PDF Oxu

MİA

  • 6 596

ATƏM-in İNSAN ÖLÇÜSÜ KONFRANSINA DAİR KOPENHAGEN MÜŞAVİRƏSİNİN SƏNƏDİ

image

Avropada Təhlükəsizlik və Əməkdaşlığa Dair Müşavirənin 35 iştirakçı dövləti tərəfindən 1990-cı il iyunun 29-da qəbul edilmişdir.

İştirakçı dövlətlər, insan hüquqlarına və əsas azadlıqlara aid olan öhdəliklərdən fövqəladə vəziyyət şəraitində istənilən geriçəkilmənin beynəlxalq hüququn, o cümlədən iştirakçıları olduqları beynəlxalq vasitələrin, xüsusən geriçəkilmənin mümkün olmayacağı hüquqların nəzərdə tutduğu sərhədlər daxilində tam qalmalı olduğunu təsdiq edirlər. Onlar, həmçinin təsdiq edirlər ki:

- belə tədbirlər yalnız irqi mənsubiyyətə, dərinin rənginə, cinsə, dilə, dinə, sosial mənşəyə, yaxud azlıqlara mənsubiyyətə əsaslanan ayrıseçkiliyə səbəb olmur.

30.İştirakçı dövlətlər milli azlıqlara aid olan məsələlərin yalnız qanunun aliliyinə əsaslanan demokratik siyasi çərçivələrdə, müstəqil məhkəmə sisteminin fəaliyyəti şəratində qənaətləndirici tərzdə həll edilə biləcəyini qəbul edirlər. Bu çərçivələr insan hüquqlarına və əsas azadlıqlara tam hörmətlə yanaşmaya, bütün vətəndaşların bərabər hüquq və vəziyyətlə təmin edilməsinə, onların öz qanuni maraqlarını da, arzularını da sərbəst ifadə etmələrinə, dövlət hakimiyyətindən sui- istifadənin yoluna təsirli əngəllər qoyan hüquq normalarının yerinə yetirilməsinə, siyasi plüralizmə və sosial dözümlülüyə təminat verirlər.

Onlar, həmçinin dözümlülüyün, mədəniyyət müxtəlifliyinin təşviq edilməsində və milli azlıqlarla bağlı məsələlərin həllində siyasi partiyalar, həmkarlar ittifaqları, insan hüquqları üzrə təşkilatlar və dini qruplar da daxil olmaqla, qeyri-hökumət təşkilatlarının mühüm rol oynadığını qəbul edirlər.

Onlar daha sonra, hamılıqla qəbul edilmiş insan hüquqlarının tərkib hissəsi kimi milli azlıqlara mənsub şəxslərin hüquqlarına hörmətlə yanaşmanın iştirakçı dövlətlərdə sülhün, ədalətin, sabitliyin və demokratiyanın mühüm amili olduğunu təsdiq edirlər.

Milli azlıqlara mənsub şəxslərin öz insan hüquqları və əsas azadlıqlarını heç bir ayrı-seçkiliyə yol verilmədən və qanun qarşısında tam bərabərlik şəratində tamamilə və səmərəli şəkildə həyata keçirmək hüququ var.

İştirakçı dövlətlər insan hüquqlarının və əsas azadlıqların həyata keçirilməsində və onlardan faydalanmaqda milli azlıqlara mənsub şəxslərin digər vətəndaşlarla tam bərabərliyinə təminat vermək məqsədilə zəruri halda xüsusi tədbirlər görəcəklər.

Şəxsin milli azlıqlara mənsubiyyəti onun şəxsi seçimidir və belə bir seçimin həyata keçirilməsi heç bir mənfi nəticələr doğura bilməz.

Milli azlıqlara mənsub şəxslərin öz etnik mədəniyyət, dil, yaxud din özünəməxsusluğunu azad surətdə ifadə etmək, qoruyub-saxlamaq və inkişaf etdirmək, öz iradəsinin əksinə olaraq, heç bir assimilyasiya təşəbbüsünə məruz qalmadan bütün cəhətləriylə öz mədəniyyətini azad surətdə dəstəkləmək və onu inkişaf etdirmək hüquqları var. Xüsusilə, onlar aşağıdakı hüquqlara malikdirlər:

- şəxsi və ictimai həyatda öz ana dilindən azad surətdə istifadə etmək;

- milli dövlət qanunvericiliyinə uyğun olaraq könüllü maliyyə yardımını və digər yardımları, eləcə də dövlət dəstəyi axtara biləcək xususi təhsil, mədəniyyət və dini müəssisələrini, təşkilat və ya assosiyasiyalarını yaratmaq və dəstəkləmək;

- öz dininə etiqad etmək, o cümlədən, dini materialı əldə etmək, ona sahib olmaq, ondan istifadə etmək və öz ana dilindəki təhsil sahəsində dini fəaliyyəti həyata keçirmək;

- öz ölkəsinin hüdudları daxilində öz aralarında, eləcə də digər dövlətlərin ümumi etnik və ya milli mənşəyi, mədəni mirası və ya dini etiqadı olan vətəndaşları ilə maneəsiz əlaqələr qurmaq və əlaqələri davam etdirmək;

- öz ana dilində məlumatı yaymaq, ondan istifadə yoluna malik olmaq və məlumat mübadiləsi etmək;

- öz ölkəsinin hüdudları daxilində təşkilatlar, yaxud assosiasiyalar yaratmaq və dəstəkləmək, beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyətində iştirak etmək.

Milli azlıqlara mənsub şəxslər öz hüquqlarını həyata keçirməkdə və onlardan istifadə etməkdə fərdi qaydada, eləcə də öz qrupunun digər üzvləri ilə birlikdə həyata keçirə bilərlər. Belə hüquqlardan istənilən birinin həyata keçirilməsi və ya keçirilməməsi milli azlıqlara mənsub şəxslər üçün heç bir mənfi nəticələr doğura bilməz.

İştirakçı dövlətlər öz ərazilərində milli azlıqların etnik, mədəni, dil və din özünəməxsusluqlarını müdafiə edəcək və bu özünəməxsusluqları təşviq etmək üçün şərait yaradacaqlar. Onlar bu məqsədlə hər bir dövlətin qərar qəbulu prosedurasına uyğun olaraq belə azlıqların təşkilatları və ya assosiasiyaları ilə əlaqələr də daxil edilməklə, lazımi məsləhətləşmələr keçirdikdən sonra zəruri tədbirlər görəcəklər.

İstənilən belə tədbirlər müvafiq iştirakçı dövlətin digər vətəndaşlarına münasibətdə bərabərlik və ayrı-seçkiliyə yol verməmək prinsiplərinə uyğun olacaqdır.

İştirakçı dövlətlər, milli azlıqlara mənsub şəxslərin, müvafiq dövlətin rəsmi dilini, yaxud rəsmi dillərini öyrənməyin zəruriliyindən asılı olmayaraq, öz doğma dilini öyrənmək, yaxud öz doğma dilində təlim almaq, həmçinin bunun mümkün və vacib olduğu yerdə milli dövlət qanunvericiliyin tətbiqinə uyğun olaraq, dövlət orqanlarında öz doğma dilindən istifadə etmək üçün lazımi imkanlara malik olmalarına təminat verməyə çalışacaqlar.

Onlar həm də tədris müəssisələrində tarix və mədəniyyətin tədrisi kontekstində milli azlıqların tarix və mədəniyyətini nəzərə alacaqlar.

İştirakçı dövlətlər milli azlıqlara mənsub şəxslərin belə azlıqların özünəməxsusluğunun müdafiəsi və təşviqi işlərində iştirak da daxil olmaqla, dövlət işlərində səmərəli iştirak etmək hüququna hörmət göstərəcəklər.

İştirakçı dövlətlər müəyyən milli azlıqların etnik, mədəni, dil və din özünəməxsusluğunun təşviqi üçün bu məqsədlərə çatmağın mümkün vasitələrindən biri kimi maraqlı dövlətin siyasətinə uyğun lazımi yerli və muxtar idarəetmə orqanları ilə belə azlıqların konkret tarixi və ərazi şəraitinə cavab verən şərati yaratmaq və müdafiə etmək məqsədilə göstərilən səyləri qeyd edirlər.

İştirakçı dövlətlər onların arasında milli azlıqların məsələləri üzrə əməli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını qəbul edirlər. Belə əməkdaşlıq qarşılıqlı anlaşmaya və etimada, dostluq və mehriban qonşuluq münasibətlərinə, beynəlxalq sülhə, təhlükəsizliyə və ədalətə kömək etmək məqsədini güdür.

Hər bir iştirakçı dövlət onun ərazisində yaşayan bütün şəxslər arasında, etnik, yaxud milli mənşə və ya din fərqi qoymadan qarşılıqlı hörmət, anlaşma, əməkdaşlıq və həmrəylik ab-havasına kömək göstərəcək və qanunun aliliyi prinsipiərinə əsaslanan dialoqun köməyi ilə problemlərin həllini təşviq edəcəklər.

Bu müddəalardan heç biri Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsiplərindən, dövlətlərin ərazi bütünlüyü prinsipi də daxil olmaqla, beynəlxalq hüquq üzrə digər öhdəliklərə, yaxud Yekun Aktının müddəasına zidd olan hər hansı bir fəaliyyətlə məşğul olmağa və ya hər hansı bir hərəkəti həyata keçirməyə yol verən hər hansı bir hüquq kimi şərh edilə bilməz.

İştirakçı dövlətlər milli azlıqlara mənsub şəxslərin hüquqlarının müdafiəsi və təşviqinə dair öz səylərində insan hüquqları üzrə mövcud konvensiyalar və digər müvafiq beynəlxalq vasitələr üzrə öz öhdəliklərinə tam əməl edəcək və ayrı-ayrı şəxslərin şikayət hüququnu nəzərdə tutan konvensiyalar da daxil olmaqla, əgər hələ qoşulmayıblarsa, müvafiq konvensiyalara qoşulmaq haqqında, məsələlərə baxacaqlar.

İştirakçı dövlətlər Birləşmiş Millətlər Təşkilatı və müvafiq hallarda Avropa Şurası da daxil olmaqla, üzvü olduqları səlahiyyətli beynəlxalq təşkilatlarla onların milli azlıqların məsələləri ilə bağlı gördükləri işləri nəzərə almaqla sıx əməkdaşlıq edəcəklər.

Onlar milli azlıqlar barəsində məsələni hərtərəfli müzakirə etmək üçün ekspertlər müşavirəsini çağırmaq məsələsinə baxacaqlar.

40. İştirakçı dövlətlər totalitarizmi, irqi və etnik ədavəti, antisemitizmi, kimə qarşı olursa-olsun, ksenofobiyanı və ayrı-seçkiliyi, eləcə də dini və ideoloji səbəblərə görə təqibi dəqiq və qeyd-şərtsiz pisləyirlər. Bu kontekstdə onlar, həmçinin xüsusi roman (qaraçı) problemini qəbul edirlər.

Onlar bu halların bütün formaları ilə mübarizədə öz səylərini fəallaşdırmaq üçün qəti niyyətdə olduqlarını elan edirlər və buna görə də:

- şəxslərə və ya qrupa qarşı antisemitizm də daxil olmaqla, milli, irqi, etnik və ya dini ayrı-seçkiliyə, düşmənçiliyə və ya nifrətə əsaslanan zorakılığa təhrikçilik olan istənilən aktdan müdafiənin təminatı üçün özlərinin konstitusiya sistemlərinə və beynəlxalq öhdəliklərinə uyğun zəruri ola biləcək qanunları qəbul edərək, təsirli tədbirlər görəcəklər.

- irq, etnik, mədəniyyət, dil və din özünəməxsusluğu nəticəsində ayrı-seçkilik, düşmənçilik və ya zorakılıq təhlükəsinə, yaxud hərəkətinə məruz qala biləcək şəxslərin, yaxud qrupun müdafiəsi və onların əmlakının müdafiəsi üçün lazımi və müvafiq tədbirlər görməyi üzərlərinə öhdəlik götürəcəklər;

- xüsusilə, təhsil, mədəniyyət və məlumat sahələrində qarşlıqlı anlaşmaya və dözümlülüyə kömək etmək üçün milli, regional və yerli səviyyələrdə onların konstitusiya sistemlərinə uyğun təsirli tədbirlər görəcəklər;

- irqi xurafata və ədavətə, müxtəlif sivilizasiyaya və mədəniyyətlərə hörmətin gücləndirilməsinə dair problemlərə təhsil üzrə vəzifələr çərçivəsində xüsusi diqqət yetirilməsinin təmin edilməsinə çalışacaqlar;

- hər bir şəxsin hüquqi müdafiənin təsirli vasitələrinə malik olaraq hüququnu qəbul edəcəklər və milli dövlət qanunvericiliyinə uyğun olaraq, əlaqədar şəxslərin və qrupun irqçilik və ksenofobiya aktları da daxil olmaqla, ayrı-seçkilik aktlarına dair şikayətlə çıxış etmək və bu şikayəti müdafiə etmək hüququnu qəbul etməyə çalışacaqlar.

- ayrı-seçkilik probleminin müzakirə edildiyi beynəlxalq vasitələrə, hələlik qoşulmayıblarsa, qoşulmaq məsələsinə baxacaq və vaxtaşırı məruzələrin təqdimi ilə bağlı öhdəliklər də daxil olmaqla, həmin məsələ üzrə öhdəliklərin tam yerinə yetirilməsini təmin edəcəklər;

- eyni zamanda, dövlətlərə və ayrı-ayrı şəxslərə ayrı-seçkiliklə bağlı məlumatları beynəlxalq orqanlara göndərmək imkanı verən beynəlxalq mexanizmlərin qəbul edilməsi haqqında məsələyə baxacaqlar.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər