- Bu Konvensiyanın bundan sonra Razılığa gəlmiş Tərəflər adlandırılan iştirakçı dövlətləri
- Onların arasında dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin xalqlarının başlıca mənafelərinə, sülh və təhlükəsizlik işinə uyğun gəldiyini hesab edərək,
- Demokratiyaya, azadlığa və ədalətə öz sədaqətini təsdiq edərək,
- İnsan hüquqları sahəsində, o cümlədən insan hüquqlarının Ümumi Bəyannaməsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda, milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında Bəyannamədə, irqi ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə haqqında Beynəlxalq Konvensiyada, soyqırım-cinayətlərinin qarşısını almaq və bu cinayətlərə görə cəza haqqında Konvensiyada və insan hüquqları üzrə digər əsas sənədlərdə təsbit edilmiş beynəlxalq standartlara əməl etməyə öz sədaqətini təsdiq edərək,
- Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun aktından, Madrid, Vyana və Helsinki Yekun Sənədlərindən, ATƏT-in İnsan Meyarı üzrə Kopenhagen və Moskva Müşavirələrinin Sənədlərindən, mədəni irsə dair Krakov Simpoziumu Sənədindən, eləcə də, yeni Avropa üçün Paris Xartiyasından irəli gələn öhdəliklərini nəzərə alaraq,
- milli azlıqlara mənsub şəxslərin hüquqlarının hamının qəbul etmiş olduğu insan hüquqlarının ayrılmaz hissəsi olduğuna əsaslanaraq,
- hər bir Razılığa gəlmiş Tərəfin ərazisində milli azlıqlara mənsub şəxslərin yaşadığını nəzərə alaraq,
- göstərilən azlıqların yaşadıqları və yaşamaqda olduqları və öz əməkləri, özünəməxsusluqları və mədəniyyətləri ilə zənginləşdirdikləri cəmiyyətin ayrılmaz hissəsi olduğunu qəbul etmişdir.
- milli azlıqlara mənsub şəxslərin hüquqlarının təşviqinin və müdafiəsinin onların yaşadıqları dövlətlərin siyasi və sosial sabitliyinə kömək hesab etmişdir;
- eləcə də milli azlıqların hüquqlarını təmin etmək və bu məqsədlə əməkdaşlığın, həmçinin ikitərəfli sazişlər çərçivəsində, müvafiq mexanizmlərini yaratmaq üçün lazımi tədbirlərinin görülməsinin zəruriliyini qəbul edərək, aşağıdakılar haqqında razılığa gəlmişlər:
Bu Konvensiyaya görə, milli azlıqlara mənsub şəxslər dedikdə, Razılığa gəlmiş Tərəflərdən birinin ərazisində daimi yaşayan, onun vətəndaşlığını qəbul etmiş və etnik mənşəyinə, dilinə, mədəniyyətinə, dininə, yaxud ənənələrinə görə həmin Razılığa gəlmiş Tərəflərin əsas əhalisindən fərqlənən şəxslər başa düşülür.
Razılığa gəlmiş Tərəflər təsdiq edirlər ki, milli azlıqlara mənsubiyyət əlaqədar şəxslərin fərdi seçim məsələsidir və belə bir seçimin göstərilən şəxslər üçün heç bir mənfi nəticəyə səbəb olmayacağına təminat verirlər.
Razılığa gəlmiş Tərəflərdən hər biri milli azlıqlara mənsub şəxslərə insan hüquqları sahəsində hamı tərəfindən qəbul edilmiş beynəlxalq standartlara və onun qanunvericiliyinə uyğun olaraq, mülkü, siyasi, sosial, iqtisadi, mədəni hüquq və azadlıqlar təminatını verir.
Razılığa gəlmiş Tərəflərdən hər biri milli azlıqlara mənsubiyyət əlamətinə görə öz ərazisində vətəndaşların hər hansı bir ayrı-seçkiliyə məruz qalmasına yol verməmək üçün tədbirlər görürlər.
Razılığa gəlmiş Tərəflər təsdiq edirlər ki, milli azlıqlara mənsub şəxslərin hüquqlarına hörmət həmin şəxslər tərəfindən ərazisində yaşadıqları dövlətə münasibətdə öz öhdəliklərini yerinə yetirmələrini nəzərdə tutur.
Razılığa gəlmiş Tərəflərdən hər biri milli azlığa mənsub şəxslər üçün öz etnik, dil, mədəni, yaxud dini özünəməxsusluğunu fərdi qaydada, yaxud öz qrupunun üzvləri ilə birlikdə sərbəst surətdə ifadə etmək, saxlamaq və inkişaf etdirmək hüququnu tanıyır.
Razılığa gəlmiş Tərəflər öz siyasətlərində milli azlıqların qanuni mənafelərini nəzərdə tutmağı və onların etnik, dil, mədəni və dini özünəməxsusluqlarını saxlamaq, inkişaf etdirmək üçün əlverişli şərait yaratmaq məqsədilə lazımi tədbirləri görməyi öhdələrinə götürürlər. Belə tədbirlər bütün cəmiyyətin mənafeyinə xidmət edəcəkdir və Razılığa gəlmiş Tərəflərin digər vətəndaşlarının hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.
Razılığa gəlmiş Tərəflərin hər biri milli azlıqlara mənsub şəxslərin ictimai və dövlət həyatında, xüsusən, bölgə səviyyəsində onların mənafelərinin müdafiəsinə aid məsələlərin həllində iştirak etmək hüquqlarını təmin etməyi öhdəsinə götürür.
Razılığa gəlmiş Tərəflərdən hər biri milli azlıqlara mənsub şəxslərin milli qanunvericiliyə uyğun olaraq etnik, dil, mədəni və dini özünəməxsusluğunu saxlamaq və inkişaf etdirmək məqsədilə maarifçi, mədəni və dini xarakterli müxtəlif təşkilatlar (assosiasiyalar, həmyerlilik və s.) yaratmaq hüququnu tanıyır.
Göstərilən təşkilatlar ictimai binaların, radio verlişləri, televiziya, mətbuat, digər kütləvi informasiya vasitələrindən istifadə ilə bağlı başqa bənzər təşkilatlara verilən hüquqlara malik olacaqlar.
Razılığa gəlmiş Tərəflərdən hər biri milli azlıqlara mənsub şəxslərin yaşadıqları dövlətin ərazisində öz aralarında sərbəst surətdə əlaqəni davam etdirmək hüququnu, eləcə də onları etnik mənşə, mədəniyyət, dil, yaxud dini etiqad baxımından bağlı olduqları dövlətlərin vətəndaşları və təşkilatları ilə əlaqə saxlamaq və bu əlaqəni davam etdirmək hüququnu tanıyır. Belə əlaqə və ünsiyyətlər Razılığa gəlmiş Tərəflərin milli qanunvericiliyinə zidd olmamalıdır.
Razılığa gəlmiş Tərəflər digər Razılığa gəlmiş Tərəflərin öz ərazisindəki məlumat-mədəniyyət mərkəzlərinin fəaliyyətini təşviq edəcəklər.
Razılığa gəlmiş Tərəflərdən hər biri milli azlıqlara mənsub şəxslərin öz ad və soyadlarını, ana dillərində qəbul edildiyi kimi, rəsmi sənədlərdə işlətmək, eləcə də həm yazılı şəkildə, həm də rəsmiyyətçilik şəklində ana dilindən sərbəst surətdə istifadə etmək, bu dildə məlumat əldə etmək, öz ana dilində, kütləvi informasiya vasitələrini yaratmaq da daxil olmaqla, belə məlumatları yaymaq və mübadilə etmək hüquqlarını tanıyır.
Razılığa gəlmiş Tərəflərdən hər biri milli qanunvericiliyə əsasən, mümkün və zəruri olduğu yerdə rəsmi hakimiyyətlə ünsiyyətdə milli azlıqların dilindən istifadə üçün şərait yaradacaqdır.
Razılığa gəlmiş Tərəflərdən hər biri milli azlıqlara mənsub şəxslərin öz məzhəbinə uyğun olaraq, dininə etiqad etmək və dini ayinlərini yerinə yetirmək, ibadət evlərini saxlamaq, dini ayinləri icra etmək üçün lazım olan əşyaları əldə etmək və onları işlətmək, eləcə də ana dilində maarifçi dini fəaliyyət göstərmək hüququnu tanıyır. Belə fəaliyyət milli qanunvericiliyə zidd olmamalıdır.
Bu Konvensiyanın 5-ci maddəsində göstərilən maarifçi, mədəni və dini xarakterli təşkilatlar həm könüllü pul və digər yardımlar hesabına maliyyələşdirilə bilər, eləcə də onların yerləşdiyi dövlətdən qanunvericiliyinə uyğun olaraq yardım ala bilər. Onlar, eləcə də yerləşdikləri dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə digər Razılığa gəlmiş Tərəflərin dövlət və ictimai təşkilatlarından yardım ala bilərlər.
Razılığa gəlmiş Tərəflər milli azlıqların etnik, dil, mədəni və dini özünəməxsusluqlarının saxlanılmasına kömək məqsədilə aşağıdakılara əməl edəcəklər:
- Razılığa gəlmiş Tərəflərin hər biri öz qanunvericiliyinə uyğun olaraq dövlət dilini öyrənmək zəruriliyini qəbul etməklə mövcud tələbatı nəzərə alaraq, milli azlıqların müxtəlif mənbələrdən, o cümlədən bu Konvensiyanın 9-cu maddəsində nəzərdə tutulan mənbələrdən maliyyələşdirilən, müxtəlif səviyyəli təhsil müəssisələrini və onların bölmələrini açmaq və saxlamaq da daxil olmaqla, ana dilini öyrənmək və ana dilində təhsil almaq üçün müvafiq şərati yaradacaqlar;
- tədrisin milli azlığın dilində aparıldığı təhsil müəssisələrini və onların bölmələrini həmin dildə proqramlar, dərs vəsaiti və ədəbiyyatla təmin etmək, bu təhsil müəssisələrində, onların bölmələrində işləmək üçün mütəxəssislər hazırlığını kömək məqsədilə Razılığa gəlmiş Tərəflərin təhsil məsələlərinə baxan dövlət orqanları arasında əməkdaşlığa kömək edəcəklər;
- milli azlıqların mədəni irslərini saxlamaq və öyrənmək, o cümlədən onların tarixi və mədəni abidələrinin mühafizəsini təmin etmək üçün tədbirlər görəcəklər;
- tədris müəssisələrində və maarif təşkilatlarında dövlət mədəniyyəti və tarixi öyrənilərkən, milli azlıqların tarix və mədəniyyətləri nəzərə alınacaqdır;
- milli sənətlərin saxlanılmasına və inkişaf etdirilməsinə kömək edəcəklər.
Razılığa gəlmiş Tərəflər milli azlıqların ikitərəfli bölgə və universal səviyyələrdə qüvvədə olan sənədlərinin sistemə salınması prosesinə kömək edəcəklər.
Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsi daxilində ona yönəldilmiş səyləri müdafiə edəcəklər.
3. Razılığa gəlmiş Tərəflər milli azlıqların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təşkilatların norma yaradıcılığı təcrübəsindən istifadə edəcəklər.
1. Razılığa gəlmiş Tərəflərin bu Konvensiyadan irəli gələn öhdəliklərindən heç biri dövlətlərin suveren bərabərliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət prinsipi daxil olmaqla, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş prinsip və normalarına zidd olan hər hansı bir fəaliyyət, yaxud hərəkət üçün səbəb kimi yozula bilməz.
2. Bu Konvensiyada ifadə edilən hüquqlar həyata keçirilərkən, milli azlıqlara mənsub şəxslər yaşadıqları dövlətin qanunlarına əməl edəcəklər və həmçinin digər şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləyəcəklər.
Bu Konvensiyanın yerinə yetirilməsinə nəzarət Müstəqil Dövlətlər Birliyi Nizamnaməsinin 33-cü maddəsinə müvafiq olaraq yaradılmış İnsan Hüquqları Komissiyasına həvalə edilir.
1. Bu Konvensiya, onun qüvvəyə minməsi üçün Razılığa gəlmiş Tərəflərin zəruri dövlətdaxili proseduranı yerinə yetirməsini təsdiq edən üçüncü bildirişin depozitariyə verildiyi gündən qüvvəyə minir.
2. Digər Razılığa gəlmiş Tərəflər üçün mövcud Konvensiya bu maddənin 1-ci hissəsində göstərilən dövlətdaxili proseduranın onların yerinə yetirdiyinə dair bildirişin depozitari tərəfindən alındığı tarixdən qüvvəyə minir.
3. Bu Konvensiyanın depozitari dövləti Belarus Respublikasıdır.
Bu Konvensiyanın məqsəd və prinsiplərinə şərik olan digər dövlətlər onun qüvvəyə minməsindən sonra bu Konvensiyanın 14-cü maddəsinin birinci hissəsində göstərilən dövlətdaxili proseduranı yerinə yetirdiyini təsdiq edən bildirişi depozitariyə verməklə ona qoşula bilərlər. Göstərilən bildirişin depozitləri tərəfindən alındığı tarix bu Konvensiyanın həmin dövlətlər üçün qüvvəyə mindiyi tarixdir.
Razılığa gəlmiş Tərəflərdən hər hansı biri bu Konvensiyadan çıxdığını çıxma tarixindən ən azı 6 ay əvvəl depozitariyə xəbərdarlıq məktubu verməklə bildirə bilər.
21 oktyabr 1994-cü il tarixdə Minsk şəhərində rus dilində bir əsl nüsxədə yerinə yetirilmişdir. Əsl nüsxə Belarus Respublikası Hökumətinin Arxivində saxalınılır və Belarus hökuməti onun təsdiq edilmiş surətini bu Konvensiyanı imzalamış dövlətlərin hər birinə göndərir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru