Milli azlıqlara mənsub şəxslərin öz adını, soyadını və atasının adını öz ənənələrinə və linqvistik sistemlərinə uyğun doğma dilində işlətmək hüququ vardır; bu ad, soyadı və ata adı rəsmən tanınır və dövlət hakimiyyəti tərəfindən istifadə olunur.
Milli azlıqlara mənsub şəxslər tərəfindən yaradılan mədəni assosiasiyalar və müəssisələr kimi özəl təşkilatlar da öz adlarına münasibətdə eyni hüquqdan istifadə edirlər.
Milli azlıqlara mənsub şəxslərin əksəriyyət təşkil etdiyi vilayətlərdə və əsaslı ehtiyac olduğu yerdə dövlət hakimiyyəti yerli adların, küçə adlarının və əhali üçün digər topoqrafik göstəricilərin, həm də azlıqların dilində yerləşdirmək üçün tədbir görürlər.
Öz dininə fərdi, yaxud birgə etiqad vaxtı hər bir insanın seçiminə uyğun dildən (dillərdən) istifadə etmək hüququ vardır.
Mülki vəziyyətlə əlaqəli və mövcud dövlətdə qanuni gücü olan dini ayinlər və aktlar üçün dövlət belə vəziyyətə aid sertifikatların və sənədlərin rəsmi və ya dövlət dilində də olmasını tələb edə bilər. Dövlət, eyni zamanda, mülki vəziyyətə aid yazıların dini hakimiyyət tərəfindən həm də rəsmi dildə və ya dövlət dilində aparılmasını tələb edə bilər.
Azlıqlara mənsub şəxslər də daxil olmaqla, bütün insanların özünün qeyri-hökumət təşkilatını, assosiasiyasını və müəssisəsini yaratmaq və idarə etmək hüququ vardır. Bu qurumlar seçimlərinə uyğun dildən (dillərdən) istifadə edə bilərlər. Dövlət dili əsasında bu qurumlara qarşı diskriminasiya gerçəkləşdirə bilməz və bu qurumların dövlət büdcəsindən, beynəlxalq mənbələrdən və ya özəl sektordan maliyyə mənbəyi axtarmaq hüquqlarlarını əsassız şəkildə məhdudlaşdıra bilməz.
Əgər dövlət başqa sahələrlə yanaşı, sosial, mədəni və idman sahələrindəki fəaliyyəti fəal dəstəkləyirsə, dövlətin ayırdığı bütün resursların ədalətli hissəsi milli azlıqlara mənsub şəxslərin cəhd göstərdikləri belə fəaliyyətin dəstəklənməsinə gedir. Milli azlıqlara mənsub şəxslərin dilində (dillərində) olan fəaliyyətə dövlət maliyyə yardımı belə sahələrdə qeyri-diskriminasiya əsasında göstərilir.
Milli azlıqlara mənsub şəxslərin azlığın dilində özünün informasiya vasitəsini yaratmaq və istifadə etmək hüququ vardır. Veriliş vasitələrinin dövlət tənzimlənməsi obyektiv və qeyri ayrı-seçkilik meyarlarına əsaslanır və azlıqların istifadə hüquqlarını məhdudlaşdırmaq üçün istifadə edilməməlidir.
Milli azlıqlara mənsub şəxslərin ictimai cəhətdən maliyyələşdirilən informasiya vasitələrində öz dilində veriliş vaxtına imkanı olmalıdır. Milli, bölgə və yerli səviyyələrdə mövcud azlıqların dilində veriliş üçün ayrılmış vaxtın həcmi və keyfiyyəti milli azlıqların sayına, konsentrasiyasına mütənasib olmalıdır və onun vəziyyətinə, ehtiyacına uyğun gəlməlidir.
İctimai və özəl informasiya vasitələrində milli azlıqların dilində (dillərində) aparılan proqramların müstəqil xarakteri qorunur. İctimai informasiya vasitələrinin proqramlarının məzmununu və istiqamətlərini müşahidə edən redaksiya şuraları müstəqil olmalıdırlar və fərdi şəxs kimi milli azlıqlara mənsub şəxsi tərkiblərinə daxil etməlidirlər.
Xaricdən olan informasiya vasitələrindən istifadə imkanı əsassız şəkildə məhdudlaşdırılmır. Belə imkan milli azlıqlar yaşayan dövlətlərdə ictimai cəhətdən maliyyələşdirilən informasiya vasitələrində azlıqlara ayrılan vaxtın azaldılmasına haqq qazandırmamalıdır.
Milli azlıqlara mənsub şəxs də daxil olmaqla, bütün şəxslərin fərdi sahibkarlığı seçiminə uyğun dildə və dillərdə aparmaq hüququ vardır. Dövlət rəsmi dildən və ya dövlətlərin dilindən qanuni ictimai maraq - işçilərin və istehlakçıların müdafiəsi ilə, yaxud da müəssisə və dövlət hakimiyyəti arasındakı münasibətlərlə bağlı maraqlar özünü göstərdiyi yerlərdə əlavə istifadəni tələb edə bilər.
Milli azlıqlara mənsub şəxslərin çoxluq təşkil etdikləri bölgələrdə, yerlərdə və istək olduğu halda, həmin azlığa mənsub şəxsin bölgə və yerli hakimiyyət idarələrindən həm rəsmi dildə, yaxud dövlət dillərində, həm də həmin milli azlığın dilində mülki sənədlər və sertifikatlar almaq hüququ vardır. Bölgə və yerli hakimiyyət idarələri uyğun mülki qeydləri də milli azlıqların dilində beləcə aparırlar.
Milli azlıqlara mənsub şəxslərə inzibati hakimiyyətlə öz dilindən, xüsusən, bu şəxslərin arzularını bildirdikləri və çoxluq təşkil etdikləri bölgələrdə və yerlərdə istifadəyə uyğun imkanlar yaradılır. İnzibati hakimiyyət mümkün olan yerdə milli azlıqların dilində ictimai xidmət göstərməyi təmin edir. Bu məqsəd üçün onlar işçi və təlim üzrə uyğun siyasət və ya proqram qəbul edirlər.
Milli azlıqlara mənsub şəxslərin çoxluq təşkil etdikləri bölgə və yerlərdə dövlət bölgə və yerli dövlət orqanlarının seçkili üzvlərinin bu orqanlarla bağlı fəaliyyətlərində, həm də milli azlıqların dilindən istifadə imkanı təmin etmək üçün tədbirlər görür.
Milli azlıqlara mənsub şəxslərin yaşadığı dövlət həmin şəxslər özlərinin dil hüquqlarının pozulduğunu hesab etdikləri halda məhkəmə orqanlarına müraciətin uyğun imkanlarına əlavə olaraq, ombudsmanlar və ya insan hüquqları üzrə komissiyalar kimi müstəqil institutlara müraciət imkanı ilə təmin etməlidir.
Milli azlıqlara mənsub şəxslər də daxil olmaqla, bütün şəxslərin başa düşdükləri dildə həbslərinin, yaxud da saxlanmalarının səbəbləri, özlərinə qarşı ittihamların təbiəti və səbəbi haqqında təcili məlumat almaq, özünü həmin dildə, zəruri hallarda məhkəməyə qədər, məhkəmə vaxtı və kassasiya zamanı tərcüməçi vasitəsilə müdafiə etmək hüququ vardır.
Milli azlıqlara mənsub şəxslərin çoxluq təşkil etdiyi bölgələrdə və yerlərdə, istək olduğu halda, həmin azlığa mənsub şəxsin məhkəmə araşdırması vaxtı öz dilində, zəruri halda pulsuz tərcüməçi vasitəsilə fikrini bildirmək hüququ olmalıdır.
Milli azlıqlara mənsub şəxslərin çoxluq təşkil etdiyi bölgələrdə və yerlərdə, istək olduğu halda, dövlət belə şəxslərə aid bütün məhkəmə araşdırmalarını azlıqların dilində aparmaq imkanlarını nəzərdən keçirməlidir.
Məhkəmə nəzarəti konstitusiya məhkəmələri və faktiki olaraq, insan hüquqları üzrə müvafiq beynəlxalq orqanlar tərəfindən həyata keçirilir. Milli komissiyalar, ombudsmanlar, etniklərarası və ya "irqi" münasibətlər üzrə şuralar və s. kimi məhkəmədən kənar mexanizm və sosial qurumlar da həmçinin, Kopenhagen Sənədinin 27-ci bəndində, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın 14-cü maddəsinin 2-ci bəndində, Vyana Bəyannaməsinin 36-cı bəndində və İnsan Hüquqları Ümumdünya Konfransının 1993-cü ildə qəbul etdiyi fəaliyyət proqramında deyildiyi kimi, mühüm rol oynaya bilərlər.
Penitensiar müəssisənin rəhbəri və həmin müəssisənin işçiləri dustaqların böyük əksəriyyətinin dilində və ya dillərində, yaxud da sonuncuların əksəriyyətinin başa düşdüyü dildə danışmağı bacarmalıdırlar. İşçi götürmə və təlim proqramı bu məqsədə nail olmağa istiqamətləndirilməlidir. Lazımi yerlərdə tərcüməçinin xidmətindən istifadə olunur.
Milli azlıqlara mənsub saxlanılmış şəxsin başqa məhbuslarla və digər şəxslərlə münasibətdə seçiminə uyğun dildən istifadə etmək hüququ vardır. Mümkün olan yerdə dövlət məhbuslara qanunla nəzərdə tutulmuş məhdudiyyət çərçivəsində həm şifahi, həm də şəxsi yazışmada öz dilində ünsiyyət qurmağa imkan verən tədbirləri görür. Bununla əlaqədar saxlanılmış və ya həbs edilmiş şəxs, adətən, onların yaşayış yerinin yaxınlığındakı saxlanılma və ya həbs yerində saxlanılmalıdır.
Din məsələsinə gəldikdə isə, həmin tövsiyənin müəllifləri dini təşkilatlara verilən səlahiyyətlər dairəsinin müəyyənləşdirilməsi (məsələn, vətəndaşlıq vəziyyəti aktları barəsində) istisna olmaqla, bu sahəyə dövlət müdaxiləsinə qarşı etirazlarını bildirirlər. Azlıqların nümayəndələrinin öz xüsusi kütləvi informasiya vasitələrini yaratmaq və onlardan istifadə etmək imkanına malik olmalarına Çərçivə Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi ilə təminat verilsə də, tövsiyələrdə, həmçinin, azlıqlara məxsus müəssisələr tərəfindən kütləvi informasiya vasitələri üzərində nəzarətin həyata keçirilməsi nəzərdə tutulmur. Əlbəttə, mədəniyyət, sosial təminat, mənzil və uşaqlara baxmaq kimi sahələri də əhatə edən hərtərəfli anlayışdır; dövlət bu sahələrdə rəhbərliyi həyata keçirərkən, həm də azlıqların mənafelərini nəzərə almağa borcludur.
Muxtar hakimiyyət orqanları qanunverici, icra və məhkəmə orqanları səviyyəsində qərarlar qəbul etmək üçün real səlahiyyətlərə malik olmalıdır. Dövlətdə səlahiyyətlər mərkəzi, regional və yerli hakimiyyət orqanları arasında, həmçinin, funksional əlamət üzrə bölünə bilər. Kopenhagen Sənədinin 35-ci bəndində "belə azlıqların konkret tarixi və ərazi şəraitlərinə cavab verən lazımi yerli və ya muxtar idarəetmə orqanları" kimi alternativlərdən danışılır. Buradan, belə bir aydın nəticə çıxır ki, dövlət çərçivəsi daxilində yekcinslilik məcburi deyil. Təcrübə göstərir ki, səlahiyyətlər bölgüsü ədalət məhkəməsinin sahələrinə (istər əsas, istərsə də prosessual) verilən səlahiyyətlər və təsərrüfatın ənənəvi sahələriylə bağlı səlahiyyətlər də daxil olmaqla, adətən, mərkəzi hökumətin idarəsinə aid belə ictimai səlahiyyətlərin həyata keçirilməsinə cəlb edilməlidirlər. Eyni zamanda, mərkəzi hökumət bütün dövlət ərazisində ədalət və imkanlar bərabərliyinin təmin edilməsi sahəsində səlahiyyəti özündə saxlamalıdır.
Azlıqların daha səmərəli iştirakını təmin etmək üçün məhəlli əsasla verilə bilən səlahiyyətlər aid olduqları azlıqların maraqları lazımi dərəcədə nəzərə alınmaqla həyata keçirilməlidir. İnzibati hakimiyyət orqanları müvafiq ərazidə bütün əhaliyə hesabat verməlidir. Bu, Kopenhagen Sənədinin 5.2 bəndindən irəli gəlir və həmin bənd ATƏT-in bütün iştirakçı dövlətlərinə bütün səviyyələrdə və bütün şəxslər üçün "icraçı hakimiyyət orqanlarının seçilmiş qanunverici orqanlara, yaxud seçicilərə hesabat verməli olduğu və öz xarakterinə görə nümayəndəlik olan idarə formasını" təmin etməyi tapşırır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru