PDF Oxu

MİA

  • 13 515

HƏRBİ QULLUQÇULARIN HÜQUQİ STATUSU

image

Hərbi xidmətin, dövlət və hərbi qulluqçu arasındakı qarşılıqlı əlaqələrin şərait və xarakteri, dövlətlə hərbi qulluqçu arasında qarşılıqlı münasibətin xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu hərbi qulluqçuların Azərbaycan Respublikasının Konstitusiyası, Hərbi Qulluqçuların Statusu haqqında Qanunu və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə müəyyən edilən hüquq, azadlıq vəzifələrini və onların həyata keçirilməsi təminatlarını əhatə edir.

Namiq Əliyev yazır: "Ədəbiyyatın təhlili göstərir ki, xarici ölkələrdə də hərbi qulluqçuların statusu məsələləri ayrı-ayrı qanunvericilik aktları: Hərbi qulluqçuların hüquqi vəziyyəti haqqında 1956-cı il tarixli AFR Qanunıı; Hərbi qulluqçuların ümumi hüquqi vəziyyəti haqqında 1972-ci il tarixli Fransa Respublikasının Qanunu; Hərbi qulluqçuların statusu haqqında 1993-cü il tarixli Rusiya Federasiyasının Qanunu ilə müəyyənləşir".

Cəmiyyətin sosial strukturu, demokratiyanın səviyyəsi, qanunçuluğun vəziyyəti ilə sıx bağlı olan vacib siyasi-hüquqi kateqoriya kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hüquqi statusu şəxsiyyət və dövlət arasında qarşılıqlı münasibətlərin konstitusion prinsipləri ilə şərtləndirilmişdir. Həmin prinsiplərə müvafiq olaraq hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam həcmdə istifadə edirlər, eləcə də vəzifələr yerinə yetirirlər. Professor N.V.Artomonovun fikrincə, hərbi qulluqçuların hüquqi statusu dedikdə həm ümumi, ilk növbədə Konstitusiya ilə, həm də xüsusi hərbi qanunvericiliyi ilə həmin kateqoriya vətəndaşlar üçün nəzərdə tutulan hüquq və azadlıqların, vəzifə və məsuliyyətinin məcmusu ilə müəyyən edilən, onların cəmiyyətdəki təminatlı vəziyyəti başa düşülür.

Hüquqi status anlayışı ilə "hərbi qulluqçuların hüquqi müdafiəsi" anlayışı sıx bağlıdır. Hərbi qulluqçuların hüquqi müdafiəsi onların, azuqənin bütün növləri ilə, hərbi həyatın çətinliklərini əvəz edən maddi-məişət şəraiti ilə təmin edilməsinin hüquqi tənzimlənməsi deməkdir. Hərbi qulluqçuların hüquqi müdafiəsinə xidmət və asudə vaxtın təşkilinin hüquqi tənzimlənməsi, təminatlı asudə vaxtın, öz üzərində işləmək, uşaqların tərbiyəsi, mədəni səviyyənin yüksəldilməsi ilə məşğul olmaq üçün imkanın mövcudluğu, hərbi hissədə və onun hüdudlarından kənarda hərbi qulluqçunun şəxsiyyətinin hərc-mərclikdən, ədalətsizlikdən, kobudluqdan, qeyri-nizami hərəkətlərdən və cinayət qəsdlərindən qorunması, habelə, gündəlik həyatda səhhətinin qorunması daxildir. Fikrimizcə, buradan belə nəticəyə gəlmək olar ki, hərbi qulluqçuların hüquqi müdafiəsi dedikdə, hərbi qulluqçuların əsas hüquq və azadlıqlarının və onların həyata keçirilməsi mexanizmlərinin, o cümlədən, onların natura və pul azuqəsi ilə, hərbi xidmətin xüsusi şəraitinə görə güzəşt və kompensasiyalarla təmin edilməsinin normativ-hüquqi aktlarda təsbit edilməsi deməkdir.

N.Əliyev daha sonra yazır: "Azərbaycanın hərbi qanunvericiliyində hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş, inkişaf etdirilmişdir. Eyni zamanda, hərbi xidmətin xüsusiyyətləri, hərbi qulluqçuların statusu ilə şərtləndirilmiş və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilən məhdudiyyətlər də mövcuddur. Qeyd etmək lazımdır ki, Azərbaycan vətəndaşlarının vəzifələrindən başqa, hərbi qulluqçular onların statusu ilə şərtləndirilən vəzifələr də daşıyırlar. Qeyd olunan müddəalar bir çox xarici ölkələrin qanunvericilik aktlarında da mövcuddur ki, bu da xarici təcrübənin tənqidi dərk edilmiş nəticələrinin Azərbaycanın hərbi qanunvericiliyində istifadə edilməsinə dəlalət edir. Məsələn, hər kəsin, o cümlədən, hərbi qulluqçunun digərləri ilə assosiasiya hüququ, ictimai birliklər və həmkarlar təşkilatları yaratmaq və onlara daxil olmaq hüququ insan hüquqları haqqında beynəlxalq hüquqi sənədlərdə, habelə, milli qanunvericilikdə əks etdirilmişdir. Eyni zamanda, mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Paktın 22-ci maddəsində deyilir ki, qanunla nəzərdə tutulduğu və dövlət və ya ictimai təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruri olduğu hallar istisna olmaqla, bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Bu maddə silahlı qüvvələrin və polisin tərkibinə daxil olan şəxslər üçün həmin hüquqdan istifadəyə dair məhdudiyyətlərin müəyyən edilməsinə mane olmur. Həmin aktın 8-ci maddəsinin 3-cü bəndində göstərilir ki, heç kəs məcburi və ya mütləq əməyə cəlb edilməməlidir. Lakin buradaca qeyd olunur ki, bu bənddə "mütləq və ya məcburi əmək" termini hərbi xarakterli hər hansı xidməti əhatə etmir. İqtisadi-sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 8-ci maddəsində həmkarlar itttifaqlarını yaratmaq və onlara daxil olmaq hüququ göstərildiyi halda, həmin maddənin ikinci bəndində qeyd olunur ki, bu maddə silahlı qüvvələrin, polisin və ya dövlət rəhbərliyinin tərkibinə daxil olan şəxslər üçün həmin hüquqdan istifadəyə dair məhdudiyyətlərin müəyyən edilməsinə mane olmur. Həmin aktların tələblərinə müvafiq olaraq həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 4-cü hissəsi hərbi xidmətdə olan şəxslərə həmkarlar ittifaqlarında birləşməyə icazə vermir".

Müəllifin fikrincə, Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə müəyyən edilən hüquqlar, azadlıqlar, onların həyata keçirilməsi təminatlarından və məsuliyyətdən ibarət olan hərbi qulluqçuların statusu Azərbaycanın Silahlı Qüvvələrinin vəzifələri, hərbi xidmətin şərait və xarakteri ilə müəyyən edilir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının, habelə, digər dövlətlərin vətəndaşlarına, hərbi toplanışda olan hərbi mükəlləfiyyətlilərə şamil edilir. Hərbi qulluqçular kateqoriyasına aşağıdakılar aiddir: zabit heyətindən olan şəxslər, həqiqi müddətdən artıq xidmətdə olan hərbi qulluqçular, hərbi tədris müəssisələrinin kursantları, həqiqi müddətli hərbi xidmətdə olan çavuşlar, əsgərlər və matroslar. Hərbi qulluqçuların statusu dövlət əmək dəstələrində, humanitar yönümlü xidmətlərdə və kommunal sahədə alternativ xidmət (əmək mükəlləfiyyəti) keçən şəxslərə şamil edilmir. Hərbi qulluqçuların əsirlikdə, habelə, tərksilah edilmiş qismində neytral ölkədə olduğu dövrdə onlar hərbi andı pozmamışlarsa və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayətlər törətməmişlərsə, hərbi qulluqçuların statusu öz qüvvəsini saxlayır.

Hərbi hüquqda hərbi qulluqçuların statusunun əldə edilməsi və itirilməsi məsələsi xüsusi qaydada tənzimlənir. Vətəndaşlar hərbi qulluqçuların statusunu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə xidmətə çağırıldığı, könüllü qaydada və ya kontraktla daxil olduğu toplanışa çağırıldığı, hərbi tədris müəssisəsinə daxil olduğu andan əldə edirlər və onu Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olunmaqla hərbi hissənin siyahısından xaric edildikləri, hərbi tədris müəssisəsindən xaric edildikləri, toplanışların başa çatdığı gündən itirirlər.

"Ordu və cəmiyyət" əsərində qeyd edilir: "Son zamanlar ədəbiyyatda hərbi qulluqçuların hüquqi statusu ilə yanaşı, cəmiyyətin spesifik peşəkar qrupunun - ordunun nümayəndələri kimi hərbi qulluqçuların mülki cəmiyyətdə nisbi vəziyyəti ilə müəyyən edilən onların sosial statusu, xüsusilə, vurğulanmaqdadır. Həmin status hərbi-peşə fəaliyyəti zamanı formalaşır və öz sosial-iqtisadi, sosial-siyasi və sosial-mədəni göstəricilərinə malikdir. Hüquqi statusdan fərqli olaraq, sosial statusu heç kəs bilavasitə müəyyən etmir. O, cəmiyyət həyatının sosial-iqtisadi, siyasi-mənəvi və mədəni şərait və amillərinin məcmusu ilə formalaşır. Hərbi qulluqçunun sosial statusu silahlı qüvvələrin yerinə yetirdiyi funksiyalarla sıx əlaqədardır. Hərbi qulluqçunun fəaliyyətinin əsasını hərbi hazırlıq proqramının yerinə yetirilməsi, hərbi-peşə keyfiyyətlərinin inkişafı və yüksək döyüş qabiliyyətinin saxlanılması təşkil edir".

Yuxarıda qeyd olunanlara əsasən, bu gün ən vacib məsələ hərbi qulluqçuların sosial statusunun yüksəldilməsinə yönəlmiş miqyaslı proqramın formalaşdırılması və həyata keçirilməsindən ibarətdir. Proqramın əsas məqsədi hərbi qulluqçularda sosial-təbəqə müəyyənlikliyinin formalaşdırılması və industoial cəmiyyətində orta sinif (təbəqə) səviyyəsində onlan cəmiyyətin strukturuna daxil etməkdir. Həmin məqsədə yalnız ordunu peşəkarlaşdırmaqla, hüquq və azadlıqların inkişafı, hərbi qulluqçuların məsuliyyətinin və vəzifələrinin təkmilləşdirilməsi, hərbi xidmətin nüfuzunun və hörmətinin artırılmasına yönəldilmiş məlumat və tərbiyə tədbirlərinin həyata keçirilməsi ilə nail olmaq olar.

N.Əliyev yazır: "Hərbi qulluqçuların hüquq, vəzifə və məsuliyyətinin məzmunu və həcmi onların xidməti vəzifələri yerinə yetirib-yetirməməsindən asılıdır. Hərbi qanunvericilik müəyyən edir ki, xidməti vəzifələri faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən, döyüş əməliyyatlarında iştirak etdikləri, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), sutka və ya qarnizon naryadında, toplanışlarda, ezamiyyətlərdə olduqları, xidmət yerinə getdikləri və geri qayıtdıqları zaman və digər hallarda hərbi qulluqçular xidməti vəzifələri yerinə yetirən hesab edilirlər. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri və ya öz şəxsi təşəbbüsü ilə istənilən vaxt və istənilən yerdə öz xidməti vəzifələrini yerinə yetirməyə başlamalıdır. Qanunvericiliyə müvafiq olaraq vətəndaşlar barəsində onlara hakimiyyət səlahiyyətlərinin verilməsi ilə bağlı olan hərbi xidməti vəzifələrini yerinə yetirərkən, hərbi qulluqçular hakimiyyət nümayəndələri hesab olunurlar.

Yuxarıda qeyd olunanlar hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrini ümumi, xidməti və xüsusi hüquq və vəzifələrə bölməyə imkan verir.

Hərbi hüquqda hərbi qulluqçuların ümumi vəzifələrinə hərbi rütbəsindən və tutduğu vəzifədən asılı olmayaraq, bütün hərbi qulluqçuların üzərinə qoyulan vəzifələr aid edilir. Bu vəzifələr hərbi andın mətnində və daxili xidmət nizamnaməsinin 1-6-cı maddələrində təsbit edilmişdir".

Müəllifin fikrincə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəninin - Azərbaycan Respublikasının müdafiəçisidir. O, doğma yurdunun müdafiəsinə görə şəxsi məsuliyyət daşıyır. Hərbi qulluqçu Azərbaycan dövlətinin mənafelərini qorumağa, onun nüfuz və qüdrətinin möhkəmləndirilməsi üçün səylə çalışmağa, Azərbaycanın Konstitusiyasına və digər qanunlarına dönmədən riayət etməyə, hərbi anda sadiq, intizamlı, vicdanlı, dürüst və qətiyyətli olmağa, öz vəzifələrini yerinə yetirərkən qüvvələrini, zərurət olduqda isə həyatını əsirgəməməyə, komandirlərə (rəislərə) dönmədən tabe olmağa, onları döyüşdə müdafiə etməyə, öz hərbi hissəsinin bayrağını göz bəbəyi kimi qorumağa borcludur.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər