PDF Oxu

MİA

  • 7 595

İnternetdə şəxsi hüquqların müdafiəsi

image

Rəsmi sənədlərdə "şərəf" sözünün saxlanmasının əsas səbəbi milli nümayəndə heyətlərinin şərəf və ləyaqətə insanın cəmiyyətdəki mövqeyinin iki müxtəlif aspektindən yanaşması oldu: reputasiya, bu, insanın peşəkar və sosial statusu anlamında çıxış edir, şərəf isə daha çox əxlaqi sferaya aid olunurdu. Bu, o deməkdir ki, məsələn, şəxsin yalan olaraq səriştəsizlikdə ittiham edilməsi onun reputasiyasına zərbə vurur, şəxsin oğurluqda ittiham olunması isə, daha çox onun şərəf məsələsidir. Müasir elmi fikir sahibləri isə hesab edirlər ki, "reputasiya" termini hər iki aspekti, yəni o, insanın cəmiyyətdəki həm əxlaqi, həm də sosial və professional statusunu ifadə edir. Şərəf termininə cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə başqa şəxslərə, dövlətə, ictimaiyyətə münasibətinə görə ona verilən sosial qiymət kimi anlayış verilir. Ləyaqət dedikdə isə, şəxsiyyətin özünü qiymətləndirməsi, onun öz şəxsi keyfiyyətlərini, qabiliyyətlərini, dünyagörüşünü, yerinə yetirdiyi borcunu və öz ictimai əhəmiyyətini dərk etməsi başa düşülür. Şərəf və ləyaqət kateqoriyaları insana münasibəti müəyyən etməklə, onun mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi kimi çıxış edir.

Şəxsi həyat hüququ isə fərdin cəmiyyətdəki hörmət və şəxsiyyətini qoruyan və inkişaf etdirən dəyərlərin məcmusu hesab olunur. Bu hüquqi kateqoriya Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində tənzimlənir: "Şəxsi və ailə həyatına hörmət hüququ" adlanan həmin maddənin 1-ci bəndinə görə, "hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir".

S.Məcidli göstərir ki, nəzəriyyədə informasiyanın əldə olunmasına münasibətdə şəxsi həyatın üç başlıca sahəsi qeyd olunmuşdur: şəxsin ümumi, özəl və gizli həyatına dair informasiyalar. Ümumi həyata dair informasiyalar dedikdə, başqaları tərəfindən bilinməsi mümkün olan, şəxsin sosial həyatına aid (gəzintiyə çıxması, kinoya, bazara getməsi və s.) və cəmiyyət üçün açıq olan məlumatlar başa düşülür. Özəl həyatla bağlı məlumatlar şəxsin ailəsi, yaxınları, dostları və tanışları ilə bölüşmək istədiyi informasiyalar hesab olunur. Gizli həyata aid məlumatlar dedikdə isə, şəxsin başqaları tərəfindən bilinməsi qadağan olan, gizli duyğu və istəkləri, ümidləri, arzuları, intim həyatı, yazışmaları, şəxsi danışıqları və xarici mühitlə əlaqəli məlumat və hadisələr başa düşülür (şəxsin yazışmaları - eşq məktubu, elektron söhbət, teleqraf xatirə dəftəri və s.). Qeyd olunanlardan yalnız ümumi həyat sferasına daxil olan məlumatlar qanunla qorunmur, qalan ikisi isə - özəl və gizli həyat sferası ilə əlaqədar məlumatlara hər kəsin, o cümlədən, jurnalistin çatım hüququ qanunla məhdudlaşdırılır.

S.Məcidli yazır: "Azərbaycan Respublikası Konstitusiyasının (18 mart 2009-cu il tarixli dəyişikliklər də daxil olmaqla) 32-ci maddəsində şəxsi həyatla əlaqədar deyilir: "Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə, qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.

Həmçinin, Azərbaycan Respublikasının KİV haqqında Qanununun 60-cı maddəsi də vətəndaşların şəxsi həyatına qəsd edən şəxsi mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyacağı barədə xəbərdar edir".

İnternetdə şəxsi həyata müdaxiləyə dair xarici məhkəmə qərarlarında da mühüm əhəmiyyətli məsələlərdən bəhs edilir. Belə ki, Almaniya Federal Konstitusiya Məhkəməsinin şəxsin İnternetdə fərdi yazışmaları, onlayn axtarış, konfidensiallığın qorunması və informasiya texnikası sistemlərinin bütövlyü ilə bağlı qərarında hər hansı bir elektron poçt ünvanına və ya qapalı çat otağına giriş əldə etmək üçün keylogging (açarla qeydiyyatdan keçmə) vasitəsilə əldə olunan paroldan ("password") istifadə olunmaqla edilən müdaxilə qanunsuz hesab edilir.

Beləliklə, şərəf, ləyaqət və reputasiyanın müdafiəsi şəxsi həyata hörmət hüququnun tərkib hissəsi olmaqla, bu dəyərlər heç bir halda İnternetdə müdaxilə predmeti ola bilməz. Bütün hallarda İnternetdə şəxsi həyatın işıqlandırılması fərd və ya ictimai-siyasi xadim olmasına baxmayaraq, elektron istifadəçidən ehtiyyatlı yanaşma və xüsusi hüquqi bilgi tələb edir. Eyni zamanda, qanunvericiliyə görə şəxsi həyat hüququna qəsd edən fərdlər mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyacaqlar.

Sosial şəbəkələr insanlararası münasibətlərdə unikal informasiya-kommunikasiya mühiti olduğuna görə hazırda burada hüquq normalarından daha çox özünəməxsus sosial davranış qaydaları üstünlük təşkil edir. Daha doğrusu, dövlətlər bu şəbəkəyə total müdaxilə etmədən proseslərə fərdlər və sosial qruplarla bərabərhüquqlu şəxslər və ya subyektlər kimi qatılırlar.

Sosial şəbəkələrin özünəxas yazılmamış etik davranış prinsipləri mövcuddur ki, oraya qatılan hər kəs bu qaydalara könüllü surətdə əməl etmək məcburiyyətində qalır. Burada ictimai qınaq əsas tənzimedici rolunda çıxış edir. Prof. R.Əliquliyevin qeyd etdiyi kimi, sosial şəbəkə servisləri istifadəçilərin davranışını da ciddi şəkildə dəyişmək gücündədir. Bu servislərin kontent, xidmətlər, əlyetərlilik, əhatə etdiyi auditoriya və ərazi baxımından inkişafı cəmiyyətə təsirin yeni üsul və vasitələrinin meydana çıxmasına səbəb olur. Onlar insanların, təşkilatların və dövlətin qarşılıqlı əlaqəsi üçün yeni imkanlar yaradır.

İnternet fiziki hadisə kimi müstəqil inkişaf edir, yəni özü-özünü tənzimləyir. Ona görə də burada etik məsələlərin meydana gəlməsi təbiidir. Eyni zamanda, bu məkanda mövcud olan etik qaydalar adi etik normalardan fərqlənəcək. Daha doğrusu, şəbəkə etikası öz inkişafı baxımından adi ictimai etikanı qismən qabaqlayır.

S.Məcidli yazır: "Sosial şəbəkələr, qeyd etdiyimiz kimi, özünün unikal keyfiyyətlərinə görə digər kiberməkan istifadəçilərindən fərqləndiyinə görə şəbəkələrdə çalışan şəxslər üçün aşağıdakı etik qaydaların mövcudluğu qəbul edilmişdir:

1) Dərk edin ki, siz insanla ünsiyyətdəsiniz.

2) Real həyatda mövcud olan davranış standartlarının tərəfdarı olun.

3) Dərk edin ki, siz kiberməkandasınız.

4) Digər şəxslərin vaxtına və imkanlarına hörmət edin.

5) İmicinizi qoruyun.

6) Başqalarına edə biləcəyiniz yardımı edin.

7) Konfliktlərə imkan yaratmayın.

8) Şəxsi yazışmalar hüququna hörmətlə yanaşın.

9) Öz imkanlarınızdan sui-istifadə etməyin.

10) Başqalarının səhvlərini bağışlamağı bacarın.

Bundan başqa, sosial şəbəkələrdən istifadə edərkən, müəyyən prinsipləri əldə rəhbər tutmaq lazımdır".

S.Məcidlinin fikrincə, sosial şəbəkədə öz profilində başqasının şəklini onun icazəsi olmadan yerləşdirmək olmaz. Əgər o, bunları kiməsə göstərməyi lazım bilərsə, yəqin ki, onu şəbəkəyə özü yerləşdirərdi.

* Heç bir halda öz dostlarınızın sizə açıq, lakin başqaları üçün qapalı olan profilindən informasiya və şəkilləri digər şəxslərə ünvanlamayın. Çünki dostlarınız bu materialların kimin görə bilməsi məsələsini özləri həll etmək hüququna malikdirlər.

* Digərlərinin şəxsi məlumatlarına əsasən, qeydiyyatdan keçməyin. Əgər inkoqnito (adın bildirilməməsi) saxlamaq istəyirsinizsə, şərti adlardan istifadə edin. Ən yaxşı halda, fotoqrafiya yerini boş saxlayın, başqa şəkillərdən, xüsusilə, bu real insanlara məxsusdursa, istifadə etməyin. Şəklin yüklənməsi zəruri olan hallarda isə məşhur şəxslərin fotolarından istifadə edin.

* Öz profilinizdə ali təhsil və ya iş yeriniz haqqında qeyri-dəqiq məlumatlar göstərməyin. Çünki tanışlarınız və kolleqalarınız şəbəkədə barənizdə axtarış verən zaman narahatlıq hiss edəcəklər.

* Digər şəxslərə həddindən artıq uzun ictimai məlumat ünvanlamayın, eyni zamanda, ümumi istifadə üçün nəzərdə tutulmayan informasiyaları oraya qoymayın. Bu halda ən yaxşısı şəxsi yazışmalar funksiyasından istifadə edin.

* Sizi öz dostluğuna qəbul etməyən şəxslərə sakit münasibət bəsləyin. Dostluq təklifinin iki dəfə rədd edilməsi əmin olmağa kifayət edir ki, istifadəçi öz şəxsi informasiyasının sizin üçün açıq olmasını istəmir.

* Şərti adlardan istifadə edərkən, xüsusi olaraq, öz dostlarınıza qəsdən yalan məlumat ünvanlamayın.

Şərti adlar yalnız şəxsi məlumatların müdafiəsi nöqteyi-nəzərindən yolveriləndir, lakin heç bir vəchlə həmsöhbətin aldadılması üçün nəzərdə tutulmamışdır.

Beləliklə, sosial şəbəkələrin nəinki müasir insan həyatında, eləcə də, ictimai-siyasi həyatda rolu və faydalarını nəzərə alaraq, bu məkan unikal informasiya-kommunikasiya mühiti hesab olunur və burada hüquq normalarından daha çox özünəməxsus sosial davranış qaydaları və prinsipləri üstünlük təşkil edir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər