PDF Oxu

MİA

  • 4 367

Erməni kilsəsi terrorun maddi və mənəvi dayağı kimi və ya insanların yaşamaq haqqqına yönəlmiş qəsdlərin mənfur təşkilatçısı

image

Erməni Qriqorian kilsəsi tarixi boyunca mövcudluğunu qorumaq bilmək üçün bir dövlətə ehtiyac duyub. Başqa sözlə, "erməni dövləti" fikrini ortaya atanlar, məhz erməni kilsəsi və erməni ruhaniləri olmuşdur. Tarixdə özlərini xristianlığı ilk qəbul edən millət kimi göstərməyə çalışan ermənilər bu məsələdə də xristian türklərin, daha dəqiq desək, Qriqorian qıpçaqların mənəvi dəyərlərinə sahib çıxmağa çalışırlar. Bu məsələdə erməni kilsəsi xüsusi rol oynayır. Lakin əldə olunan geniş tarixi məlumatlar Qriqorinin mənşəcə Arsaq sakini olduğunu ortaya qoyur.

Murad adı, məhz onun qıpçaq türkləri ilə doğma dildə danışaraq, xristianlığın qriqorianlıq qolunu yaydığını göstərir. Qriqorian Vənənd, Qıpçaq və Bulqar türklərindən bəhs edən F.Kırzıoğlu onların yayıldığı və Armeniya adlanan ölkənin türkcədə "Yuxarı Ellər" anlamına gəldiyini, Əziz Qriqori, Vartan, Vardan adlı sərkərdələrin türklüyünü, erməni əlifbası adlanan əlifbanın yaradıcısı Əziz Mesropun türk soylu mamıkonlulardan (erməniləşdirilmiş variantı Mamikonyan) olduğunu çoxsaylı mənbələr əsasında sübut etdi.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev yazır: "Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanda yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katolikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna, keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdəki yeparxiyaları idarə edir. Bunlardan əlavə, daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdır. Qüds və İstanbul patriarxları arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxlığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir".

Tədqiqatçı Yaqut Əliyeva yazır: "Erməni Qriqorian kilsəsi, dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də böyük milli nüfuza malikdir. Məhz bu səbəbdən də, bütün tarixi dövrlərdə erməni cəmiyyətinin həyatında aktiv rol oynamışdır. Katolik və protestant ermənilərə də qarşı çıxan Qriqorian kilsəsinin ruhaniləri, həmvətənlərinə münasibətdə zaman-zaman qəddar davranmış, kilsəyə və camaata kömək üçün toplanan pulları öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmişlər".

Xristianlığı qəbul etdikdən bir müddət sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər təriqətçi monofizitlərin tərəfinə keçdilər və özlərinin əlahiddə Qriqorian kilsəsini yaratdılar. Qriqorian kilsəsi, artıq erməni dövlətinin mövcud olmadığı şəraitdə, erməni icmalarının təkcə dini deyil, eyni zamanda, siyasi himayəçisi funksiyasını da yerinə yetirməyə başladı. Qriqorian kilsəsinin idarə etdiyi ermənilər bu vaxtdan başlayaraq, öz mövqelərini qoruyub-saxlamaq və təcavüzkar məqsədlərinə nail olmaq üçün şəraitin dəyişməsindən istifadə edərək, başqa sözlə, "küləyin istiqamətindən" asılı olaraq, həmişə daha güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular. Belə ki, ermənilər Xilafət işğalları zamanı Bizansa qarşı ərəb xəlifələri ilə sövdələşməyə girişdilər. Ərəb xəlifələri Bizansa qarşı təriqətçi monofizit erməniləri müdafiə etdilər. Beləliklə, Qriqorian kilsəsi öz təsir dairəsini genişləndirmək və keçmiş erməni knyazlığını dirçəltmək üçün ilk dəfə ərəb işğalları dövründə fəallaşdı. Qonşularına xəyanət edərək, ərəb xəlifələrinə sığınan və yadelli təcavüzkarlar tərəfindən müdafiə olunan Qriqorian kilsəsi öz missionerləri vasitəsilə qonşu ərazilərdə, o cümlədən, Azərbaycan dövləti olan Qafqaz Albaniyasının qərb-dağlıq ərazilərində (indiki Dağlıq Qarabağda və indiki Ermənistan Respublikasının mövcud olduğu Qərbi Azərbaycan topraqlarında) yaşayan yerli alban-xristian əhali arasında qriqorianlığı yaymağa başladı. Z.Əliyevin fikrincə, zaman keçdikcə, zorla qriqorianlaşdırılmış alban - Azərbaycan tayfalarının erməniləşdirilməsinə başlandı. Bununla da, Xilafət dövründə Qriqorian kilsəsinin dini təsir dairəsi Cənubi Qafqaza doğru genişlənməyə başladı. Qriqorian missionerlərinin gəlişi ilə Cənubi Qafqaz əvvəlcə dini toqquşmalar, bunun dalınca etnik qarşıdurmalar, daha sonralar isə soyqırımlar dövrünə qədəm qoydu. Ərəb xilafəti zəiflədikdən sonra Qriqorian kilsəsi bu dəfə Azərbaycan türk dövlətlərinə - Qaraqoyunlulara, Ağqoyunlulara, Səfəvilərə və nəhayət, Osmanlı imperiyasına sığındı. Osmanlı imperiyası daxilində də kilsə öz fəaliyyətini dayandırmadı.

Patriarx Varjabedyanın 1878-ci ildə Mançester Erməni Komitəsinin başçısı Qaragin Papazyana göndərdiyi məktuba nəzər salaq: "Siyasətimiz Rusiyaya minnət borclu qalaraq İngiltərədən ümid gözləmək və İngiltərə sayəsində mənəvi və maddi sahədə rifahımızı təmin etməkdir. Bu rifahı ancaq Ermənistanda milli bir müstəqilliklə əldə edə bilərik. Bu söz bəzilərini çaşdırmasın, bizim düsturumuz budur: "Ermənistanın ermənilər tərəfindən idarəsi". Məhz bunun nəticəsi idi ki, 20 iyun 1890-ci ildə Ərzurumda Saint Asalyan kilsəsində axtarış etməyə gələn Osmanlı əsgərlərinə atəş açılmış və iki zabitlə bir əsgər öldürülmüşdür. Edilən axtarışda isə kilsədən Rusiya istehsalı olan silah, sursat və bombalar tapılmışdır. Məlum olmuşdur ki, bütün erməni kilsələrinin anbarlarında Rusiyadan hədiyyə olaraq verilən silahlar gizlədilmişdir. 5000-dən çox silah, 300-ə yaxın bomba, 40 kq bomba fitili, 200 paket dinamiti və 5000 ədəd dinamit hazırlayan materiallar bir gündə aşkarlanmışdır. Erməni terrorizminin inkişafında və çiçəklənməsində erməni Qriqorian və Ortodoks kilsələrinin xidmətləri böyükdür. 1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədilə apardığı casusluq fəaliyyətinə görə, erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif etdi. Ruslar Qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də, erməni kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onları "müsəlman zülmündən" xilas etməyə səsləyirdi. Xristian erməniləri ilə müsəlman osmanlıları arasındakı nifrətin artmasının kökləri erməni kilsəsinin fəaliyyəti və cəhdləri ilə bağlıdır. Hər halda, ruslar Osmanlı torpaqlarını zəbt edən kimi erməni kilsəsi ilə birlikdə işləyərək, oradakı müsəlman əhalini kompensasiya ödəmədən qovmuş, keçmiş müsəlman evlərinə və torpaqlarına erməniləri köçürmüşdürlər.

Erməni burjuaziyasının və terrorçu şəbəkənin özünütəsdiqə doğru ilk addımları, təbiidir ki, ruhanilərin hökmranlığının məhdudlaşdırılmasına doğru yönəldildi; o, şəhər sənətkarlarına arxalanaraq kilsəni, əsas etibarilə Konstantinopol patriarxını və patriarxatlığı dünyəviləşdirmək uğrunda mübarizəyə başladı. Bu mübarizə müvəffəqiyyətlə nəticələndi: patriarxatlıqda və kilsə mərkəzlərində yaradılmış "erməni nümayəndəliyi" adlı təşkilatda ruhanilər və maliyyə burjuaziyası ilə yanaşı, orta burjuaziya da yer aldı. Maliyyə, ədliyyə və maarif işlərinə həmin nümayəndəlik baxırdı. Erməni terror təşkilatlarının maddi bazası da bu nümayəndəlikdən dəstək alırdı. 1915-ci il fevralın ortalarında erməni daşnak terrorçu təşkilatı otuz nəfər üzvü olan müharibə qərargahı yaratdı. Bu terrorçu müharibə komandanlığına Qarahisardakı erməni kilsəsinin keşişi başçılıq edirdi. II Dünya müharibəsi illərində də erməni kilsəsi faşizmə dəstək verən əsas qurumlardan biri idi. Ermənilər işğal etdikləri ərazilərimizdə xaç daşları, xatirə ansamblları və digər erməni daş təbii nümunələri ilə bərabər kilsə tikintilərini də xüsusi bir inkişaf tempi ilə aparırlar. Bu ərazilərdə kilsələri ermənilər ibadət etmək məqsədi ilə deyil, yalnız görüntü məqsədi ilə inşa edirlər. Belə ki, yeni tikilən erməni kilsələrinin əksəriyyəti məskunlaşdırılan ermənilərin yaşayış massivlərindən xeyli uzaq ərazilərdə tikilir. Bu tikintilərin içərisində özünəməxsus üslubu və yüksək bədii həlli olan xatirə ansamblların tikintisinə xüsusi diqqət yetirilir. Maraqlıdır ki, Azərbaycan torpaqlarında tikilən bu xatirə ansamblları Azərbaycanda və dünyanın digər yerlərində qanlı qırğınlar törətmiş məşhur terrorçuların xatirəsinə ucaldılır. Bunlar dünyada analoqu olmayan tikintilərdir. Çünki dünyanın heç bir ölkəsində əli dinc insanların qanına batmış terrorçuların xatirəsinə abidələr tikilmir. Tarixi baxımdan nə Dağlıq Qarabağda, nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmamışdır.

Tədqiqatçı Faiq İsmayılov araşdırmalarında yazır: "Ermənilərin 1992-ci il işğalına qədər nə Qarabağda, nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmamışdır. Lakin işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa-Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa-Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 erməni kilsəsini inşa etmələri bizə məlumdur. Bundan başqa, Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 Alban dövrü məbədi təmir edilərək, erməni kilsəsi statusu verildi. Beləliklə, son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırdı. Bu, faktiki olaraq, hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur".

Sonda onu əminliklə bildirmək istəyirik ki, Qarabağ ərazisində olan kilsə, monastr və məktəblər Alban kilsəsinin mülkiyyətidir. Onların ermənilərə heç bir aidiyyatı yoxdur.

Elvin Talışinski yazır: "Ermənilər tarixən türklərə, eyni zamanda, azərbaycanlılara qarşı informasiya müharibəsində həmişə Qərbin və Rusiyanın dəstəyindən yararlanmış və xristian amilindən faydalanmışlar. Bu səbəbdən, Azərbaycana qarşı informasiya mübarizəsində Ermənistan, hətta Rusiya və Qərbin informasiya məkanından istifadə edərək, Azərbaycana qarşı informasiya savaşını gücləndirmişdir. Xüsusən, 90-cı illərin əvvəllərində Ermənistan şovinistləri Avropa və Rusiya ərazisində nəşr olunan qəzet və jurnallarda, radio və televiziya kanallarında, internet şəbəkəsində Azərbaycana qarşı böhtan dolu yazılar və verilişlər təqdim etmişlər. Həmin vaxtlarda Azərbaycana qarşı informasiya mübarizəsində Ermənistan Qərbdə və ABŞ-da yaşayan erməni lobbisinin və diasporunun imkanlarından da geniş istifadə etmişdir. Məhz bu səbəbdən, informasiya mübarizəsində təklənmiş Azərbaycan erməni təcavüzü və erməni terroru ilə dəfələrlə üzləşsə də, bu reallıqları dünya ictimaiyyətinə vaxtında çatdıra bilməmişdir.

Digər tərəfdən, hazırkı şəraitdə bəzi Qərb ölkələrinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan çıxış etmələri, Azərbaycanın haqq işinə göz yummaları, Ermənistanın təcavüzkar kimi tanımaması Azərbaycanın informasiya mübarizəsində yeni yanaşmalara və üsullara əl atmaq zərurəti yaratmışdır. Bu yanaşmalar Azərbaycanın informasiya məkanında öz rolunu gücləndirməyə xidmət edəcəkdir. Eyni zamanda, Azərbaycanın haqq işinə həmrəy olan islam ölkələri ilə əməkdaşlığın gücləndirilməsi və informasiya mübarizəsində bu amildən səmərəli istifadə etməsi də ölkəmizin qarşısında duran vacib məsələlərdən birinə çevrilmişdir.

Kompüter texnologiyalarının indiki inkişaf səviyyəsi effektiv informasiya təbliğatının qurulmasına imkan verir. Bu gün əminliklə vurğulamaq olar ki, respublikamızın, ermənilərin bir əsr ərzində təbliğat maşınını dağıtmaq, passiv müdafiədən çıxıb, aktiv təbliğat mübarizəsinə başlamaq üçün tam imkanları var".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər