Avropa Şurasının üzvləri olan və bu Konvensiyanı İmzalayan Hökumətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 dekabr 1948-ci il tarixində elan edilən İnsan Hüquqlarının Ümumi Bəyannaməsini nəzərə alaraq,
Bu Bəyannamənin elan olunan hüquqların hamılıqla və səmərəli tanınmasını və onlara əməl edilməsini təmin etmək məqsədi daşıdığını nəzərə alaraq,
Avropa Şurası öz üzvləri arasında böyük birliyə nail olmaq məqsədini güddüyünü, bu məqsədə çatmaq vasitəsinin insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinin inkişaf etdirilməsinin olduğunu nəzərə alaraq;
Ədalətin və ümumi sülhün əsası olan, əməl edilməsi bir tərəfdən həqiqi demokratik-siyasi rejimlə, digər tərəfdən isə insan hüquqlarının ümumi şəkildə dərk edilməsi və onlara əməl edilməsi ilə ən yaxşı şəkildə təmin edilən bu əsas azadlıqlara sıx bağlılıqlarını təsdiq edərək,
Vahid səylərlə fəaliyyət göstərən, siyasi ənənələrin, idealların azadlıqlara və hüququn aliliyinə hörmətin ümumi irsinə malik olan və Ümumi Bəyannamədə şərh edilən hüquqların bəzilərinin kollektiv şəkildə həyata keçirilməsi yolunda tam qətiyyətlə ilk addımlar atan Avropa dövlətlərinin hökumətləri aşağıdakılar haqqında razılığa gəlmişlər:
İnsan hüquqlarına əməl etmək öhdəliyi. Razılığa gəlmiş Yüksək Tərəflər onların yurisdiksiyasında yerləşən hər bir insanın bu Konvensiyanın I bölməsində müəyyənləşdirilən hüquq və azadlıqlarını təmin edirlər.
Hüquq və Azadlıqlar: həyat hüququ. Hər bir insanın həyat hüququ qanunla qorunur. Cəzalandırılması nəzərdə tutulmuş cinayətin törədilməsinə görə məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından başqa heç kəs qəsdən həyatdan məhrum edilə bilməz.
Mütləq zərurətlə bağlı güc tətbiq edilməsi nəticəsində həyatdan məhrum etməyə bu maddənin pozulması kimi baxılmır:
istənilən şəxsin qeyri-qanuni zorakalıqdan müdafiəsi üçün;
qanuni həbsin həyata keçirilməsi, yaxud qanuni əsaslarla tutulub saxlanılmış şəxsin qaçışının qarşısı alınması üçün;
iğtişaşın, yaxud qiyamın qanunauyğun surətdə yatırılması üçün.
İşgəncələrin yasaq edilməsi. Heç kəs işgəncələrə, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranışa və ya cəzaya məruz qalmamalıdır.
Köləliyin və məcburi əməyin yasaq edilməsi. Heç kəs köləlikdə və məcburi vəziyyətdə saxlanılmamalıdır.
Heç kəs məcburi, yaxud icbari əməyə cəlb edilməməlidir.
"Məcburi, yaxud icbari əmək" termini bu maddənin məqsədlərinə aşağıdakıları daxil etmir,
bu Konvensiyanın 5-ci maddəsinin müddəalarına uyğun həbsdə olan, yaxud həbsdən şərti azad edilən şəxsin, adətən, yerinə yetirməli olduğu hər cür işi;
hərbi xarakterli hər cür xidməti, əqidəyə görə hərbi xidmətdən imtinanın qanuni imtina qismində tanındığı ölkələrdə məcburi hərbi xidmət əvəzinə nəzərdə tutulan xidməti;
fövqəladə vəziyyət, yaxud əhalinin həyatına və ya əmin-amanlığına təhlükə yaradan fəlakət zamanı hər cür məcburi xidməti;
adi vətəndaşlıq xidmətlərinə daxil olan hər cür işi, yaxud xidməti.
Azadlıq və şəxsi toxunulmazlıqların hüququ. Hər bir insanın azadlıq və şəxsi toxunulmazlıqların hüququ var. Qanunla müəyyən edilən aşağıdakı hallardan və qaydalardan başqa, heç kəs azadlıqdan məhrum edilə bilməz.
Səlahiyyətli məhkəmə tərəfindən şəxsin təqsirli bilinməsi əsasında onun qanuni tutulub saxlanılması;
şəxsin məhkəmənin qanuni qərarını yerinə yetirməməsinə görə, yaxud qanunla nəzərdə tutulan hər hansı vəzifəni yerinə yetirməməsinə görə, yaxud qanunla nəzərdə tutulan hər hansı vəzifəni yerinə yetirməsinin təmini məqsədilə qanuni həbs olunması, yaxud tutulub saxlanılması;
şəxsin hüquq pozuntusu törətməklə əsaslandırılmış şübhə üzrə səlahiyyətli məhkəmə orqanı qarşısında dayanması ilə bağlı, yaxud onun törətdiyi hüquq pozuntusunun qarşısının alınması zəruriliyini güman etməyə və onu törətdikdən sonra gizlənməsinə mane olmağa kifayət qədər əsaslar olduğu halda qanuni həbsi, yaxud tutulub saxlanılması;
həddi-buluğa çatmış şəxsin tərbiyəvi nəzarət üçün qanuni qərar əsasında, yaxud onun səlahiyyətli orqan qarşısında dayanmasından ötrü qanuni surətdə tutulub saxlanması;
şəxsin yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədilə, eləcə də ruhi xəstələrin, alkoqoliklərin, yaxud avaraların qanuni surətdə tutulub saxlanılması;
şəxsin ölkəyə qeyri-qanuni gəlişinin qarşısının alınması və ya ölkədən çıxıralması və təhvil verilməsi, yaxud həbsə salınması.
Həbs olunmuş hər bir şəxsə başa düşdüyü dildə həbsinin səbəbləri və irəli sürülən hər cür ittiham barədə dərhal məlumat verilir.
Həbs olunmuş, yaxud tutulub saxlanmış hər bir şəxs bu maddənin 1-ci bəndinin (j) yarımbəndinə uyğun olaraq, dərhal məhkəməyə, yaxud qanunla məhkəmə səlahiyyətini daşıyan və lazımi müddət ərzində məhkəmə araşdırması, yaxud məhkəməyədək azad etmək hüququna malik olan digər vəzifəli şəxsin yaııına gətirilir. Azadetməni məhkəməyə gəlməyə təminatın verilməsi şərtləndirə bilər.
Həbsolunma, yaxud tutulub saxlanma nəticəsində azadlıqdan məhrum edilmiş hər bir kəsin tutulub saxlanmasının qanuniliyinə dair məsələni məhkəmə tərəfindən təxirə salınmadan baxılmasına, yaxud məhkəmənin tutulub saxlanmanı qanunsuz hesab etdikdə, onun azad olunması barədə qərar çıxarılmasına hüququ var.
Bu maddənin müddəalarının pozulması ilə aparılan həbsin, yaxud tutulub saxlanmanın qurbanı olan hər bir kəsin kompensasiya hüququ var.
Ədalətli məhkəmə araşdırması hüququ. Hər bir kəsin mülki hüquq və öhdəlikləri mübahisə doğuran halda, yaxud ona irəli sürülmüş hər cür cinayət ittihamına baxılarkən, işin lazımi müddətdə qanun əsasında yaradılan müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq şəkildə araşdırılmasına hüququ var. Məhkəmənin qərarı açıq elan edilir, ancaq əxlaq, ictimai asayiş, yaxud demokratik cəmiyyətdə milli təhlükəsizlik mülahizəsinə görə və bunu həddi-buluğa çatmamışların mənafeləri, yaxud tərəflərin şəxsi həyatının müdafiəsinin tələb etdiyi, açıqlığın ədalət məhkəməsinin mənafelərini poza bildiyi xüsusi hallarda və ciddi zəruriliyi məhkəmənin mülahizəsilə müəyyənləşdirildikdə, mətbuat və kütlə ya bütün prosesə, yaxud onun bir hissəsinə buraxılmır.
Təqsirsizliyi qanunauyğun surətdə sübut edilməmiş hər bir müttəhim cinayəti törətməkdə təqsirsiz hesab olunur.
Cinayət törətmiş hər bir müttəhim ən azı aşağıdakı hüquqlara malikdir:
ona elan edilmiş ittihamın xarakteri və əsasları haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq;
öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
özünü şəxsən, yaxud özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, ədalət mühakiməsinin mənafeləri tələb etdikdə, təyin edilmiş ödənişsiz müdafiəçiyə malik olmaq;
ona qarşı ifadə vermiş şahidləri dindirmək, yaxud həmin şahidlərin dindirilməsi və ona qarşı ifadə verən şahidlərə aid şərtlərə öz şahidlərinin çağırılması və dindirilməsi hüququna malik olmaq;
məhkəmədə istifadə edilən dili başa düşmədikdə, yaxud həmin dildə danışa bilmədikdə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək.
Yalnız qanun əsasında cəzalandırma. Heç kəs hər hansı hərəkət, yaxud fəaliyyətsizlik nəticəsində milli, yaxud beynəlxalq hüquqla cinayət kimi tanınmayan cinayəti törətdiyi anda, onu törətməkdə təqsirli bilinə bilməz. Həmçinin, cinayətin törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz.
Bu maddə hər hansı şəxsin hər hansı hərəkəti, yaxud fəaliyyətsizliyi nəticəsində törətdiyi anda sivilizasiyalı ölkələrin qəbul etdiyi ümumi hüquq prinsiplərinə uyğun olaraq, cinayət hesab edilən əməlinə görə məhkəməyə verilməsinə və cəzalandırılmasına mane olmur.
Şəxsi və ailə həyatına ehtiram hüququ. Hər bir insanın şəxsi və ailə həyatına hörmət edilməsi, mənzil toxunulmazlığı və yazışma hüququ var.
Qanunla nəzərdə tutulan, demokratik cəmiyyətdə milli təhlükəsizlik və ictimai asayiş mənafeləri naminə, ölkənin iqtisadi rifahı üçün, iğtişaş, yaxud cinayətlərin qarşısını almaq məqsədilə, sağlamlığın və ya mənəviyyatın, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının qorunması üçün qarışmanın zəruriliyi istisna olmaqla, bu hüququn həyata keçirilməsinə ictimai hakimiyyətin qarışması yolverilməzdir.
Fikir, vicdan və din azadlığı. Hər bir insanın fikir, vicdan və din azadlığı var. Bu hüquqa öz dinini, yaxud əqidəsini dəyişmək, öz dininə, yaxud əqidəsinə təkbaşına, yaxud başqaları ilə birgə etiqad etmək, ibadəti, təlimləri, dini ayin və mərasimləri elliklə, yaxud şəxsi qaydada yerinə yetirmək azadlıqları daxildir.
Öz dininə, yaxud əqidəsinə etiqad azadlığına yalnız qanunla müəyyən edilən və demokratik cəmiyyətdə ictimai təhlükəsizlik mənafeyi naminə, ictimai asayişin, sağlamlığın və ya mənəviyyatın mühafizəsi, yaxud başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan məhdudiyyətlər tətbiq edilə bilər.
Fikri ifadə etmək azadlığı. Hər bir insanın öz fikrini azad şəkildə ifadə etmək hüququ var. Bu hüquqa öz fikrinə tərəfdar olmaq, ictimai orqanların hər hansı bir müdaxiləsi olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə radioverlişləri, televiziya, kinomotoqrafiya idarələrini dövlətin lisenziyalaşdırmasına mane olmur.
Vəzifələr və məsuliyyət doğuran bu azadlıqların həyata keçirilməsi sağlamlığı, yaxud mənəviyyatı qorumaq, başqa şəxslərin ad-sanını, yaxud hüquqlarını müdafiə etmək, gizli əldə edilmiş məlumatın açılmasının qarşısını almaq, yaxud ədalət məhkəməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulan və demokratik cəmiyyətdə milli təhlükəsizliyin, ərazi bütövlüyünün, yaxud iğtişaşın və ya cinayətlərin qarşısını almaq məqsədilə ictimai asayişin təmini baxımından zəruri olan müəyyən formallıqlarla, şərtlərlə, məhdudiyyətlərlə, yaxud sanksiyalarla müşayət edilə bilər.
Yığıncaq və birliklər azadlığı. Hər bir insanın dinc yığıncaqlar keçirmək azadlığı, həmkarlar ittifaqı yaratmaq və öz mənafelərini müdafiə etmək üçün belə birliklərə üzv olmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmə azadlığı hüququ var.
Qanunla nəzərdə tutulan və demokratik cəmiyyətdə iğtişaş və cinayətlərin qarşısını almaq məqsədilə milli təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi, sağlamlıq və mənəviyyatın, yaxud başqa şəxslərin hüquq və azıdlıqlarının müdafiəsi üçün zəruri olanlardan başqa bu qanunların həyata keçirilməsi heç vəchlə məhdudlaşdırıla bilməz. Bu maddə silahlı qüvvələrin, polisin, yaxud dövlət-inzibati orqanlarının tərkibinə daxil olan şəxslər tərəfindən bu hüquqların həyata keçirilməsinə qanuni məhdudiyyətlər tətbiqinə mane olmur.
Nikaha girmək hüququ. Nikah yaşına çatmış kişilər və qadınların nikaha girməni və ailə qurmanı tənzim edən milli qanunvericiliyə uyğun olaraq, nikaha girmək və ailə qurmaq hüququ var.
Hüquqi müdafiədə səmərəli vasitələr hüququ. Bu Konvensiyada təsdiqlənmiş hüquq və azadlıqları pozulan hər bir şəxsin belə pozuntunun, hətta rəsmi qaydada fəaliyyət göstərən şəxslər tərəfindən törədildiyi halda da, dövlət orqanlarında hüquqi müdafiənin səmərəli vasitələrinə malik olmaq hüququ var.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru