PDF Oxu

MİA

  • 13 820

İRQİ AYRISEÇKİLİYİN BÜTÜN FORMALARININ LƏĞV EDİLMƏSİ HAQQINDA BEYNƏLXALQ KONVENSİYA

image

21 dekabr 1965-ci il tarixində Baş Məclisin 2106 A (XX) saylı qətnaməsi ilə qəbul edilmiş imzalanmaq və təsdiq edilmək üçün açıqdır.

19-cu maddəyə uyğun olaraq, 4 yanvar 1969-cu il tarixində qüvvəyə minmişdir.

Bu konvensiyanın iştirakçı dövlətləri;

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hər bir insana məxsus ləyaqət və bərabərlik prinsiplərinə əsaslandığını və təşkilatın bütün üzv dövlətlərinin Birləşmiş Millətlər Təşkilatının irqinə, cinsinə, dilinə və dininə fərq qoymadan hamı üçün insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət təşviq edilməsi və inkişafı kimi əsas vəzifələrdən birinə əməl edilməsinə nail olmaq üçün Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda birgə və müstəqil fəaliyyət göstərməyi öhdələrinə götürdüklərini hesab edərək,

İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin bütün insanların ləyaqət və hüquq baxımından azad və bərabər doğulduğunu və hər bir insanın heç bir fərq, xüsusən, irqinə, dərisinin rənginə, yaxud milli mənşəyinə fərq qoyulmadan, orada elan edilən bütün hüquq və azadlıqlara sahib olmalı olduğunu hesab edərək,

Bütün insanların qanun qarşısında bərabər olduğunu və qanun tərəfindən hər cür ayrıseçkilikdən və ayrıseçkiliyə hər cür təhrikçilikdən bərabər müdafiə hüququna malik olduğunu hesab edərək,

Harada və hansı formada təzahür etməsindən asılı olmayaraq Birləşmiş Millətlər Təşkilatının müstəmləkəçiliyi, onunla bağlı seqreqasiya və ayrıseçkilik təcrübəsini pislədiyini və müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında 14 dekabr 1960-cı il tarixli (Baş Məclisin 1514 (XV) saylı qətnaməsi) bəyannaməsində bütün bunlara təcili surətdə və sözsüz son qoyulmasının zəruriliyini təsdiq və təntənəli şəkildə bəyan etdiyini hesab edərək,

Birləşmiş Millətlər Təşkilatının irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 20 noyabr 1963-cü il tarixli (Baş Məclisin 1904 (XVIII) saylı qətnaməsi) bəyannaməsinin bütün dünyada irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinin tezliklə ləğv edilməsini və insan ləyaqəti, şəxsiyyətinin dərk edilməsinin və ona hörmətin təmin olunmasının zəruriliyini təntənəli şəkildə təsdiq etdiyini hesab edərək,

İrqi fərqlərə əsaslanan hər cür üstünlük nəzəriyyəsinin elmi baxımdan saxta, əxlaqi baxımdan çirkin, sosial baxımdan isə ədalətsiz və təhlükəli olduğuna görə irqi ayrıseçkiliyə harada olursa-olsun, nə nəzəri, nə də təcrübi baxımdan bəraət qazandırmanın mümkünsüzlüyünə əmin olaraq,

İnsanlara irqinə, dərisinin rənginə, yaxud etnik mənşə əlamətlərinə görə ayrıseçkilik qoyulmasının millətlər arasında dostluq və sülh münasibətlərinə mane olduğunu və xalqlar arasında sülh və təhlükəsizliyin, hətta eyni dövlət daxilində şəxslərin harmonik birgəyaşayışının pozulmasına gətirib çıxara biləcəyini təsdiq edərək,

İrqi əngəllərin mövcudluğunun istənilən insan toplusunun ideallarına zidd olduğuna əmin olaraq,

Dünyanın bəzi bölgələrində hələ də müşahidə edilən irqi ayrıseçkilik təzahürlərindən, həmçinin irqi üstünlük, yaxud aparteid, seqreqasiya və ya ayırma siyasətini irqi nifrət prinsiplərinə əsaslanan dövlət siyasətindən təşvişə düşərək,

İrqi ayrıseçkiliyin bütün forma və təzahürlərini tezliklə ləğv etmək və irqlər arasında qarşılıqlı anlaşmaya nail olmaq və irqi seqreqasiya və irqi ayrıseçkiliyin bütün formalarından azad olan beynəlxalq birlik yaratmaq məqsədilə irqi nəzəriyyələrin və onların həyata keçilmə təcrübəsinin qarşısını almaq və kökünü kəsmək üçün bütün zəruri tədbirləri görmək əzmini bildirərək,

Beynəlxalq Əmək Təşkilatının 1958-ci ildə təsdiq etdiyi Muzdla İşəgötürmə və Əmək Sahəsində Ayrıseçkilik haqqında Konvensiyanı və Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının 1960-cı ildə təsdiq etdiyi Təhsil Sahəsində Ayrıseçkiliyin Qarşısının alınması haqqında Konvensiyanı nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının İrqi Ayrıseçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Bəyannaməsində şərh olunmuş prinsiplərin həyata keçirilməsini və bu məqsədə nail olmaq üçün ən təcili praktik tədbirlərin görülməsini təmin etməyi arzulayaraq,

aşağıdakılar haqqında razılığa gəlmişlər:

Bu konvensiyada "irqi ayrıseçkilik" ifadəsi məqsədi, yaxud nəticəsi ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni, yaxud istənilən digər sahəsində bərabər əsasda insan hüquqları və əsas azadlıqların tanınmasını, istifadə edilməsini, yaxud həyata keçirilməsini məhv etmək və ya azaltmaq olan irq, dərinin rəngi, qəbilə, milli, yaxud etnik mənşə əlamətlərinə əsaslanan istənilən ayırmanı, istisnalığı, məhdudiyyəti, yaxud üstün tutulmanı bildirir.

Bu konvensiyada heç nə iştirakçı dövlətlərin milli mənsubiyyətə, vətəndaşlığa, yaxud başqa dövlətin təbəəliyinə keçməyə dair qanunvericilik müddəalarına hansısa ölçüdə təsir göstərmək kimi yozula bilməz, bu şərtlə ki, belə qərarlarda müəyyən millət barəsində ayrıseçkilik siyasəti yeridilməsin.

Müdafiəyə ehtiyacı olan bəzi irqi, yaxud etnik qrupların və ya ayrı-ayrı şəxslərin lazımi tərəqqisini təmin etmək müstəsna məqsədilə belə qrup, yaxud şəxslərin insan hüquqlarından və əsas azadlıqlardan bərabər istifadə etməsinin və onları bərabər qaydada həyata keçirməsinin təmin olunması üçün zəruri olan xüsusi tədbirlərin görülməsinə ancaq bu şərtlə irqi ayrıseçkilik kimi baxılmır ki, belə tədbirlər müxtəlif irqi qruplar üçün ayrıca hüquqların saxlanmasına gətirib çıxarmasın və onlar nail olunması üçün tətbiq edildiyi məqsədlər əldə edildikdən sonra qüvvədə qalmasın.

İştirakçı dövlətlər bir irqin, yaxud dərisi müəyyən rəngli şəxslər qrupunun, yaxud etnik mənşənin üstünlüyü ideya və nəzəriyyələrinə əsaslanan, yaxud hansı formada olursa-olsun, irqi nifrətə və ayrı-seçkiliyə bəraət qazandırmağa onu təşviq etməyə cəhd edən hər cür təbliğatı və təşkilatları pisləyir, belə ayrıseçkiliyə, yaxud ayrıseçkilik hərəkətlərinə təhrikçiliyin kökünün kəsilməsinə yönələn təcili və pozitiv tədbirlər görməyi öhdələrinə götürürlər və bu məqsədlə onlar insan hüquqlarının Ümumi Bəyənnaməsinin prinsiplərinə, bu konvensiyanın 5-ci maddəsində aydın şəkildə ifadəsini tapmış hüquqlara əsasən, həmçinin:

irqi üstünlüyə, yaxud nifrətə əsaslanan ideyaların hər cür yayılmasını, irqi ayrıseçkiliyə hər cür təhrikçiliyi; eləcə də hər hansı bir irqə, başqa rəngli dəriyə və ya başqa etnik mənşəyə mənsub şəxslər qrupuna qarşı yönəldilmiş bütün zorakılıq hərəkətləri, yaxud belə hərəkətlərə təhrikçiliyi; həmçinin irqçi fəaliyyət göstərmək üçün, onun maliyyələşdirilməsi də daxil olmaqla, hər cür yardım göstərilməsini qanunla cəzaya layiq cinayət elan edirlər.

Bu konvensiyanın 2-ci maddəsində ifadə olunmuş əsas öhdəliklərə əsasən, iştirakçı dövlətlər irqi ayrıseçkiliyin bütün formalarını yasaq və ləğv etməyi, irqinə, dərisinin rənginə, milli, yaxud etnik mənşəyinə görə fərq qoyulmadan hər bir insanın qanun qarşısında bərabərliyini təmin etməyi, xüsusən, aşağıdakı hüquqları həyata keçirməyi öhdələrinə götürürlər:

- məhkəmə və ədaləti icra edən bütün digər orqanlar qarşısında bərabərlik hüququ;

- şəxsi təhlükəsizlik hüququ və istər vəzifəli hökumət adamları, istərsə də ayrı-ayrı şəxslər, qruplar, yaxud idarələr tərəfindən məruz qaldıqları zorakılığa, yaxud bədən xəsarətinə görə dövlət tərəfindən müdafiə olunmaq hüququ;

- siyasi hüquqlar, xüsusən, ümumi və bərabər seçki hüququ əsasında keçirilən seçkilərdə iştirak etmək - səs vermək və öz namizədliyini irəli sürmək hüququ, ölkənin idarə olunmasında, eləcə də bütün səviyyələrdə dövlət işlərinə rəhbərlikdə iştirak etmək hüququ, həmçinin, dövlət qulluğuna girməkdə bərabərlik hüququ;

- digər mülki hüquqlar, xüsusən,

* dövlətin hüdudları daxilində yerdəyişmək və yaşamaq azadlığı hüququ;

* Öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ;

* Vətəndaşlıq hüququ;

* Nikaha girmək və ər-arvad seçmək hüququ;

* istər təkbaşına, istərsə də başqaları ilə birlikdə əmlak sahibliyi hüququ;

* vərəsəlik hüququ;

* fikir, vicdan və din azadlığı hüququ;

* əqidə azadlığı və onu sərbəst ifadə etmək hüququ;

* dinc yığıncaqlar və assosiasiyalar yaratmaq hüququ;

* iqtisadi, sosial və mədəni sahələrdə hüquqlar, xüsusən,

* əmək, azad iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə, eyni əmək üçün bərabər ödəniş, ədalətli və qənaətləndirici haqq;

* Həmkarlar ittifaqları yaratmaq və ona daxil olmaq hüququ;

* mənzil hüququ;

* səhiyyə, tibbi yardım, sosial təminat və sosial xidmət hüququ;

* təhsil və peşə hazırlığı hüququ;

* mədəni həyatda bərabər iştirak etmək hüququ;

* ictimai istifadə üçün nəzərdə tutulan istənilən yerdən, yaxud istənilən xidmət növündən, məsələn, nəqliyyat, mehmanxana, restoran, kafe, teatr və parklardan istifadə etmək, onlara daxil olmaq hüququ.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

5

Digər xəbərlər