(Baş Məclisin 217 A (III) saylı qətnaməsi ilə 10 dekabr 1948-ci il tarixdə qəbul və elan olunmuşdur) böyük və kiçik millətlərin bərabərliyi
Biz, Birləşmiş Millətlərin xalqları qəti qərarlıyıq gələcək nəsilləri iki dəfə həyatımızda insanlığa ifadəolunmaz ağrı gətirmiş müharibə bəlalarından qurtarmaqda və insanın əsas azadlıqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərinə, kişi və qadınların hüquq bərabərliyinə, böyük və kiçik millətlərin bərabərliyinə yenidən inamımızı təsdiq etməkdə və müqavilələrdən və beynəlxalq hüququn başqa mənbələrindən irəli gələn öhdəliklərə ədalət və hörmətə riayət olunan şərait yaratmaqda və böyük azadlıq şəraitində həyatın sosial inkişafına və yaxşılaşdırılmasına yardım etməkdə və bu məqsəd üçün dözümlülük göstərmək, mehriban qonşular kimi bir-birimizlə sülh içində və birlikdə yaşamağa və beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləmək üçün güclərimizi birləşdirmək və prinsiplərin qəbulu və metodların müəyyənləşdirilməsinin təminatı ilə silahlı güc başqa cür yox, məhz ümumi maraq naminə istifadə olunsun və beynəlxalq aparatdan bütün xalqların iqtisadi və sosial tərəqqisinə yardım üçün istifadə etmək,
Bu məqsədlərə çatmaq üçün öz səylərimizi birləşdirmək qərarına gəldik.
Buna uyğun olaraq bizim müvafiq dövlətlərimiz San-Fransiskoya toplaşan, lazımi formada öz səlahiyyətlərini təqdim edən təmsilçilər vasitəsi ilə Birləşmiş Millətlər Təşkilatının mövcud nizamnaməsini qəbul etmək razılığına gəldilər və bununla da "Birləşmiş Millətlər" adlanan beynəlxalq təşkilatı təsis etdilər.
Birləşmiş Millətlər Təşkilatı aşağıdakı məqsədləri güdür: Bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmək prinsipinə hörmət əsasında millətlər arasında münasibətləri inkişaf etdirmək, eyni zamanda, ümumsülhə nail olmaq üçün digər uyğun tədbirlər görmək;
İqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində və irq, cins, dil və din fərqi qoymadan hamı üçün insan hüquqları və əsas azadlıqlarına hörmətin təşviq və inkişaf etdirilməsində beynəlxalq əməkdaşlığı gerçəkləşdirmək,
İqtisadi, sosial, mədəni, təhsil, səhiyyə sahələrində beynəlxalq əməkdaşlığa yardım göstərmək və irq, cins, dil və din fərqi qoymadan hamı üçün insan hüquqlarının və əsas azadlıqlarının gerçəkləşməsinə yardım göstərmək.
İnsan nəslinin bütün üzvlərinə məxsus ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq;
İnsan hüquqlarına qarşı bəşəriyyətin vicdanını hiddətləndirən hörmətsizlik və həqarətin barbarlıq hərəkətlərinə gətirib çıxardığını, adamların söz və əqidə azadlığına malik olacağı bir dünya qurulmasını insanların yüksək amalı elan olunduğunu nəzərə alaraq;
İnsanın istibdad və zülm əleyhinə son mübarizə vasitəsi kimi üsyana əl atmağa məcbur olmaması üçün insan hüquqlarının qanunun gücü ilə təmin edilməsinin zəruriliyini nəzərə alaraq;
Xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruri olduğunu nəzərə alaraq;
Birləşmiş Millətlər xalqlarının Nizamnamədə insanın əsas hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha böyük azadlıqlar şəraitində sosial tərəqqiyə və həyat tərzinin yaxşılaşdırılmasına yardım göstərməyi qərara aldıqlarını nəzərə alaraq;
Üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq;
Bu hüquq və azadlıqların xarakterinin hamılıqla dərk edilməsinin həmin öhdəliyin tam yerinə yetirilməsində böyük əhəmiyyət daşıdığını nəzərə alaraq,
İnsan hüquqları haqqında bu Ümumbəyannamənin yerinə yetirilməsinə bütün xalqların və dövlətlərin çalışmalı olduğu bir vəzifə kimi elan edir ki, hər bir insan və cəmiyyətin hər bir orqanı bu Bəyannaməni daim nəzərdə tutaraq, maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə, mütərəqqi milli və beynəlxalq tədbirlər vasitəsilə onların həm təşkilatın üzv dövlətlərinin, həm də onların yurisdiksiyasındakı ərazilərin xalqları arasında səmərəli tanınmasının və həyata keçirilməsinin təmin olunmasına cəhd etsinlər.
Bütün insanlar azad, hüquq və ləyaqətinə görə bərabər doğulurlar. Onlar idrak və vicdan sahibidirlər və biri-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.
Hər bir insan irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və başqa əqidəsinə, milli, yaxud sosial mənşəyinə, əmlak, silk, yaxud başqa vəziyyətinə görə fərq qoyulmadan bu Bəyannamədə elan edilmiş hüquqlara və azadlıqlara malik olmalıdır.
Bundan başqa, insanın mənsub olduğu ölkənin, yaxud ərazinin siyasi-hüquqi və ya beynəlxalq statusuna görə həmin ərazinin müstəqilliyindən, qəyyumluq altında olmasından, özünü idarə edib-etməməsindən yaxud suverenliyinin hər hansı məhdudiyyətindən asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol verilməməlidir.
Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
Heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; köləlik və kölə alverinin bütün növləri qadağandır.
Heç kəs işgəncəyə, qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır.
Harada olursa-olsun, hər bir insanın hüquq subyekti kimi tanınmaq hüququ var.
Bütün insanlar qanun qarşısında bərabərdir və heç kəs fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir. Bütün insanların bu Bəyannaməni pozan hər cür ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə təhriklərdən eyni dərəcədə müdafiə olunmaq hüququ var.
Hər bir insanın, konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququ var.
Heç kəs əsassız həbs oluna, tutulub saxlanıla, yaxud sürgün edilə bilməz.
Hər bir insanın öz hüquq və vəzifələrinin bərqərar olunması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılma hüququ var.
Cinayətdə ittiham olunan hər bir insan təqsiri qanuni qaydada, müdafiəsi üçün bütün imkanların yaradıldığı açıq məhkəmə baxışında sübut edilənədək günahkar sayıla bilməz.
Heç kəs törədilərkən milli qanunlara, yaxud beynəlxaq hüquqa görə cinayət sayılmayan ənənələrə, yaxud fəaliyyətsizliyinə görə cinayətdə ittiham edilə bilməz. Həmçinin, cinayətin törədildiyi vaxt tətbiq edilə bilən cəzadan daha ağır cəza verilə bilməz.
Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var.
Hər bir insanın hər hansı bir dövlətin hüdudlarında sərbəst yerdəyişmək və özünə yaşayış yeri seçmək hüququ var.
Hər bir insanın, öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var.
Hər bir insanın təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var.
Bu hüquqdan əsaslandırılmış qeyri-siyasi cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllərə görə təqib olunma hallarında istifadə edilə bilməz.
Hər bir insanın vətəndaşlıq hüququ var.
Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığı dəyişmək hüququndan məhrum edilə bilməz.
Yetkinlik yaşına çatmış bütün kişilər və qadınların irqi, milli, yaxud dini əlamətlərə görə heç bir məhdudiyyət qoyulmadan nikaha girmək və ailə qurmaq hüququ var. Onlar nikah bağlayarkən, nikahda olarkən və onu pozarkən eyni hüquqlardan istifadə edirlər.
Nikah yalnız nikaha girən hər iki tərəfin azad və tam razılığı ilə bağlana bilər.
Ailə cəmiyyətin təbii və əsas özəyidir, onun cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququ var.
Hər bir insanın həm təkbaşına, həm də ortaq əmlak sahibliyi hüququ var.
Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz.
Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək azadlığını, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq və xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etimad bəsləmək azadlığını ehtifa edir.
Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yayımlamaq azadlığı daxildir.
Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək, assosasiyalar yaratmaq hüququ var.
Heç kəs hər hansı bir asossasiyaya girməyə məcbur edilə bilməz.
Hər bir insanın öz ölkəsinin idarə olunmasında, bilavasitə, yaxud azad şəkildə seçilmiş nümayəndələri vasitəsilə iştirak etmək hüququ var.
Hər bir insanın öz ölkəsində dövlət qulluğuna girməyə bərabər imkan hüququ var.
Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən digər eynimənalı formalarda keçirilən vaxtaşırı və saxtalaşdırılmamış seçkilərdə əsasını tapmalıdır.
Cəmiyyətin bir üzvü kimi, hər bir insanın sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və resurslarına uyğun olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi-sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.
Hər bir insanın əmək, sərbəst şəkildə iş seçmək, ədalətli və əlverişli əmək şəraiti, işsizlikdən müdafiə hüququ var.
Hər bir insanın heç bir ayrı-seçkilik qoyulmadan, eyni əmək üçün bərabər haqq almaq hüququ var.
Hər bir işçi özünün və ailəsinin insana layiq yaşamasını təmin edən və lazım gəldikdə, digər sosial təminat vasitələri ilə tamamlanan ədalətli və qənaətbəxş haqq almaq hüququna malikdir.
Hər bir insanın öz mənafeini müdafiə etmək üçün həmkarlar ittifaqı yaratmaq, yaxud həmkarlar ittifaqlarına daxil olmaq hüququ var.
Hər bir insanın, iş gününün normal məhdudlaşdırılması da daxil olmaqla, istirahət və asudə vaxt, vaxtaşırı ödənişli məzuniyyət hüququ var.
Hər bir insan, özünün və ailəsinin sağlamlığı və rifahı üçün paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüquqlarına, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan səbəblərə görə məhrum olduğu hallarda təminat hüququna malikdir.
Analıq və körpəlik xüsusi himayədarlıq yardımına hüquq verir. Nikahdan və nikahdankənar doğulan bütün uşaqlar sosial müdafiədən eyni dərəcədə istifadə etməlidirlər.
Hər bir insanın təhsil hüququ var. Ən azı ibtidai və ümumi təhsil pulsuz olmalıdır. İbtidai təhsil isə icbari olmalıdır. Texniki təhsil və peşə təhsili hamıya, ali təhsil isə hər kəsin qabiliyyəti əsasında hamıya eyni dərəcədə müyəssər olmalıdır.
Təhsil insan şəxsiyyətinin tam inkişafına, insan hüquqlarına və əsas azadlıqlara ehtiramın artmasına yönəldilməlidir. Təhsil bütün xalqlar, irqi və dini qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və dostluğa, Birləşmiş Millətlər Təşkilatının sülhü qorumaq sahəsindəki fəaliyyətinə yardım göstərməlidir.
Valideynlərin öz azyaşlı uşaqları üçün təhsil növü seçməkdə üstünlük hüququ var.
Hər bir insanın cəmiyyətinin mədəni həyatında sərbəst iştirak etmək, incəsənətdən zövq almaq, elmi tərəqqidə iştirak etmək və ondan faydalanmaq hüququ var.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru