokratik qüvvələr, o cümlədən, hakim rejim ərazi bütövlüyümüzün bərpa olunması üçün müharibə yolunu da istisna etmirlər.

Azərbaycan liberalları - istər siyasi təşkilatların üzvləri, istərsə də liberal düşüncəli insanlar müasir şəraitdə hakimiyyətə və dövlətin məsul postlarına antikonstitusiya cəhdləri ilə gəlməyin əleyhinə çıxış edirlər və hakimiyyətə yalnız seçkilər yolu ilə gəlməyi qəbul edirlər.

Azərbaycan iqtisadiyyatı ənənəvi (liberalzmin) mövqeyindən deyil, neoliberalizm mövqeyindən çıxış edərək inhisarların hökmranlığını məhdudlaşdırmaq və iqtisadi konfliktləri aradan qaldırmaq üçün dövlətin iqtisadiyyata müəyyən dərəcədə müdaxiləsini zəruri hesab edir. Eyni zamanda, liberalizmin əsas prinsiplərinə sədaqətliyini saxlayaraq, bütün vətəndaşların bərabərhüquqlu olmasını, şəxsiyyətin hüquq və azadlıqlarını, konstitusionalizmi, təsərrüfat həyatının əsası kimi xüsusi mülkiyyət və sahibkarlığı üstün tutduqlarını bəyan etmişlər.

Müasir dövrdə neoliberal-demokratik dəyərlərin gerçəkləşməsini istəyən dövlət Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmış müddəaların - demokratik quruluşa təminat verməsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaratmaq, azad sahibkarlığa təminat vermək, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol verməmək, insan və vətəndaş hüquqlarını və azadlıqlarını müdafiə etmək və s. həyata keçirilməsini təmin edir. Azərbaycan əsaslı və liberal düşüncəli ziyalıları, tərəqqinin tərəfində duran bütün qüvvələr liberal dəyərləri hər şeydən üstün tuturlar.

Hazırda yeni dünya düzəni yaratmaq zərurəti ortaya çıxmışdır. Müharibəsiz, hərbsiz, insan haqlarının müştərək qorunduğu, hər kəsin həddini bildiyi, haqqını ala biləcəyi yeni düzənə ehtiyac ortaya çıxmışdır. Avropada 1975-ci il Helsinki Yekun Aktı, 1990-cı il Paris Xartiyası, Avropa İttifaqı timsalında yeniliklər bu məqsədə xidmət edir. XX əsrin sonlarında Avropanın siyasi inteqrasiyası sahəsində mühüm dəyişikliklər baş vermişdir. 1991-ci il Maastrix Müqaviləsinə əsasən, Avropa İttifaqı gerçəkliyə çevrildiyi bu sazişin əsas məqsədi Avropada vahid iqtisadi, sosial, hüquqi informasiya və mədəni məkan yaratmaqdır. Artıq vahid kapital, əmtəə və xidmət bazarı formalaşmış, 1999-cu ildə yeni Avropa valyutası-avro tətbiq olunmuşdur, gələcəkdə vahid vətəndaşlığa keçmək, vahid konstitusiya qəbul etmək, təhlükəsizlik sistemini möhkəmləndirmək və Avropa ölkələrinin hərbi-siyasi cəhətdən daha da yaxınlaşdırılmasını təmin etmək planlaşdırılmışdır. 1991-ci ildə yenidən müstəqilliyini əldə etmiş Azərbaycan respublikada Avropa inteqrasiyasına qoşulmaq yolu tutur. Daha yaxşı dünya üçün klassik-fərdiyyətçi liberalizm sanki təkrar olaraq etibarlı mövqeyə keçir, insan haqları bəşəriyyətin başlıca hədəfi olur. İqtisadiyyat, siyasi münasibətlər və hüquq yenidən liberallaşdırılır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktou

Digər xəbərlər