1789-cu ildə Böyük Fransa inqilabı şəraitində öz tarixi əhəmiyyətinə görə qiyməti olmayan hüquqi akt - İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi qəbul olunmuşdur ki, bu unikal sənədin bütün sətirləri indiyədək müasir və aktual olaraq qalır. H.Babaoğlu yazır: "Bəyannamədə bəyan edilmişdir ki, bütün insanlar azad və bərabərhüquqlu doğulur, hər bir siyasi ittifaqın məqsədi insanın təbii və ayrılmaz hüquqlarının (şəxsiyyət azadlığı, mülkiyyət hüququ, təhlükəsizlik və istismar olunmağa qarşı müqavimətin) təmin olunmasından ibarətdir. Bununla yanaşı, Bəyannamədə təqsirsizlik prezumpsiyası, vicdan azadlığı, öz fikrini azad ifadə etmək, mətbuat azadlığı, vətəndaşların şəxsi və digər hüquqlarına təminatlar bəyan edilirdi".
Azadlıq anlayışının mahiyyəti alman fılosofu Artur Şopenqauer (tərəfındən onun "İradə azadlığı və əxlaqın əsasları" adlı işində inkişaf etdirilmişdir. O, qeyd edir ki, azadlıq yalnız hər hansı bir maneənin olmaması kimi başa düşülür. Bu maneələrin xüsusiyyətlərinə müvafiq olaraq azadlığın 3 müxtəlif növü vardır: fiziki, intellektual və mənəvi azadlıq. A.Şopenqauerin fikrincə, fiziki azadlıq müxtəlif maddi maneələrin olmamasını nəzərdə tutur və ona görə də deyilir: azad məkan, azad yer, azad günəş dairəsi və s. Müəyyən mülahizələri əsasında o, belə bir qənaətə gəlir: fiziki mənada, azadlıq anlayışının mahiyyəti ondan ibarətdir ki, adamların hərəkətləri onların iradələrinə uyğun olaraq baş verir və bu hərəkətlərə heç bir fıziki, maddi maneçilik mənfi təsir göstərmir. İntellekt, yaxud dərketmə qabiliyyəti motivlər mühitidir ki, onun da vasitəsilə motivlər insanın iradəsinə təsir edirlər. Bu mühit normal vəziyyətdə olduqda öz funksiyalarını düzgün yerinə yetirir və ona görə də motivləri iradəyə seçim üçün olduğu kimi təqdim edir. Bu zaman insan intellektual cəhətdən azaddır. İntellektual azadlıq insanın hərəkətlərinin, onun iradəsinin reallıqdan irəli gələn motivlərə reaksiyasının təmiz nəticəsidir.
Cəmiyyətin fərdə münasibətlərinin əsasında duran prinsipləri ingilis fılosofu və dövlət xadimi Mill Con Stüart da müəyyən etməyə çalışırmışdır. O özünün "Azadlıq haqqında" əsərində qeyd edirdi ki, heç kəsin fərdi nəyisə etməyə, yaxud etməməyə məcbur etmək hüququ yoxdur. Fərdi hansısa hərəkəti edib, yaxud etməməkdə inandırmaq, ona məsləhət vermək olar, lakin məcbur etmək və ya ona buna görə qəsd etmək olmaz. Bu cür müdaxiləyə yalnız o vaxt yol vermək olar ki, əgər fərdin hərəkətləri kiməsə zərər vurur.
Mill fərdi azadlığın növlərinə, birincisi, vicdan azadlığını bu sözün ən geniş mənasında, tam fikir azadlığını, ikincisi, bu və ya digər məqsədi qarşıya qoymaq azadlığı, şəxsi xarakterinə uyğun olaraq və bildiyi kimi öz həyatını qurmaq azadlığını aid edir. Lakin Mill tərəfindən bu baxımdan bəzi məhdudiyyətlər də qoyulur: əgər fərd başqa adamlara zərər vuran hərəkət etmirsə. Mill hesab edirdi ki, hansı idarəetmə forması olursa-olsun, cəmiyyət o vaxt azad ola bilir ki, burada fərd söz və fıkir, istədiyi kimi yaşamaq azadlığına, assosiasiyalar azadlığına malik olurlar.
Kantın fikrincə, insan nəsli üçün böyük problem ümumi hüququ vətəndaş cəmiyyətinə nail olmaqdır ki, bu cəmiyyətdə də təbiət tərəfındən verilmiş "böyük azadlıq var". Onun məşhur qətilik imperativinə müvafıq olaraq "hər kəsin azadlığı qalan başqalarının azadlığı ilə uzlaşır".
Kantın insan azadlığına belə yanaşması Hegelin təlimində də öz inkişafını tapır: "azadlıq ən yüksək yüksəklikdir". Öz təyinatına görə azadlıq insana fəallıq üçün geniş imkanların verilməsini nəzərdə tutur. Hegel "Təbii hüququn tədqiqinin elmi üsulları haqqında", "Hüquqi fəlsəfəsi" və b. əsərlərində "hüquq" anlayışını "hüquq azadlıq kimi", "hüquq azadlığın müəyyən mərhələsi və forması kimi" və "hüquq qanun kimi" mənalarda işlədir. O, dövləti fərd və cəmiyyət üzərinə qaldırır, şəxsiyyətin hüquq və azadlıqlarının dəyərini inkar edir, dövləti hüquq ideyası kimi, hüquqi dövlət kimi tərifləyir və hesab edir ki, dövlət vətəndaş cəmiyyətinin ziddiyyətlərini aradan qaldırır, onun birliyini təmin edir və onda qayda-qanun yaradır.
İnsan hüquqlarının tarixində vacib sənədlərdən biri İngiltərədə konstitusiyalı monarxiyanın təsdiqinin nəticəsi olan 1689-cu il Hüquqlar Haqqında Bill olmuşdur. Bill parlamentə böyük rol verməklə, onun icazəsi olmadan qanunların dayandırılmasını, kralın xeyrinə vergilər toplamağı, krallıq sərhədlərində dinc vaxtda daimi ordunun saxlanılmasını qanunsuz hesab edərək qadağan edir, parlament üzvlərinin seçkilərinin azad olunmasını tələb edirdi. Billdə, həmçinin göstərilirdi ki, kralın təbəələrinin petiyası ilə ona müraciət etmək hüququ var və belə petisiyaya görə hər cür yoxlama və təqiblər qanunsuzdur. Billdə parlamentdə söz və çıxışlar azadlığı, parlamentə seçkilərin azad olması, krala tabeçiliyindəkilərin petisiya ilə müraciət etmək hüququ müəyyən olunmuşdur.
1701-ci ildə İngiltərədə Krallığın daha da məhdudlaşdırılması, təbəələrin hüquq və azadlıqlarının daha yaxşı təmin olunması barədə akt qəbul olunmuş və burada qanunvericilik sferasında parlamentin aliliyi, məhkəmələrin dəyişməzliyi prinsipi, kral nazirlərinin parlamentin üzvü olmalarının qadağan edilməsi təsbit olunmuşdur.
Təbii hüquq təlimi Tomas Peyn və Tomas Cefferson tərəfındən onların burjua demokratik və müstəmləkəyə qarşı inqilabın qələbəsi uğrunda mübarizəsində inkişaf etdirilmişdir. Peynin və Ceffersonun ideyalarının pafosu təkcə demokratik dövlətçiliyinin təsdiq edilməsində deyil, həmçinin insanın təbii hüquqlarının müdafıəsinə yönəlmişdir. Amerika maarifçiliyinin nümayəndəsi, siyasi mütəfəkkir T.Peyn "İnsan Hüquqları" adlı siyasi-fəlsəfi oçerkində göstərir ki, insan cəmiyyətə özünün bundan əvvəlki hüquqlarını daha yaxşı təmin etmək üçün daxil olur və onun bütün vətəndaş hüquqlarının əsasında təbii hüquqlar durur. Maarifçinin fıkrincə, insan hüquqları respublika idarəçiliyinin qurulmasında və bütövlükdə, dövlətin fəaliyyətinin əsasında duran başlıca prinsipdir.
Bu baxımdan 1776-cı il Virçiniyanın Hüquqları Bəyannaməsi dəyərli olmaqla bəyan edirdi ki, öz təbiətinə görə bütün adamlar eyni dərəcədə azad və müstəqildirlər və anadangəlmə hüquqlarına mülkiyyət əldə etmək və sahib olmaq vasitəsilə yaşamaq və azadlıq hüququna, xoşbəxtlik və təhlükəsizliyə can atmaq hüququna malikdirlər. Tədqiqatçıların fıkrincə, bu Bəyannamə əhəmiyyətinə görə insan hüquqlarına dövlət tərəfındən verilən ilk tərif olmaqla, həm də ilk insan Bəyannaməsi olmuşdur.
Virciniya Hüquqlar Bəyannaməsinin ideyaları T.Cefferson tərəfındən hazırlanmış və 1776-cı ildə qəbul olunmuş ABŞ-ın İstiqlaliyyət Bəyannaməsində inkişaf etdirilmişdir. Burada bəyan olunurdu: "Hadisələrin gedişi ona gətirib çıxarır ki, bir xalq onu başqa xalqla bağlayan siyasi əlaqələri kəsməyə və dünya dövlətləri arasında sərbəst və bərabər yer tutmağa məcbur olur və təbiətin onu Yaradanın qanunlarına görə buna onun hüququ var...
Biz elə bir həqiqətdən çıxış edirik ki, bütün insanlar Yaradan tərəfındən bərabər yaradılıb və onlara müəyyən ayrılmaz hüquqlar verilib: həyat, azadlıq və xoşbəxtliyə can atmaq. Bu hüquqları təmin etmək üçün insanlar qanuni səlahiyyətlərini idarə olunanların razılığı ilə müəyyən edən hökumətlər təsbit edirlər. Əgər hökumətin hər hansı forması bu məqsədlər üçün məhvedici olarsa, bu halda xalqın onu dəyişmək, yaxud ləğv etmək və insanların təhlükəsizliyini və xöşbəxtlyini təmin edən hakimiyyətin təşkili prinsipləri və formalarına əsaslanan yeni hökuməti təsbit etmək hüququ vardır. Qeyd etmək lazımdır ki, ABŞ-ın Müstəqillik Bəyannaməsi ayrılmaz insan hüquqları ideyasını ifadə edən və bu hüquqları təsbit edən ilk rəsmi sənəd olmuşdur.
İnsan hüquqlarının, ilk növbədə, təbii hüquqların Konstitusiyada yazılması xüsusi əhəmiyyət kəsb edirdi. Lakin ABŞ-ın 1787-ci il Konstitusiyasına ayrılmaz təbii insan hüquqlarının siyahısı daxil edilməmişdir. Bu da tədqiqatçılar tərəfındən onunla izah olunur ki, ABŞ-ın əsasını qoyan banilər ondan çıxış edirdilər ki, insana məxsus olan təbii hüquqların Əsas Qanunun mətni ilə pozitiv təsdiq olunmasına ehtiyac yoxdur. Onlar belə hesab edirdilər ki, bu hüquqların konstitusiyada sadalanması hüquq və azadlıqların tam siyahısı kimi qəbul olunardı. Bu da siyahıya daxil edilməyən digər hüquqların məhdudlaşdırılmasına gətirib çıxarardı.
ABŞ-ın Əsas Qanununda federasiya üzrə təsbit olunmuş hüquq və azadlıqların olmaması bu sənədin tənqidinə səbəb olmuş və ictimai rəyin təzyiqi altında 1789-cu ildə yeni seçilmiş ABŞ Konqresinə siyasi və şəxsi hüquqlar barədə maddələrdən ibarət əlavələr layihəsi təklif edilmişdir. Lakin həmin layihə əsasında hazırlanmış hüquqlar haqqında Bill Konqres tərəfındən yalnız 1791-ci ilin sonunda ratifıkasiya olunmuşdur.
Təbii, ayrılmaz insan hüquqları ideyaları Böyük Fransa inqilabının güclü amili olmuşdur.
Vahid Ömərov,
fəlsfə üzrə fəlsəfə doktoru