PDF Oxu

MİA

  • 22 601

İnsan hüquqları nəzəriyyəsinin anlayışları: insan ləyaqəti, ümumilik, universallıq, bölünməzlik

image

İnsan hüquqları doktrinası, bütövlükdə yeganə şübhəsiz olan bir dəyərə əsaslanır. Bu dəyər - İNSAN LƏYAQƏTİDİR.

Ləyaqət - bir neçə plana və səciyyəyə malik kateqoriyadır.

Geniş, fəlsəfi planda ləyaqət - bəşər nəslinin numayəndəsi kimi insanın ayrılmaz pozitiv keyfiyyətidir. İnsan hüquqları konsepsiyasının banilərindən biri, fransız maarifçisi J.J.Russo hesab edirdi ki, ləyaqət insanın fitrətindən qaynaqlanır: "Öz azadlığından imtina etmək, insan ləyaqətindən, insan hüquqlarından, hətta vəzifələrdən imtina etmək deməkdir... Bu cür imtina insan təbiəti ilə bir araya sığmır". Təbii hüquq nəzəriyyəsində, insan hüquqları fəlsəfəsində özünəməxsus insan ləyaqəti preziumpsiyası mövcuddur. Bu cür yanaşmanın humanistliyi insan hüquqları haqqında ümumi bəyannamədə təsbit edilir və belə bir şəksiz müddəada öz əksini tapır ki, bütün insanlar vahid bəşər ailəsinin üzvüdür və onlar doğularkən artıq ləyaqətə malik olurlar. İnsan ləyaqətində hamı bərabərdir. Təbiət etibarilə insanlar ağıl və vicdana malikdirlər və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda, ləyaqətə və digər insanların hüquq və azadlıqlarına hörmət ruhunda davranmalıdırlar.

Ə.Abdullayev və digərləri yazırlar: "İnsanın ləyaqəti onun hüquq və azadlıqlarının ilkin şərtidir. İnsan ləyaqəti yalnız münasibətlərdə, insanların birgə yaşayışında, nə iləsə müqayisədə üzə çıxır. Rus filosofu İ.İlyin yazırdı: "Təbii hüququn əsasındə duran dəyər bəşəriyyəti təşkil edən fərdi ruhların hamısının layiqli, daxilən-müstəqil, zahirən - azad həyatından ibarətdir. Belə həyat yalnız subyektiv iddialı dairələrin dinc və mütəşəkkil tarazlığı halında mümkündür. Elə tarazlıq ki, hamıya eyni dərəcədə mənən layiqli həyat təmin etsin və bu tarazlıq pozulanda, yalnız ədalətə tərəf pozulsun".

Obyektiv ümumbəşəri səciyyə daşıyan ləyaqətlə yanaşı, fərdiləşmiş, konkret insanların şəxsiyyətində təcəssüm edən ləyaqət də mövcuddur. Burada daha iki aspekt vardır. Ləyaqət - konkret fərdin başqa insanlar tərəfindən qiymətləndirilməsi, bu fərdin malik olduğu mənəvi, intellektual, işgüzar keyfiyyətlərinin, məsuliyyət hissinin cəmiyyət tərəfindən qəbul edilməsidir. İnsanın sosial əhəmiyyətli pozitiv keyfiyyətləri nə qədər çoxdursa, onun ləyaqəti də bir o qədər yüksəkdir. İnsanın ləyaqətini ölçmək üçün istifadə olunan müqayisə şkalası, meyar kimi ləyaqətli insan idealı çıxış edir. Qeyd etmək lazımdır ki, ləyaqət anlayışı tarixən konkretdir, sosiumun sosiomədəni və dəyər yönəlişləri ilə şərtlənmişdir.

Daha bir rakurs: ləyaqət subyektiv-mənəvi özünü qiymətləndirmə, insanın cəmiyyətlə əlaqələrinin əhəmiyyəti və rolunun, verdiyi töhfələrin, nüfuzunun (şəxsi ləyaqət hissinin) dərk olunmasıdır. Şəxsi ləyaqətin əsasında fərdin, özünə müəyyən münasibət iddiası, özünə başqaları və cəmiyyət tərəfindən hörmətlə yanaşılması haqqı dayanır.

Qeyd etmək vacibdir ki, ləyaqəl nəinki fəlsəfi-etik, həm də konstitusion-hüquqi kateqoriyadır. Azərbaycan Konstitusiyası beynəlxalq standartlara uyğun olaraq təsbit edir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsan ləyaqətini alçaldan davranış və cəza da hüquqa ziddir. Hər bir şəxs öz ləyaqətini, hüquq və azadlıqlarını qanunla qadağan edilməyən vasitələrlə qorumaq hüququna malikdir. Dövlət də şəxsiyyətin ləyaqətinin mülki-hüquqi və cinayət-hüquqi vasitələrlə qorunması vəzifəsini öz üzərinə götürür.

Müəlliflər qeyd edirlər ki, insanın əsas təbii hüquqları və azadlıqları ayrılmazdır və hər bir kəsə doğulduğu andan məxsusdur. Nə qədər ki, insan sağdır. Öz əsas hüquq və azadlıqları ilə ayrılmaz surətdə bağlıdır və bu hüquqlar heç kim tərəfindən heç bir halda, ondan alına bilməz. Əlbəttə, hakimiyyət insanın hüquqlarını məhdudlaşdıra, onları kobud surətdə poza bilər, lakin onun bu hüquqları insanın əlindən almağa ixtiyarı yoxdur. Dövlət, hakimiyyət, zorakılıq nə qədər güclü olsa da, yaşamaq HÜQUQUNU onun əlindən ala bilməz. İnsanın özü də insanlıq mahiyyətini itirmədən öz ayrılmaz hüquqlarından imtina edə bilməz. "Mən, filankəs öz təbii yaşamaq hüququndan (və ya fikir və söz azadlığından, vicdan azadlığından) imtina edirəm" məzmununda mətn yazıb notariusda təsdiq etdirməklə, öz hüquqlarından imtina etmək mümkün deyil. Bu ayrılmaz hüquqlar olmadan müvafiq bioloji varlığı "homo sapiens" adlandırmaq olmaz. Məsələnin başqa tərəfi ondan ibarətdir ki, insan özünün təbii hüquqlarından istifadə etməyə bilər, amma bu, artıq şəxsi iradə və digər şərtlərlə bağlı problemdir.

Azərbaycan Konstitusiyası beynəlxalq standartlara uyğun olaraq, hər kəsin doğulduğu andan toxunulmazlığı, pozulmaz və ayrılmaz hüquqlar və azadlıqlara malik olduğunu təsbit edir. Burada sadalanan əsas hüquq və azadlıqlar hamılıqla qəbul edilmiş digər insan və vətəndaş hüquq və azadlıqlarının inkarı və məhdudlaşdırılması kimi şərh edilə bilməz. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran qanunlar verilə bilməz.

İnsan hüquqları ümumi, universal xarakter daşıyır. İnsanın hüquq və azadlıqlarının ümumiliyini və universallığını bir neçə aspektdə nəzərdən keçirmək olar.

Birincisi, BÜTÜN İNSANLAR hər hansı diskriminasiya olmadan əsas hüquq və azadlıqlara malikdirlər. Beynəlxalq standartlar və demokratik dövlətlərin konstitusiyaları irqindən, cinsindən, milliyyətindən, dilindən, mənşəyindən, əmlakından, vəzifəsindən, yaşayış yerindən, dini mənsubiyyətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən və digər şərtlərdən asılı olmayaraq, bütün insan və vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Sosial, irq, dil, din mənsubiyyətinə görə, vətəndaş hüquqlarının istənilən formada məhdudlaşdırılması qadağan edilir. Kişi və qadın barabər hüquq və azadlıqlara və onların reallaşdırılmasında bərabər imkanlara malikdir.

İkincisi, BÜTÜN HÜQUQ və azadlıqlar onların məzmununun qəbul edilməsi nöqteyi-nəzərindən universaldır. Yaşamaq hüququ, vicdan azadlığı, hamının qanun qarşısında bərabərliyi, sərbəst yerdəyişmə hüququ, vətəndaşlıq hüququ, sərbəst düşüncə hüququ və s. kimi ümumi insan hüquq və azadlıqları milli, regional, tarixi, mədəni, dini xüsusiyyətlərdən, siyasi rejimdən, ictimai quruluşdan, dövlət quruluşu və idarəetmə formasından, insanın mənsub olduğu ölkənin beynəlxalq statusundan asılı olmayaraq, hər bir kəsə məxsusdur.

Üçüncüsü, insan hüquq və azadlıqlarının ümumiliyi onun məkan və ərazi xüsusiyyəti ilə də ifadə olunur. Harada olursa-olsun, hara gedirsə-getsin, istər insan yaşamayan adanın, istər suveren müstəqil dövlətin və ya hər hansı məhdud suverenliyə malik qurumun ərazisində olsun, insan hər yerdə əsas hüquq və azadlıqlara malikdir.

Dördüncüsü, insan hüquqları problemi - ÜMUMİ problemdir. İnsan hüquq və azadlıqlarının ümumiliyi və universallığının qəbul edilməsi o deməkdir ki, insan hüquqları problemi dövlətin daxili işi deyil. Bu, ATƏM-in İnsan Meyarına dair Konfransının Moskva Müşavirəsinin (1991) Siyasi Sənədində öz əksini tapmışdır. İştirakçı dövlətlər qeyd etmişlər ki, insan hüquqları, əsas azadlıqlar, demokratiya və qanunun aliliyi ilə bağlı məsələlər beynəlxalq xarakter daşıyır. Çünki bu hüquq və azadlıqlara riayət edilməsi beynəlxalq nizamın əsaslarından birini təşkil edir. Onlar qəti və birdəfəlik olaraq bildirmişlər ki, ATƏT çərçivəsində insan meyarı sahəsində öz üzərlərinə götürdükləri öhdəliklər BÜTÜN iştirakçı DÖVLƏTLƏRİN birbaşa və qanuni maraqlarını ifadə edən məsələləridir və heç bir dövlətin müstəsna daxili işi deyil.

BMT Baş Assambleyası və Avropa Şurası Parlament Assambleyası insan hüquqlarına bu cür yanaşmanı öz qətnamələrində dəfələrlə təsdiq etmişlər.

Ə.Abdullayev və digərləri yazırlar: "İnsan hüquqları ilə maraqlanan bir çoxlarında hüquq və azadlıqları müxtəlif səviyyələrə görə bölmək, onları əhəmiyyətinə görə sıralamaq, bir sözlə, onların iyerarxiyasını müəyyənləşdirmək həvəsi yaranır.

Bu həvəs, xüsusilə, Hüquqlar Haqqında Beynəlxalq Billin belə bir müddəasından qidalanır ki, insan hüquqlarına dair beynəlxalq paktların iştirakçı dövlətlər tərəfindən həyata keçirilməsinin məcburilik dərəcəsi müxtəlifdir.

İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt onları arzu formasında ifadə edir: Qeyd olunur ki, bu Paktda iştirak edən hər bir dövlət fərdi qaydada və beynəlxalq yardım və əməkdaşlıq qaydasında müvafiq öhdəlik götürür. Xüsusən də, vurğulanır ki, dövlətlər iqtisadi və texniki sahələrdə mövcud ehtiyatların maksimum həddində hazırki Paktla tanınmış hüquqların bütün mümkün vasitələrlə, ilk növbədə isə, qanunvericilik tədbirlərinin görülməsilə, tədricən tam olaraq həyəta keçirilməsini təmin etmək üçün tədbirlər görsün.

Eyni zamanda, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda birmənalı şəkildə və qeyd-şərtsiz müəyyən edilir ki, bu Paktda iştirak edən hər bir dövlət onun ərazisi hüdudlarında və yurisdiksiyası altında olan hər kəsin bu Paktla tanınmış hüquqlarına hörmət etməyi və onları təmin etməyi öhdəsinə götürür.

Hüquqlar haqqında Billdən gələn (1787-ci il Konstitusiyasına ilk on düzəliş) Amerika ənənəsinə görə insan hüquqları dedikdə, o dövrün vətəndaş hüquqları və azadlıqları başa düşülür. Onların məzmunu BMT Nizamnaməsinin və Hüquqlar haqqında Beynəlxalq Billin müasir müddəalarından fərqlənir. ABŞ müxtəlif səbəblərdən sosial-iqtisadi hüquqların mövcudluğunu qəbul etmir və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktı hələ də ratifikasiya etməmişdir. Asiya və Afrikanın müsəlman dövlətləri insan hüquqlarına öz baxışlarında israrlıdırlar.

Buna baxmayaraq, son illərdə belə bir ümumi fikir formalaşmışdır ki, insan hüquqları və azadlıqları ümumi bir kompleksdən, hüquqlar sistemindən ibarətdir. Belə ki, Vyana Bəyannaməsində və 1993-cü il İnsan Hüquqları üzrə Ümumdünya Konfransında qəbul edilmiş Fəaliyyət Proqramında, birmənalı şəkildə elan edilir ki, bütün insan hüquqları universaldır, bölünməzdir, qarşılıqlı sürətdə bir-birindən asılıdır və qarşılıqlı əlaqədədir. Beynəlxalq ictimaiyyət insan hüquqlarına qlobal hadisə kimi, ədalətlə və ayrıseçkilik qoymadan, eyni prinsiplərlə və diqqətlə yanaşılmalıdır. Milli və regional özünəməxsusluqları, müxtəlif tarixi, mədəni və dini xüsusiyyətləri nəzərə almaq zəruri olsa da, siyasi, iqtisadi və mədəni sistemindən asılı olmayaraq, bütün dövlətlər insan hüquqlarını və əsas azadlıqları müdafiə və təşviq etməyə borcludurlar.

Əlbəttə, bu və ya digər dövlətlərin konkret-tarixi şəraitində özünə xüsusi diqqət tələb edən bu və ya digər hüquqlar ön plana çıxır. Bəzən onların normativ təsbiti, bəzən həyata keçirilməsi, bəzənsə müdafiəsi aktuallaşır. Belə ki, bu gün gənc demokratiya ölkələrinin, o cümlədən, Azərbaycanın əhalisi özünün siyasi və mədəni hüquqlarının təsbit olunmasından deyil, sosial-iqtisadi hüquqların müdafiəsi və təminatından, məmurlar tərəfindən törədilən qanunsuzluq və özbaşınalıqdan daha çox narahatdır".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər