Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 47/135 saylı qətnaməsi ilə 18 dekabr 1992-ci il tarixində qəbul edilmişdir
Heç kəsə irq, cins, dil, yaxud din fərqi qoymadan insan hüquqlarına və əsas azadlıqlara hörməti təşviq etmək və inkişaf etdirmək, Nizamnamədə bəyan edildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının əsas məqsədlərindən biri olduğunu yenidən təsdiq edərək, insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların hüquq bərabərliyinə, böyük və kiçik millətlərin bərabərliyinə inamı yenidən təsdiq edərək, İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin Nizamnaməsində soyqırımının qarşısını almaq və soyqırımına görə cəza haqqında Konvensiyada, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyada, iqtisadi-sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktda, din, yaxud əqidə əsasında dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannamədə və uşaq hüquqları haqqında Konvensiyada, eləcə də ümumdünya, yaxud bölgə səviyyəsində qəbul edilmiş digər müvafiq beynəlxalq sənədlərdəki, Birləşmiş Millətlər Təşkilatının ayrı-ayrı üzv dövlətləri arasında imzalanmış beynəlxalq sənədlərdəki prinsiplərin həyata keçirilməsinə kömək etməyə çalışaraq,
mülki və siyasi hüquqlar haqqında Paktın 27-ci maddəsinin etnik, dini azlıqlara, yaxud dil azlıqlarına mənsub şəxslərin hüquqlarına aid müddəalarına əsaslanaraq,
milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin hüququnu təşviqin və qorumanın, həmin azlıqların yaşadığı dövlətdə siyasi və sosial sabitliyə kömək etdiyini hesab edərək,
qanunun aliliyi əsasında cəmiyyətin bütövlükdə və demokratik çərçivə daxilində inkişafının ayrılmaz hissəsi kimi milli, yaxud etnik azlıqlara, din, dil azlıqlarına mənsub şəxslərin hüquqlarının daim təşviq edilməsi və həyata keçirilməsi xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə kömək edə biləcəyini qeyd edərək,
azlıqların müdafiəsində Birləşmiş Millətlər Təşkilatının mühüm rol oynamaq iqtidarında olduğunu hesab edərək,
Birləşmiş Millətlər Təşkilatı sistemi daxilində, həmçinin, insan hüquqları Komissiyası və ayrı-seçkiliyin qarşısını almaq və azlıqları müdafiə etmək Yarımkomissiyası, İnsan Hüquqları haqqında Beynəlxalq Paktları icra etmək məqsədilə yaradılmış orqanlar və insan hüquqları üzrə digər müvafiq Beynəlxalq Sənədlər tərəfindən milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin hüququnu təşviq və müdafiə etmək sahəsində bu günə qədər görülən işləri nəzərə alaraq,
azlıqların müdafiəsi, eləcə də milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin hüquqlarının təşviqi və müdafiəsi sahəsində hökumətlərarası təşkilatlar və qeyri-hökumət təşkilatları tərəfindən görülən işləri nəzərə alaraq,
insan hüquqları üzrə Beynəlxalq Sənədləri milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin hüquqları ilə əlaqədar daha səmərəli şəkildə həyata keçirilməsini təmin etmək zərurətini qəbul edərək,
milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında bu Bəyannaməni elan edir:
Dövlətlər onların müvafiq ərazilərində milli, yaxud etnik azlıqların varlığını və özünəməxsusluqlarını qoruyurlar və bu bənzərsizliyin inkişafı üçün şəraitin yaradılmasını təşviq edirlər.
Dövlətlər bu məqsədlərə nail olmaq üçün lazımi qanunvericilik tədbirlərini və digər tədbirləri görürlər.
Milli, yaxud etnik azlıqlara, din və dil azlıqlarına mənsub şəxslərin (bundan sonra azlıqlara mənsub şəxslər adlandırılacaq) şəxsi həyatda və açıq şəkildə sərbəst surətdə və müdaxilə olmadan, yaxud hər hansı bir formada ayrıseçkiliyə yol verilmədən öz mədəni nailiyyətlərindən faydalanmaq, öz dininə etiqad bəsləmək və dini adətlərini icra etmək, eləcə də, öz dilini işlətmək hüququ var.
Azlıqlara mənsub şəxslərin mədəni, dini, ictimai, iqtisadi həyatda və dövlət həyatında fəal iştirak etmək hüququ var.
Azlıqlara mənsub şəxslərin milli səviyyədə, zəruri halda isə milli qanunvericiliyə zidd olmamaqla, mənsub olduqları azlıqlara, yaxud yaşadıqları bölgəyə dair bölgə səviyyəsində qərarların qəbul edilməsində fəal iştirak etmək hüquqları var.
Azlıqlara mənsub şəxslərin öz şəxsi assosasiyalarını yaratmaq və onların fəaliyyətini təmin etmək hüququ var.
Azlıqlara mənsub şəxslərin heç bir ayrı-seçkilik olmadan öz qrupunun digər üzvləriylə, başqa azlıqlara mənsub şəxslərlə, eləcə də, sərhəd əlaqəsi vasitəsilə digər dövlətlərin milli, etnik, dini, yaxud dil bağları ilə bağlı olduğu vətəndaşları ilə sərbəst və dinc əlaqə yaratmaq və davam etdirmək hüququ var.
Azlıqlara mənsub şəxslər heç bir ayrı-seçkiliyə yol verilmədən öz hüquqlarını, o cümlədən, bu Bəyannamədə ifadə edilən hüquqlarını istər fərdi qaydada, istərsə də öz qrupunun digər üzvləri ilə birgə həyata keçirə bilər.
Bu Bəyannamədə ifadə edilən hüquqlardan istifadə etmə və ya etməmə azlıqlara mənsub istənilən şəxsin durumu üçün heç bir mənfi nəticəyə gətirib çıxarmır.
Dövlətlər zəruri halda azlıqlara mənsub şəxslərin özünün bütün insan hüquqları və azadlıqlarını heç bir ayrı-seçkiliyə yol verilmədən və qanun qarşısında tam bərabərlik əsasında, tamamilə və səmərəli şəkildə həyata keçirə bilmələrini təmin etmək üçün tədbirlər görürlər.
Dövlətlər azlıqlara mənsub şəxslərin konkret fəaliyyətinin həyata keçirilməsi milli qanunvericiliyi pozduğu və beynəlxalq normalara zidd olduğu hallar istisna olmaqla, öz xüsusiyyətini ifadə etməsinə, öz mədəniyyətini, dilini, dinini, adət və ənənələrini inkişaf etdirməsinə imkan verən əlverişli şərait yaratmaq üçün tədbirlər görürlər.
Dövlətlə azlıqlara mənsub şəxslərin mümkün olan yerdə öz ana dilini öyrənmək, yaxud öz ana dilində təhsil almaq üçün lazımi imkanlara malik olmasından ötrü həyata keçə bilən müvafiq tədbirləri görürlər.
Dövlətlər zəruri hallarda öz ərazisində yaşayan azlıqların tarixinin, ənənələrinin, dil və mədəniyyətinin öyrənilməsini stimullaşdırmaq məqsədilə təhsil sahəsində, tədbirlər görürlər. Azlıqlara mənsub şəxsin, bütövlükdə cəmiyyət həyatında zəruri olan bilikləri almağa müvafiq imkanı olmalıdır.
Dövlət azlıqlara mənsub şəxslərin öz ölkəsinin iqtisadi tərəqqisinin və inkişafının təmin edilməsində tam iştirak edə bilməsiylə bağlı lazımi tədbirləri görmək barədə məsələni nəzərdən keçirir.
Milli siyasət və proqramlar azlıqlara mənsub şəxsin qanuni mənafelərinin lazımi dərəcədə nəzərə alınması ilə planlaşdırılır və həyata keçirilir.
Dövlətlər arasında əməkdaşlıq və yardım proqramları azlıqlara mənsub şəxsin qanuni mənafelərinin lazımi şəkildə nəzərə alınması ilə planlaşdırılır və həyata keçirilir.
Dövlətlər qarşılıqı anlaşmanı və etimadı inkişaf etdirmək məqsədilə azlıqlara mənsub şəxslərə aid məsələlərdə, o cümlədən, məlumat və təcrübə mübadiləsində əməkdaşlıq etməlidirlər.
Dövlətlər bu Bəyannamədə ifadə edilmiş hüquqlara hörməti təşviq etmək məqsədilə əməkdaşlıq etməlidirlər.
Bu Bəyannamədə heç nə dövlətlərin azlıqlara mənsub şəxslər barəsində götürdükləri beynəlxalq öhdəlikləri yerinə yetirməsinə mane olmur. Xüsusən, dövlətlər iştirakçısı olduqları beynəlxalq müqavilə və sazişlərə uyğun olaraq üzərlərinə götürdükləri vəzifə və öhdəlikləri vicdanla yerinə yetirməlidirlər.
Bu Bəyannamədə ifadə edilən hüquqların həyata keçirilməsi hamının qəbul etdiyi insan hüquqları və əsas azadlıqların bütün şəxslər tərəfindən həyata keçirilməsinə zərər gətirmir.
Bu Bəyannamədə ifadə edilən hüquqların səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə dövlətlər tərəfindən görülən tədbirlər insan hüquqlarının ümumi Bəyannaməsində təsbit edilmiş bərabərlik prinsiplərinə zidd olan primafacie hesab edilmirlər.
Bu Bəyannamədə heç nə dövlətlərin siyasi müstəqilliyinə, ərazi bütövlüyünə, suveren bərabərliyinə hörmət prinsipləri də daxil olmaqla Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd olan hər hansı bir fəaliyyətə yolverilmə kimi yozula bilməz.
Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumları və digər təşkilatlar bu Bəyannamədə ifadə edilən hüquq və prinsiplərin tam həyata keçirilməsinə öz müvafiq səlahiyyətləri daxilində yardım edirlər.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunda soyqırımı belə müəyyənləşmişdir:
Bu Statusa görə, "soyqırımı" milli, etnik, irqi, yaxud dini qrupu tamamilə, yaxud qismən məhv etmək niyyətilə görülən aşağıdakı istənilən hərəkəti bildirir:
belə qrup üzvlərinin öldürülməsi;
belə qrup üzvlərinə ciddi bədən xəsarətlərinin yetirilməsi, yaxud onlarda əqli pozğunluq yaradılması;
hər hansı bir qrup üçün onun fiziki cəhətdən tamamilə, yaxud qismən məhv etməni nəzərdə tutan həyat şəraitinin əvvəlcədən düşünülərək yaradılması;
belə qrup içində uşaq doğumunun qarşısını almağı nəzərdə tutan tədbirlər;
uşaqların bir insan qrupundan başqa bir insan qrupuna zorla verilməsi.
Bəşəriyyətə qarşı cinayət eyniləşdirilən hər hansı bir qrupun, yaxud birliyin 3-cü bənddə müəyyənləşdirildiyi kimi siyasi, irqi, milli, etnik, mədəni, dini, gender səbəbinə, yaxud başqa motivlərə görə, həmin bənddə göstərilən hər hansı bir hərəkətlə, yaxud Məhkəmə Yurisdiksiyası altına düşən hər hansı bir cinayətlə bağlı olaraq, beynəlxalq hüquqa əsasən, hər yerdə yolverilməz qəbul edilən digər səbəblərə görə təqib edilməsi;
"təqibetmə" bu və ya digər qrupa, yaxud digər birliyə mənsubiyyət əlaməti üzrə beynəlxalq hüquqa zidd olaraq əsas hüquqlardan qəsdən və ciddi şəkildə məhrumetməni bildirir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru