PDF Oxu

MİA

  • 11 898

NATO və ya Şimali Atlantika Müqaviləsi Təşkilatı dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi, ədalətli və möhkəm sülhün təminatçısıdır

image

Şimali Atlantika Müqavilə Təşkilatı 1949-cu ildə Şimali Atlantika müqaviləsinin ("Vaşinqton müqaviləsi") imzalanması və ratifikasiya edilməsi əsasında yaradılmışdır.

Z.Həbibəyli və İ.Cəmilbəyli yazırlar: "Avropada siyasi dəyişikliklər prosesi NATO-nun gələcək vəzifələri ilə əlaqədar bir sıra müraciətlər verməsinə səbəb oldu.

Bunlardan ən əsasları aşağıdakılardır:

1. "Şimali Atlantika Alyansı dəyişikliklər prosesində" 1990-cı il London Bəyannaməsi;

2. "Sülh və Əməkdaşlıq haqqında Roma Bəyannaməsi "(1991);

3. "Alyansın yeni strateji konsepsiyası" (1991);

4. "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulmaq barədə NATO Şurasının 1994-cü il Brüssel Müraciəti.

Alyansın yeni strateji konsepsiyasında göstərilmişdir ki, 1989-cu ildən başlayaraq Avropada siyasi vəziyyət dəyişib. NATO-nun keçmişdə qarşılaşdığı problemlərini yeniləri əvəz etməlidir. Hazırda alyans üçün əsas təhlükəni NATO üzvlərindən birinə hucum təhlükəsi deyil, qeyri-sabitliyin (iqtisadi, sosial və siyasi çətinliklər, etnik münaqişələr, ərazi mübahisələri, kütləvi qırğın silahı və ballistik raketlərin yayılması, həyati əhəmiyyətli ehtiyatların çatışmaması, terror və sabotaj aktları) meydana çıxması təşkil edir.

Strateji konsepsiya qlobal qarşılıqlı asılılığı və alyansın təhlükəsizliyinin bölünməzliyini nəzərdə tutur. Avropada qüvvələr nisbətinin tarazlığının qorunmasını onun əsas vəzifəsi hesab edir. Strateji konsepsiya Avropada təhlükəsizliyin üç əsas ünsürünü müəyyənləşdirmişdir:

1. Dialoq.

2. Əməkdaşlıq.

3. Kollektiv müdafiə qabiliyyətinin qorunması.

Alyansın fəaliyyətinin əsas prinsipi onun bütün üzvlərinin təhlükəsizliyinin bölünməzliyinin möhkəmləndirilməsi məqsədilə birgə fəaliyyət və hərtərəfli əməkdaşlıq hesab olunur. NATO Avropada beynəlxalq təhlükəsizlik sisteminin ayrılmaz əsası kimi qiymətləndirilir və üzv dövlətlərin ərazisinə hər cür hücumun qarşısını almağa hazır olmalıdır".

Müəlliflərin fikrincə, Roma Bəyannaməsi NATO-nun vəzifələrini və gələcək istiqamətlərini müəyyən edir. Bəyannamədə təsdiq olunur ki, yeni problemlər hər hansı bir institut tərəfindən deyil, Avropa və Şimali Amerika dövlətlərini bir-biri ilə bağlayan bütöv institutlar kompleksi tərəfindən həll edilə bilər. Bəyannamədə qeyd olunur ki, alyans elə bir təhlükəsizlik sistemi üzərində işləyir ki, onun çərçivəsində NATO, ATƏT, Avropa İttifaqı və Avropa Şurası bir-birini qarşılıqlı surətdə tamamlamalıdır. Bundan əlavə, bəyannamədə Mərkəzi və Şərqi Avropa ölkələri ilə məsləhətləşmə və əməkdaşlıq sisteminin inkişafı nəzərdə tutulmuşdur.

Təşkilatın əsas məqsədləri:

1. BMT Nizamnaməsi prinsiplərinə müvafiq olaraq siyasi və hərbi vasitələrlə bütün üzvlərin azadlıq və təhlükəsizliyinin təmini.

2. Üzv dövlətlərin təhlükəsizliyinin bölünməzliyinin möhkəmləndirilməsi məqsədilə birgə fəaliyyət və hərtərəfli əməkdaşlığı həyata keçirmək.

3. Avropada demokratiya, insan hüquqları və hüquqi dövlət ümumi sərvətləri əsasında ədalətli və möhkəm sülhü təmin etmək.

NATO-nun üzvləri: ABŞ, Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, Yunanıstan, İslandiya, İspaniya, İtaliya, Kanada, Lüksemberq, Macarıstan, Niderland, Norveç, Portuqaliya, Polşa, Türkiyə, Çexiya, Fransa və s.

NATO-nun quruluşu:

1. Şimali Atlantika Şurası. Daimi Şura.

2. Müdafiə Planlaşdırma Komitəsi.

3. Nüvə Planlaşdırma Qrupu.

4. Digər komitələr.

5. Baş Katib.

Z.Həbibəyli və İ.Cəmilbəyli yazırlar: "Şimali Atlantika Şurası alyansın ali siyasi və hərbi orqanı hesab olunur. Bu şura dövlət və hökumət başçıları və xarici işlər nazirləri səviyyəsində, adətən, ildə iki dəfə toplanır. Səfirlərdən ibarət daimi nümayəndəlik səviyyəsində Şura həftədə bir dəfə Daimi Şura kimı toplanır. Daimi Şurada siyasi və hərbi qərargah nümayəndələri iştirak edirlər. Müzakirə olunan mövzular təşkilatın fəaliyyətinin bütün aspektlərini, aktual məsələləri və müxtəlif komitəlirin hazırladığı məruzə və tövsiyələri əhatə edir. Siyasi məsləhətləşmələr NATO ərazisi çərçivəsi ilə məhdudlaşmayan siyasi məsələlərə şamil olunur. Müdafiə Planlaşdırma Komitəsinə bütün üzv dövlətlər daxildir. Bu komitə öz sahəsində şuranın malik olduğu hüquq və vəzifələrə malikdir. Beynəlxalq qərargaha rəhbərliyə görə cavabdehlik daşıyır və xarici əlaqələrdə alyansı təmsil edir.

Hərbi məsələlər üzrə NATO-nun iki əsas orqanları var.

1. Hərbi komitələr, Daimi Hərbi Komitə

2. Beynəlxalq Hərbi Qərargah".

Müəlliflər göstərirlər ki, hərbi komitə NATO-nun ali hərbi instansiyası olub, Şimali Atlantika Şurasına, Müdafiə Planlaşdırma Komitəsinə və Nüvə Planlaşdırma Qrupuna tabedir. Hərbi Komitə alyans üzvlərinin hamısının baş qərargahlarının başçılarından ibarətdir və bu səviyyədə ildə iki dəfədən çox olmayaraq toplaşır. Daimi Hərbi Komitə baş qərargah rəislərinin daimi nümayəndələrindən ibarət olmaqla müntəzəm olaraq iclaslar keçirir. Sədrə onun nüvə siyasətinin əlaqələndirilməsi, silahlanma və tərksilah üzrə nəzarət siyasətinə görə cavabdehlik daşıyan müavini və beynəlxalq hərbi qərargahın direktoru köməklik göstərir. Hərbi komitə NATO ərazisinin birgə müdafiəsi üçün zəruri olan tədbirləri təklif edir. Şimali Atlantika Şurası, Müdafiə Planlaşdırma Komitəsi və Nüvə Planlaşdırma Qrupunda Hərbi Komitə onun sədri tərəfindən təmsil olunur.

Beynəlxalq Hərbi Qərargah üzv dövlətlərin ezamiyyəyə göndərilmiş hərbiçilərindən və yardımçı mülki şəxslərdən ibarətdir. Beynəlxalq Hərbi Qərargah hərbi komitəyə köməklik göstərir. Onun vəzifəsinə hərbi komitənin siyasətini və qərarlarını həyata keçirmək və hərbi məsələr üzrə tədqiqatlar aparmaq, NATO-nun və ya Hərbi Komitənin baxışı üçün plan və tövsiyələr hazırlamaq daxildir.

Şimali Atlantika əməkdaşlığı Şurasında üzv ölkələr bir qayda olaraq xarici işlər nazirləri səviyyəsində təmsil olunurlar. Şurada siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq və məsləhətləşmələr üzrə dialoqlar aparılır. Şuranın məqsədi Şimali Atlantika Bloku ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında əsl "Həqiqi tərəfdaşlıq" yaratmaq və Avropada möhkəm sülhü əldə etməkdir.

Şimali Atlantika Assambleyası NATO üzvü olan dövlətlərin parlamentlərarası təşkilatıdır. Bu Assambleya Avropa və Amerika deputatlarına qarşılıqlı maraq doğuran məsələlri birgə müzakirə etməyə imkan verir və Assambleyanın 5 komitəsi vardır. Mülki məsələr üzrə, İqtisadi Komitə, Siyasi komitə Hərbi Komitə, Elm və Texnika üzrə Komitə.

Müəlliflər yazırlar: "Sülh Naminə Tərəfdaşlıq NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1994-cü il yanvarın 10-11-də keçirilən görüşündə "Sülh Naminə Tərəfdaşlıq" Proqramı qəbul edilmişdir. Proqramda göstərilirdi ki, bu tərəfdaşlıq belə bir birgə inamın ifadəsidir ki, Avropa-Atlantika bölgəsində sabitliyə və təhlükəsizliyə yalnız əməkdaşlıq və birgə tədbirlər əsasında nail olmaq mümkündür. Demokratiya prinsiplərinin əsasında insanın başlıca azadlıq və hüquqlarının müdafiəsi və dəstəkləməsi azadlığının, ədalətin və sülhün təmin edilməsi ümumi dəyərlərdir və bu tərəfdaşlıq üçün əsas şərtlərdir. Şimali Atlantika İttifaqının üzvü olan dövlətlər və həmin sənədi imzalamış digər dövlətlər bu tərəfdaşlığa qoşularaq xatırlayırlar ki, onlar demokratik cəmiyyətlərin, bu cəmiyyətlərin məcburiyyətdən və qorxudulmaqdan azad olunmasının saxlanılmasına, beynəlxalq hüquq prinsiplərinin dəstəklənməsinə tərəfdardırlar. Onlar BMT Nizamnaməsindən irəli gələn öhdəliklərin və İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin prinsiplərinin və konkret olaraq güc işlətməklə hədələməkdən və digər dövlətin ərazi bütövlüyünün, yaxud siyasi müstəqiliyyinin ziyanına olaraq güc işlədilməklə hədələməkdən çəkinmək, habelə, mövcud sərhədlərə hörmət etmək və mübahisələrin dinc vasitələrlə nizamlanmasına nail olmaq, öhdəliklərin vicdanla yerinə yetirilməsinə tərəfdar olduqlarını təsdiqləyirlər.

Proqramda, həmçinin göstərilir ki, tərəfdaşlığın hansı fəal iştirakçisi hesab etsə ki, onun ərazi bütövlüyünə, siyasi müstəqiliyyinə və ya təhlükəsizliyinə qarşı birbaşa qorxu mövcuddur, onda NATO həmin tərəfdaşla məsləhətləşmələr keçirəcəkdir.

Azərbaycan Respublikası 1994-cu il may ayının 4-də "Sülh Naminə Tərəfdaşlıq" Proqramını imzalamışdır. Amma NATO üzvü deyildir.

Nüvə Planlaşdırma Qrupu eyni qaydada səfirlər və müdafiə nazirləri səviyyəsində iclaslar keçirir. Bu iclaslarda nüvə silahının qorxu siyasətində və NATO-nun müdafiə siyasətində roluna aid bütün məsələlər müzakirə olunur.

Müxtəlif məsələlər komitə, ekspert və işçi qruplarından Şimali Atlantika Şurası iclaslarında baxılması üçün müzakirə olunur və hazırlanır. NATO-nun yardımçı komitələrindən Siyasi Komitə, Müdafiənin Nəzərdən Keçirilməsi Komitəsi, Mülki və Hərbi Büdcə üzrə Komitə, Təhlükəsizlik üzrə Komitə, Hava Müdafiəsi üzrə Komitə, İnformasiya və Rabitə Sistemi üzrə Komitə, Adi Silahlar üzrə İşçi Qrup, Adi Silahları Nəzərdən Keçirən Komitə, Silah üzrə Milli Ekspertlər Konfransı, İqtisadi Komitə, Mülki Müdafiənin Planlaşdırılması üzrə Komitə, İnformasiya və Mədəni Əlaqələr üzrə Komitə, Elm üzrə Komitə, Ətraf Mühit üzrə Komitə, Müasir Cəmiyyətin Problemləri üzrə Komitə və sairlərini göstərmək olar".

Hava kosmik məkanından istifadə üzrə Avropa əlaqələndirmə komitəsində üzv dövlətlərin hərbi və mülki avianaviqasiya idarələri təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı həyata keçirirlər. Komitənin işində NATO-nun Hərbi İdarəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Hava Nəqliyyatı Beynəlxalq Assosasiyası və Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı da cəlb edilir.

Baş Katib NATO-da qərarların qəbul edilməsi və məsləhətləşmələr prosesinə yardım etmək və onları idarə etmək üçün cavabdehlik daşıyır. Baş katib Şimali Atlantika Şurasının, Müdafiə Planlaşdırma Komitəsinin, Nüvə Planlaşdırma Qrupunun, Adi Silahlar Üzərində Nəzarət üzrə İşçi Qrupunun, İcra İşçi Qrupunun, Hava Müdafiəsi üzrə NATO Komitəsinin, Birgə Məsləhətləşmə Qrupunun, digər müvəqqəti işçi qrupunun sədri hesab olunur. O, məsələlərin baxışa çıxarılması və həll edilməsini, həmçinin, üzv dövlətlər arasında fikir ayrılığı mövcud olduğda vasitəçiliyini təklif edə bilər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər