Beynəlxalq qanunvericilik dövlət hakimiyyətindən tələb edir ki, ittiham irəli sürülmüş və ya işinə məhkəmədə baxılan həbs olunmuş bütün şəxslərə, başa düşdükləri dildə onlara qarşı irəli sürülmüş ittiham və bütün başqa proseduralar haqqında məlumat verilməsini təmin etsinlər. Ehtiyac yarandıqda, onlara pulsuz tərcüməçi ayrılmalıdır. Hüququn gerçəkləşdirilməsinin zəruri prosedurasının bu standartı öz tətbiqində universal normadır və öz-özlüyündə milli azlıqların dil hüquqlarına aid deyildir. Əslində, baza prinsipi qanun qarşısında bərabərlik və diskriminasiyaya yol verməmək prinsipidir. Bu prinsiplərə hörmət cinayət ittihamları və təhqiqi ilə əlaqədar, xüsusən, əhəmiyyətlidir. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14 (3) (a)-cü Maddəsi tələb edir ki, cinayət ittihamı irəli sürülmüş hər bir kəsə "başa düşdüyü dildə ona qarşı sürülmüş ittihamın xarakteri və əsası haqqında təcili və təfsilatlı məlumat verilsin". İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6(3)(a)-cı Maddəsi eyni tələbləri təxminən identik dildə müəyyənləşdirir. Buna əlavə olaraq, yuxarıda xatırlanan konvensiyanın 5(2)-ci maddəsi həbsə münasibətdə eyni tələbləri müəyyənləşdirir. Bundan başqa, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14(3)(e)-ci Bəndi hər bir şəxsə zəmanət verir ki, "tam bərabərlik əsasında"... "(e) ona qarşı ifadə verən şahidləri dindirsin, yaxud da həmin şahidlərin dindirilməsinə hüququ olsun və ona qarşı ifadə verən şahidlər üçün mövcud olan şərtlər daxilində şahidlərin çağırılması və dindirilməsi hüququ olsun". Bununla əlaqədar Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14(3)(1)-cü Bəndi və İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6(3)(e)-cı bəndi hər bir şəxsə "məhkəmədə istifadə edilən dili bilmirsə və bu dildə danışmırsa, pulsuz tərcüməçinin köməyindən istifadəyə" zəmanət verir. Eyni zamanda, açıq-aydın dildən istifadəyə aid olan bu zəmanət məxsusi cinayət təhqiqi üçün nəzərdə tutulubsa, məhkəmə və tribunallar qarşısında bərabərliyin əsas zəmanətindəndir, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14(1)-cü Maddəsinin birinci cümləsində deyildiyi kimi, istənilən qanuni araşdırma şərait bərabər olanda, daha ədalətli sayılmalıdır. Bütövlükdə, araşdırma üçün dil seçiminə aid olan bu əlaqə dövlətin bərabər və səmərəli ədalət məhkəməsində gerçəkləşdirməyə aid siyasətini işləyib-hazırlanmağa yönəltməlidir.
Daha ümumi səviyyədə Bölgə Dillərinin və Azlıqların Dillərinin Müdafiəsi haqqında Avropa Xartiyasının 7(1) Maddəsi bəyan edir ki, dövlət öz siyasətində, qanunvericiliyində və praktikasında "bölgə dillərinin və azlıqların dillərinin mədəni zənginliyin ifadəsi kimi etirafı..." və "onları qorumaq üçün bölgə dillərinin və azlıqların dillərinin tətbiqi üçün qəti hərəkətlərə tələbat" kimi məqsəd və prinsiplərə əsaslanmalıdır. Avropa Xartiyasının 7(4) Maddəsi müəyyənləşdirir ki, "bölgə dillərinə və azlıqların dillərinə münasibətdə siyasətini müəyyənləşdirən... tərəflər belə dillərdən istifadə edən qrupların ifadə edilmiş tələbatlarını və arzularını nəzərə alacaqlar". Bundan başqa, Çərçivə Konvensiyasının 15-ci Maddəsi dövlətin boynuna "milli azlıqlara mənsub şəxslərin mədəni, ictimai və iqtisadi həyatda, eyni zamanda, dövlət işlərində, xüsusən də, onlara aid işlərdə səmərəli iştirak etmələri üçün zəruri şərait yaratmaq" öhdəliyini qoyur. Demokratik cəmiyyətlərdə məhkəməyə səmərəli imkanların əhəmiyyətini nəzərdən keçirərkən, yuxarıda xatırlanan standartlar diqqətə alınsa, güman etmək olar ki, dövlət mümkün olduğu dərəcədə kassasiya orqanlarını da daxil etməklə, başqalarının hüquqlarına hörmət edərək və araşdırmanın bütövlüyünü dəstəkləyərək, milli azlıqlara mənsub şəxslərin məhkəmə prosesində (istər cinayət, istər mülki, istərsə də inzibati) öz dilində fikrini bildirmək hüququnu təmin edəcəkdir.
Ədalət məhkəməsinə imkan insan hüquqlarının gerçəkləşdirilməsində nə dərəcədə həyati əhəmiyyət kəsb edirsə, insanın səmimilik və sadəliklə mövcud proseduralarda iştirakı da həmin dərəcədə belə imkanın əsas ölçüsüdür. Buna görə də milli azlıqlara mənsub şəxslərin dilində (dillərində) məhkəmə proseduralarının mövcudluğu belə şəxslər üçün ədalət məhkəməsinə imkanı daha birbaşa və sadə edir.
Buna əsasən, bölgə dilləri və azlıqların dilləri haqqında Avropa Xartiyasının 9-cu Maddəsi müəyyənləşdirir ki, mümkün dərəcədə və cəlb olunmuş tərəflərdən birinin sorğusu əsasında bütün məhkəmə işi bölgə dilində və ya azlıqların dilində aparılmalıdır. Avropa Şurasının Parlament Assambleyası da özünün 1201 Tövsiyəsinin 7(3)-cü Maddəsində bu nəticəyə gəlmişdir. Maddə müəyyənləşdirir ki, "milli azlıqların nümayəndələrinin kifayət qədər nümayəndəsinin yaşadığı bölgələrdə milli azlıqlara mənsub şəxslərin inzibati hakimiyyətlə əlaqədə, məhkəmə işlərində və hüquq orqanlarda özünün doğma dilindən istifadə etmək hüququ vardır". Dövlət məhkəmə orqanları əməkdaşlarının işə götürülməsi və təlimi siyasətini buna uyğun aparmalıdır.
BMT-nin Məhbuslarla Davranış üzrə Minimal Standart Qaydalarının 51-ci Qaydasının və 2-ci Bəndlərində, Avropa Şurası tərəfindən qəbul edilən həbsxanalar haqqında Avropa Əsasnaməsinin 60-cı Qaydasının 1 və 2-ci Bəndlərindəki kimi, məhbəsdə olanların həbsxana adminstrasiyası tərəfindən başa düşülməsinin əhəmiyyəti, həm də məhbusların həbsxana adminstrasiyasını başa düşmələrinin əhəmiyyəti qeyd olunur. Bu əsasnamə öz-özlüyündə azlıqların hüquqlarına aid deyildir. Amma məhbusların ifadə olunmuş arzuları ilə birlikdə onların sayını, bərabərlik və diskriminasiyaya yol verməmək prinsipini nəzərə almaqla, yuxarıda xatırlanan əsasnamə milli azlıqlara mənsub şəxslərin çoxluq təşkil etdikləri bölgələrdə daha ciddi öhdəlikdir.
BMT-nin Məhbuslarla Davranış üzrə Minimal Standart Qaydalarının 37-ci Qaydası Avropa Şurasının qəbul etdiyi həbsxanalar haqqında Avropa Əsasnaməsinin 43(1)-ci Maddəsi kimi, məhbusların öz ailələri, layiqli dostları və şəxslərlə, xarici təşkilatların nümayəndələri ilə ünsiyyətə girmək hüququnun olduğunu göstərir. İnsanın ifadə azadlığı, öz dilindən ictimai yerlərdə və şəxsi həyatda istifadə etmək kimi hüquqlarının əhəmiyyəti ilə əlaqədar hakimiyyət bu hüquqlara qanunda nəzərdə tutulan məhdudiyyətlər çərçivəsində, hətta penitensiar müəssisələrdə də hörmət etməyə borcludur. Bir qayda olaraq, məhbusların öz dilində həm digər məhbuslarla və yanına gələnlərlə şifahi, həm də yazışmada istifadə etmək imkanları olmalıdır. Bununla belə, cinayət əməlinə görə saxlanılmış şəxslərin müəyyən hüquqları və azadlıqları beynəlxalq alətlərdəki məhdudiyyətlərə uyğun olaraq ictimai təhlükəsizlik baxımından qanuni əsaslarla məhdudlaşdırıla və ya dayandırıla bilər. Məhbusların dil azadlıqlarından praktikada istifadəsinə, adətən, onların dilində danışılan yerlərdə saxlanılması daha yaxşı imkan yaradır.
Beynəlxalq Bəyannamədə göstərilir:
Hər bir insanın müəllifi olduğu elmi, ədəbi, yaxud bədii əsərlərdən irəli gələn mənəvi və maddi mənafelərini müdafiə etmək hüququ var.
Hər bir insanın bu bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların tam şəkildə həyata keçirilə biləcəyi sosial və beynəlxalq qaydaya hüququ var.
Hər bir insanın yalnız şəxsiyyətin azad və tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında öhdəliyi var.
Öz hüquq və azadlıqlarını həyata keçirərkən, hər bir insana yalnız qanunun başqalarının hüquq və azadlıqlarının lazımi şəkildə tanınmasını və hörməti təmin etmək və demokratik cəmiyyətdə əxlaq, ictimai asayiş və ümumi rifahın ədalətli tələblərini yerinə yetirmək məqsədilə qoyulmuş məhdudiyyətlər tətbiq edilməlidir.
Bu hüquq və azadlıqların həyata keçirilməsi heç bir halda Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olmamalıdır.
Bu bəyannamədə heç nə hansısa bir dövlətə, insan qrupuna, yaxud ayrı-ayrı şəxslərə həmin bəyannamədə ifadə olunmuş hüquq və azadlıqların ləğv edilməsinə yönəldilmiş hər hansı fəaliyyətlə məşğul olmaq, yaxud hərəkətlər etmək hüququ verilmək kimi yozula bilməz.
Avropa Şurasının Konvensiyasında göstərilir:
Razılığa gəlmiş Yüksək Tərəflərdən hər biri Avropa Şurası Baş Katibinin xahişindən sonra bu konvensiyanın müddəalarından istənilən birinin səmərəli tətbiqini öz daxili hüququnun necə təmin etməsinə dair izahat təqdim edir.
Bu konvensiyada heç nə Razılığa gəlmiş Yüksək Tərəflərdən istənilən birinin qanunvericiliyi, yaxud onun iştirak etdiyi başqa sazişilə təmin edilə bilən insan hüquqlarının və əsas azadlıqlarının hər hansı birinin məhdudlaşdırılması, azaldılması kimi şərh edilə bilməz.
Bu konvnsiyada heç nə Avropa Şurasının Nizamnaməsi tərəfindən Nazirlər Komitəsinə verilmiş səlahiyyətləri azaltmır.
Razılığa gəlmiş Yüksək Tərəflər xüsusi sazişlə başqası müəyyənləşdirilmədikdə, bu konvensiyanın müddəalarının təfsiri və yaxud tətbiqiylə bağlı mübahisə ərizə göndərmək yolu ilə baxılmağa verilərkən, onların arasında qüvvədə olan müqavilədən, konvensiyadan, yaxud bəyanatdan və mübahisəni yoluna qoymaq üçün bu konvensiyada nəzərdə tutulandan başqa bir vasitədən istifadə etməməyə razılaşmışlar.
Hər bir dövlət təsdiq zamanı və ya sonra Avropa Şurasının Baş Katibini xəbərdar edərək, bu maddənin 4-cü bəndini nəzərə almaqla konvensiyanın bütün ərazilərinə, yaxud xarici əlaqələrinə görə məsuliyyət daşıdığı ərazilərdən birinə aid olduğunu bildirə bilər.
Konvensiya Avropa Şurası Baş Katibi xəbərdarlıq məktubunu aldıqdan sonra otuzuncu gündən başlayaraq, bu məktubda göstərilən ərazidə, yaxud ərazilərdə qüvvəyə minir.
Bu konvensiyanın müddəaları göstərilən ərazilərdə yerli şəraiti lazımi səviyyədə nəzərə alınmaqla tətbiq edilir.
Bu maddənin I bəndinə əsasən, bəyanat vermiş hər bir dövlət sonradan istənilən vaxt bu bəyanatda göstərilən bir və ya bir neçə əraziyə görə bu Konvensiyanın 34-cü Maddəsinə uyğun olaraq məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından, yaxud fərdi şəxslər qrupundan şikayət qəbul etmək səlahiyyətini tanımasına dair bəyanat verə bilər.
İstənilən dövlət bu konvensiyanı imzalayarkən, yaxud onun təsdiqnaməsini saxlanmağa təhvil verərkən, həmin vaxt ərazisində qüvvədə olan bu və ya digər qanunun konvensiyanın istənilən konkret bir müddəasına uyğun olmamasına dair bu müddəaya düzəliş verə bilər. Bu maddəyə əsasən, ümumi xarakterli düzəliş-qeydlərə yol verilmir.
Bu maddəyə əsasən, istənilən düzəliş-qeyd müvafiq qanunun xülasəsini əhatə etməlidir.
Razılığa gəlmiş Yüksək Tərətlər Konvensiya tərəfi olduğu tarixdən yalnız beş il keçəndən və bu barədə digər Razılığa gəlmiş Tərəflər məlumatlandırıları bildirişin Avropa Şurası Baş Katibinə göndərilməsindən altı ay keçəndən sonra bu konvensiyanı etibarsız elan edə bilər.
Etibarsız elan etmə müvafiq Razılığa gəlmiş Yüksək Tərəfi bu konvensiya üzrə öhdəliklərin pozulması və etibarsız elan etmənin qüvvəyə mindiyi tarixə qədər ola bilən istənilən hərəkət barəsində bu konvensiya üzrə öhdəliklərindən azad etmir.
Avropa Şurasının üzvü olmaqdan imtina edən Yüksək Tərəf həmin şərtlərlə də bu Konvensiyanın Tərəfi olmaqdan azad olur.
Əvvəlki bəndlərin müddəalarına əsasən, Konvensiya 56-cı Maddənin müddəalarına uyğun olaraq, qüvvəsinin aid edildiyi istənilən əraziyə münasibətdə etibarsız elan edilə bilər.
Bu Konvensiya Avropa Şurasının üzv dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır. O, təsdiq edilməlidir. Təsdiqnamə saxlanmaq üçün Avropa Şurasının Baş Katibinə təhvil verilir.
Bu konvensiya on ədəd təsdiqnamənin saxlanmaq üçün təhvil verilməsindən sonra qüvvəyə minir.
Konvensiyanı sonradan təsdiq edən dövlətlər üçün konvensiya bu dövlətlər təsdiqnamələrini saxlanmağa təhvil verdikləri tarixdən qüvvəyə minir.
Avropa Şurasının Baş Katibi konvensiyanın qüvvəyə minməsi, onu təsdiq etmiş Razılığa gəlmiş Yüksək Tərəflər və sonradan əldə edilə bilən təsdiqnamələrin təhvil verilməsi haqqında Avropa Şurasının üzv dövlətlərini xəbərdar edir.
1950-ci il 4 noyabr tarixində Romada ingilis və fransız dillərində yazılmış hər iki mətn eyni qüvvədə olub, vahid nüsxədə Avropa Şurasının arxivində saxlanılır. Baş Katib təsdiq edilmiş surətləri konvesiyanı imzalamış dövlətlərə göndərir. (Bu Konvensiyanın mətni 11 -ci Protokola uyğun olaraq düzəldilmişdir).
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru