PDF Oxu

MİA

  • 7 638

Ermənilərin Azərbaycana qarşı törətdikləri ekoloji cinayətlər

image

Ekologiya elmində mövcud anlayışlardan biri də ekoloji terrordur. Ekoloji terror - konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə, bilərəkdən vurulan ziyandır. Artıq neçə illərdir ki, ölkəmiz mənfur qonşularımızın törətdikləri ekoloji terrordan əziyyət çəkir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev yazır: "Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı terror müharibəsi, aktiv silahlı mübarizə formasından "soyuq terror müharibəsi'' fazasına transformasiya olunaraq, müxtəlif üsullarla həyata keçirilir. Ermənistanın Azərbaycana qarşı yürütdüyü bu terror siyasəti artıq ideoloji, elmi, mədəni, mənəvi, informasiya, sosial sahələri əhatə etməklə, bir növ kiberterror səviyyəsinə çatdırılıb. Bu məsələdə ən vacib sayılan məqam isə Ermənistan ərazilərindən gələn və Azərbaycanın içməli su mənbələrini formalaşdıran çayların kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilməsidir.

Ermənistanın Azərbaycana qarşı ekoloji terror siyasəti öz mahiyyəti və reallaşdırılması mexanizmləri baxımından olduqca müxtəlifdir. Bu baxımdan, su ehtiyatlarının çirkləndirilməsi taktikası da Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Nəzərə alsaq ki, Cənubi Qafqazın ümumi şirin su ehtiyatlarının 62%-i Gürcüstanın, 28%-i Ermənistanın və yalnız 10%-i Azərbaycanın payına düşür, bu halda, problemin kifayət qədər ciddi olduğunu anlamaq mümkündür. Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan ərazisinin 3/4 hissəsi ölkəmizin ən geniş su arteriyası olan Kür çayı hövzəsinin aşağı nahiyəsində yerləşir. Sadalanan reallıqlar fonunda kimyəvi və bioloji cəhətdən çirkləndirilmiş 350 mln. kub metrdən artıq su kütləsi hər il Ermənistan ərazisindən Kür çayı hövzəsinə tökülür.

Bundan savayı, Ermənistanın mədən, energetika, kimya, maşınqayırma sənayesi və kommunal-xidmət müəssisələrinin tullantıları Araz çayının əsas qollarına (Oxçuçay, Arpaçay, Razdan) axıdılır. Nəticədə, Araz çayının 43 km-i boyunca Azərbaycan ərazisindəki mikroflora və mikrofauna tamamilə məhv edilmişdir. Ermənistanın ekoloji terror siyasətinin, bilavasitə, təsiri nəticəsində Araz çayında suyun çirklənmə səviyyəsi normadan dəfələrlə artıq göstəriciyə malikdir".

Müəllifin qeyd etdiyi kimi, Araz çayının əsas qollarının Ermənistan ərazisindən keçdiyini, ölkə ərazisində Metsamor AES-in, bütün beynəlxalq təzyiqlərə baxmayaraq, fəaliyyət göstərdiyini və tullantılarını Araz çayının Razdan qolu ilə axıtdığını, habelə, terrorçu dövlətin "Sərhədlərdən axan su axınları və beynəlxalq göllərin istifadəsi və mühafizəsinə dair 1992-ci il Konvensiyası"na qoşulmadığını nəzərə alsaq, ekoloji fəlakətin qaçılmaz olacağı qənaətinə gəlmək mümkündür.

İşğal olunmuş ərazilərin hazırkı ekoloji durumu haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olur və onun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə verilir.

Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan üçün həyati məsələdir. Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Öz mənbəyini bu dağlardan götürən bütün çaylar, xüsusilə, Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və başqaları özləri ilə düzən ərazilərə bol su gətirirlər. Onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Düşmən tərəfindən işğal edilmiş ərazidə yüzlərlə müxtəlif tərkibli mineral su bulaqlarımız da vardır ki, bu da Azərbaycan mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-ni təşkil edir. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Tərtər çayı öz mənbəyini Kəlbəcər rayonundan götürür, Ağdərə, Tərtər və Bərdə rayonlarının ərazisi ilə axaraq, Kür çayına tökülür. Tərtər çayının qolları Tutqu, Lev və Ayrım çaylarıdır. Mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərqi 3117 m-dir.

Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır.

Onun ümumi su tutumu 560 mln kub. m, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng Su Anbarı respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır. Sərsəng Su Anbarı hazırda işğalda olan Ağdərə rayonunun ərazisindədir. Bu anbar respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi.

Z.Əliyev yazır: "Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir. Tərtər hidrokompleksinin yaratdığı Sərsəng Su-Elektrik Stansiyası ermənilər üçün elektrik enerjisi istehsal edir.

Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə, bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır. Ona görə də, işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.

Terrorçu ermənilər atəşkəsi pozmaqla yanaşı, Sərsəng Su Anbarından da öz çirkin əməllərini həyata keçirmək üçün istifadə edirlər. Belə ki, yaz və payız aylarında anbardan suyu açıb, çox buraxırlar ki, çay boyu yerləşən kəndləri və əkin sahələrini su bassın, əhaliyə ziyan dəysin. Bununla kifayətlənməyən ermənilər, hətta minaları su vasitəsilə axıdırlar ki, Azərbaycan ərazisində partlasın və əhaliyə ziyan vursun.

Bu barədə "armyanskaya-pravda.ru" saytında Arsen Ambarsumyan adlı müəllifin məqaləsində bildirilir ki, Ermənistan, mənbəyini bu ölkənin ərazisindən götürən çayların qarşısını kəsməklə Azərbaycanda ciddi su qıtlığı yarada bilər. Müəllif hesab edir ki, Azərbaycan və Türkiyənin Ermənistanı blokadaya aldığı bir vaxtda ermənilərin indiyədək bu üsula əl atmaması təəccüblüdür.

Çayların qarşısını kəsmək ideyasını ilk dəfə erməni politoloq Levon Məlik-Şahnazaryan irəli sürüb. Onun bildirdiyinə görə, Ağstafa, Tovuz, Qazax, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və Füzuli rayonlarının Azərbaycanın nəzarətində olan hissəsi bütünlüklə ermənilərin nəzarəti altında olan ərazilərdən başlayan çaylardan asılıdır. Ona görə də, Ermənistan bu "üstünlükdən" istifadə etməlidir. Erməni müəllif yazır ki, əgər bu çayların heç olmasa yarısının qabağını kəsmək mümkün olsa, o zaman Azərbaycan ciddi su qıtlığı ilə üzləşəcək, Araz və Kür çaylarında da suyun həcmi kəskin azalacaq.

Ermənistanda nəşr olunan "Lragir" qəzeti yazır ki, qarabağlı jurnalist Armine Narinyan tərəfindən "Facebook" sosial şəbəkəsində Sərsəng Su Anbarında balıqların kütləvi ölməsi barədə xəbər yayılıb.

Balıqların məhv olmasına isə Qarabağda faydalı qazıntıları istismar edən "Beytz Metal" (Base Metals) şirkətinin ("Valleks" şirkətləri qrupu) Drmbon yatağında qızıl-mis emalı zamanı sianidləri çaya buraxması səbəb göstərilir. Ətraf kəndlərdə yaşayan yerli əhali də faktı təsdiq edib. Məlumatda, həmçinin bildirilir ki, "Beytz Metal" şirkətinin direktoru artıq Drmbon yatağında ehtiyatların tükənmək üzrə olduğunu bildirib. Şirkət 2015-ci ildə Ağdərədəki "Caxkaşen" adlı başqa bir yataqda işlərə başlamağı planlaşdırır.

Bu sözlər kifayət edir ki, Azərbaycan həyacan siqnalı versin və beynəlxalq təşkilatları ermənilərin terror siyasəti barədə xəbərdar etsin".

Müəllif qeyd edir ki, AVCİYA prezidenti, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanov haqlı olaraq qeyd edir ki, Sərsəng Su Anbarının işğal altında olduğu 20 ildən artıq müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən, hazırda qəza vəziyyətinə düşüb. Odur ki, bu su anbarının təbii fəlakət, texniki və əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Qeyd edilmiş səbəblər nəticəsində Sərsəng Su Anbarı hazırda Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilib. Bu təhlükə zaman keçdikcə, daha real xarakter almaqdadır. Hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində, baş verə biləcək qəza zamanı ekoloji böhran və bioloji müxtəlifliyin sıradan çıxması ilə yanaşı, Azərbaycanın işğal edilməmiş ətraf düzənlik rayonlarında məskunlaşmış 400 min mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür.

www.sarsang.org saytının verdiyi məlumata görə, Tərtər rayonunun bir çox kəndləri (Çaylı, Seydimli, Hacıqərvənd, Zolkəran, Düyərli, Sarıcalı, Ələsgərli, Bayandur, Buruc, İrəvanlı, Güləbatlı, Hacallı, Yenidaşkənd, Qapanlı, Şatırlı, Qasımbəyli, Zümürxaç, İmamqulubəyli, Dilənçilər, Muğanlı) tam olaraq, bir neçəsi isə (Şıxarx qəsəbəsi, Madağız, Həsənqaya, Səhləbad, Körpüsındıran, Qazaxlar, Soyulan, Darğalar, Nəzirli) qismən suyun altında qala bilər.

Məhz millət vəkili Elxan Süleymanovun sayəsində AŞPA-nın Sədarət Komitəsi 1 sentyabr 2013-cü il tarixdə "Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng Su Anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair" qətnamə təklifini təsdiqləyib və baxılmaq üçün büroya göndərib. Sədarət Komitəsinə, eyni zamanda, büroya tövsiyə edib ki, qətnamə layihəsi məruzəçi təyin edilmək üçün Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilsin. Ermənistan ərazisindən Azərbaycana daxil olan sularda bütün növ kimyəvi və zərərli maddələr normadan dəfələrlə artıq olduğundan, çayboyu zonada olan flora və faunaya mənfi təsir edə, Azərbaycan əhalisinin genefonduna, su axarları boyu yaşayan əhali arasında müxtəlif xəstəliklərin artmasına və yayılmasına gətirib çıxara bilər ki, Ermənistanın yürütdüyü bu siyasəti, məhz ekoloji terror kimi qiymətləndirmək lazımdır. Təəssüflər ki, təcavüzkar bəlli olduğu halda, hələ də beynəlxalq hüquqla təcavüzkar kimi təsdiqlənməyən Ermənistan ərazilərimizin dörddə biri üzərində, xüsusən, Sərsəng Su Anbarı üzərinə nəzarəti saxlamaqla, Azərbaycanın hüquqi rejmini və beynəlxalq hüququnu hələ də pozmaqda davam edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər