PDF Oxu

MİA

  • 3 570

Beynəlxalq hüquqda məsuliyyət və onun insan haqlarının müdafiəsində əhəmiyyəti

image

Beynəlxalq hüquqi münasibətlərdə çıxış edən subyektin öz əxlaqı və hərəkətinə məsuliyyəti, müvafiq beynəlxalq hüquqi sanksiyalar sistemı nəzərdə tutulmadan nə dövlətin daxilində, nə də beynəlxalq münasibətlər sahəsində heç bir müvəffəqiyyət əldə edilə bilməz.

BMT Nizamnaməsinə əsasən, dövlətlər arasında dostluq münasibətlərinə, əməkdaşlığa aid olan beynəlxalq hüquqi prinsiplər haqqında 1970-ci il Bəyannaməsi, 1975-ci ildəki və s. aktlar kimi mühüm sənədlər beynəlxalq prinsiplərin vicdanla yerinə yetirilməsini tələb edir.

Sülh, təhlükəsizlik və əməkdaşlıq naminə beynəlxalq hüququn inkişafının indiki mərhələsində ümumi prinsiplərin ciddi gözlənilməsi çox vacibdir və beynəlxalq hüquqi məsuliyyət məsələlərini tənzim edən norma və qaydaların dəqiq, konkret və qəti surətdə müəyyən edilməsinə böyük ehtiyac vardır.

Beynəlxalq hüquqi məsuliyyət dedikdə, beynəlxalq hüquqi pozğunluq və ya beynəlxalq cinayət əməli nəticəsində müəyyən dövlətin və ya digər subyektin üzərinə düşən siyasi- mənəvi və maddi hüquqi nəticələrinin məcmuyu başa düşülür.

Məlumdur ki, dövlət daxilində hüququn (qanunların, normaların) pozulması müəyyən məsuliyyətə səbəb olur. Beynəlxalq hüququn pozulmasının və bundan irəli gələn məsuliyyətin formalarının öz xüsusiyyətləri mövcuddur. Beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin dövlət iradəsi, öz ifadəsini həmin dövlətin müvafiq orqanlarının fəaliyyətində axtarılır. Beynəlxalq cinayət dedikdə, dövlətlərin və millətlərin öz varlığına qorxu yaradan, xalqlar arasında təhlükəsizlik, sülh və dostluq münasibətlərinə qarşı yönəldilən ən ağır hüquqa zidd hərəkət, yaxud hərəkətsizlik başa düşülür. Tarixdə belə hallar Hitlerin yəhudiləri qırması, II Dünya müharibəsindəki hərəkətləri, bizim üçün isə ermənilərin dəfələrlə, xüsusən, 1988-ci ildən heç bir beynəlxalq hüquqa məhəl qoymadan etnik təmizləmə, soyqırımı fəaliyyəti göstərməsidir.

Beynəlxalq hüquqa əsasən, dövlət daxilində öz orqanlarının və vəzifəli şəxslərinin, habelə vətəndaşlarının törətdikləri bütün hüquqa zidd cinayət əməlləri üstündə məsuliyyət daşıyır. Hər bir dövlət öz ərazisində başqa dövlətin və onun vətəndaşlarının hüququnun pozulması üçün də məsuliyyət daşıyır. Bütün dövlət öz ərazisində başçılıq edərkən, orada baş verən bütün hərəkətlərə nəzarət etməlidir ki, bu da dövlət suvereniteti prinsipindən irəli gəlir. Bu prinsip BMT Baş Məclisinin 7 dekabr 1953-cü il tarixli sessiyasında öz hüquqi statusunu almışdır.

Hərbi cinayətlər, təcavüzkarlığ üstündə məsuliyyət məsələləri II Dünya müharibəsindən sonra daha geniş vüsət alıb. Dövlət səviyyəsində bu prinsiplər alman və yapon hərbi canilərini mühakimə etmək üçün Nyürenberq, Tokio Beynəlxalq Hərbi Tribunallarının nizamnaməsində daha dəqiq təsdiq olunub. Nyürenberq Hərbi Tribunalının hökmü əməli surətdə həyata keçirilərək, BMT Baş Məclisinin 1946-ci il 11 dekabr və 21 noyabr tarixli qətnamələri ilə həyata keçirilib.

Beləliklə, BMT-nin də təsdiq etdiyi beynəlxalq hərbi tribunallarının prinsipləri daha da qanuniləşdirilmiş olur. Həmin prinsiplər indi təcavüzkarlıq və hərbi cinayətlərə qarşı miibarizəni ümumtanınmış beynəlxalq hüquqi prinsiplərini təşkil edir. Yəqin ki, vaxt gələcək Ermənistan dövləti, onun ayrı-ayrı rəhbərləri Azərbaycan türklərinə qarşı apardıqları təcavüzkarlıq, zorakılıq, soyqırımı, işğal və s. cinayətləri üçün cavab verməli olacaqlar.

Təcavüzkarlıq müharibəsinin planlaşdırılması, hazırlanması, qızışdırılması, aparılması, hərbi cinayətlər (hərbi əsirlərin öldürülməsi və onlara işgəncə verilməsi, girov alınmış insanların öldürülməsi, qəsdən şəhər və kəndlərin dağılması və s.), insanlığa qarşı cinayətlər (dinc əhalinin öldürülməsi. məhv edilməsi, əsarət altına alınması və ya onlara qarşı tətbiq olunan digər qəddarlıq, habelə siyasi, irqi və dini əlamətlərə görə təqib edilməsi, köçürülməsi, soyqırımı aparılması və i.a) anlayışları müəyyən edilmişdir. Bütün bu cinayətlər hazırda ümumi başlıq altında bəşəriyyətə qarşı cinayət hesab edilir və BMT Baş Məclisinin XX-XXVII sessiyalarında qəbul olunub. Genosid məsələsi 1948-ci il, irqi-dini ayrı-seçkiliyi isə 1966-1968-ci il sazişlərində daha ciddi qoyulmuşdur.

Beynəlxalq hüquqi təcrübədə dövlətin qanunvericilik, icra və məhkəmə orqanlarının hüquqa zidd hərəkət və hərəkətsizliyi ilə əlaqədar məsələlərə daha çox rast gəlinir. Dövlətin beynəlxalq hüququn ümumtanınmış əsas prinsiplərinə zidd olan qanunları, dekretləri, bəyannamə və digər aktları, xüsusilə təcavüzkarlığa yönəldilən, habelə digər beynəlxalq cinayətin törədilməsi, bilavasitə əlaqədar olan rəsmi aktları və sərəncamları da beynəlxalq hüquqi məsuliyyət üçün əsas hesab etmək olar. Əlbətdə, qanunvericilik fəaliyyəti üstündə dövlətin məsuliyyəti, müvafiq sənədlərin verilməsi ilə deyil, onların bilavasitə, icrası və həyata keçirilməsi ilə əlaqədar olur. Təcavüzkar dövlət öz orqanlarının (silahlı qüvvələr, polis, gömrük və s.) və vəzifəli şəxslərinin hüquqa zidd əməlləri üstündə düzünə və ya dolayısı ilə məsuliyyət daşıyırlar.

Beynəlxalq hüquqa əsasən, dövlət ərazisi daxilində öz orqanlarının və vəzifəli şəxslərinin, habelə vətəndaşlarının törətdikləri beynəlxalq qanunsuzluğa və cinayətə səbəb ola bilən bütün hüquqa zidd əməllər üstündə məsuliyyət daşıyır. Əgər, dünya dövlətlərinin özünün Cinayət Məcəlləsində xarici dövlət nümayəndəsi əleyhinə terror aktı, müharibə təbliğatı, hərbi soyğunluq, hərbi əməliyyat rayonunda əhaliyə qarşı zorakılıq etmək, onun əmlakını qanunsuz almaq, hərbi əsirlərlə pis rəftar etmək, Qırmızı Aypara və Qırmızı Xaç nişanlarını qanunsuz olaraq taxmaq və bunlardan sui- istifadə etmək və s. cinayət əməlləri üstündə ciddi cəzalar müəyyən olunub. Amma biz özümüz şahidik ki, ermənilər öz aidiyyatı orqanlarının sənədlərində belə maddələrdən istifadə etsələr də, əsl həqiqətdə Azərbaycana qarşı bir çox cinayətlər törətmişlər və bu, əsla birinci dəfə deyildir.

Beynəlxalq aləmdə dövlətin beynəlxalq hüquqi məsuliyyəti formaları çoxdur və onun hüquqa zidd fəaliyyət və ya fəaliyyətsizliyi nəticəsində törədilən beynəlxalq delikt və ya beynəlxalq cinayətlə əlaqədar müəyyən olunur.

Ciddi beynəlxalq cinayətdə təqsiri olan dövlətin, həmin cinayət nəticəsində dəyən ziyanı ödəmək öhdəliyi ilə yanaşı, həm də siyasi məsuliyyəti tələb olunur. Məsuliyyət həm fərdi, həm də kollektiv tədbirlərdən ibarət ola bilər.

Belə bir məsələni də qeyd etməmək də mümkün deyildir ki, ərazi dəyişikliklərinin hüquqi əsasları beynələxalq hüquqda yox dərəcəsindədir. Lakin özgə torpaqlarını işğal etmək, başqa xalqları əsarətə almaq, bütün dövrlərdə olmuşdur. Azərbaycan xalqı, onun torpaqları isə belə işğalallara zaman-zaman məruz qalmış və öz varlığını tam itirməmiş bəlkə də yeganə qədim xalqdır. Hazırkı ədalətsiz müharibə də bunu öz xalqımıza daha çox açıqlayır.

Dünya tarixində bir dövlətin ərazisinin tam, yaxud bir hissəsinin satılması, icarəsi, mübadilə edilməsi halları da olmuşdur. Qalan halların hamısında ərazi dəyişiklikləri ancaq əvvəlcə güclə həyata keçirilmiş, sonra buna "qanun" donu geydirilmişdir.

Dövlət ərazisini göstərmək üçün dövlət sərhəd xətləri olur ki, dövlətlərin əraziləri, biri digərindən bu xətlərlə ayrılır. Müasir beynəlxalq hüquqda oroqrafik, həndəsi, astronomik və qarışıq sərhədlərə çox rast gəlinir. Oroqrafik sərhədlər yerin relyefini (su, çay axını, su boğucu xətt, dəniz, dağ və s.) nəzərə alınmaqla çəkilən xətlərdir.

Həndəsi sərhədlər kəndi, şəhəri, binaları, yaşayış yerlərini dağıtmaq şərti ilə çəkilən xətlərdir. Astronomik sərhədlər isə coğrafi dərəcə torunun paralel və meridianları ilə müəyyən olunur. Lakin hazırda beynəlxalq hüquqla müəyyənləşdirilməyən sərhədlər də mövcuddur. Belə sərhədlərə geopolitik sərhədlər deyilir ki, bu da böyük və güclü dövləti dünyanın bu və ya digər hissəsində öz mənafelərini qoruyub-saxlamağa xidmət sərhədləridir. Dövlət sərhədləri dövlətin öz qanunları və bağladığı saziş, müqavilə ilə beynəlxalq sərhəd qanunlarına qovuşur və bütün dövlətlərin qəbul etdiyi status səviyyəsinə qalxır.

Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi ərazi məsələləri, dövlət sərhədləri, dövlət sərhəd xətləri işlərinin bərpasında çox ciddi-cəhdlə səy göstərməlidirlər.

Maddi məsuliyyətdə isə dəymiş ziyanı ödəmək (pulla), dəymiş ziyanı natura ilə ödəmək (dağıdılmış obyektlərin bərpa edilməsi, aparılan əmlakın geri qaytarılması və s.) ödəməyin, məhv (xarab edilmiş) və ya qarət edilib aparılmış əmlakın əvəzinə yeni əmlak verilməsini nəzərdə tutur.

Beynəlxalq hüquqda hərbi canilərin cinayət məsuliyyəti birmənalı olur və bəşəriyyətə qarşı ağır cinayət törətməkdə təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə alınmalıdırlar. Buna misal olaraq SSRİ Ali Sovetinin 1942-ci il 2 noyabr tarixli fərmanı ilə faşist işğalçıları tərəfindən vətəndaşlara, kolxozlara, ictimai təşkilatlara, dövlət müəssisələrinə dəymiş zərəri müəyyənləşdirmək üçün fövqəladə dövlət komisiyası təsis etmişdir. Hitlerçilərin törəkdikləri vəhşiliklərə görə, 1943-cü il 2 noyabrda Moskvada SSRİ, ABŞ və Böyük Britaniya dövlətləri arasında xüsusi bəyannamə, 1945-ci ilin Krım konfransında isə bütün müharibə canilərinin ciddi cəzalandırılması qərara alınmışdır.

Yəqin ki, vaxt gələcək Azərbaycan Respublikası Milli Məclisi də belə bir qərarla erməni təcavüzünü, tarixdə analoqu olmayan erməni vəhşiliklərini beynəlxalq məhəkəməyə verəcəkdir.

1945-ci il avqustun 8-də isə Londonda ABŞ, SSRİ, Fransa, Böyük Britaniya dövlətləri nümayəndələri Avropa dövlətlərinin əsas canilərinin məsuliyyətə cəlb edilməsi və onların cəzalandırılması haqqında xüsusi sazişə gəlmişlər. Buna əsasən, beynəlxalq məhkəmə hesab olunan Nyürenberq Beynəlxalq Hərbi Tribunalı təsis edildi və onun Nizamnaməsi də qəbul edilib həmin sazişə əlavə olundu. Bu Nizamnamə əsasında Beynəlxalq Hərbi Tribunalın aidiyyatına sülhə qarşı cinayətlər (təcavüz müharibəsinin hazırlanması, qızışdırılması, aparılması), insanlığa qarşı cinayətlər (insanların öldürülməsi, əsarət, sürgün, onlara əzab verilməsi və s. qəddarlıq hərəkətləri), hərbi cinayətlər (müharibə, qanun və ədalətlərinin pozulması) daxildir.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər