Dünyada baş vermiş müharibələrin təcrübəsindən məlum olduğu kimi, döyüşən dövlətlərin arasındakı hərbi əməliyyat ya qismən, ya ümumi, ya müvəqqəti dayandırıla və ya tam kəsilə bilər. Bizim zorla cəlb olunduğumuz müharibə müvəqqəti dayandırılıb. Çünki biz yaxşı bilirik ki, Ermənistan Azərbaycanın, BMT-nin, ATƏT-in və eləcə də digər dövlət, yaxud mötəbər beynəlxalq təşkilatların qərarlarına, təşəbbüslərinə, hələ ki, məhəl qoymur. Vaxt isə gözləmir, bir milyon iki yüz min nəfər soydaşımız öz doğma torpaqlarında qaçqın düşmüş və üçdə biri minimum yaşayış tərzini dəyişmişdir.
Hərbi əməliyyatların dayandırılması barışıq və təslim aktları ilə tənzimlənə bilər. Əslində isə, müharibənin tamamilə və qəti surətdə qurtarması, yalnız sülh müqaviləsinin bağlanması yolu ilə mümkün olur. Beynəlxalq hüquqda döyüşən tərəflər arasında sülh müqaviləsi bağlamadan, hərbi hərəkətlərin dayandırılmasını şərtləndirən vəziyyəti barışıq adlandırırlar. Müharibə meydanının müəyyən yerində hərbi hərəkətlərin dayandırılması isə məhəlli barışıq adlanır.
Ermənistan-Azərbaycan müharibəsinin hazırkı vəziyyətini isə atəşkəs adlandırırlar. Bunun beynəlxalq statusu hansı hüquqi bazalara əsaslanır?.. Bu da hələ ki, müəyyən edilməyib.
Məhəlli barışıq aktları, döyüşən orduların hərbi komandanlıqları arasında bağlanır. Belə aktların sonradan əlavə təsdiqinə ehtiyac yoxdur. Barışıq şərtlərini tərəflərin özləri müəyyən edirlər. Azərbaycanın barışıq haqqında danışıq aparmaq və saziş əldə etmək hüququ yəqin ki, Ali Baş Komandanlığın səlahiyyətinə daxildir.
Müharibələrdə hərbi istehkamların, qalaların düşmənə təslim olmasına, habelə döyüşən tərəflərdən birinin qarşı tərəfin siyasi, iqtisadi və hərbi tələblərini qəbul edib, öz silahlı qüvvələrini ona təslim etməsinə hərbi təslim deyilir. Bizim istehkam və qalalarımız, əsasən Laçın, Kəlbəcər, Şuşa bölgələri idi, onu da təslim etmişik, hərbiçilərimizi ya qırğına vermişik, yaxud qaçmağa məcbur etmişik. Başqa məqamları da bunlara əlavə etsək, deməli, hərbi tənzimləmə ilə bizim aramızda elə bir fərqin qalmadığı müəyyənləşər.
Beynəlxalq hüquqa görə, hətta belə olan halda da hərbi və milli şərəf nəzərə alınmalıdır. Məsələn, beynəlxalq hüquqda, hələ 1907-ci il IV Haaqa Sazaişinə edilən əlavənin 35-ci maddəsinə görə, hər iki tərəfə təslim şərtlərini ciddi gözləmələri tövsiyə olunur.
Hərbi tarixdən bəlli olduğu kimi, SSRİ ilə Almaniya arasında 1945-ci il 8 may tarixli hərbi təslim aktı da Haaqa Sazişi müddəalarına əsaslanırdı.
Zaman keçdikcə, bütün sahələrdə olduğu kimi, beynəlxalq hüquqda da müharibənin və ya hərbi əməliyyatın qəti dayandırılması problemləri ilə bağlı qanunlar təkmilləşir və humanistləşir. Amma Ermənistan-Azərbaycan müharibəsində bu barədə ciddi irəliləyiş hiss olunmur, hətta məsələ ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatlar da nədənsə bu məsələdən yan keçirlər.
Müasir beynəlxalq hüquqda təcavüzkarlıq müharibələrin qadağan olunması haqqında xeyli maddələr olsa da, təcavüzkarın arxasında dayanan siyasi və hərbi qurumlar onun cilovlanmasına imkan vermir. Bəzən də təcavüzkarı cilovlamağı dini əqidə ilə bağlayırlar ki, bu da Ermənistanın Azərbaycana təcavüzündə özünü daha qabarıq şəkildə göstərir. Ümumi bir qayda olaraq, müharibədə iştirak edən dövlətlər düşmənlə birtərəfli sülh bağlamamalıdırlar. Necə ki, Azərbaycan və Rusiya arasında bağlanmış dostluq, qarşılıqlı yardım və s. haqqında olan müqavilə kimi Rusiya, birbaşa Ermənistanın Azərbaycana təcavüzünün iştirakçısıdır. Bunun üçün kifayət qədər Azərbaycanın, hətta beynəlxalq aləmin əlində tutarlı taktlar vardır. Yəni müqavilə bir növ havadan asılı vəziyyətdə dayanıb qalıb. Belə müqavilələrin sülh müqavilələri adlandırılmasına baxmayaraq, əslində bu imperiya sülhünün şərtlərini əks etdirən işğalçılıq aktları olub. I Pyotrun vəsiyyətlərini yerinə yetirməyə - Qafqazı erməni xristianlığının mərkəzinə çevirməyə yönəldilmişdir.
Beynəlxalq hüquqda, bir qayda olaraq, sülh müqavilələrənin məzmunu və müharibə vəziyyətinin qurtarması sülh münasibətlərinin yaradılması, ərazi dəyişiklikləri, sərhəd məsələsi, maddi ziyanın ödənilməsi, hərbi əsirlərin, qaçqınların, köçürülmüş şəxslərin Vətənə qaytarılması, müharibə canilərinin məsuliyyəti və s. əhatə etdiyi halda, Azərbaycan söylənilən məsələlərin xeyli hissəsinin adını belə çəkmir. Bizcə, bunları yaxşı-yaxşı təhlil etmək gərəkdir. Xüsusən, bütün danışıqlarda 1920-ci ilin sərhədlərini, Azərbaycan Demokratik Cümhuriyyətinin sərhədləri məsələsini qoymaq mütləq lazımdır. Bu torpaqları Azərbaycan yox, Rusiya Ermənistana verdiyindən, heç bir beynəlxalq hüquqi əsası yoxdur. Bütövlükdə, Yaxın Şərqdə olduğu kimi, Qafqazda da hələ öz həllini gözləyən beynəlxalq problemlər kifayət qədərdir.
Problemlərin həlli sahəsində təhliikəsizlik və əməkdaşlıq işlərinə dair 1975-ci ilin avqust ayında Helsinkidə 33 dövlətin imzaladıqları yekun aktı beynəlxalq sənəd olmaqla Azərbaycanın işinə yararlıdır. Çünki bu dövlətlər öz üzərlərinə bir çox öhdəliklər götürmüşlər ki, indi başlıca məsələ Helsenkidə əldə edilmiş bütün prinsipləri və razılıqları əməli işlərə çevirib, təcavüzkarı öz "yuvasına" çəkilməyə məcbur etməkdir.
Beynəlxalq insansevərlik hüququ silahlı münaqişələr zamanı insan şəxsiyyətinə hörməti təmin edən yazılı və ya adət-ənənə şəklində mövcud olan beynəlxalq hüquqi göstərişlərin cəmindən ibarətdir.
O, insani duyğulara söykənən belə bir müddəanı əsas tutur ki, müharibə edən tərəflər bir-birinə yalnız hərbi imkanı dağıtmaq və zəiflətmək məqsədilə ziyan vura bilər.
Beynəlxalq insansevərlik hüququ döyüşdən kənarlaşdırılmış hərbçiləri və həmçinin, müharibədə iştirak etməyən şəxsləri qoruyan "Cenevrə hüququ" və müharibə edən tərəflərin əməliyyatların aparılmasında hüquq və vəzifələrini müəyyənləşdirən və düşmənə ziyanvurma vasitələrini məhdudlaşdıran "Haaqa hüququ"ndan ibarətdir. Bu hüquqlar, əsasən, aşağıdakılardan ibarətdir.
Döyüşdən kənarlaşdırılmış və müharibədə birbaşa iştirak etməyən şəxslərin həyatına, onların fiziki və mənəvi bütövlüyünə hörmət olunmalıdır. Bu, onların hüququdur. Bu şəxslər bütün vəziyyətlərdə qorunmalı və kimliyindən asılı olmayaraq, onlarla insan kimi rəftar olunmalıdır.
Döyüşü dayandıran və ya təslim olan düşməni öldürmək və ya yaralamaq qadağandır.
Xəstə və yaralılar döyüşən tərəflərdən hansının əlinə keçərsə, həmin tərəf də onları döyüş gedən ərazilərdən çıxarmalı və onlara lazımi qayğı göstərməlidir. Sanitariya ləvazimatları, nəqliyyat vasitələri, sanitariya müəssisələri və sanitariya heyəti də himayə olunmalıdır. Qızıl Xaç və Qızıl Aypara emblemləri qorunmaq üçün rəmzdir və onlara hörmət edilməlidir.
Əsir düşmüş döyüşçülərin, qarşı tərəfin əlinə keçmiş mülki şəxslərin həyat, ləyaqət, şəxsi hüquq və inanclarına hörmət olunmalıdır. Bu, onların hüququdur. Onlar hər cür cəza tədbirləri və ya zorakılıqdan qorunmalıdır. Onların ailələri haqqında məlumat almaq, onlara özləri haqqında məlumat vermək və yardım almaq hüquqları var.
Hər bir insan əsas hüquqi zəmanətlərdən istifadə etməlidir. Heç kəs görmədiyi iş üçün məsuliyyət daşımamalıdır. Heç kəs əqli və ya fiziki işgəncələrə məruz qalmamalıdır. Cismani cəza və alçaldıcı rəftar yolverilməzdir.
Müharibə aparmağın vasitə və metodlarını seçmək baxımından müharibə edən tərəflərin və onların hərbi qüvvələrinin ayrı-ayrı üzvlərinin hüquqları məhdudlaşdırılır. Gərəksiz itkilərə və hədsiz ağrılara səbəb olan silah və müharibə metodlarının tətbiqi qadağandır.
Vuruşan tərəflər mülki əhalini və mülki əmlakı məhv etməmək məqsədilə mülki əhali ilə hərbçiləri bir-birindən seçməlidirlər. Nə mülki əhali, nə də ki, ayrı-ayrı mülki şəxslər hücuma məruz qalmamalıdırlar. Hücumlar yalnız və yalnız hərbi obyektlərə yönəldilməlidir.
Vyanada 1965-ci ildə Qızıll Xaçın XX Beynəlxalq Konfransının IX qətnaməsinə görə Qızıl Xaç və Qızıl Ayparanın əsas müddəaları aşağıdakılardır.
İnsansevərlik. Ayrı-seçkilik etmədən döyüş meydanlarındakı yaralılara yardım zərurətindən yaranmış Qızıl Xaç və Qızıl Aypara istər beynəlmiləl, istərsə də milli görkəmdə hər bir vəziyyətdə insan əzablarının qarşısını almağa və onları yüngülləşdirməyə çalışır. O, insanın həyatı və sağlamlığı ilə yanaşı, şəxsiyyətinə hörmət olunmasını da himayə etmək məqsədi güdür. O, bütün xalqlar arasında möhkəm sülh və əməkdaşlıq, dostlar və qarşılıqlı anlaşma olması üçün çalışır.
Qərəzsizlik. O, heç kəsə dini, irqi, milli xüsusiyyətlərinə və ya siyasi görüşü və sosial mövqeyinə görə fərq qoymur. O, adamlara düşdükləri əzab-əziyyətin ölçüsünə görə yardım edir; ilk növbədə, ən ağır bəlalara düçar olanların köməyinə tələsir.
Neytrallıq. Hamının ona olan inamını qorumaq məqsədilə düşmənçiliyə qarışmır, siyasi, irqi, dini və fəlsəfi mübahisələrdə bitərəf mövqe tutur.
Müstəqillik. Qızıl Xaç və Qızıl Aypara müstəqildir. Öz insanpərvərlik fəaliyyətində mövcud hakimiyyətə yardımçı olub, ölkəsində hakim olan qanunlara tabe olmaqla milli cəmiyyətlər muxtarlıqlarını qoruyub-saxlayırlar.
Könüllülük. Qızıl Xaç və Qızıl Aypara heç bir maraq güdməyən könüllü yardım müəssisəsidir.
Birlik. Bir ölkədə yalnız bir Qızıl Xaç və bir Qızıl Aypara Cəmiyyəti ola bilər. Onun qapıları hamının üzünə açıq olmalı və öz insansevərlik işini bütün ərazidə görməlidir.
Universallıq. Qızıl Xaç və Qızıl Aypara universal bir qurumdur ki, bu qurumda bütün cəmiyyətlərin bərabər hüquqları var və onlar bir-birilərinə kömək etməyə borcludurlar.
Azərbaycan xalqının çoxdankı milli düşməni olan ermənilər bu beynəlxalq qanunlara heç vaxt məhəl qoymayıblar və öz riyakar əməllərini müxtəlif üsullarla ört-basdır etməyə çalışıblar. Bizim borcumuz isə milli düşmənimizin iç üzünü tam çılpaqlığı ilə bütün dünyaya açmaq, xalqımızın siyasi, iqtisadi, mənəvi və ən əsası isə doğma Vətən torpaqları üzərində əsl hüququnu bərpa etməkdən ibarətdir. Bu, bizim həm də tarix qarşısındakı vətəndaşlıq borcumuzdur.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru