İnternet ümumbəşəri sərvət kimi yalnız insana xidmət etmək və hər kəsin hüquq və azadlıqlarının reallaşması, rifahının daha da yaxşılaşdırılması üçün yaradılmış azad bir məkandır. İnternetin fəlsəfəsi də, məhz insanın azadlıqları, o cümlədən, özünüifadə azadlığının konseptual mahiyyəti ilə üst-üstə düşür. Hər kəs kiberməkandan istifadə edərək, öz rahatlığını və haqlarını həyata keçirmək imkanı əldə edir, ətraf aləm haqqında tez və əlçatan bilgilərə sahib olur, ifadə və informasiya azadlığını reallaşdırır, elektron kitabxanalara daxil olaraq mütaliə edə bilir, distant təhsillə özünün təhsil hüququnu reallaşdırır, e-maillə sürətli poçt məlumatları alır və ötürür, elektron xidmətlər vasitəsilə dövlət orqanlarına, o cümlədən, məhkəmələrə asan müraciət imkanları, habelə, digər hüquq və üstünlüklər əldə edir.
Demokratiyanın, şəffaflığın, korrupsiyaya qarşı mübarizə mədəniyyətinin və hüquqi dövlətin formalaşdırılmasının ən ideal üsulu informasiya cəmiyyətinin tərkib hissəsi olan internet üzərindən həyata keçirilə bilər. Vətəndaş cəmiyyətinin mühüm bir forması internet istifadəçilərinə məxsus vahid şəbəkənin varlığıdır. Şəbəkədə isə hər kəsin hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədinin tərkib hissəsi olaraq qalır. Onların təkcə maddi aləmdə deyil, eyni zamanda, virtual məkanda da haqlarını, ilk növbədə, dövlət özünün müəyyən etdiyi norma və prinsiplər əsasında mühafizə edir.
Ölkə konstitusiyasının 12-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq bəyan edir. Həqiqətən də, bu gün insanın azadlığı, onun rifahı, həyatının əksər hissəsi, məhz virtual məkanla bağlı olub, burada baş verən proseslərdən kifayət qədər asılı vəziyyətdədir. Ona görə də insanların kiber-aləmdə mövcud olan hüquqları, elə real həyatdakı haqlarına bərabər tutularaq qorunur.
Lakin burada çox vacib bir məqamı da nəzərdən qaçırmaq olmaz. Kiber-aləmin imtiyaz və üstünlüklərinin olmasına baxmayaraq, bu məkanda insanın digər fundamental hüquqları ilə ziddiyyət təşkil edən faktorlar da mövcuddur. Ona görə də, internetdə, məhz insan hüquqları arasında balansın gözlənilməsi, o cümlədən, informasiya azadlığı ilə şəxsi həyat hüququ arasında tarazlığın qorunması, bir şəxsin azadlığının digərinin hüquqlarını pozmaması naminə dövlətin hüquq normaları vasitəsilə bu məkana qanuni müdaxiləsi zəruridir.
İnsanlara öz arzularını reallaşdıra bilmələri üçün fürsət bərabərliyi lazımdır. Müasir dünyanın insanları bunu internetin timsalında əldə etməklə öz azadlıqlarını qeyri-standart qaydalara əsasən reallaşdırırlar. Türkiyə tədqiqatçısı prof. dr. B.Zakir Avqiar və prof. Gürsel Öngörən "İnternet hüququ" əsərində yazırlar: "Təbiilik" ya da "güclü olan yaşayar" qaydası özü ilə vəhşiliyi də gətirdiyindən, toplu həyat ənənəsi insanlar tərəfindən yumuşaldılmışdır. İnsanlar bərabər quruluşdakı ailələr içində, bərabər fiziki güc və qabiliyyətlərlə doğulmadıqlarından, ictimai qaydalar olan "hüquq", "əxlaq" və "din" güclülərə maneə törədici və zəiflərə qoruyucu qaydalar gətirmişdir." Başqa sözlə, həyatı, düşüncələri, qüruru, hörməti, şərəfi, ləyaqəti, mənliyi, sirləri, ailəsi və mülkiyyəti kimi insanın sahib olduğu hər bir şeyə "hüquqlar" tanındığı halda, internetdə də bu hüquqlar arasında balans və ictimai qayda, məhz "hüquq"la mühafizə ediləcəkdir.
İnformasiya cəmiyyəti, geniş mənada, mülki cəmiyyətin tərkib hissəsi sayılır. Mülki cəmiyyətin isə əsas elementi insan hüquq və azadlıqlarının səmərəli həyata keçirilməsindən ibarətdir.
A.S.Əhmədova göstərir ki, informasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar açılır. Çünki informasiya cəmiyyətinin əsas məqsədi yaşından, cinsindən, irqindən, fiziki imkanlarından, bir sözlə, heç bir sosial mənsubiyyətindən asılı olmadan insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir. Bu cəmiyyətin əsas məqsədi demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. Bu da elektron demokratiya anlayışını əks etdirir. Elektron demokratiyada dövlət, siyasi partiyalar və vətəndaşların hüquqlarını müdafiə edən ictimai qurumlar vətəndaşların informasiyaya çıxışını, kommunikasiya tələblərini, xidmətlərlə təminini və iştirak səviyyəsini artırmaq üçün internet texnologiyalarını tətbiq edir.
Modern texnologiyaların inkişafı bu gün vətəndaş cəmiyyətini müasir tələblər üzrə formalaşdırır. Bununla yanaşı, hazırda elektron demokratiya anlayışı geniş yayılmağa başlamış, yeni münasibətlər sistemi yaranmaqdadır.
Beləliklə, internetin meydana gəlməsi insanlar arasında ünsiyyət, informasiya axtarışı, emalı və ötürülməsi, fikirlərini ifadə etmək azadlığı, şəxsi həyat hüququ, təhsil hüququ-distant təhsil, sərbəst toplaşmaq azadlığı və digər insan hüquqları sahəsində yeni yanaşmaların ortaya qoyulmasını zəruru etmişdir.
S.Məcid yazır: "İnternet insanların gündəlik şəxsi həyatı ilə sıx bağlı bir məkan olduğu üçün burada hüquqi tənzimetmə, xüsusilə, vacibdir. Şəxsi həyat hüququ geniş anlayış olmaqla, müasir beynəlxalq hüquqla tanınmış fundamental haqlardan ən önəmlisi hesab edilir. Kiber-məkan kontekstində şərəf, ləyaqət, reputasiya, işgüzar nüfuz və ümumiyyətlə, şəxsi həyatın mühafizəsi Avropa hüququnda və milli qanunvericilikdə, eləcə də, doktrinal mənbələrdə kifayət qədər mübahisəli məsələlərdəndir.
Əlbəttə, internet təkcə informasiya mühiti deyil, həm də hər kəsin özünüifadə və hamıya aid olan kommunikasiya vasitəsidir. İnternet çoxdan və əsaslı surətdə fərqli baxışları ifadə edən tribunaya çevrilmiş, burada insanlar öz fikirlərini, mövqelərini bildirmək üçün şəxsi gündəliklərini, bloqlarını yaradır, müxtəlif maraq dairələrinə görə forumların iştirakçılarına çevrilirlər. İnformasiya texnologiyaları inkişaf etdikcə MySpace, Flikr, eBoy, Facebook, İnstagram kimi sosial şəbəkə sistemlərinin təklif etdikləri imkanların genişliyi, bunların istifadəçilərinin sayının sürətlə artması buraya qanuni müdaxilələri və hüquqlar arasında balansyaratma fəaliyyətini aktual edir".
BMT Baş Assambleyasının qəbul etdiyi 1948-ci il Ümumdünya İnsan Hüquqları haqqında Bəyannamənin preambulasında qeyd olunmuşdur ki, ləyaqət hissi yer üzündə bütün insanlara xasdır, yalnız insanın azadlığı, yer üzündə ədalət və sülhün bərqərar olunması, vətəndaşların ləyaqət hissinin inkişafını və qorunmasını mümkün edir.
Müəllifin fikrincə, eyni zamanda, bu göstəriş Mülki və Siyasi Hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktında da nəzərdə tutulmuşdur. Pakta görə, insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir və bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi də bu normaları bəzi əlavələrlə inkorparasiya etmişdir. "Şərəf və ləyaqətin müdafiəsi hüququ" adlanan həmin maddədə deyilir: "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könülü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz".
Avropa Konvensiyanın 8-ci maddəsinə görə, şərəf, ləyaqət və reputasiyanın müdafiəsi şəxsi həyata hörmət hüququnun tərkib hissəsi kimi çıxış edir. Lakin qeyd edək ki, İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsinin 12-ci maddəsi və BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsi şəxsin "şərəf və reputasiyasına" edilən hücumlar əleyhinə müdafiə hüququnu daha geniş və dəqiq nəzərdə tutur. Avropa Məhkəməsi 2009-cu il tarixli A.Norveçə qarşı işində bəyan edib ki, "şəxsi həyat" konsepsiyası geniş anlayış olduğundan, ona dəqiq tərif verilməsi mümkün deyildir. Məhkəmə Reinen Finlandiyaya qarşı işində (1997) qeyd edir ki, bu ad altında şəxsin fiziki, psixoloji və əxlaqi vahidliyi əks olunur, Digər bir işdə (Pretti Birləşmiş Krallığa qarşı (2002)) isə vurğulanır ki, bəzi hallarda şəxsi həyat dedikdə, fərdin fiziki və sosial identifikasiya aspektləri başa düşülür. Bir çox işlərdə Məhkəmə Konvensiyanın 8-ci maddəsinə əsasən, reputasiyanı (məs., Vait İsveçə qarşı (2006)) və eləcə də, şərəfi (məs., Sançez Qardens Noveşə qarşı (2007)) şəxsi həyata hörmət hüququnun tərkib hissəsi hesab edib. Pfeifer işində isə məhkəmə hesab edib ki, şəxsin reputasiyası, hətta həmin şəxs ictimai müzakirələr kontekstində tənqid olunubsa belə, onun şəxsi identifikasiya və psixoloji vahidliyinin tərkib hissəsi kimi çıxış edir və buna görə də, bu, onun "şəxsi həyat" çərçivəsinə daxil olur.
Eyni fikirləri, həmçinin, şəxsin şərəfi ilə bağlı da demək olar. Lakin qeyd olunmalıdır ki, şərəf və reputasiya arasında fərq mövcuddur. Beynəlxalq hüquqi sənədlərdə bu dəqiqliklə qeyd olunmayıb. Hələ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulundan öncə, danışıqlar ərəfəsində bəzi nümayəndələr "şərəf" anlayışının əleyhinə çıxış edərək bildirdilər ki, bu, həddindən artıq ümumi məhfumdur. Eyni vəziyyət Paktın işlənib hazırlanması zamanı da müşahidə olunmuşdur.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru