PDF Oxu

MİA

  • 68 302

HƏRBİ QULLUQÇULARIN VƏ ONLARIN AİLƏ ÜZVLƏRİNİN PENSİYA TƏMİNATI

image

Hərbi qulluqçuların pensiya təminatı haqqında məsələyə toxunmazdan əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası keçmiş SSRİ-nin tərkibində olduğu vaxt bütün vacib münasibətlər İttifaq miqyasında qəbul edilən normativ aktlarla tənzimlənirdi. Belə qanunvericilik aktlarının sırasına bütün vətəndaşların, o cümlədən, hərbi qulluqçuların pensiya təminatını tənzimləyən dövlət pensiyaları haqqında İttifaq qanununu aid etmək olar. Həmin dövrdə hərbi qulluqçuların pensiya təminatı haqqında xüsusi qanun qəbul edilməmişdir.

Namiq Əliyev yazır: "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi, dövlətimizin faktiki müharibə vəziyyətində olması və döyüş qabiliyyətli ordunun formalaşdırılması zərurəti ilə əlaqədar hərbi qulluqçuların pensiya təminatı haqqında qanunun qəbul edilməsi əsas hüquq yaradıcılığı vəzifəsinə çevrilir.

29 aprel 1992-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etmiş (bax: Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992, № 10, m. 263; № 13, m. 491; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, m.10) və həmin qanunun qüvvəyə minməsi haqqında qəbul etdiyi qərarda qeyd etmişdir ki, bu Qanun 1992-ci il yanvarın 1-dən qüvvəyə minir.

"Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının ərazisində Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Sərhəd Qoşunlarının zabit heyətindən olan şəxsləri, praporşikləri (sonradan - gizirləri), miçmanları, müddətdən artıq xidmət hərbi qulluqçuları, habelə, Daxili İşlər Nazirliyinin, dövlət hakimiyyəti orqanlarının mühafizəsi üzrə strukturların sıravi və rəis heyəti və onların ailələri üçün dövlət pensiyalarının vahid sistemini müəyyən etmişdir.

Həmin Qanunun fərqli cəhəti ondan ibarətdir ki, o, həyat dəyərinin dəyişməsi ilə yanaşı, müntəzəm olaraq, pensiya məbləğlərinə yenidən baxılması ilə pensiyaçıların sosial müdafiəsinə təminat verir.

Nəzərə almaq lazımdır ki, hərbi qulluqçuların pensiya təminatı haqqında qanunvericilik müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular və onların ailə üzvlərinə şamil edilmir. Onların pensiya təminatı qaydası vətəndaşlar üçün pensiyalar haqqında qanunla müəyyən edilir.

Azərbaycan Respublikasının ərazisində daimi yaşayan digər dövlətlərin hərbi qulluqçuları pensiyanın alınması üçün tələb olunan stajın üçdə ikisini Azərbaycan Respublikasının ərazisində əldə etdikdə, pensiya təminatı hüququna malik olurlar. Bu halda 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ respublikalarının ərazisində xidmət müddəti də nəzərə alınır".

Müəllif qeyd edir ki, pensiya təminatı hüququ olan hərbi qulluqçulara, həmin Qanuna müvafiq olaraq, pensiyalar onlar hərbi xidmətdən tərxis edildikdən sonra təyin edilir və ödənilir. Hərbi qulluqçulara əlilliyə görə və onların ailələrinə ailəni dolandıranı itirdiyinə görə pensiya-xidmət müddətindən asılı olmayaraq təyin edilir.

Partizan dəstələrində və birləşmələrində zabit heyətinin vəzifələrinə müvafiq olan komanda vəzifələrini tutmuş şəxslərin və onların ailələrinin pensiya təminatı zabit heyətindən olan şəxslər və onların ailələri üçün müvafiq qanunla müəyyən edilmiş əsaslarla həyata keçirilir.

Kontrakt əsasında xidmət keçən qadın hərbi qulluqçuların pensiya təminatı göstərilən Qanunla müddətdən artıq xidmət hərbi qulluqçular və onların ailə üzvləri üçün müəyyən edilmiş əsaslarla həyata keçirilir.

Arzu etdikləri halda hərbi qulluqçulara və onların ailələrinə pensiyalar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlər və normalar üzrə təyin edilə bilər. Bu halda, pensiyalar hesablanarkən, əmək haqqı ilə yanaşı hərbi qulluqçunun xidmətdən tərxis olunmazdan əvvəl aldığı pul azuqələrinin bütün növləri nəzərə alınır.

Hərbi və ya xüsusi rütbələrdən məhrum edilmiş hərbi qulluqçulara pensiyalar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında təyin edilir.

Hərbi qulluqçular sırasında vəfat etmiş pensiyaçıların ailələri hərbi qulluqçuların ailələri ilə bərabər əsaslarla ailəni dolandıranını itirdiklərinə görə pensiya almaq hüququna malikdirlər.

Eyni zamanda, müxtəlif dövlət pensiyalarını almaq hüququna malik olan hərbi qulluqçulara və onların ailələrinə onların seçimi ilə bir pensiya təyin edilir. Hərbi qulluqçuların pensiyalarından vergi tutulmur. Hərbi qulluqçulara və onların ailələrinə pensiyalar respublika büdcəsi vəsaiti hesabına ödənilir.

Adıçəkilən Qanuna əsasən, hərbi qulluqçuların pensiya təminatını Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirirlər.

Qeyd etmək lazımdır ki, hərbi qulluqçular sırasından olan pensiyaçılara qanunla əmsal və əlavələr nəzərdə tutulmuşdur.

Məsələn, əmək haqqı üçün əmsallar müəyyən edilmiş yerlərdə xidmət keçmiş hərbi qulluqçular barəsində həmin yerlərdə işləmiş şəxslər üçün qanunvericiliklə yaşa görə pensiyanın təyin edilməsinin güzəştli şərtləri tətbiq edilir. Digər bir misal: Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş hərbi qulluqçuların pensiyalarına yaşa görə minimum pensiyanın 100 faizi məbləğində əlavə hesablanır. Sovet İttifaqı Qəhrəmanı və ya Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, üç dərəcə "Şöhrət" ordeni, üç dərəcə "Əmək Şöhrəti" ordeni, üç dərəcə "SSRİ Silahlı Qüvvələrində vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, habelə, Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə fəxri adlara, o cümlədən, "Daxili İşlər Nazirliyinin əməkdar işçisi", "Əməkdar çekist" kimi fəxri adlara layiq görülmüş hərbi qulluqçuların siyahısına yaşa görə minimum pensiyanın 50 faizi miqdarında əlavə hesablanır.

N.Əliyev yazır: "Hərbi qulluqçu öldükdə və ya həlak olduqda, onların ailələri ailəni dolandıranı itirdiklərinə görə, pensiya almaq hüququnu əldə edirlər.

Hərbi qulluqçular üçün pensiyanın əsas növünü xidmət illərinə görə pensiya təşkil edir. Həmin pensiyaya aşağıdakı şəxslərin hüququ var:

a) xidmətdən buraxılanadək 20 il və daha artıq müddət hərbi xidmətdə və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular;

b) xidmətdən yaşına görə buraxılmış və buraxıldığı gün 50 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda keçmiş şəxslərə (12-ci maddənin "b" bəndi) müvafiq təminat xərcliyinin - 50 faizi və 25 ildən yuxarı xidmətin hər ili üçün təminat xərcliyinin 1 faizi miqdarında;

c) xidmətdən xəstəliyə və ya səhhətinin məhdud imkanlarına, habelə, ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslərə (12-ci maddənin "c" bəndi) - müvafiq təminat xərcliyinin 1 faizi miqdarında;

d) hərbi xidmətdə və ya orqanlarda xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara (12-ci maddənin "q" bəndi) - müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında.

Göstərilən növ pensiyanın maksimum məbləği pensiya təyin edilərkən əsas kimi götürülmüş təminat xərcliyindən artıq ola bilməz. Xidmət illərinə görə, pensiyanın maksimum məbləği ölkədə aylıq minimum əmək haqqının 150 faizi miqdarında müəyyən edilir.

Hərbi qulluqçuların pensiyalarına (o cümlədən, minimum məbləğdə hesablanmış pensiyalar) xidmət illərinə görə əlavələr hesablana bilər:

a) öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən pensiyaçılara - ailənin əmək qabiliyyəti olmayan hər bir ailə üzvü üçün "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş yaşa görə pensiyanın minimum məbləğinin 50 faizi miqdarında; bu halda, əlavə yalnız ailənin əmək və ya sosial pensiya almayan üzvləri üçün hesabdanan ailənin əmək qabiliyyəti olmayan ailə üzvünün, eyni zamanda, həm sosial pesiya almaq, həm də xidmət illərinə görə pensiya əlavə almaq hüququ varsa, pensiyaçının istəyi ilə ailə üzvünə sosial pensiya təyin edilə bilər, yaxud ailənin həmin üzvü üçün pensiyaya əlavə hesablana bilər;

b) 75 yaşına çatmış tənha pensiyaçılara - onlara qulluq üçün yaşa görə pensiyanın 50 faizi məbləğinə.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər