Azərbaycanın sovet dövrünü Heydər Əliyevə qədərki dövr, Heydər Əliyev dövrü və Heydər Əliyevdən sonrakı dövr olmaqla üç yerə bölürlər. Heydər Əliyevə qədərki dövr "Ağır sınaqlar" dövrü (1920-1969), Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünü "Müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması" kimi səciyyələndirirlər. Y. Mahmudov Heydər Əliyev fenomenini dünyanın və Azərbaycanın böyük tarixi şəxsiyyətlərilə, dünya şöhrətli dövlət başçıları ilə müqayisə edərək, ümumdünya tarixində müstəsna rolu olan dahi hesab edir: "Tarix yalnız dahi şəxsiyyətləri nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk edir. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşir, Babək, Şəmsəddin Eldəgiz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri də bəxş etmişdir.
Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, de Qoll kimi nadir simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu".
Heydər Əliyev şəxsiyyətini öyrənilməmiş dünya hesab edən müəllif bu dahinin misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tutmaq bacarığını "Allahın ona bəxş etdiyi vergi" sayır.
A.Fəzail Heydər Əliyevin dövlətçiliyindəki müstəsna rolunu üç əsas tarixi mərhələyə bölür: 1. 70-ci illərin qeyri-leqal hazırlıq mərhələsi. 2. 90-cı illərin birinci yarısında fəal mübarizə mərhələsi. 3. Dövlət quruculuğunun başa çatdırılması və möhkəmləndirilməsi mərhələsi.
Qeyd edək ki, dünyadakı qlobal siyasi kataklizmlərin məntiqi sonluğu kimi SSRİ dağıldı və bütün müttəfiq respublikalar kimi Azərbaycanın da 1991-ci ildə qəbul etdiyi müstəqillik haqqında Konstitusiya Aktı dörd il müddətində Azərbaycan Respublikasının Əsas Qanunu oldu. 1995-ci ildə qəbul edilən 12 fəsil - 158 maddədən ibarət olan konstitusiya Azərbaycan dövlətinin hüquqi-qanunvericilik müstəvisini dünyanın mütərəqqi və demokratik dəyərləri ilə adaptasiya etdi.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edilmiş (maddə 7), insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipləri göstərilmiş (maddə 24), dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməsi burada təsbit olunmuşdur (maddə 26). Azərbaycan Respublikası Konstitusiyasında fikir, söz və s. azadlıqların qanunla elan edilməsi, ölkədə demokratik cəmiyyət quruculuğu istiqamətində geniş imkanlar açır.
Ulu Öndər Heydər Əliyev dahi tarixi şəxsiyyət kimi liberal və demokratik dəyərlərə söykənən hüquqi dövlət qura bildi. Heydər Əliyev universal zəka sahibi olmaqla, yüksək mənəviyyatı quruculuq qabiliyyətilə vəhdət təşkil edən tarixi şəxsiyyətdir.
Əksər tədqiqatçılar Heydər Əliyevə aşağıdakı mənəvi-siyasi keyfiyyətlərin xas olduğunu qeyd edirlər: 1. Uzaqgörənlik. 2. Cəsarətlilik. 3. Qətiyyətlilik. 4. Mərdlik. 5. Əyilməzlik. 6. Yenilməzlik. 7. Saflıq, paklıq, duruluq. 8. Dönməzlik. 9. Müdriklik, aqillik, kamillik. 10. Əqidə bütövlüyü. 11. Siyasi məsuliyyət. 12. Ehtiyatlı davranış. 13. Məntiqi idrak. 14. Dəyanətlilik. 15. Dərin, universal zəka. 16. Polad iradə. 17. Mübarizlik. 18. Mətinlik. 19. Vətənə və xalqa sədaqət. 20. Həqiqətpərəstlik. 21. Ədalətlilik. 22. Səxavətlilik. 23. Quruculuq. 24. Güclü yaddaş və hafizə. 25. Dərin, universal biliklər sistemi.
Heydər Əliyev qarşısına qoyduğu məqsədinə çatmaq üçün mübarizliyinə, mətinliyinə və dözümlülüyünə arxalanırdı. O, heç bir əks-təsiri olan gücə əhəmiyyət vermir, ancaq özünün dəmir iradəsinə söykənən mübarizliyinə güvənirdi, bu xasiyyəti onun prinsipiallığı idi.
Heydər Əliyev hüquqi dövlətin əsas təsisatlarını və atributlarını, konstitusiyanı, prezidentliyi, dövlət rəmzlərini və bütün digər dövlətçilik atributlarını qorumuşdur. "Heydər Əliyev bu xüsusdan ölkə prezidentliyini atributların rəmzi kimi düşünmüşdür, Onun adına heç kəsin xələl gətirəcəyinə imkan verməmişdir".
Şübhəsiz ki, dövlətçiliyimizin indiki mərhələyə gəlib çıxmasında Heydər Əliyev şəxsiyyətinin müstəsna rolu oldu. M.Əlizadə Heydər Əliyevin qeyri-adi dövlətçilik qabiliyyəti ilə fərqləndiyini xüsusi nəzərə çatdırır: "Heydər Əliyev qədər dəqiq, səhvlərə yol vermədən dövlətçilik ömrü yaşayan tarixi şəxsiyyətlərimiz olduqca azdır. Heydər Əliyevin də iştirak etdiyi şərait dövlətçilik qədər qarışıq o qədər mürəkkəb, o qədər ziddiyyətli, o qədər gərgin olmuşdur ki, onun düşüncə qüdrətinə, hər bir hadisəni böyük müdrikliklə qavramasına, ağıl süzgəcindən keçirməsinə və ona münasibətini doğru-dürüst şərh verməsinə həsəd aparmamaq olmur".
Heydər Əliyev fenomeninin dövlətçilik təcrübəsi və qeyri-adi mənəvi-psixoloji keyfiyyətlərilə vəhdəti S.Xəlilovun tədqiqatlarında da öz əksini tapmışdır. Heydər Əliyev müdrikliyini həm milli, həm də ümumbəşəri meyarlara cavab verən sinkretik müdriklik hesab edən, onu qeyri-adi, unikal bir şəxsiyyət kimi səciyyələndirən, bu böyük dahinin əməli fəaliyyəti və həyatının yüksək dərəcədə önəmli və örnək olduğunu, Heydər Əliyev fenomeninin şəxsi həyatdan, siyasi fəaliyyətdən kənara çıxan aspektlərinə toxunan müəllif göstərir ki, fenomenal yaddaş, güclü məntiq, misilsiz natiqlik məharəti, qeyri-adi intuisiya, nəhayətsiz fikir dünyası, millilik və ümumbəşəriliyin, bədii duyumla rasional düşüncənin, sadə görünüşlə mürəkkəb məzmunun, mülayimliklə sərtliyin, səmimiyyətlə zəhmin bir şəxsiyyətdə - Heydər Əliyevdə vəhdəti onun təkrarsızlığının, unikallığının və fövqəladəliyinin əsas səbəblərindən biridir. S.Xəlilov Heydər Əliyevin xalqın inkişaf səviyyəsinə uyğun islahatlar apardığını, Azərbaycanda hüquqi dövlətin xalqla birlikdə inkişaf etdirilməsinə üstünlük verdiyini, hüquqi dövlət quruculuğunun atributlarından biri kimi xalqın siyasi maarifləndirilməsinə önəm verdiyini diqqətə çatdıraraq, Ulu Öndərin siyasi maarifçilik və əməli fəaliyyətinin əsas fəlsəfi mahiyyətini şərh edir: "Heydər Əliyev öz fikirlərini daha çox dərəcədə çıxışlarında ifadə edir. Lakin çıxışlar, bir qayda olaraq, iki səviyyədən, iki qatdan ibarət olur: görünən qat və alt qat. Birincisi, hər bir çıxış konkret, real bir hadisə ilə bağlı olduğundan, tariximizin müəyyən bir səhifəsini əks etdirir. Bunlar Azərbaycanın çağdaş ictimai-siyasi, mədəni-mənəvi həyatını öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir. İkincisi, Heydər Əliyev bəzən konkret hadisənin çərçivəsindən kənara çıxır, hadisələrə aid ümumiləşmiş nəzəri fikirlər söyləyir.
Müəllif göstərir ki, Ulu Öndər əməli fəaliyyətində də, Azərbaycanda gedən prosesləri lokal deyil, ümumbəşəri səviyyədə götürürdü. "Yerli hadisələr regional kontekstdə, regional hadisələr isə beynəlxalq miqyas üçün səciyyəvi olan ümumi tendensiyalar, meyillər kontekstində nəzərdən keçirilir".
Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət quruculuğuna milliliklə ümumbəşəriliyin vəhdəti olan proses kimi yanaşması, məhz bundan irəli gəlirdi.
Heydər Əliyev dövlət başçısı kimi təkcə peşəkar siyasi xadim deyil, güclü fəlsəfi təfəkkürə malik müdrik Prezident idi. Heydər Əliyevə ümumxalq məhəbbəti qazandıran səbəblərdən biri də, məhz Onun müdrikliyi idi. Bu barədə S.Xəlilov çox düzgün yazır: "Heydər Əliyevin Azərbaycanın tarixi, elmi, mədəniyyəti, ictimai-siyasi və fəlsəfi fikri ilə bağlı hərtərəfli biliyə malik olması Azərbaycan xalqının ağsaqqallıq, böyüklük, liderlik təsəvvürlərilə üst-üstə düşür. Ona görə də Heydər Əliyevə olan ümumxalq sevgisinin səbəblərindən biri də onun müdrikliyidir".
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi, 1993-1995-ci illərdə Azərbaycanın müstəqillik və dövlətçilik tarixində əsas yer tutur. Bu dövrdə Azərbaycan dövlətinin əsas vəzifələri aşağıdakılar idi: Azərbaycanın dövlət müstəqilliyini qorumaq; vətəndaş müharibəsi təhlükəsinin olduğu bir zamanda dövlət aparatında inzibati idarəetmənin normal fəaliyyətini təmin etmək; mövcud daxili və xarici təhlükələrdən milləti və dövləti qorumaq; ölkənin iqtisadi, siyasi və digər sahələrində formalaşmaqda olan yeni ictimai münasibətlərin tələblərinə cavab verən normativ-hüquqi baza yaratmaq.
Z.Əsgərov Heydər Əliyevin hüquqi dövlətin formalaşmasında oynadığı rola diqqəti çatdıraraq göstərir ki, Ulu Öndər hüquqi dövlətin aşağıdakı təməl prinsiplərini müəyyənləşdirdi: hüquqi dövlət quruculuğunda tarixi varisliyin qorunması; demokratiyanın inkişafı; siyasi plüralizm; qanunçuluq iqtisadiyyatda sərbəstlik, azadlıq; insan hüquq və azadlıqlarının qorunması.
Heydər Əliyev hüquqi dövlət quruculuğu zamanı tarixi, milli ənənələrə söykənməklə yanaşı, dünya təcrübəsindən demokratik prinsiplərdən bəhrələnməyi də əsas şərt sayırdı. Ulu Öndər hüquqi dövlətin əsas prinsiplərinin gerçəkləşməsini təmin etdi. Bu qanunun aliliyi prinsipi, vətəndaşların hüquq və azadlıqlarının reallığı prinsipi; dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi prinsipi; hakimiyyətin qanunverici, icraedici və gerçəkliyini, onun ictimai-siyasi və mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl elmi-nəzəri bir sistemdir. Bizim borcumuz Onun söylədiyi fikirləri və əməli fəaliyyətini nəzəri təfəkkür səviyyəsində təhlil etməklə bu konseptual sistemin təməllərini üzə çıxarmaqdır".
S.Xəlilovun fikrincə, Heydər Əliyevin müdrikliyi ağıl və gücün, tarix və müasirliyin vəhdətindən çıxışa, əsası qeyri-əsasdan, ali məqsədi cari məqsədlərdən fərqləndirmək qabiliyyətinə, gerçəkliyin müxtəlif sahələri arasında əlaqəni görməyə, istənilən tərəflə münasibətləri qarşı tərəfin maraqları prizmasından çıxış edərək qurmağa əsaslanır.
Z.Qaralov Heydər Əliyevin dövlətçilik və mənəvi irsindən Onun davamçılarına aşağıdakıları tövsiyə edir:
- xalqa xidmət etməyi Ondan öyrənmək;
- dövlətçiliyin qorunmasında Onun seçdiyi yola sədaqətli olmaq;
- insanlara mənəvi dayaq durmaqda Onun təcrübəsinə əsaslanmaq;
- hər peşə sahibi ilə Onun istəklərinə uyğun qarşılıqlı münasibət qurmağı Ondan öyrənmək;
- görülmüş işləri və iş adamlarını qiymətləndirməkdə, diqqətdə Onun təcrübəsinə istinad etmək;
- milli-mənəvi və maddi dəyərləri zənginləşdirmək bacarığını Ondan öyrənmək;
- insanları düzgün yola yönəltmək, dünyaya, burada baş verən hadisələrə sağlam düşüncə və açıq gözlə baxmaqda Onun irsinə istinad etmək;
- səliqə-sahman yaratmaqda, nümunəvi davranışda daim Onu əsas götürmək.
Bir sözlə, Heydər Əliyev irsi dövləti idarəetmə nümunəsi olmaqla yanaşı, həm də nəsilləri tərbiyələndirən nümunəvi mənəviyyat örnəyidir.
Beləliklə, Heydər Əliyev Azərbaycanda dövlətçiliyin müasirliyə, milliliyə, ənənəviliyə əsaslanan məktəbini yararmışdır. Onun dövlətə xidmətinin təbiətində maddiləşmiş ictimai qüvvə hakimiyyətin normativ qərarlar qəbul etməsi mexanizmini hərəkətə gətirmişdir.
Ulu Öndər dövlətçilik şüurunu əks etdirən demokratik etatizmi, müstəqilliyin, dünyəviliyin, respublikaçılığın, demokratikliyin, hüquqiliyin milli-mənəviliyin vəhdəti olan hüquqi dövlətin təşəkkülü və inkişafı üçün fəaliyyət göstərmişdir ki, bu hüquqi dövlət və vətəndaş cəmiyyəti mentallığı, ənənəviliyi, eləcə də, müasirliyi, ümumbəşəriliyi nəzərə alır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru