PDF Oxu

MİA

  • 11 285

İnsan haqlarının fəlsəfəsi

image

Fəlsəfi xarakterli "İnsan kimdir?" sualının cavablandırılması ilə sıx bağlı olan insan hüquqları ilə insanolma vəziyyəti arasındakı əlaqə (birinin mövcud olması, o birinin isə bu mövcudolmanı ifadə etməsi) ontoloji bir münasibətdir. İnsan olmaq, mahiyyət etibarilə, hüquqlara sahib olmaqdır. Bu hüquq və azadlıqlar elə bir sosial-fəlsəfi kateqoriyalardır ki, insanın təbiətindən, yəni onun varlığından və özünüifadəsindən törəyir. Ona görə də, hər bir kəs öz hüquqlarını dərk etməli, bu hüquqlar haqqında müəyyən biliklərə malik olmalı, bu hüquqları həyata keçirmək üçün təcrübə və səriştə qazanmalıdır. Hüquqlarının təmin olunmasını tələb etməyən, onların reallaşmasına çalışmayan insan öz ləyaqətinə, mənsubiyyətinə, mənliyinə, əxlaqına yadlaşması və özgələşməsi ilə qarşılaşır. İnsan özündən asılı olmayan səbəblərə görə, hüquqlarını reallaşdıra bilmədikdə, yaxud hüquqlarının məhdudlaşdırılmasına və nəticədə, onların itirməsinə yol verdikdə, o, yaşamalı olduğu layiqli insan həyatından məhrum olunur. Bu, insanların şərəf və ləyaqətinə tam cavab verən və kamil bir həyatı ifadə edən, müəyyən qədər utopik çalarlar daşıyan insan hüquqları doktrinasıdır. İnsan hüquqlarının səciyyəvi cəhətlərindən biri ondan ibarətdir ki, insan heç vaxt malik olduğu hüquqlarla kifayətlənmir, daim siyasi və hüquqi mübarizə yolu ilə yeni hüquqlar əldə etmək niyyətində olur. Göründüyü kimi, insan hüquqları daim dinamikada olan, müdafiəsi üçün hüquqi təminatın yaradılmasını tələb edən, hamı tərəfindən etirafa iddialı olan fenomendir.

Ə.Abbasov yazır: "Tarixən insan hüquqlarına verilən anlayışlar müxtəlif olmuşdur. İnsan haqları ideyası yarandıqdan bəri, ona müxtəlif adlar verilmişdir. Bu ideya, ilk əvvəllər "təbii hüquqlar", "əsas hüquqlar", "şəxsi hüquqlar", "şəxsi azadlıqlar" anlayışları ilə ifadə olunurdu. Fərqli ifadələrin istifadə olunmasına baxmayaraq, bütün hallarda, söhbət məhz insana məxsus hüquqlardan gedirdi. Bununla yanaşı, bu ifadələrin fərqləndirici elementləri də mövcud idi.

İnsan haqları ideyası formalaşdığı zamandan həm fəlsəfi, həm də hüquqi ədəbiyyatlarda rast gəlinən "təbii hüquqlar" anlayışı, heç də birmənalı anlaşılmırdı. Hələ XIX əsrin əvvəllərində ingilis liberalizminin banilərindən biri olan İyeremiya Bentam bu ifadəyə qarşı çıxaraq, "təbii hüquqların" hər hansı sosial kontekstdən kənarda cəfəngiyat olduğunu iddia edirdi. Sonralar Karl Marks bu fikri müəyyən qədər dəstəkləyərək, insanların ictimai münasibətlərdən təcrid olunmuş halda - "sosial mənada" qismində baxılmasını yanlış mövqe hesab etmişdir. Amerikanın tanınmış alimi Cak Donell insan haqlarının insanın təbiətinin, əxlaqının, həyat tərzinin, davranışının güclü təsirinə məruz qaldığını iddia edir. Ona görə, insan hüquqları ideyası insanın qabiliyyət və bacarıqlarını nəzərdə tutan sosial müstəvidir. Tədqiqatçıların bəziləri iddia edirlər ki, insan hüquqları ictimai praktikada reallaşarkən həm insanların ehtiyacları, həm də dövlətin maraqları təmin olunmalıdır. Belə təminolunma zamanı dövlətin atacağı addımların çərçivəsi və şərtləri insanın təbiəti, onun sosial mahiyyəti ilə müəyyən olunur".

Əvvəlki ifadələr müasir dövrdəki insan haqları və əsas azadlıqlar anlayışlarında ehtiva edilən hüquq və azadlıqlar qədər geniş və mütərəqqi deyildir. Həmin "məhdud" mənaya malik haqlar ayrı-ayrı doktrinalarda və fikirlərdə səslənsə də, ictimai praktikada öz yerini tapa bilmirdi. Müasir dövrümüzdə fəaliyyətdə olan "insan haqları" məfhumu müəyyən inkişaf yolu, keçərək müxtəlif beynəlxalq müqavilələrdə və dövlətlərin konstitusiyalarında möhkəmlənmiş və bu haqların müdafiəsi üçün təminat mexanizmləri və müvafiq qurumlar yaradılmışdır.

Müəllifin fikrincə, insan haqları ideyasının əxlaq normaları ilə əlaqələndirilməsi zəruri olsa da, bu normaların insan hüquqlarının ifadəsi üçün yetərli olmaması da bir reallıqdır. İnsanların yaşadıqları cəmiyyətlərdə və mənsub olduqları mədəniyyətlərdə əxlaq normalarının müxtəlifliyi insan hüquqlarının məzmununa da müxtəliflik qatır. Burada nəzəri təhlil əsasında insan hüquqları anlayışına daha müfəssəl şərh vermək mümkündür.

Əvvəla, sosial-siyasi müstəvidə insan mahiyyətinin araşdırılması ilə onun beynəlxalq hüquqi sənədlərdə müəyyən olunmuş hüquqlara iddiasına haqq qazandırmaq olar. Yəni insan, ehtiyaclı olduğu hüquqları reallaşdırmaqla, sosial-siyasi həyatda öz yerini tutur. İkincisi, insan hüquqlarının formalaşmasına təsir göstərən məqamların mahiyyətinin təhlili bu hüquqların hüdudlarını müəyyən etməyə imkan verir. Təbii ki, ictimai praktikada reallaşan insan hüquqları hər bir fərdə və hamıya şamil edildiyindən, bu hüquqların həm fərdlərə görə məxsusi, həm də hamıya görə ümumi cəhətləri üzə çıxır.

İnsan haqlarına dair fəlsəfə, hüquq, sosial-siyasi sahələrdə mövcud olan bütün əsərlərdə hüquqların, məhz insanlara məxsus olduğu qeyd olunur. İnsanın insan hüquqlarının subyekti kimi müəyyən edilməsi iki məsələnin araşdırılmasını zəruri edir.

Birincisi, insan haqlarının subyekti kimi "insan" dedikdə, kimin nəzərdə tutulduğu məsələsi önəmlidir. İnsan hüquqları haqqında qəbul edilmiş bütün beynəlxalq sənədlərdə insan və insanlardan danışılır. Bu sənədlərin mətnlərindəki insan məfhumu fərdi nəzərdə tutur. Fərd dedikdə, kəmiyyətcə tək olan, hüquq və azadlıqlara malik və hüquqlardan istifadə edən, azadlıqlardan bəhrələnən şəxs başa düşülür. İnsanın fərd kimi qəbul edilməsi, bəzi çətinliklərin dəf edilməsinə şərait yaradır.

Qeyd edək ki, fərd kontekstində insan haqlarının anlaşılması müasir dövrdə qərarlaşmış mövqedir. İlk zamanlar hüquq və azadlıqlarının subyektləri dedikdə, müxtəlif insan təbəqələri (sosial qruplar, kastalar, tarixi birliklər və s.) başa düşülür və məhdudiyyətlər müəyyən olunurdu. O dövrlərdə insan hüquqları müəyyən qrup insanlara şamil edilmiş, yalnız sonradan universallaşmışdır. Məsələn, Avropada ilk dəfə qəbul edilmiş 1215-ci il tarixli məşhur "Magna Carta Libertatum" ("Böyük Azadlıq Xartiyası") Britaniya Krallığının fərqli silklərinə və təbəqələrinə ünvanlanaraq yazılmışdırsa, 1948-ci il tarixli "İnsan hüquqları haqqında ümumi Bəyannamə" bəşər nəslinin bütün üzvlərinə, hər bir insana xitabən yazılmışdır. Başqa sözlə, insan hüquqları kollektiv deyil, fərdi xarakter daşıyır və müxtəlif qruplara daxil olan konkret fərdlərin hüquqları kimi başa düşülür.

İnsan haqlarına dair bu əhəmiyyətli müddəa insan haqlarından söhbət düşdükdə, bir qayda olaraq, ayrı-ayrı kollektiv hüquq daşıyıcılarından danışırlar - məsələn, uşaq və qadın, məcburi köçkün və qaçqın, əlil, təqaüdçü, ahıl və s. hüquqlardan. İnsan hüquqları dedikdə, konkret fərdlərin hüquqları başa düşülür. Biz, şübhəsiz, xalqımızın, qaçqınların, əlillərin və digər sosial qrupların hüquqlarını müdafiə etməliyik. Bu sahədə tələb olunan bütün işləri görməliyik. Ancaq bu problemlər digər normalar sistemi ilə tənzim olunur. İnsan hüquqlarının subyekti isə, ancaq konkret insan, fərd, vətəndaş ola bilər".

1989-cu ildə Fransada qəbul edilmiş İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində, məhz insanın malik olduğu və onun yararlanmalı olduğu hüquqlardan bəhs edilir, başqa sözlə desək, bu hüquqların, məhz insanlara məxsus olduğu təsdiq edilirdi. Bəşəri inkişafın mənəvi-əxlaqi və mədəni səviyyəsini əks etdirən digər misilsiz hüquqi sənədlərdə də - Müstəqillik Deklorasiyasında (1776), Hüquqlar Barəsində Billdə (1791), Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (1948), İqtisadi, Sosial, Mədəni, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktlarda (1966) - insan haqları bütün ictimai proseslərin mərkəzinə çəkilir və onlara yüksək status verilir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər