PDF Oxu

MİA

  • 14 731

BMT-nin ƏLİLLƏRİN PROBLEMLƏRİNƏ DAİR QƏRAR VƏ PRİNSİPLƏRİ

image

Əlillərin məxsusi hüquqlarının həyata keçirilməsi onların cəmiyyətin həyatında bərabərhüquqlu iştirakı üçün zəruridir. Bu hüquqların təmini təkcə hökumət üzvlərinin deyil, cəmiyyətin bütün fərdlərinin birgə səyi nəticəsində mümkündür. Əlillər xüsusi müəssisələrdə saxlanarkən sui-istifadəyə yol verilməməlidir. Belə hal tələb edir ki, milli qanunvericilikdə əlillərin effektiv müdafiə vasitələri öz əksini tapsın. Xüsusi müəssisələrdə şəraitsiz otaqların ləğv edilməsi vacibdir. Əlillərin xüsusi müəssisələrdə yerləşdirilməsi ilə bağlı administrativ orqanların qərarını hüquqi orqanlar, mütəmadi olaraq, yoxlamalı və qiymətləndirməlidirlər.

Səftər Məhmətli yazır: "Əlillərin hüquqlarının beynəlxalq səviyyədə qorunması daha böyük aktuallıq tələb edir. BMT-nin elan etdiyi Əlillər Onilliyinin çoxdan başa çatmasına baxmayaraq, indiyədək problemə nəzarət etmək üçün uyğun mexanizm işlənib hazırlanmayıb. BMT-nin İqtisadi və Sosial Şurası müzakirə olunan Beynəlxalq Konvensiyanın vaxtında fəaliyyətə başlamadığı qənaətinə gəlib. Həm də əlillərin hüquqlarının həyata keçirilməsi üçün heç bir beynəlxalq nəzarət orqanı yoxdur. Belə bir qurumun yaradılmasına bir çox qeyri-hökumət təşkilatları böyük ümid bəsləyir.

Cəmiyyətdə sosial ədalət prinsipinin bərqərar olması üçün bütün dünya əhalisinin təxminən 10 faizini təşkil edən əlillərin də bərabərhüquqlu şəxslər kimi fəaliyyət göstərə bilmələrinə şərait yaradılmalıdır. Bunun üçün həm beynəlxalq proqramlar yaradılmalı, həm də elə etmək lazımdır ki, bütün ölkələr ondan maksimum faydalanaraq öz işlərini məqsədyönlü şəkildə qura bilsinlər. Bununla bağlı beynəlxalq təşkilatların, hökumətlərin, eləcə də, butün qeyri-hökumət təşkilatlarının üzərinə böyük öhdəliklər düşür. Sivil cəmiyyətin qurulması naminə, ilk növbədə, fərdlər arasında hüquqi, fiziki və mənəvi fərqlərin aradan qaldırılması ilkin şərtdir.

BMT əlillərin hüquqları haqqında bir sıra sənədlər qəbul etmişdir. Bütün dünyada sənayenin, kənd təsərrüfatının, elmi-texniki tərəqqinin yüksək inkişaf tempi, bütövlükdə, Yer kürəsində artan əhalinin sosial-iqtisadi tələblərinin ödənməsinə xidmət etsə də, əlavə problemlərin yaranmasının qarşısını ala bilməmişdir. Belə ki, insan sağlamlığına xidmət edən amilləri, bütövlükdə, təmin etmək həmişə problem olmuşdur.

Dünyanın müxtəlif yerlərində regional münaqişələr, ekoloji tarazlığın pozulması, tam qidalanmanın olmaması, normal səhiyyə xidmətinin təşkil edilməməsi, normal yaşayış standartlarının yaradılmasında dövlət orqanlarının gücsüzlüyü, qidaların keyfiyyətsizliyi, suyun və havanın çirklənməsi, irsi xəstəliklərin qarşısının alınmasında müasir elmin arzu olunan səviyyəsinin hələ də tapılmaması nəticəsində, hər il müxtəlif ölkələrdə əlil uşaqlar doğulur, bir çoxları mühitin təsirindən əlil olurlar. Bütün sadalanan səbəblərə görə, həm səhiyyə sistemində, həm də ətraf mühitin sağlamlaşdırılması sahəsində irəliləyiş əldə etmək üçün insan inkişafı haqqında daim yeni-yeni proqramların işlənməsi tələb olunur. Əlil olan şəxslərin ictimai-siyasi həyatda haqlarının qorunması üçün BMT, Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO, həm də hər bir dövlət xüsusi qanun və qərarlar qəbul edir. Bu sahədə müəyyən irəliləyiş olsa da, bir sıra ciddi problemlər həll edilməmiş qalır."

Müəllifin fikrincə, BMT-nin Baş Assambleyası 20 dekabr 1971-ci ildə 2856 (XXVI) saylı qətnamə ilə "Əqli cəhətdən inkişaf etməmiş şəxslərin hüquqları" haqqında bəyannamə qəbul etmişdir. Həmin bəyannamədə BMT-nin üzvü olan təşkilatlara tövsiyə edilmişdir ki, əqli cəhətdən geri qalmış şəxslərin hüquqlarının müdafiəsi üçün milli və beynəlxalq planda tədbir görülsün. Bəyannamədə aşağıdakı müddəalar öz əksini tapmışdır:

1. Əqli cəhətdən geri qalmış şəxs, digər insanların malik olduğu hüquqlardan maksimum səviyyədə istifadə edə bilər.

2. Əqli cəhətdən geri qalmış şəxsin müvafiq tibbi xidmət və müalicə, tədris və təhsil almaq hüququ var. O öz bacarıq və imkanlarını inkişaf etdirmək üçün əmək qabiliyyətini bərpa etmək hüququna malikdir.

3. Əqli cəhətdən geri qalmış şəxsin maddi təminat və qənaətbəxş həyat səviyyəsində yaşamaq hüququ var. O öz imkanları daxilində məhsuldar əməklə, yaxud digər faydalı işlə məşğul olmaq hüququna malikdir.

4. Mümkün olan hallarda əqli cəhətdən geri qalmış şəxs öz ailə üzvləri, yaxud himayəsində olduğu şəxslərlə yaşamalı və cəmiyyətin həyatında iştirak etməlidir. Belə şəxslərin ailələrinə kömək göstərilməlidir. Belə şəxs xüsusi yaşayış yerlərinə yerləşdirilərkən, elə etmək lazımdır ki, onun həyat şəraiti və əhatəsində olduğu mühit normal həyat səviyyəsindən mümkün qədər az fərqlənsin.

5. Əqli cəhətdən geri qalmış şəxs öz şəxsi rifah və marağını müdafiə etmək lazım olduqda himayədarının ixtisaslaşmış xidmətindən istifadə etmək hüququna malikdir.

6. Əqli cəhətdən geri qalmış şəxsin istismardan, sui-istifadədən və alçaldıcı münasibətdən qorunmaq hüququ var. Törətdiyi hər hansı hadisə ilə bağlı məhkəmə araşdırması zamam qanuni cəhətdən əqli zəifliyinin dərəcəsi nəzərə alınmalıdır.

7. Əqli cəhətdən geri qalmış şəxs ciddi xarakterli əlillik nəticəsində, öz hüquqlarını tam şəkildə həyata keçirə bilmirsə, yaxud bu hüquqların bəzilərinin və ya hamısının məhdudlaşdırılması, yaxud ləğv olunması lazım gəlirsə, bundan sui-istifadənin qarşısının alınmasının müvafiq hüquqi təminatı olmalıdır. Bu prosedura əqli cəhətdən geri qalmış şəxsin ictimai-faydalı imkanlarına ixtisaslaşmış mütəxəssislər tərəfindən verilən qiymətə əsaslanmalı, mütəmadi olaraq, məsələyə yenidən baxılmasını və yuxarı instansiyalara appeleyasiya hüququnun olmasını nəzərə almalıdır.

BMT Baş Assambleyasının 1975-ci il tarixli 3447 (XXX) saylı qətnaməsi ilə elan edilmiş "Əlillərin hüquqları haqqında" Bəyannamənin əhəmiyyətini və bu bəyannamədəki 13-cü maddənin tələblərini dərk edərək, onun tam mətninin Azərbaycan dilində verilməsi məqsədəmüvafiqdir.

Baş Assambleya öz öhdəliklərini dərk edərək, BMT-yə üzv olan dövlətlərin Nizamnaməyə əsasən, təşkilatla həm birgə, həm də fərdi əməkdaşlığını təmin etmək, bunun nəticəsində iqtisadi və sosial sahələrdə inkişafa nail olmaq üçün həyat səviyyəsinin, tam məşğulluğun və məişət şəraitinin yüksəldilməsinə nail olaraq;

Nizamnamədə öz əksini tapmış insan haqlarına, əsas azadlıqlara, həmçinin, sülh prinsiplərinə, insan şəxsiyyətinin şərəf və ləyaqətinə, sosial ədalətə inamı bir daha təsdiq edək.

S.Məhmətli yazır: "Ümumi İnsan Haqları Bəyannaməsinə, insan haqları ilə bağlı Beynəlxalq Paktlara, Uşaq Haqları Bəyannaməsinə, əqli cəhətdən geri qalmış şəxslərin haqları haqqında Bəyannaməyə, konstitusiya, konvensiya və qətnamələrdə qeyd edilmiş sosial inkişaf proqramlarına, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Elm, Təhsil və Mədəniyyət Komitəsi, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondunun və digər əlaqədar təşkilatların qətnamə və rəylərinə əsaslanaraq; həmçinin, İqtisadi və Sosial Şuranın 6 may 1975-ci il tarixli "Əlillərin əmək qabiliyyətinin itirilməsi və bərpası haqqında xəbərdarlıq" 1921(LVIII) qətnaməsinə əsaslanaraq;

Sosial inkişaf bəyannaməsində hüquqların qorunmasının vacibliyi, sosial rifahın təmini, fiziki və əqli zəiflikdən əziyyət çəkən insanların əmək qabiliyyətinin bərpası zəruriliyini qeyd edərək;

Fiziki və əqli çatışmazlıqlar nəticəsində yaranan əlilliyin qarşısının alınmasının, əlillərə müxtəlif fəaliyyət istiqamətlərində, bacarıqlarının inkişafı və onların cəmiyyətin gündəlik həyatında yaxından iştirakı üçün kömək etməyin vacibliyini nəzərə alaraq;

Bəzi ölkələrin inkişaflarının hazırkı mərhələsində bu məqsədlər üçün məhdud çərçivədə köməklik edə biləcəklərini dərk edir.

Müəllifin fikrincə, əlillərin hüquqları haqqında hazırkı Bəyannaməni elan edir, Bəyannamənin aşağıdakı hüquqların müdafiəsinə xidmət etməsi üçün milli və beynəlxalq planda tədbirlər görülməsini xahiş edir:

1. Əlil sözü o şəxslərə aid edilir ki, onlar fiziki və ya əqli geriqalma nəticəsində (istər anadangəlmə, istərsə də qazanılma) öz şəxsi və sosial həyatlarını tam şəkildə təmin edə bilmirlər.

2. Əlillər bu Bəyannamədə qeyd olunmuş bütün hüquqlardan istifadə etməlidirlər. Bu hüquqlar irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dini etiqadından, siyasi və digər fikirlərindən, milli və ya sosial mənşəyindən, maddi vəziyyətindən və digər amillərdən asılı olmayaraq bütün əlillərə şamil edilir.

3. Əlillərin insan şəxsiyyətinə edilən hörmət hüququ onların əlindən alına bilməz. Əlillər əlilliyin səbəbindən, xarakterindən və ağırlıq dərəcəsindən asılı olmayaraq, öz həmyaşıdları olan vətəndaşlarla eyni əsas haqlara, ilk növbədə, normal və hərtərəfli qənaətbəxş həyat şəraitinə malik olmalıdırlar.

4. Əlillər digər şəxslərlə eyni vətəndaşlıq və siyasi haqlara malikdirlər. Əqli cəhətdən geri qalmış şəxslərin hüquqları haqqında Bəyannamənin 7-ci bəndində qeyd olunanlar əqli zəifliyə görə əlillik alanlara şamil edilir.

5. Əlillər onlara daha çox sərbəstlik verən tədbirlər həyata keçirmək hüququna malikdirlər.

6. Əlillər tibbi, psixi və funksional müalicə almaq (protezləşdirmə və ortopedik aparatlar daxil olmaqla), sağlamlığının və cəmiyyətdəki vəziyyətinin bərpası, təhsil almaq, müəyyən peşəyə yiyələnmək və əmək qabiliyyətinin bərpası, kömək almaq, məsləhət almaq hüququna malikdirlər. Əlillər cəmiyyətdəki mövqelərinin bərpası üçün işədüzəltmə və digər xidmətlərdən istifadə etmək hüququna malikdirlər.

7. Əlillər qənaətbəxş həyat şəraitinə, iqtisadi və sosial təminat hüququna malikdirlər. Onların öz imkanlarına uyğun iş yeri almaq, yaxud faydalı, məhsuldar və mükafatlandırılan bir işlə məşğul olmaq və həmkarlar təşkilatlarının üzvü olmaq hüququ var.

8. Əlillərin xüsusi tələbatları iqtisadi və sosial planlaşdırmanın bütün mərhələlərində nəzərə almmalıdır.

9. Əlillərin öz ailə üzvləri əhatəsində və ya onları əvəz edən şəraitdə yaşamaq, bütün növ ictimai fəaliyyətlə məşğul olmaq, yaradıcılıq və asudə vaxtını müxtəlif ictimai fəaliyyətdə keçirmək hüququ var. Əlilin sağlamlığı yol verdiyi halda, onun yaşadığı şəraiti dəyişmək olmaz. Əlilin sağlamlığı və ya digər səbəbdən xüsusi yerlərdə yaşamaq vacibdirsə, onu əhatə edən mühit və yaşayış şəraiti onun yaşda olan normal insanların həyat tərzindən mümkün qədər az fərqlənməlidir.

10. Əlillər hər hansı istismardan, məhdudlaşdırıcı, təhqiredici və alçaldıcı münasibətdən qorunmalıdır.

11. Əlillərin şəxsiyyəti və əmlakı ilə bağlı problemlər çıxdıqda müvafiq ixtisaslaşmış hüquqi köməyi almaq hüququna malikdirlər. Əgər onlar məhkəmə araşdırmasına cəlb olunarlarsa, prosedura uyğun olaraq fiziki və əqli vəziyyətini nəzərə alaraq, xüsusi haqlardan istifadə edə bilər.

12. Əlil təşkilatları ilə birgə əlillərin hüquqları ilə bağlı bütün suallar ətrafında səmərəli məsləhətləşmələr aparıla bilər.

13. Əlillər, onların ailələri və əlil cəmiyyətləri əldə olunan bütün vasitələrlə bu Bəyannamədə qeyd edilmiş əlillərin hüquqları barəsində tam məlumatlandırılmalıdırlar.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər