XX əsrin əvvələrində beynəlxalq hüquq təcavüzkarlığı qadağan etmirdi. Prof.Z.Nəbibəyli və İ.Cəlilbəyli yazırlar: "Dövlətlərarası müharibələri isə bütün mübahisələrin həlli vasitəsi kimi əsas yol hesab edirdilər. Müasir beynəlxalq hüquq zor işlətməyi, hədələməyi və bir dövlətin digərinə təcavüzkarlığını qadağan edir. Belə qadağanın ilkin mühüm sənədləri, onun prinsipləri özünün rəsmi ifadəsini Hurenburq və Tokio Beynəlxalq Hərbi Tribunalarının Nizamnaməsində, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz əksini tapmışdır. Bizim əsrdə böyük Avropa dövlətlərindən sayılan Turkiyə ilə Rusiya (keçmiş SSRİ) arasında 1920-21-ci və 1925-ci illərdə bağlanmış müqavilələri, yəni hücum etməmək prinsiplərini təsdiq edən sənədləri misal kimi yada salmaq olar. Sonralar bu müqavilələr daha geniş çərçivədə inkişaf etdirildi və əlavə olaraq, hər iki dövlət də çoxtərəfli müqavilələr imzaladılar. Onun ardınca Paris Müqaviləsi - müharibədən milli siyasət aləti kimi istifadəni qadağan edən 1928-ci il sənədi - çoxtərəfli 8 müşahidənin böyük əhəmiyyəti qeyd edilməlidir.
Lakin həmin dövrdə beynəlxalq hüquqda təcavüzkarlığın qadağan edilməsini və ya hücum etməmək prinsipini rəsmən təsdiq edən həmin sənədlər, habelə beynəlxalq münasibətlərdə zor işlətməmək prinsipinə əsaslandıran BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi təcavüzkarlıq məfhumuna konkret tərif vermir. Eyni zamanda, burada hücum edilən tərəf müəyyən edilmir və təcavüzkarlıq məfhumunun əsas cəhətləri göstərilmirdi. Təbii ki, bu da beynəlxalq münasibətlərdə və beynəlxalq huquqda çatışmazlıq idi. Bu məsələyə hüquqi baxımından düzgün tərif vermək, təcavüzkarlığı cilovlamaq və ümumilikdə, sülhü qorumaq vasitələrinin əsasıdır. Bu münasibətlə 1933-cü ildə ilk dəfə Londonda tərksilah haqqındakı konfransda təcavüzkarlıq məfhumuna tərif verilməsi məsələsi də irəli sürülmüşdür. Orada qeyd edilirdi ki, digər dövlətə qarşı birinci olaraq silahlı qüvvədən istifadə etmiş olan tərəf təcavüzkar hesab edilməlidir. Bu cür təcavüzkarlıq hərəkətlərini heç bir siyasi, hərbi-iqtisadi və ya başqa xarakterili mülahizələrlə doğrultmaq olmaz. Maraqlı cəhət budur ki, bu təklifi birinci irəli sürən "qırmızı imperiya" olmuşdur. Ancaq öz daxilində bütün türkdilli xalqları öz doğma torpaqlarından hamılıqla Sibirə sürgün edir, güllələyir, dustaqxanalara doldururdu."
Onların fikrincə, "qırmızı imperiya"nın başqa bir cəhətini də yada salmaq pis olmaz. Əslində, bu imperiya beynləxlaq aləmdə bir çox xoşagələn təkliflərlə çıxış etsə də, özü təcavüzkar olaraq qalır və indi də bu ambisiyasından əl çəkməyib.
SSRİ 1953-cü ildə təcavüzkarlıq məfhumunun yeni tərifini və 1967-1969-cu illərdə isə onun təkmillənmiş formasını yenidən BMT Baş Məclisinə təqdim edərək, birinci olaraq silahlı güvvədən istifadə edən dövləti təcavüzkar kimi tanımaq fikrində qalmışdır.
Bu gün BMT-nin müddəalarına görə hər hansı dövlətin birinci olaraq müharibə elan etməsi, nüvə silahı, bakterioloji və ya kimyəvi silah işlətmək, başqa dövlətin ərazi və əhalisini bombardman etmək və ya atəşə tutmaq, silahlı basqın etmək, ərazini hərbi işğal və ilhaqcı, başqa dövlətin sahil və ilmanlarının mühasirəsi və ya Təhlükəsizlik Şurasının qərarı ilə təcavüzkarlıq kimi müəyyən edilən hər hansı digər hərəkətlər acıq silahlı təcavüzkarlıq əməllərindəndir. Hətta daxili çevriliş etmək və ya təcavüzkarlıq xeyrinə siyasət yeritmək üçün başqa dövlətin ərazisinə silahlı terrorçular, təxribatçılar göndərilməsi də dolayı təcavüzkarlıq məfhumuna aiddir. 1990-ci ilin yanvarında Bakıya yeridilən rus qoşunlarının törətdiyi vəhşiliklər bunun bariz nümunəsidir. Yaxud 366-cı rus diviziyasının ermənilərlə birlikdə Xocalıda həyata keçirdikləri soyqırımı da bu qəbildəndir. Həmin əməllər təcavüzkar dövlətin siyasi və maddi məsuliyyətinə səbəb olan beynlaxlaq cinayət hesab olunur ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Təəssüf ki, erməni- Azərbaycan müharibəsində cinayətkar, əli azərbaycanlıların qanına batmış olan Ter-Petrosyan, R.Koçaryan, onun ardınca Sarkisyan prezident seçildilər və nə dünya ictimiyyəti, nə də ki, BMT bu şəxsləri indi də cinayətkar kimi qəbul etmək fikrindən uzaqdılar. Görünür ki, burada beynəlxalq hüquqdan öncə islam faktoru kimi məsələnin müsbət həllinə maneçilik göstərir. Təbii ki, burada başqa amillər də az deyildir.
Müəlliflər daha sonra yazırlar: "1974-cü ildə BMT Baş Məclisinin 29-cu sessiyasındakı qətnamənin birinci məfhumunun tərifi belədir: "Bir dövlətin başqa dövlətin suverenliyinə, ərazi toxunulmazlığına və ya siyasi müsətqiliyyinə qarşı silahlı qüvvə işlətməsi və ya BMT-nin nizamnaməsi ilə bir araya sığmayan, həmin tərifdə müəyyən edildiyi kimi, hər hansı başqa yolla qüvvə tətbiq edilməsi təcavüzkarlıq hesab olunur". "Kor-kor, gör-gör" xalq misalında deyildiyi kimidir. Bəs nə üçün erməni Azərbaycan müharibəsində bu beynəlxalq hüquqlarımız pozulur, yaxud öz ədalətli haqqımızı ala bilmirik? Hesab edilməlidir ki, Azərbaycan höküməti məsələni beynəlxalq aləmlə yanaşı, özümüzdə də müzakirə etməlidir, xalqla, onların qabaqcılları olan ziyalılarla və mütəxəssislərlə birlikdə araşdırmalıdır.
Qeyd edilməlidir ki, məsələ 1957-ci il Helsinki Müşavirəsində qəbul edilmiş yekun aktında da təsdiq olunmuşdur. Bu aktda göstərilir ki, "iştirakçı dövlətlər" öz qarşılıqlı münasibətlərində, habelə, ümumiyyətlə, beynəlxalq münasibətlərdə nə hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi istiqlaliyyətinə qarşı, nə də BMT-nin məqsədləri və bu Bəyannamə ilə araya sığmayan hər hansı başqa bir yolla zor işlətməyəcək və zor işlətməklə hədələməyəcəklər". Bu prinsipi pozmağı, yəni zor işlətməklə hədələməyi və ya zor işlətməyi heç bir mülahizə ilə əsaslandırmaq olmaz.
Müvafiq sürətdə iştirakçı dövlətlər digər iştirakçı dövləti zor işlətməklə, hədələmək, ya ona qarşı, bilavasitə, yaxud dolayısı ilə zor işlətmək demək olan heç bir hərəkət etməyəcəkdir.
Bərabər dərəcədə onlar başqa bir iştirakçı dövləti öz suveren hüquqlarını tamamilə həyata keçirmək fikrindən daşınmağa məcbur etmək məqsədilə heç bir zorakılıq göstərməyəcəklər.
Bərabər dərəcədə onlar öz qarşılıqlı münasibətlərində zorakılıqdan və ya zorakılıqla hədələnməkdən öz mübahisələrini və ya aralarına mübahisə sala biləcək məsələləri həll etmək kimi istifadə etməyəcəklər."
Müəlliflər qeyd etdikləri kimi, göstərilən müddəalar da Azərbaycanın xeyrinədir. Sual olunur, bəs nə üçün erməni-Azərbaycan müharibəsi 22 ildir ki, davam edir? Azərbaycan hücum edən tərəf deyil, Azərbaycan təcavüzkar deyil, Azərbaycan heç bir zor işlətmək mövqeyindən çıxış etmir. Onda erməniləri nəyə görə təcavüzkar adlandırmırlar? Deməli, məsələyə başqa mövqedən yanaşmağa ehtiyac var. Biz ilk öncə fikirləşməliyik ki, ruslar və ermənilər nəyə görə BMT-nin qərarlarını bir növ saymırlar və çıxış yolu nədədir?
Buradan və təcavüz məfhumuna öncə verilmiş anlayışdan aşkar görünür ki, beynəlxalq münasibətlər sahəsində başqa dövlət və xalqlara qarşı zorakılığın, siyasi, iqtisadi və ideoloji təzyiqin bütün formaları qadağan edilməlidir.
Biz həm də bilməliyik ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, hər bir dövləti təcavüzkarlığa qarşı müdafiə etmək hüququ vardır. Həmin hüquqdan istifadə edən hər bir dövlət bu barədə təxirə salınmadan Təhlükəsizlik Şurasına müraciət etməlidir.
Bu məsələdə də fikirləşməyə və optimal qərar çıxarmağa Azərbaycanın böyük ehtiyacı var.
BMT Təhlükəsizlik Şurası, adətən özünün 41 və 42-cı maddələrinə müvafiq tədbirlər görə bilər ki, bu məsələni də Azərbaycan özü üçün tam aydınlıq gətirdikdən sonra addım atmalıdır.
Ərazi anlayışı beynəlxalq aləmdə bu gün daha kəskin olub, Yer kürəsində quru və sulardan, onların üzərindəki hava boşluqlarından, habelə yerin altından, dənizin dibindən ibarət olan bütün sahələrə deyilir.
Dövlətlərin beynəlxalq hüquqi münasibətlər və onları tənzim edən hüquq normaları müəyyən məkanda yaradılıb fəaliyyət göstərir. Belə beynəlxalq hüquqi normaların obyektləri də başlıca olaraq coğrafi mühütlə bağlıdır. Yer kürəsinin bütün sahələri ayrı-ayrı dövlətlərin ərazisinin tərkibinə daxil olmaqla onların qanunlarının təsiri altında olur (Antarktida, dünya okeanı, onun dibi, açıq dənizlər, kosmik fəzadan başqa).
Ərazi həm dövlət hüquqi, həm də beynəlxalq hüquq əsasında tənzim olunan predmetdir. Beynəlxalq münasibətlərdə ərazi həm müxtəlif dövlətlərin hakimiyyət fəaliyyətinin hüdudu, həm də onların arasında xarici siyasətini və beynəlxalq hüquqi münasibətlərin obyektidir.
Beynəlxalq hüququn bir subyekti kimi nə əhalisiz, nə də ərazisiz normal dövlət varlığı mümkün deyildir. Elə bu səbəbdən də ermənilər Azərbaycanın torpaqlarını tutduqca yerli əhalini yox edib, başqa-başqa dövlətlərdə yaşayan erməniləri oraya köçürür, yaxud yalandan həmin ünvanda qeydiyyata götürürlər. O, səbəbdən də Ermənistanda əhalinin ümumi sayı, yaşayanlardan çox olur, hətta belə yalançı statistika ilə ermənilərin "genosid"ini də sənədləşdirməyə səy göstərirlər.
Dövlət ərazisinin yalnız dövlətə məxsus olub onun tam və müstəqil hakimiyyəti altında olmasına, beynəlxalq hüquqda ərazi başçılığı və ya ərazi üstünlüyü deyilir.
Ərazi başçılığının hüquqi təbiəti haqqında tarixən üç nəzəriyyə mövcud olmuşdur. Bunlar ərazini hökmdarın ali hakimiyyət, yəni onu dövlətə və ya millətə məxsus olan mülkiyyət hesab edən obyekt nəzəriyyəsi ərazinin dövlət hakimiyyətinin sahəsi hesab edən hakimiyyət nəzəriyyəsi: əraziyə coğrafi anlayış deyil, hüquqi cəhətcə dövlət fəaliyyətinin həyata keçirildiyi yer kimi baxış səlahiyyətlər nəzəriyyəsidir.
Z.Nəbibəyli və İ.Cəlilbəyli yazırlar: "Hazırkı beynəlxalq hüquqda bütün xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək hüququnu, əsasən, hər bir xalq ərazisində siyasi-iqtisadi və mədəni həyatını təşkil etmək, ictimai qaydanı təmin etmək və s. kimi funksiyaların müstəqil həyata keçirməlidir. Deməli, həmin ərazidə sahibkar dövlətdən başqa heç kəs qanunlar vermək hüququna malik deyildir. Ərazi başçılığı dövlət suverenliyinin ayrılmaz hissəsidir. Ona görə də beynəlxalq hüquq nöqteyi-nəzərindən ərazi başçılığının pozulması, dövlət suverenliyinin pozulması deməkdir.
Bəzi dövlətlər buna məhəl qoymasalar da dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı müasir beynəlxalq hüququn ən mühüm və ümumi tanınmış prinsiplərindən bindir. Qanun BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz rəsmi ifadəsini tapmışdır.
Hər hansı bir dövlətin tam və müstəqil suverenliyi altında olan bütün sahələr, o cümlədən quru və sular, yerin altı və müvafiq hava sahəsi dövlət ərazisinin tərkibinə daxildir.
Suveren dövlətlərdəki bütün torpaqlar və onların təki, adalar, qütb torpaqları anklavlar, həmin dövlətin quru ərazisidir. Dövlətin hər tərəfdən başqa dövlətin quru ərazisi ilə əhatə edilən və su sahilinə malik olmadan ərazi hissəsini anklav adlandırırlar. Bu isə başqa dövlətlərlə əlaqə saxlamaq üçün ona yol verilməsi məsələsini, hər dəfə zəruri bir məsələ kimi qarşıya qoyur. Bu mənada, Azərbaycan dövlətinin yerləşdiyi coğrafl məkan nəinki Rusiya, İran, Gürcüstan, Ermənistan, Türkiyə ilə, hətta ondan çox-çox uzuqlarda olan dövlətlərlə siyasi-iqtisadi mənafeləri nizamlamaqda bizim üçün böyük üstünlük verir. Burada Şərqlə Qərbi birləşdirəcək və Azərbaycandan keçəcək neft kəmərindən daha çox faydalanmaq olar. Azərbaycan iqtisadi əlaqələr üçün də təkcə Qərblə Şərq arasında olmayıb, demək olar ki, bütün dünya dövlətləri üçün də həddindən artıq maraqlı bölgədir. Dünya dövlətlərinin həm marağından respublikamızın xeyrinə daha çox istifadə etmək bizim vətəndaşlıq borcumuzdur.
Dövlətlərarası münasibətlərdə, xüsusən siyasi-iqtisadi və ərazi məsələlərində beynəlxalq hüquq nöqteyi-nəzərdən Azərbaycan Ermənistandan Zəngəzurun geri qaytarılmasını ön plana çəkməlidir. Əvvəla, Zəngəzur əzəlı Azərbaycan torpağıdır, heç bir dövlət beynəlxalq hüquq qanunlarına söykənmədən verilib, bu aktda Azərbaycan iştirak etməyib və Naxçıvanla Azərbaycan arasında heç bir əlaqə yoxdur ki, bu da dünya dövlətləri tarixində və beynəlxalq hüquqda təsadüf olunmayan anormal haldır.
Müstəqil dövlətin quru ərazisinin altı kimi dəniz dibi, dəniz dibinin altı da heç bir hüquqi məhdudiyyət olmadan həmin dövlətin ərazisinə daxildir."
Dövlətin quru və su ərazisinin sərhəd xətləri həndəsi qayda üzrə şaquli qoyulan və yer altına doğru uzanan düz xətlə müəyyən edilir. Hər bir dövlət öz ərazisinin tərkibinə daxil olan yerin altında və dənizin dibində tədqiqat və kəşfiyyat işləri aparmaq, orada sərvətləri çıxarmaq, və ya istədiyi kimi onları istismar etmək hüququnu özündə saxlayır. Çox təəssüflər ki, bu işlərdə də biz özümüz öz hüququmuzu müdafiə edə bilmirik, Laçındakı, Kəlbəcərdəki və Zəngilandakı qızıl, mis, mərmər, qiymətli daşlar, tikinti materialları mineral bulaqları və Kiçik Qafqazın şirin su problemlərini buna misal gətirmək kifəyətdir.
Dövlətin quru və su ərazisi üzərində fəza boşluğu da dövlətin ərazisinə daxildir.
Dövlətin bayrağını daşıyan hər bir dəniz və çay gəmiləri, hava gəmiləri, uçuş aparatları, dövlət ərazisinin tərkib hissəsidir, hərbi gəmilər və digər dövlət gəmiləri, onların olduğu yerdən asılı olmayaraq, öz dövlətinin ərazisi hesab olunur.
Dəniz və çay gəmiləri, hava gəmiləri yalnız öz dövlətinin milli qanunlarına, xarici dövlətin ərazisində isə onun qanunlarına tabedir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru