İlk öncə adları çəkilən beynəlxalq təşkilatlardan ən uzunömürlü və ən güclü statusa malik beynəlxalq qurum kimi BMT-nin struktur quruluşu və beynəlxalq hüquqlarının nələrdən ibarət olduğunu araşdıraq.
Beynəlxalq təşkilatlar dedikdə, minlərlə müxtəlif təşkilatları, xüsusən, dövlət daxilindəki milli və beynəlxalq ictimai xarakterli təşkilatları deyil, beynəlxalq hüquq üçün daha mühüm olan dövlətlərarası təşkilatları başa düşmək lazımdır.
Müasir beynəlxalq hüququna görə, beynəlxalq təşkilat və orqanların beynəlxalq hüququnun ümumdemokratik prinsiplərinə uyğun olaraq müvafiq təsisedici sənəd əsasında yaradılıb fəaliyyət göstərməsi və daimi orqanlarının olması əsas şərtlərindəndir.
İkinci Dünya müharibəsi dövründə sülhsevər xalqların antihitler ittifaqı yaradıldı və bununla yeni beynəlxalq sülh təşkilatının bünövrəsi qoyuldu. Bu bünövrə əsasında BMT və onun beynəlxalq hüquqi əsası olan Nizamnaməsi yaradıldı.
BMT Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko Konfransında 50 dövlət tərəfindən imzalandı və 1945-ci ilin oktyabrında qüvvəyə mindi.
BMT Nizamnaməsi girişdən və 3 maddəsi olan 19 fəsildən ibarət olmaqla, öz qarşısında bütün dünyada sülhü təmin etmək və beynəlxalq təhlükəsizliyi qorumaq kimi ali bir məqsəd qoymuşdur.
Nizamnaməyə görə, BMT-nin heç bir dövlətin daxili səlahiyyətinə aid olan işlərə qarışmağa ixtiyarı yoxdur.
BMT Nizamnaməsinin birinci maddəsinə əsasən, onun məramı xalqların hüquq bərabərliyi, sülh üçün törənə bilən təhlükənin qarşısını almaq, təcavüzkarlıq hərəkətlərinə yol verməmək, beynəlxalq mübahisələri ədalət və beynəlxalq hüquq prinsipinə müvafiq həll etmək, iqtisadi, ictimai, mədəni və humanist səciyyəli beynəlxalq problemlərin həllində və insan hüquqlarına hörmət edilməsində beynəlxalq əməkdaşlığı həyata keçirməkdən ibarətdir.
20 ildən artıq ardıcıl Ermənistan tərəfindən təcavüzə məruz qalan, 1 milyondan artıq qaçqını və köçgünü olan Azərbaycan, əfsuslar olsun ki, hələ bu təşkilatın öz üzərinə götürdüyü öhdəliklərdən yetərincə bəhrələnə bilmir, hansı ki, Ermənistan da, Azərbaycan da BMT-nin üzvləridirlər.
Azərbaycan BMT Nizamnaməsinin yüksək məqsədlərini daim müdafiə etmiş, sülhü möhkəmləndirən mühüm vasitə hesab etmiş və indi də belə mühüm vasitə hesab edir. Son illər BMT Qarabağ problemləri ilə bağlı bir neçə qətnamə qəbul edib. Ancaq faktiki olaraq, Ermənistan BMT qətnamələrinə məhəl qoymayıb və dünya birliyinə, onun ən böyük beynəlxalq təşkilatına meydan oxuyub. Deməli, BMT boyda bir təşkilat "cırtdan" bir dövlətin öhdəsindən gələ bilmirsə, Azərbaycan bundan ciddi nəticə çıxarmalıdır.
BMT-nin quruluşu və əsas orqanları, onun Nizamnaməsinə görə Baş Məclisi, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası və katiblikdən ibarətdir.
Baş Məclis təşkilatın bütün üzvlərinin ümumi iclası olub, BMT Nizamnaməsində nəzərdə tutulan bütün məsələləri müzakirə edib, aidiyyati tövsiyyələr verməlidir.
Baş Məclisin əsas vəzifəsi beynəlxalq mübahisələrin sülh yolu ilə həll etməkdən ibarətdir. Bu məsələdə Təhlükəsizlik Şurasının daha böyük əhəmiyyəti vardır.
Təhlükəsizlik Şurası Nizamnaməyə görə, 5 daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya federasiyası və 10 dəyişən üzvdən ibarətdir. Dəyişən üzvlər iki il müddətinə Baş Məclis tərəfindən seçilən və onların təkrar seçilməsinə yol verilmir.
Beynəlxalq münaqişələrin BMT vasitəsı ilə nizamlanmasında Təhlükəsizlik Şurasının daimi üzvlərinin rolu böyükdür. Azərbaycan üçün Rusiya və Fransanın mövqeləri tarixən bəllidir və bu məlumolmanı xarici siyasətlə məşğul olanlarımız birmənalı yadda saxlamalıdırlar. ABŞ və İngiltərəyə gəldikdə isə tarixi birmənalılıq yoxdur və bu gün də ola bilməz, "ehtiyat igidin yaraşığıdır" prinsipi əsas götürülməlidir.
Beşlikdə, bizə görə, Çin xüsusi diqqət mərkəzindəki yerlərdən birində durmalıdır. Çinin iqtisadi durumu yaxın gələcəkdə, hətta ABŞ-ı da qabaqlaya bilər. Bu gün Çinin Azərbaycandan əsl umacağı iqtisadi tərəfdaşlıq və İpək Yolu məsələləri ilə bağlı ola bildiyindən, o, Azərbaycanın siyasi müdafiəsində qərəzsiz ola bilər.
Çin BMT Nizamnaməsinin 39-cu maddəsini əsas götürməklə Təhlükəsizlik Şurasından Azərbaycana münasibətdə ciddi olmaq məsələsini müdafiə edə bilər. BMT Nizamnaməsinin 25-ci maddəsinə görə Təhlükəsizlik Şurasının qərarlarının icrası BMT-nin bütün üzvləri üçün məcburi xarakter daşıyır.
Böyük beynəlxalq təşkilatlardan olan NATO-ya gəldikdə isə, NATO Ermənistan-Azərbaycan konfliktinə oxşar mübahisələrin həllində həmişə olmasa da, uğurlu işlər də görüb. Lakin NATO da elə bir təşkilat deyildir ki, Azərbaycan bütün ümidlərini onunla bağlasın.
Təkcə NATO üzvü olan Türkiyə və Yunanıstanın Kipr probleminin həllində nə qədər çətinliklər çəkdiklərini göz önünə gətirək.
Qarabağ problemi ilə bağlı 1995-ci ildən işləyən ATƏT-in fəaliyyəti sanki fəsillərlə bağlı olub, hansısa bir proqnozlaşmadan asılıdır. Birmənalı olaraq, hündürdən ATƏT Ermənistan-Azərbaycan konfiliktinin həllində acizdir demək lazımdır və bügünkü qayda ilə ATƏT-in fəaliyyəti qeyri-məqbuldur.
Minsk Qrupu da ATƏT-in daxilində fəaliyyət göstərən bir qurum olduğundan, ondan da nə isə Azərbaycan üçün bir iş gözləmək mənasızdır.
Bunun üçün 2-ci bir əsasımız ondan ibarətdir ki, ATƏT yarandığı gündən indiyi kimi hər hansı bir dövlətlərarası konflikti müsbət həll edə bilməyib. Belə olan halda, onun tərkibindəki Minsk Qrupundan nəsə gözləmək ağılsızlıq olardı.
Deməli, bu gün fəaliyyətdə olan beynəlxalq hüquqi statusla işləyən təşkilatların heç biri Qarabağ kimi məsələlərin həllində lazımi gücə malik deyillər və olan güclərindən də tam istifadə etmək fikrində deyillər.
Bügünkü dünya siyasətində əsas məsələ ikili standart siyasəti yürütmək məqamıdır. Heç bir təşkilat və heç bir dövlət özlərini bu və ya digər dövlət qarşısında pis göstərmək istəmirlər, haqlı-haqsızın kim olduğunu duysalar da, öz maraqlarına daha çox üstünlük verirlər. ABŞ-ın İraq-Küveyt müharibəsinə münasibətini yada salaq. Heç də az əhəmiyyəti olmayan din və millət məsələsini də biz yaddan çıxarmamalıyıq.
Ancaq bu, o demək deyil ki, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq etməməlidir. Əksinə, Qarabağın azadlığı uğrunda mübarizədə bütün üsul və variantlar arasında variasiya etmək müqəddəs işimiz olmalıdır.
Ən münasib üsul isə düşmənin Azərbaycana qarşı tətbiq etdiyi üsullardır. Bəyannamə 2-ci Dünya müharibəsindən sonra əmələ gəlmiş yeni baxışlara uyğun olraq BMT-nin Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da qəbul olunmuşdur.
Bəyannamənin müqəddiməsində göstərilir ki, "insan ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin təsdiqi, onların bərabərlik və ayrılmaz hüquqları azadlığın, ədalətin və ümumi sülhün əsasıdır.
İnsan hüquqlarına etinasızlıq və nifrət vəhşi hərəkətlərə səbəb olmuşdur ki, bu da bəşərin vicdanını narahat edir və elə bir dünya yaradılmalıdır ki, adamlar, orada söz və əqidə azadlığına malik olsunlar, qorxu və ehtiyacdan xilas olsunlar, insanların yüksək arzuları bəyan edilsin."
Əvvəlcə, göstərək ki, bu bəyannamə keçmiş SSRİ məkanında ilk dəfə olaraq, 40 il sonra, yəni 1988-ci ildə "Literaturnaya qazeta"da çap edilmişdir. SSRİ elə SSRİ idi, dəmir örtüklü imperiya idi, "yek" qanunlar idi. Hazırda isə 2016-cı ildir, bu bəyannamədən illər kiçib, Azərbaycan isə demokratik yol, 1918-1920-ci illərin cümhuriyyət yolunu seçib. Bütün bunlara baxmayaraq, Azərbaycanda milli problemlər yetərincədir. Bunlardan çox vacibi ölkənin 20% torpağını tutmaqla bütün yaşayış infrastrukturunu viran qoymuş Azərbaycanda bir milyon qaçqın-köçkün yaratmış ermənilərlə münasibət məsələsidir.
Ermənilərin zəbt etdikləri torpaqlardan çıxmaq fikirləri yoxdur, BMT-nin məlum dörd qərarını da saymazyana qarşılayırlar. Uzun-uzadı danışıqlar müxtəlif səviyyələrdə aparılsa da, bunun da sonu görünmür. Təkcə bir milyon deyil, əslində, ermənilər 60 milyonluq Azərbaycan xalqının ən azından mənəvi hüquqlarını pozublar. Nədənsə, bəyannamədə deyilən "bəşərin vicdanını narahat edir" kəlamı fəaliyyətdə deyil.
"İnsan hüquqlarının qanunun gücü ilə mühafizəsi" Azərbaycanda həyata keçirilib
ÜJHB-nin müqəddiməsində belə bir fikir də özünə yer alıb-"xalqlar arasında dostluq əlaqələrinin inkişafına kömək etmək vacibdir". Bəyannamənin digər maddəsində deyilir ki, hər bir insan bu bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdırlar. İrqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi, yaxud digər əqidəsinə, milli, yaxud sosial-mənşəyinə, mülkiyyətinə görə heç bir fərq qoyulmamalıdır.
Deyilənlər kağız üzərində çox məftünluq yaradandır. Amma təcrübə göstərir ki, bu prinsip, qismən də olsa Avropa və ABŞ-da real həyatda işləsə də, Rusiyanın iyul 2008-ci ildə Gürcüstana hücum etməsi əyani misallardan biridir. Yaxud elə həmin Rusiyanın, İranın, Fransanın, Yunanıstanın və s. erməniləri silah-sursat, maliyyə və siyasi dayaqlarla yardımlayaraq, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsində bəyannamənin bu bəndi yada düşdümü? Bir milyondan artıq dinc əhalinin hüquqlarını müdafiə etməyə təşəbbüs edildimi? 20 ildir ki, Azərbaycan xalqının hüquqları 100 faiz pozulmuşdur, Bəyannamənin maddələrini ortaya qoymaqla, bu dövlətlər Azərbaycanın hüquqlarını təmin edirmi? Əlbəttə, yox!
Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, bütün xalqlar və bütün dövlətlər çalışmalıdırlar ki, hər bir insan və hər bir cəmiyyət orqanı həmişə əsas götürüb, maarif və təhsil yolu bu hüquqlara və azadlıqlara hörmət edilməsinə, milli və beynəlxalq mütərəqqi yollarla onların həm təşkilatın üzvü olan dövlətlərin xalqları arasında, həm də o dövlətlərin tabeliyində olan ərazilərdəki xalqların arasında ümumi və təsirli şəkildə təsdiq edilməklə, həyata keçirilməsinə yardımçı olsunlar.
Bəyannamədə göstərilir ki, bütün insanlar öz ləyaqət və hüquqlarına görə azad və bərabər şəkildə dünyaya gəlirlər və bir-birinə münasibətdə qardaş kimi hərəkət etməlidirlər. Gəlin görək, belə bir fikir Azərbaycan xalqına qarşı ermənilərdə vardırmı, əlbəttə, yox və belə bir fikir ermənilərdə ağlasığmaz bir məfhumdur.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru