PDF Oxu

MİA

  • 16 764

İslah-Əmək Məcəlləsində məhbusların hüquqları

image

Azərbaycan Respublikasında cinayət cəzasının icrası ilə bağlı münasibətlər Azərbaycan Respublikasının 1970-ci il 23 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsi ilə tənzimlənir. Azadlıqdan məhrumetmə cəzasının məhkumlara göstərdiyi neqativ təsirin nəticələrini aradan qaldırmaq, onları bir qədər zərərsizləşdirmək üçün qüvvədə olan Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsi müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur. Qanun məhkumun sosial əlaqələrinin saxlanması üçün ona ailəsi, qohumları, digər şəxslərlə görüşməyə, yazışma aparmağa, bağlama, sovqat, banderol, pul baratları almağa, yeyinti məhsulları və ən zəruri predmetlər əldə etməyə, ictimai həyatdan geri qalmamaq üçün gündəlik informasiya vasitələrindən (qəzet, radio, televizor) istifadəyə icazə verir.

Namiq Əliyev yazır: "İslah-Əmək Məcəlləsi cəza çəkən məhbuslarda kollektivçilik vərdişlərini inkişaf etdirmək, onların faydalı təşəbbüskarlığını həvəsləndirmək, sosial fəallığını artırmaq, müxtəlif problemlərin həllində iştirak etməyə cəlb etmək məqsədilə azadlıqdan məhrumetmə yerlərində məhkumların özfəaliyyət təşkilatlarının yaradılmasını və fəaliyyət göstərməsini nəzərdə tutur.

7 fevral 1997-ci il tarixdə "Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanunla əvvəllər məcəllədə mövcud olan bir çox qadağanlar ləğv edilmişdir. İlk növbədə, məhkumların mövcud sosial əlaqənin, ailənin saxlanmasına qulluq edən qadağanların ləğvini nəzərdən keçirməyi daha düzgün hesab edirik. Əvvəla, onu qeyd edək ki, möhkəmləndirilmiş, ciddi, xüsusi rejimli islah-əmək müəssisələrində, həbsxanada saxlanan şəxslərin yazışmasında, daha dəqiqi, onların məktub və teleqram göndərilməsində olan məhdudiyyətlər götürülmüşdur. Əvvəllər qeyd olunan rejimli müəssisələrdə saxlanılan məhkumlar ay ərzində qohumlarına və tanışlarına, müvafiq olaraq, ən çox üç, iki, bir məktub (teleqram), həbsxanada ciddi rejimdə saxlanılan şəxslər isə iki ayda cəmi bir məktub (teleqram) göndərmək hüququna malik idilər. Keçmiş qaydaya əsasən, həbsxanada, tərbiyə-əmək müəssisələrində cəza çəkən şəxslərə uzunmüddətli, həbsxananın ciddi rejimində saxlananlara isə, o cümlədən, qısamüddətli görüşlər təqdim olunmurdu. Hazırda tərbiyə-əmək müəssisələrində, həbsxananın ümumi rejimdə cəza çəkənlərə uzunmüddətli görüşlər təqdim olunmasına icazə verilmiş, həbsxanada ciddi rejimdə saxlanılanlara (bu müddət iki aydan altı aya qədər müddəti əhatə edir) isə, müdiriyyətin qərarı ilə iki qısamüddətli görüş verilməsi nəzərdə tutulur. İslah-Əmək Məcəlləsinin 46-cı maddəsinə uyğun olaraq, əvvəllər islah-əmək koloniyasında saxlanan məhkumlara yalnız müəyyən olunmuş cəza müddətinin yarısı çəkildikdən sonra, rejimdən asılı olaraq, ildə ən çoxu üç bağlama və sovqat almağa icazə verilir, həbsxanalarda cəza ikən şəxslər isə bu hüquqdan tam məhrum olunmuşdular. Qeyd olunan maddəyə edilmiş dəyişikliklərlə əlaqədar, islah-əmək müəssisəsinin növündən və rejimindən asılı olaraq, cəza çəkmə yerlərində saxlanılan bütün məhkumlara bağlama, sovğat almaq hüququ verilmişdir. Bu hüququn həyata keçirilməsi üçün cəzanı çəkməyə başlamaq kifayətdir və heç bir müddət tələb olunmur. Bundan əlavə, qeyd etmək istərdik ki, islah-əmək koloniyalarında, həbsxanada cəza çəkən məhkumlara təqdim olunan görüşlərin, xüsusilə, qısamüddətli görüşlərin, verilən sovqat və bağlamaların sayı bir neçə dəfə (ümumi rejimli islah-əmək müəssisəsində - 16, möhkəmləndirilmiş rejimdə - 12, ciddi rejimdə - 6, xüsusi rejimdə - 4 dəfə) artırılmışdır. Məcəllədə nəzərdə tutulmuş hallarda uzunmüddətli görüşlərin müəssisələrin hüdudlarından kənarda keçirilməsinə də icazə verilmişdir. Məcəllədə cəzanın çəkilməsi rejimin tələblərinin pozulmasına görə tətbiq edilə bilən tənbehlərin siyahısından məhkumu növbəti görüşə getmək, sovqat almaq hüququndan məhrum etmə və bir ay müddətinədək yeyinti məhsullarının satın alınmasını qadağan etmə tədbirlərinin qanundan çıxarılması, sözsüz ki, məhkumun xarici aləmlə əlaqələrinin möhkəmlənməsini nəzərdə tutur".

İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq, əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara məzuniyyət hüququ verilmir və onların cəza çəkdikləri dövrdə işlədikləri vaxt əmək stajına daxil edilmirdi. Yeni qanunla məcəlləyə edilmiş dəyişikliklə əlaqədar bu qadağalar aradan götürülmüş, məhkumlara hər il ödənişli məzuniyyət hüququ verilmiş və onların azadlıqdan məhrumetmə yerlərində cəza çəkdikləri dövrdə işlədikləri vaxtın ümumi əmək stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Lakin maddədə düzgün olaraq göstərilir ki, əgər məhkum sistematik olaraq əmək vəzifələrini yerinə yetirməzsə, işdən yayınarsa, cəzanı icra edən orqanın təqdimatına əsasən, məhkəmənin qərarı ilə işləmə müddəli ümumi əmək stajından çıxarıla bilər.

Müəllifin fikrincə, İslah-Əmək Məcəlləsindəki yeniliklər sahəsində məhkumlara yeni hüquq və imtiyazlar verilmişdir. Məcəllənin 41-ci maddəsinin yeni redaksiyasına uyğun olaraq, azadlıqdan məhrumetmə yerlərində məhkumlara müəyyən olunmuş qaydada 6 dəfədən çox olmayaraq telefonla danışmaq, sığorta agentlikləri ilə sığorta bağlamaq, respublikanın ərazisində işləyən sertifikat, istiqraz vərəqələri və digər qiymətli kağızlar əldə etmək, tibbi məsləhət, müalicə almaq üçün pullu səhiyyə xidməti sisteminə müraciət etmək, xalqımıza xas olan xüsusiyyət kimi, bığ saxlamaq hüquqları da verilmişdir. Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, məhkumlara müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul olmaq hüququ verilmiş, əmək haqqından tutulan məbləğlərdən asılı olmayaraq, cəza çəkənin müəssisədə adına açılmış şəxsi hesabına qazancından keçirilən məbləğlər orta hesabla iki dəfə artırılmışdır. Bundan əlavə, müəssisələrin saxlanması üçün məhkumların qazancından tutulan məbləğ də əmək haqqının yarısından otuz faizə endirilmişdir. Bütün bunlar məhkumun maddi vəziyyətini nəzərə çarpacaq dərəcədə yaxşılaşdıracaqdır.

Məhkumun vicdan və dini etiqad azadlığına təminat verilmişdir. Cəza çəkənlər istədikləri dinə etiqad etmək və ya etməmək hüququna malikdirlər. Koloniya-məntəqələrdə cəza və əməyə mütləq cəlb edilməklə, şərti məhkum edilmiş şəxslərin xahişi ilə cəza çəkdikləri rayonun (şəhərin) inzibati hüdudları daxilində ibadətgahlara getmək hüququ verilmiş, azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin (karserlərdə, cərimə və intizam təcridxanalarında saxlanılan məhkumlardan başqa) xahişi ilə isə onların yanına din xadimlərinin dəvət olunması nəzərdə tutulmuşdur. İslah-əmək müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada dini mərasimləri icra etməyə, dini ləvazimat və ədəbiyyatdan istifadəyə də icazə verilmişdir. Göstərilənlərdən əlavə, məhkumlara müdiriyyət tərəfindən onların hüquq və vəzifələrinin, əmək və istirahət şəraitlərinin tam həcmdə izah olunması, cəzanın icrasını tənzimləyən qanunverici aktlarla və islah-əmək müəssisəsinin daxili intizam qaydaları ilə tanış olmaları üçün şərait yaradılması, cəza çəkənin öz hüquqi vəziyyəti ilə yaxından tanış olmasına gözəl imkan yaradılacaqdır. Məcəllədə məhkumların şəxsi təhlükəsizlik hüququna malik olduqları elan olunmuşdur. Həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı cinayət törədilməsi təhlükəsi yaranmış məhkumlar bu barədə müraciət etdikdə, ərizəni almış şəxs məhkumun təhlükəsiz yerə keçirilməsi üçün təxirəsalınmaz tədbir görməli, lazım gəldikdə, müəyyən olunmuş qaydada sonrakı cəzaçəkmə yeri barəsində məsələni həll etməlidir. Qanunla məcəlləyə əlavə edilmiş, islah-əmək müəssisələrinə yeni qəbul olunmuş məhkumların iki həftəyədək başqa məhkumlardan ayrı saxlanması da cəza çəkənlərin təhlükəsizlik hüququnun təmin edilməsi tədbiri kimi qəbul olunmalıdır. Məhz bu tələb, cəzaçəkmə yerinin, məhkumun qəbul olunmuş müəssisədə saxlanmasının mümkünlüyünü ciddi yoxlamağa məcbur edəcəkdir.

Şərh edilən qanunda respublikamızın ərazisində cinayət törətdiklərinə görə azadlıqdan məhrum edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də yaddan çıxmamışlar. Məcəllədə bu şəxslərin cəza çəkmə yerlərinin Azərbaycan Respublikası hüdudlarından kənara dəyişdirilməsi, əcnəbilərin diplomatik və konsulluq nümayəndələri, müxtəlif milli, beynəlxalq təşkilatlarla əlaqəyə girmələri məsələləri öz həllini tapmışdır.

N.Əliyev yazır: "Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə əlavə edilmiş 75-1-ci maddə hamilə qadınların, süd əmizdirən anaların və üç yaşınadək uşaqları olan qadınların azadlıqdan məhrumetmə cəzasını çəkməsinin xüsusiyyətlərini göstərmişdir. Bu maddəyə əsasən, islah-əmək koloniyalarında lazım olduqda uşaq evlərinin təşkil olunması, hamilə, üç yaşınadək uşaqları olan qadınların belə yerlərə göndərilməsi nəzərdə tutulmuşdur. Həmin əlavəyə əsasən, uşaq evlərində olan qadınlara qanunvericiliyə uyğun olaraq, uşağa qulluğa görə müavinət almaq hüququ verilmişdir.

25 iyul 1998-ci il tarixdə ölüm cəzasının ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin maddəyə əsasən, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər həbsxanada ayrılıqda və ya iki nəfərdən artıq olmamaqla kameralarda saxlanılırlar".

Bu məhkumlar yeyinti məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda minimum əmək haqqı məbləğinin yarım mislinədək miqdarda pul xərcləyə bilərlər. Onlar il ərzində qısamüddətli iki görüş, iki bağlama, iki banderol almaq və dörd dəfə telefon danışıqlarından, hər gün bir saat ərzində gəzintidən istifadə etmək hüququna malikdirlər.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər